Mehdixanlı T.
Obrazlar qalereyası yaratmış ifaçı
Sənətkar və zaman
Milli teatr, kino sənətinin inkişafına, onun şərəfli yol keçməsinə, bu günümüzə çatmasına can yandıranlar, dövr-zamanın çətinliklərinə baxmayaraq, öz amallarından dönməyənlər, istəklərindən çəkinməyənlər çox olub. Adları qızıl hərflərlə tariximizə yazılanların hər biri bu gün ehtiramla, dərin hörmətlə xatırlanıb, yad edilirlər. Ən başlıcası, onların ənənəsi yaşanır, sənətə sevgiləri örnək olur, uca tutulur. Belə bir xoşbəxtlik, səadət - xalq artisti, neçə-neçə rollar oynamış, obrazlar yaratmış, çağdaş dövrümüzün ən populyar teatr, kino aktyoru Tariyel İsgəndər oğlu Qasımovun da qismətinə çıxıb. O, artıq çatıb ömrünün ahıl çağına, varlığı qədər sevdiyi sənətin zirvəsinə. Həmin ucalıqdan arxaya baxanda, keçdiyi sənət yolunun əzab-əziyyətlərini, sevinc-fərəhini xatırlayanda gah uşaq kimi kövrəlir, gah da yeni-yeni obrazlar yaratmaq həvəsi ilə yaşayır.
Tariyel Qasımov 1939-cu ildə, qışın oğlan çağında - fevral ayının 4-də Ağstafa rayonunun Köçəsgər kəndində dünyaya göz açıb. Atası rəhmətlik İsgəndər kişi yaxın-uzaq obalarda nümunə göstərilən şəxsiyyət kimi tanınmışdı. ömrü boyu yaxşıya yaman deməmişdi. Təsərrüfat rəhbəri olduğu illərdə halal əməyə qiymət vermiş, insanların qayğısına qalmış, xoş güzəranla yaşamalarına çalışmışdı. Sübh tezdən evdən çıxar, şər qarışanda geri qayıdarmış. Torpaq onun and yeri, güman ünvanıymış. Məhz bu səbəbdən də İsgəndər kişinin rəhbərlik etdiyi kolxozun adı bölgədə, hətta respublikamızda birincilər sırasında çəkilərmiş. Amma onun ən böyük sevinc-fərəhi oğlu dünyaya gələndə olmuşdu. övladının adını da özü seçdi: Tariyel! Əslində bu ad şərti, emosional mənada Ulu Yaradanımıza müraciət idi: "Ya Tanrı, zürriyətimin başı üstündən bütün bəlaları, ehtiyacları qov. İlahi, onu arzu-muradına çatdır".
Təəssüf
ki, çoxları kimi, İsgəndər kişinin də
arzuları haqqın dərgahına çatar-çatmaz
qeyri-insani xislətlərlə yaşayan qara
qüvvələrin bəd niyyətləri baş tutdu:
İkinci Dünya müharibəsi başladı.
İnsan-insana qənim kəsildi. Günahsız qanlar
axdı. Yollar, yaşayış məntəqələri
dağıdıldı, meşələr od tutub yandı, 20
milyondan artıq sovet vətəndaşı müharibənin
qurbanı oldu. Körpə Tariyelin də sevinci
baxışlarında, çöhrəsində,
təbəssümü dodağında dondu.
