Mükərrəmoğlu M.

 

Səfurə İbrahimova: “Həbibə mənə Nigarı, Həcəri xatırladırdı”

 

Kim sayıb onun oynadığı rolları. Bəlkə heç özü də dəqiq bilmir. Bir deyil, beş deyil, on deyil. Məndə olan məlumata görə filmləri ilə birlikdə Səfurə İbrahimova 100-dən çox səhnə və ekran qəhrəmanının obrazını yaradıb. Bizim teatr və kinomuzda Səfurə xanım öz yeri, öz mövqeyi olan aktrisalardandır.

Həlim, xoşxasiyyət, gülərüz insandır, Səfurə xanım. Rolları da çox vaxt özünə bənzəyir. Onun səhnəyə gəlişi həmişə gurultulu alqışlarla qarşılanardı. Sadəliyi, həyatsevərliyi rollarında da çox aydın nəzərə çarpırdı.

Bakıda 70 il bundan əvvəl, dünyaya göz açan Səfurə Ağababa qızı İbrahimova orta təhsilini də elə burada almışdı. Azərbaycan Dövlət Teatr İnstitutuna gələndə qərarı tam qəti idi, “aktrisa olacağını” qətiləşdirmişdi. 1960-cı il idi və onda Səfurə xanım institutun 1-ci kursunda oxuyurdu. İstedadını nəzərə alıb elə o vaxt onu Azərbaycan Dövlət Akademik Dram Teatrına işə götürmüşdülər. İlk dəfə də ona İslam Səfərlinin “Ana ürəyi” tamaşasında Xatirə rolunu vermişdilər. İlk oynadığı rol ona uğur gətirdi. Az sonra onu müxtəlif tamaşalarda müxtəlif səpkili rollara dəvət etdilər. Səfurə xanım ilk rolları ilə təsdiq etdi ki, onun üçün tamaşanın hansı janrda olmasının fərqi yoxdur. O, xaraktercə lirik-dramatik aktrisadır. Bəzən ona etibar edilən komik personajları da məharətlə ifa edir. Səhnədə səmimiyyəti, obrazın psixoloji xarakterini həssaslıqla duyması onda yüksək yaradıcı qabiliyyətin olduğunu təsdiq edir. Sabit Rəhmanın “Toy” və “Xoşbəxtlər” tamaşalarına baxanlar onun rollarında bu xüsusiyyətləri aydın hiss edirlər. M. Hüseynin “Alov” tamaşasında (Əsmər), Səməd Vurğunun, “Vaqif” dramında (Gülnar və Tamara), C. Məmmədquluzadənin “Ölülər” əsərində (Nazlı), Ə. Haqverdiyevin “Pəri Cadu” tamaşasında (Hafizə) və başqalarında Səfurə xanım klassik və müasir aktyor sənəti ənənələrindən bəhrələrənək çox uğurlu obrazlar qalereyası yaratmışdır.

Səfurə xanım müxtəlif rejissorlarla işləmişdir. Hamısı da ondan razılıqla danışır, istedadlı aktrisa olduğunu dönə-dönə etiraf edirlər.

Səfurə xanım təkcə Azərbaycan dramaturqlarının deyil, eyni zamanda dünya ədəbiyyatının klassik nümunələrinin də əsas obrazlarının layiqli ifaçılarıdır. Lope de Veqa, Mikolaş Dyartaş, Nodar Dumbadze, Viktor Hüqo, Lev Tolstoy, Federenko Qarşıa Lorka və başqa məşhur xarici ölkə yazarlarının əsərlərində oynadığı müxtəlif səpkili rolları tamaşaçılar bu gün də unutmurlar.

Səfurə İbrahimovanın İlyas Əfəndiyevin bir neçə tamaşasında oynadığı rollar xüsusilə diqqətəlayiqdir. “Sevgililərin cəhənnəmdə vüsalı”ndakı Mədinə, “Hökmdar və qızı” tamaşasındakı Tubu xanım rolları ona böyük şöhrət qazandırmışdır.

Onun teatr qəhrəmanları özünəməxsusluğu ilə seçilir. O, obrazın daxili aləmini duyur, onun hisslərini, duyğularını məharətlə tamaşaçıya çatdırır.

