Səlimqızı C.

 

Elə bilirdim məni unutmusunuz

 

Tanınmış aktrisa Səfurə İbrahimovanın 70 yaşı tamam oldu

 

Ötən həftə Azərbaycan teatr və kino sənətinə bənzərsiz obrazlar bəxş edən, əməkdar artist, aktrisa Səfurə İbrahimova doğum gününü qeyd edib. 70 yaşını tamamlayan aktrisanı təbrik edənlər sırasında uzun illər çalışdığı Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadov da olub. M.Bünyadovun qəzetimizə verdiyi xəbərə görə, bu təbrik Səfurə xanım üçün gözlənilməz və çox xoş olub: "Sürpriz olsun deyə telefon da etmədim, qəfildən qapıdan girib mənim üçün hər zaman təravətli olan Səfurə xanımı təbrik etdim. Onu gül-çiçəyə qərq edəndə çox sevindi".

"Elə bilirdim məni unutmusunuz", - deyən aktrisanın gözləri də dolub. "Hər zaman səhnənin sizin kimi misilsiz aktrisaya ehtiyacı var", - deyən Maqbet Bünyadov isə fürsət düşmüşkən, Səfurə xanımı Akademik Milli Dram Teatrına dəvət edib: "Dedim ki, qapımız hər zaman üzünə açıqdır, o teatr da sənin doğma evindir, nə vaxt ürəyin istəsə, gözümüz üstə yerin var. Kəsəsi, onu yola gətirə bildim deyəsən. Çünki Səfurə xanım təklif barədə düşünəcəyini dedi aprel ayında teatra gələcəyinə söz verdi". M.Bünyadovun sözlərinə görə, Səfurə İbrahimova teatra qayıdacağı halda, onun üçün məxsusi rollar yazılacaq.

Qısa qeyd:

Səfurə İbrahimova 1938-ci ildə Bakıda anadan olub. 1960-64-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Sənətin sirlərinə müəllimi Rza Təhmasibdən öyrənib.

1961-ci ildə tələbə ikən Milli Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Səfurə İbrahimova teatr səhnəsində bir-birindən maraqlı obrazlar yaradıb. Cəfər Cabbarlının "Sevil" tamaşasındakı Dilbər obrazını isə onun yaradıcılığının pik nöqtəsi saymaq olar.

Onun təbii oyunu yüksək potensialı kinorejissorlan da diqqətini çəkib. Elə buna görə "Arşın mal alan" filmində Telli roluna dəvət alıb. Onun ardınca "Sevil" Dilbər, "Qatır Məmməd" Həbibə, "Alma almaya bənzər" Mədinə, 'Tütək səsi"ndə İsmət, "Qaynana"da Sədaqət, "İnsan doğuldu"da Leyla, "Sən həmişə mənimləsən" filmində isə Nəzakət rollarını yaradıb. Əməkdar artist, Dövlət Mükafatı laureatıdır. Səhhəti ilə əlaqədar 10 ildir ki, teatr kino aləmini tərk edən aktrisa vaxtının çoxunu evdə keçirir.

 

Mərkəz.- 2009.- 17 yanvar.- S. 10.