İnsan - İlahinin yaratdığı şah əsərdir! İlk öncə onun imdadına qan yaddaşı çatır. ürcahına min bir əzablar, əziyyətlər, ehtiyaclar çıxsa da qandan keçən səbr, dözümlük, inam qalib gəlir. Bu fikrimizin əyani sübutu kimi yeniyetmə Tariyelin günlərini nümunə göstərmək kifayətdir. O, çox zillətlər çəkdi, ta müharibə qələbəmizlə başa çatana kimi atasının gülüşünə, qayğısına, sığal-tumarına möhtac qaldı. Amma dözdü. Az yaşlarından bədii ədəbiyyata qədərsiz marağı vardı. Orta məktəbdə oxuduğu illərdə ən geniş məlumatlı şagird, mütaliəçi kimi müəllimlərinin, həmyaşıdlarının nüfuzunu qazanmışdı. Balzakın, Dostoyevskinin, Tolstoyun, Şillerin, Şekspirin dilimizə çevrilən əsərlərini həvəslə oxuyardı. Aşıq Ələsgərin qoşmalarını, Səməd Vurğunun, Osman Sarıvəllinin şeirlərini əzbər bilərdi. Onun təşəbbüsü ilə "Vaqif" pyesinə məktəbdə "quruluş verilmiş", əsas rolu da özü oynamışdı. Beləcə, günlər-aylar ötüb keçir, Tariyel də həddi-buluq çağına çatır, sinifdən-sinfə keçirdi. Nəhayət, vaxt yetişdi. O, orta məktəbi "əla" qiymətlərlə başa vurdu. Attestatını ilk dəfə atasına göstərdi. Dünya görmüş el ağsaqqalı - övlad qədri bilən İsgəndər kişi yaman kövrəldi. Oğlu göz yaşlarını görməsin deyə, baxışlarının yönünü dəyişdi. Bir müddət məchul səmtə baxdı. Handan-hana kövrək, həm də fərəhli səslə, qürur hissi ilə dedi: "A bala, sənin qismətini Tanrı verib. Nəslimizə başucalığı gətirəcəyinə əminəm... Bu əziz gündə sənə bir arzumu da bildirirəm. İstəyirəm mühəndis olasan, abadlıq işləri görəsən, hündürmərtəbəli, yaraşıqlı evlər ucaldasan. Bir ata kimi bu, mənim arzumdur. Qismət payına çatmağında Tanrı imdadına yetişsin..."
Oxumaq, ali təhsil almaq üçün Tariyel Bakıya gəldi. Ali məktəbə - Bədən Tərbiyəsi İnstitutuna qəbul oldu. Lakin o, sevinmədi. Əvvəla, atasının tövsiyəsinə əməl edə bilməmişdi. İkinci, həmin təhsil ocağında oxumaq onun ürəyincə deyildi. Nə zamansa bir müdrik kəlam oxumuşdu: "Teatr həyata ayna tutur. Müsbət keyfiyyət sahiblərini ucaldır, naqisləri, nadanları olduğu kimi tanıtdırır... Səhnə eyhamla təsvir olunan həyatdır. Onun qədrini bilməliyik". Bu fikirlər onun yaddaşından keçdikcə teatr aləminə, səhnəyə marağı saatbasaat artırdı. Axır ki, ürəyinin hökmüylə muradına yetişdi. Qəbul olduğu ali məktəbə həmişəlik əlvida deyib, sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verdi. O zamanlar sənətə, gələcək sənətkarların işıqlı təfəkkürlə yetişmələrinə çox böyük diqqət yetirilirdi. Aktyor olmaq istəyi ilə instituta gələn gəncin jestlərini, nüanslarını, göz ifadələrini həssaslıqla duyan müəllimlər ona "əla" qiymət verib, uğurlar arzuladılar. Beləliklə, Tariyel Qasımov aktyorluq sənətinin ilk pillələrini asta-asta, aram-aram üzüyuxarı qalxmağa başladı.
Onun sənət yolu olduqca enişli-yoxuşluydu. Gah sevgisi, zəhməti, sonsuz həvəsi üzünə gülürdü, gah da çətinliklərlə rastlaşır, məyus olurdu. Arzulamadığı təkliflər, göndərişlər alırdı. Aktyor kimi 1964-cü ildə Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başladı, az vaxt keçmiş onu Naxçıvan Dövlət Musiqili Dövlət Dram Teatrına göndərdilər. O, əsl peşə vurğunu, teatr-səhnə qədri bildiyindən burada da tamaşaçı rəğbəti qazandı. Yaratdığı obraz, oynadığı hər rol təkcə əsərlərdən gələn ideyaları deyil, həm də aktyor ifasının qüdrətini canlandırırdı. Lakin burada da onun fəaliyyəti çox çəkmədi. İstedadını, ifaçılıq bacarığını, səhnəyə sonsuz sevgisini, həm də təşkilatçılıq bacarığını nəzərə alıb onu 1967-ci ildə yenidən fəaliyyətə başlayan Azərbaycan Dövlət İrəvan Teatrına göndərdilər. Zaman-zaman təzyiqlərə, təqiblərə, qadağalara məruz qalan həmin teatr Tariyel kimi səhnə xadimlərinin əzabları, əziyyətləri sayəsində təzədən dirçəliş tapdı, yaxın-uzaq ölkələrdə tapdı. Ən əsası, ox olub qədirbilməzlərin - ətrafdakı düşmənlərin gözlərinə batırdı. O vaxtlar dövran, quruluş, inzibati qanunlar az da olsa bir amala xidmət edirdi, hələ bəlli deyildi ki, həmin sənət məbədi, ocağı da öz yurd-yuvasından didərgin düşə bilər. Min təəssüf, bu, sənət-səhnə qədri bilməyənlər - gavırlar, qəddarlar tərəfindən baş verdi...
