Sultan M.

 

"Ölülər" tamaşasına ictimai baxış keçirilib

 

Naxçıvan Dövlət Universitetində görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyi ilə əlaqədar tədbirlər həyata keçirilir. Universitetin Tələbə teatr studiyasının yaradıcı heyəti ədibin "Ölülər" əsərini tamaşaya qoymuşdur.

Tamaşanın elmi məsləhətçisi universitetin rektoru, akademik İsa Həbibbəyli, baş rejissoru isə mədəniyyətşünaslıq ixtisası üzrə baş müəllim, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovadır. Rolları universitetin ayrı-ayrı fakültələrində təhsil alan tələbə-aktyorlar ifa edirdilər. "Ölülər" tamaşasının quruluşçu rəssamı "Təsviri incəsənət" ixtisası üzrə müəllim Cavid İsmayılovdur. "Bəstəkarlıq" kafedrasının müəllimi, Bəstəkarlar İttifaqının üzvü Günay Məmmədova tamaşanın ruhuna uyğun musiqi tərtibatı hazırlamışdır.

Naxçıvan Dövlət Universitetində "Ölülər" tamaşasına ictimai baxış keçirilmişdir. Tamaşadan sonra keçirilən müzakirədə universitetin rektoru, akademik İsa Həbibbəyli Tələbə teatr studiyasında səhnələşdirilən bu tamaşanı ali məktəb kollektivinin Cəlil Məmmədquluzadənin yaradıcılığına layiqli töhfə kimi qiymətləndirmişdir. Müzakirədə çıxış edənlər tələbə-aktyorların hazırladıqları "Ölülər" tamaşasının məziyyətlərindən söz açmış, arzu təkliflərini bildirmişlər. Tamaşanın Naxçıvanla yanaşı Bakı ali məktəblərində Türkiyə Cümhuriyyətinin Qars Qafqaz Universitetində göstərilməsi nəzərdə tutulur. Naxçıvan Dövlət Universitetində hazırda ədibin anadan olmasının 140 illiyi ilə əlaqədar olaraq "Cəlil Məmmədquluzadə demokratik ədəbi-ictimai fikir" mövzusunda beynəlxalq elmi konfransın keçirilməsinə hazırlıq işləri aparılır. Bundan başqa, universitetdə ədibin ildönümü ilə bağlı tələbə rəssamların karikatura müsabiqəsinin keçirilməsi qərara alınmışdır.

 

Azərbaycan.- 2009.- 22 yanvar.- S. 7.