Səfurə İbrahimovanın kino qəhrəmanları da yaddaqalandır. İlkin olaraq “Arşın mal alan” (I variant, 1965) filmindəki Telli rolu onun kino yaradıcılığında xüsusi yer tutur. Bu rolu əvvəllər də məşhur aktrisalar ifa etmişlər. Xüsusilə Fatma Mehrəliyevanın ifasında 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmindəki Telli tamaşaçıların böyük marağına səbəb olmuşdu. Səfurə xanımı bu rola mərhum rejissor, xalq artisti Tofiq Tağızadə dəvət etmişdi və söz yox ki, aktrisanın şən təbiətli, komik rolların məharətli ifaçısı olduğunu nəzərə almışdı. Telli Səfurə xanımın ifasında çox cazibədardır. Onun tərəf- müqabili, mərhum aktyor, filmdə Vəlinin ifaçısı Tələt Rəhmanovla birgə səhnələrdəki ifası aktrisanın geniş diapazona malik olduğunu təsdiq edir. O, səmimidir, vəziyyətdən asanlıqla baş çıxarır. Onu da deyək ki, rejissor əvvəl bu rola mərhum aktrisa Xuraman Hacıyevanı dəvət etmişdi. Ancaq sınaq çəkilişlərindən sonra onu Asya roluna, Səfurə xanımı isə Telli roluna təsdiq etmişdi. Və məlum oldu ki, rejissor öz seçimində yanılmamışdır. Səfurə xanımın ifasında Telli həqiqətən maraqlı alınmışdı.

“Qatır Məmməd” filminə isə Səfurə xanımı rejissor Rasim Ocaqov dəvət etmişdi. Onun oynadığı Həbibə rolu Qatır Məmmədin silahdaşıdır. Aktrisa 1974-cü ildə verdiyi müsahibələrin birində deyirdi: “Qatır Məmməd, onun məsləkdaşı və silahdaşı Göyüş kişi, bolşevik Cavadovla yanaşı, Həbibə də filmin əsas qəhrəmanlarından biridir. Atası mülkədarlar tərəfindən öldürüldükdən sonra Həbibə azadlığı mübarizədə görür və buna görə də Qatır Məmmədin dəstəsinə qoşulur. Qatır Məmməd ona rahat otaqda dincəlməyi təklif edəndə Həbibə: ”Mən bura dincəlməyə gəlməmişəm" — deyir. O, Qatır Məmmədin silahdaşı olduğunu bildirir. Bütün bu keyfiyyətlərinə görə Həbibəni çox sevirəm. Sücaəti, hünəri və qoçaqlığı ilə o mənə Qaçaq Nəbinin Həcərini, Koroğlunun Nigarını xatırladır".

Doğrudan da Səfurə xanım öz qəhrəmanını mübariz, üsyankar bir qadın kimi təqdim edir.

Dilbər rolu (“Sevil” filmi) aktrisanın yaradıcılığında xüsusi yer tutur. Əgər o “Arşın mal alanda” qulluqçu obrazını yaratmışdısa, burada kübar bir qadının bütün xarakterik cizgilərini ustalıqla aça bilmişdi. Bu onun başqalaşmaq bacarığını bir daha təsdiq dir.

Gülpəri (“Dərviş Parisi partladır”) Mədinə, (“Alma almaya bənzər”) rolları isə onun komik rolların məharətli ifaçısı olduğunu təsdiq etdi. Bu rollarında onun yeni keyfiyyətləri aşkar olur, sənətdə özünəməxsus yer tutduğu aydınlaşır.

“Bizim Cəbiş müəllim” filmində rejissor, xalq artisti Həsən Seyidbəyli ona Nəcəfin arvadı rolunu vermişdi. Nəcəf neftçidir, cəbhəyə getməyib. Ancaq sonda onu cəbhəyə yola salanda arvadının keçirdiyi hisslər tamaşaçını həqiqətən kədərləndirir.

Səfurə xanım milli teatr və kino sənətimizin inkişafında böyük xidmətlər göstərmiş, qiymətli rolları ilə tamaşaçıların qəlbində yer tuta bilmişdir. Onun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 1974-cü ildə “əməkdar artist”, 2002-ci ildə “xalq artisti” fəxri adlarına layiq görülmüşdür. Mehdi Məmmədovun quruluşunda Hüseyn Cavidin “İblis” faciəsindəki Rəna roluna görə isə Dövlət mükafatına layiq görülmüşdür.

Görkəmli aktrisanı yubileyi münasibətilə təbrik edir,ona cansağlığı uzun ömür arzulayırıq.

 

Xalq qəzeti.- 2009.- 1 yanvar.- S. 7.