İstedadlı aktyor Bakıya qayıtdıqdan sonra bir müddət "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti işlədi. Eyni zamanda müxtəlif epizodik rollara da çəkildi. Onun ekran mədəniyyətini, davranışını, ifa bacarığını görənlər qürur hissi keçirərdilər. Hətta nüfuzu ölkəmizdən uzaqlarda da sənətsevərlərə, tamaşaçılara bəlli olmuşdu. "özbəkfilm", "Tacikfilm", "Türkmənfilm", "Mosfilm", Almaniyanın "Defafilm" kinostudiyalarına dəvət etmişlər. Oynadığı hər bir rol ekranda həyat həqiqətinin özü kimi baxılır, yaratdığı obrazın xarakterini, ideyasını, amalını, keçmişini, bu gününü, sabahını tamaşaçı xəyalında canlandırır.
Yeri gəlmişkən, Azərbaycanın xalq artisti, məşhur "Mixaylo" obrazını ekranda yaşadan Nadir Şaşıqoğlundan eşitmişik: "Tariyel Qasımov həyatda necə var, səhnədə, ekranda da eləcə görünür. Aktyor oynadığı rolun xarakterinə uyğun mütləq qiyafəsini, xarakterini dəyişməlidir. Amma çox vaxt səsləndirmədiyi fikrini baxışlarıyla, mimikalarıyla tamaşaçılara çatdırmağı bacarmalıdır. Bu müsbət cəhət Tariyel Qasımovun ifalarında aşkar duyulur".
T.Qasımov istər həyatda, istərsə də səhnə-ekranda milli dəyərləri uca tutan, ənənəyə sadiq olan sənətkardır. Yaratdığı hər obrazın sözündə, hərəkətində bu cəhətlərə xüsusi fikir verib. 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib. çoxsaylı rolların mahir ifaçısı kimi tanınıb. İstedadına, qabiliyyətinə görə əvvəl əməkdar artist, on iki il sonra isə xalq artisti fəxri adlara layiq görülüb.
Müəllifdən əlavə: Ustad sənətkarın, səhnə və ekranda oynadığı rolların adını bilərəkdən çəkmədik. Birinci səbəbi bu idi ki, onu sevdiyi, seçdiyi sənətin fədaisi kimi oxuculara təqdim edək. İkinci cəhət isə orijinallıq yox, səmimiyyət münasibətilə yaratdığı obrazlar kataloqunu xüsusi vurğulayaq. Niyə bu qənaətə gəldik? Onun mərhum həmkarı, istedadlı aktyor, şərəfli ömür yaşamış, unudulmaz Yusif Vəliyev deyərdi: "Hər dəfə Tariyeli görəndə sanki cavanlaşıram, yenidən aktyor peşəsini seçmək içtəyirəm. O, sözün həqiqi mənasında klassiklərinin ənənəsini uğurla davam etdirir".
Beləliklə, aktyorun oynadığı rolların bəzilərinin adlarını xatırladırıq:
Teatrda: Cəfər Cabbarlının "Yaşar" pyesində Yaşar, Əliheydər Qəmbərovun "İlan yuvasında fırtına" əsərində Con, Süleyman Rəşidinin "Mən onu axtarıram"da Viktor, Gerorgi Medivaninin "Konsulu oğurladılar" tamaşasında Pene, "Sevil"də Balaş, "Solğun çiçəklər"də Bəhram, Sabit Rəhmanın "Əliqulu evlənir"də Rövşən, N.B.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" əsərində Cəbi, İ.Coşğunun "Söhrab və Rüstəm" əsərində Söhrab, "Komsomol poeması"nda Cəlal və Bəxtiyar, Seyfəddin Dağlının "Bahar oğlu" pyesində Cəfər Cabbarlı, Rauf İsmayılovun "Son məktub" tamaşasında çinar, Şamil Xurşudun və Əşrəf Hacıyevin "Məhəbbət novellası" əsərində Kazım, İmran Qasımov və Həsən Seyidbəylinin "Sən nə üçün yaşayırsan?" pyesində Pərviz, Şamil Xurşudun "Kiçik torpaqda üç gün" pyesində dövrün iqtidar, ixtiyar sahiblərinin obrazları, Marat Haqverdiyevin "Məşuqələri"ndə Səbzəli, unudulmaz xalq yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən"də Həsənzadə...
