Mükərrəmoğlu
M.
Sənətkar daxilən azad
olanda...
Onda
hələ müharibə qurtarmamışdı.
Ölkədə aclıq, səfalət hökm
sürürdü. Amma qələbəyə artıq ümid
yaranmışdı. 1945-ci ilin yanvarın 2-də dünyaya
göz açan Səməndər gəldiyi dünyanı
belə gördü. Ağsu da böyük Sovetlər ölkəsinin
düçar olduğu məşəqqətləri
yaşayırdı. Yaxşı ki, heç olmasa, dünyaya
yeni-yeni istedadlar gəlirdi. Ağır,
məşəqqətli günləri körpəlik
taleyinə düşən Səməndər oxudu, təhsil
aldı və nəhayət Azərbaycan Dövlət
İncəsənət İnstitutuna qəbul oldu. Bu, 1961-ci
ildə olmuşdu. Səbəb də bu idi ki, hələ orta
məktəb illərində Səməndər dram
dərnəyi təşkil etmiş, istedadlı
uşaqları da bu dərnəyə cəlb etmişdi. O,
özündə teatra qəribə bir maraq
yarandığını hiss etmiş və ona görə
taleyini də elə aktyorluq sənətinə bağlamışdı.
Doğrudan da, onda istedad olduğunu elə böyük
sənətçilər də aydın hiss etmişdilər.
Böyük aktyorlar onun ifa etdiyi rollara göz qoyur, Səməndərin
də böyük sənətkar olacağını
açıq etiraf edirdilər.
Onun sənət yolu
müəllimlərinin xeyir-duası ilə Azərbaycanın
möhtəşəm sənət ocağı olan Akademik
Milli Dram Teatrından başlandı. Özü də 1968-ci
ildə tələbə ikən.
Səməndər
Azərbaycan teatrı səmasında bir ulduz kimi parlayıb
söndü. Onun sənətə gəlişi,
həqiqətən, böyük ümidlər
doğurmuşdu. Akademik Milli Dram Teatrının
səhnəsində ona sanballı rollar vermişdilər.
Gözəl səsi, plastik hərəkətləri,
məharətli ifa tərzi onun yaradıcılığı
üçün spesifik xüsusiyyətlər idi. Və bu
keyfiyyətlər “Hamlet”i tamaşaya hazırlayan mərhum
Tofiq Kazımovun diqqətindən yayınmayıb. Onu Horatsio
roluna dəvət edib. Bu, Səməndərin ilk rolu idi və
gözəl də alınmışdı. İlk rolun
uğuru onu sənətə daha çox bağladı. Onda
hələ institutun son kursunda təhsil alırdı.
Əslində, onun istedadına “ölçü”, “hədd”
yox idi. O, hər bir xarakteri özünün üslubuna
uyğunlaşdırırdı və obrazı
özününküləşdirirdi. Böyük Hüseyn
Cavidin “Xəyyam”ında Xacə Nizam, “Knyaz”ında Knyazı
oynamışdı. Gözəl də
alınmışdı. Əslində, Səməndər
dramatik rolların gözəl ifaçısı idi. Amma komik rollarda da özünü
sınamışdı. Pis də alınmamışdı.
Oynadığı rollarda qəribə bir səmimiyyət
olardı. Onun qəhrəmanları tamaşaçı
qəlbinə asanlıqla yol tapırdı. Bəzən onun
qəhrəmanlarının sözləri el arasında
zərb-məsələ çevrilirdi.
Səməndər
daxilən azad sənətkar idi. O, ürəyi tutmayan rolları oynamazdı. Ona görə də rollarının çoxunda
özünə oxşarlıq var. Onların çoxu
ağayana, öz sözünü deyən, həm də
mülayim insanların obrazlarıdır.
“Şəhərin yay günləri”ni
xatırlayın. Bəhram Zeynallını
necə də dəqiq ştrixlərlə canlandırıb.
Səməndərin ifasında çox
qəribə bir şirinlik vardı. Onun
qəhrəmanları, nədənsə,
tamaşaçıya çox doğma, yaxın adam təsiri bağışlayırdı. Elə bilirdin, bu adamları nə vaxtsa, haradasa
görmüsən.
Səməndərin
səsindəki şirinlik də bu münasibətlərə
özgə bir doğmalıq gətirirdi. Səməndər
Rzayev bizim kinoda dublyaj sənətinin korifeylərindən idi.
O, kinostudiyanın dublyaj sexində, demək olar ki,
günlərlə filmlərə səsini yazdırardı.
Səməndər
millətini, xalqını sevən sənətkar idi. O, həmişə
oynadığı rollarda milli cizgiləri qabartmağı
xoşlayırdı. Epizodlarda belə o,
azərbaycanlı idi, özü də, əsl
azərbaycanlı. Səməndərin
səsi, danışığı bir orkestrin ifa etdiyi
simfoniyaya bərabər idi. Nə
qədər ahəngli, nə qədər ürəyə
yatımlı danışardı. Qəribədir,
Səməndər Rzayevə hətta epizodik rollar təklif
olunanda belə, məmnuniyyətlə
razılaşırdı. Deyirdi ki,
“kiçik açarla da böyük qapılar açmaq olur”.
Amma elə ki, səhnədə bu böyük
sənətkarın səsi eşidilirdi, bütün zal
heyrətə gəlirdi. Bəzən onun
kiçik rolları baş qəhrəmanları belə
kölgədə qoyurdu. Səməndər
Rzayev klassik aktyor sənətimizin ruhunu yaşadırdı,
elə özü də klassik sənətkara çevrildi.
“Həyatın dibində”,
“Yağışdan sonra”, “Sən yanmasan”, “Cehizsiz qız”,
“Qəribə oğlan”, “Dəli
yığıncağı...” Bunlar
Səməndərin teatrda oynadığı tamaşaların
cüzi bir hissəsidir. Amma onların
hər birinə Səməndərin yuxusuz gecələri,
gərgin yaradıcılıq axtarışları,
bəzən isə sağlamlığı sərf
olunmuşdu.
Səməndər Rzayev
yaradıcı sənətkar idi. O heç vaxt mətnə ehkam kimi
baxmazdı. Özü obraz üçün
ştrixlər axtarırdı. Rejissorları
da bu “ixtiralar”ın sərfəli olduğuna inandıra bilirdi.
Kinoya Səməndərin
hansı rolla başladığını demək
çətindir. Amma onun sənət dostu, xalq artisti Yaşar Nuri deyir ki,
ilk filmi haqqında bir özü bilirdi, bir də mən... “Uşaqlığın son gecəsi”. Filmin lap əvvəlində küçədə
gəzən iki milis işçisindən biri
Səməndər idi. Amma sonralar o, kinoda da öz
sözünü dedi. Doğrudur, onun aktyorluq
potensialı kinomuzda yetərincə istifadə olunmasa da, bir
sıra yaddaqalan obrazları - Səməndərli anları
kino tariximizə köçürüb. “Çarvadarların
izi ilə” filmində Səməndər elə
Səməndəri oynayırdı. Bu
filmin əsasında İlyas Əfəndiyevin
“Körpüsalanlar” əsəri durur. Səməndər
filmin çox da böyük olmayan surətlərindən
biridir. Amma nəzərə çarpan,
yadda qalan obrazdır. “Nəsimi” də
isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah
İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün böyük
məsuliyyət idi. Doğrudan da,
Azərbaycanın tarixində danılmaz xidmətləri olan
Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl
mənada yüksək sənətkarlıq tələb edirdi.
Film ekrana çıxanda çoxları
təəccüb hissi keçirdi. Səməndər
obrazı elə özününküləşdirmişdi ki,
qarşında tarixi şəxsiyyət İbrahim şahın
dayandığına səmimiliklə inanırsan.
Səməndər Rzayevin
qəhrəmanları, həqiqətən, səmimi,
ətrafındakılara diqqətli olan insanlardır.
Bəlkə də, bu, onun öz xarakterindən doğan
cəhət idi. Axı, aktyorun öz daxili “mən”ini
gizlətməsi hər vaxt mümkün olmur.
İstər-istəməz özündəki temperament,
psixoloji məqamlar üzə çıxır. Bax,
Səməndər Rzayevin aktyor taleyinin xoşbəxtliyi onda
idi ki, o, daxilən təmiz ruhlu adam idi. Yaratdığı
rollara isə öz ruhunun, qəlbinin şirin
çalarlarını hopdururdu. Bu yöndə
yaratdığı obrazlardan “Bəyin oğurlanması”
filmindəki Hidayət müəllimi xatırlasaq, yerinə
düşər. “Mənəm ey, Hidayət müəllim”
və ardınca da Səməndərin şaqraq
gülüşü. Bunu yalnız və yalnız
Səməndər Rzayev belə səmimi və təbii yarada
bilərdi. Bu səhnə, bəlkə də,
Səməndərin öz kəşfi idi. Hər halda klassik
bir epizoddur və bu kiçik səhnə filmə xüsusi
bir ovqat bəxş edir.
Səməndər Rzayev
çox rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif
Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif
Mustafayev Səməndəri böyük məmnuniyyətlə
filmlərinə dəvət edirdilər. Ancaq o, çox vaxt
filmlərdən imtina edirdi. Çünki çox
məşğul idi. Teatrda işləyirdi. Televiziya
filmlərində, tamaşalarında oynayırdı, “Bulaq”
verilişinin daimi aparıcılarından idi. Şakir Şəkəroviç
(“Evləri köndələn yar”) hər dəfə televiziya
ekranında görünəndə qəlbimizdə sevinc dolu
bir dünya yaranır. Bazar günü axşamlar evə
tələsirdik ki, “Bulaq” verilişində bu böyük
sənətkarın bulaq kimi təmiz və şəffaf
səsini dinləyək.
“Həyatın dibində”
tamaşasına xəstə vəziyyətdə
gəlmişdi. Xəstəxanada idi. Buna baxmayaraq,
pərəstişkarlarını nigaran qoymaq istəməmişdi.
Həmin axşam Səməndər teatrda ən ağır
və ən çətin gününü
yaşayırdı. Bu soyuq səhnədə xəstə
aktyorun son oyunu idi. Beləcə, 1986-cı ilin mart
ayının 27-də Səməndər Rzayev
dünyasını dəyişdi. İndi onun haqqında
əsərlər yazılır, verilişlər hazırlanır.
Professor İlham Rəhimlinin “Səhnəmizin fədailəri”
kitabında bu istedadlı sənətkar haqqında
ətraflı məlumat verilib. Heç şübhəsiz ki,
Səməndər sənəti bundan sonra da
neçə-neçə tədqiqat əsərinin, filmin
əsas mövzusu olacaq.
Xalq qəzeti.- 2009.- 8
yanvar.- S. 3.