Sevimli aktyorun səhnədə şöhrət qazandığı, ifaları ilə yaddaşlarda yaşanan obrazları, rolların hamısını yad etmək fərəh hissi oyatsa da, həm də çətindir. Milli teatr sənətimizin tarixindən bəllidir: aktyor olub, bircə rol oynayıb. Lakin illər keçməsinə baxmayaraq, yenə də canlıymış kimi xatırlanır, anılır, sevilir, urvatlı tutulur. Görün, indii ömrünün müdrik çağına çatmış dostumuz Tariyel Qasımovun xidmətləri, fəaliyyəti, roldan-rola girməsi nəyə bərabərdir?
Ekran əsərlərində: "Azərbaycanfilm" studiyasında istehsal olunan filmlərdə oynayıb: "Liftçi qız"da Nəriman, "Ad günü"ndə Həsən, "Vulkana doğru"da Rüstəm, "Bizim küçənin oğlanları"nda Əliş, "Xüsusi vəziyyət"də Xalid, "Doğma sahillər"də Nəsibov, "Məhkumlar"da Vidadi doktor...
Bu filmlərdə onun yaratdığı obrazlar o qədər emosional, inandırıcıdır ki, seyriçilər onlara baxmaqdan ləzzət alır, yorulmurlar. Mahir ifaçılıq bacarığına görə eyni zamanda onu qonşu respublikalara və xarici film studiyalarına da dəvət etmişlər. O, ölkəmizdən uzaqlarda çəkildiyi ondan artıq rollarda da məharətlə oynamış, tamaşaçı alqışı qazanmışdı.
...Ömür bir yarpağa, qönçəyə bənzəyir. Tumurcuğundan, qönçəsindən açılır. Vaxtı yetişəndə saralıb-solur, ləçəkləri büzüşüb, göz oxşayan görkəmini itirirlər. İnsanların bu bənzətməyə oxşarlığı var. Lakin onu xalq artisti, obrazlar qalereyası yaratmış Tariyel İsgəndər oğlu Qasımova uyğun bilmirəm. Niyə? Ona görə ki, ömrünün müdrik çağında yaşasa da, vallah, ona bu yaşı vermək mümkün deyil. Onu qırx ildir ki, tanıyıram. Bir dəfə də olsun taleyindən, bəxtindən gileylənməyib. özünü bəzən Hüseyn Sarabskiyə bənzədib, amma alınmayıb. Adil İsgəndərovun, Mehdi Məmmədovun yerişini yerimək istəyib, baş tutmayıb. çünki Tanrı ona yalnız özünəməxsus bəxt payı qismət edib. Bu müqəddəs qismətdən qaça bilməyib... Amma fəxr edib ki, aktyordur. Fəxarəti nəticəsində xalqımızdan alqışlar, respublika rəhbərliyindən təltiflər, mükafatlar alıb. O, Prezident təqaüdçüsüdür. Yaşının ixtiyar çağında qürur hissi keçirir ki, gərgin əməyinə dəyərli qiymət verilib. Hər yerdə, tədbirlərdə hörmətlə qarşılanır. Xoşbəxt anlar - günlər yaşasa da, nisgili, həsrəti də var: "Kaş Qarabağa bir də yönüm düşəydi. Cıdır düzündə gəzəydim. Şuşanın havasını udaydım..."
Mərhum atan demiş: "Yaradanımız səni arzuna çatdırıb, çatdıracaq da,Tariyel". Ad günün - 70 yaşın mübarək, əziz dost. Sən yaşayırsan, amma adın teatr, kino klassiklərinin adlarıyla birgə çəkilir. Bu, böyük səadətdir! Əməyinin, zəhmətinin misilsiz təntənəsi, qalibiyyətidir!
Təzadlar.- 2009.- 23 yanvar.- S. 11.