Tanrıverdiyev Y.
Gəncədə Cavad xanın xatirəsi
anıldı...
Xalqının azadlığı
uğrunda döyüşlərdə misilsiz
qəhrəmanlıq nümunəsi göstərərək
milli mübarizə tariximizə çox şərəfli
səhifələr yazmış Gəncə xanı Cavad
xanın ənənəvi anım mərasimi yenə də
onun məqbərəsi önündə keçirildi.
Ədəbi-bədii kompozisiya 1803-cü ilin dekabr ayının axırına təsadüf edən Ramazan bayramı təntənələri ilə başlayır. Gəncə bayram şənlikləri ilə yaşayır, şəhər əhli ümumxalq sevincinə qərq olub.
Bu ümumxalq təntənəsini Çar Rusiyanın generalı Sisianovun Gəncənin döyüşsüz təslim olması haqqında göndərdiyi məktub alt-üst edir. Əhali çaşqınlıq içindədir. Gəncə xanı Cavad xanın çağırışı gəncəliləri azad, müstəqil yaşamaq uğrunda mübarizəyə çağırır. Şəhər bir nəfər kimi ayağa qalxır.
Qızğın döyüşlər başlayır. "Gəncəyə mənim meyidimin üstündən keçib girmək olar"-deyən Cavad xan 1804-cü ilin yanvar ayının 4-də oğlu Hüseynqulu xanla birlikdə son damla qanına qədər döyüşərək həlak olur.
Gəncəlilərin vətənpərvərlik hünərinin təsvir olunduğu kompozisiya maraqlı bədii sonluqla bitir. Cismən həlak olan Cavad xanın xəyali obrazı və gəncəlilərə müraciəti doğma vətəni və xalqını qəlbən sevən hər bir vətənpərvər insanın həyat kredosu kimi səslənir və bu günümüz üçün çox aktualdır. Rəmzi xarakter daşıyan son səhnə əslində torpaqlarının 20 faizi işğal altında olan respublikamızın əhalisini mübarizəyə çağırış nidasıdır.
Ədəbi-bədii kompozisiyada Cavad xanın obrazını yaradan Əməkdar artist Ramiz Vəliyev rol üzərində xüsusi maraqla işlədiyini vurğuladı və Cavad xan obrazını yaradarkən onu təkcə Gəncə hakimi deyil, xalqımızın milli qəhrəmanı kimi təqdim etmək niyyətində olduğunu bildirdi.
Tamaşa maraqla
keçdi. Alqış sədaları öz vətənini
bütün varlığı ilə sevən və onun
azadlığı naminə canını, doğma
övladını belə qurban verən xalq
qəhrəmanının xatirəsinə gəncəlilərin
sonsuz etiramının ifadəsinə çevrildi.
C.Cabbarlı adına Gəncə
Dövlət Dram Teatrının aktyorlarının ifasında
səhnələşdirilən kompozisiya aktuallığı
və mövzunun səhnə həlli ilə diqqəti
cəlb edir. Meydanın imkanlarından istifadə çox
uğurludur. Açıq səma altında davam edən
tamaşada uğurlu rejissor işi də diqqəti cəlb
edir.
Quruluşçu rejissor Bəhram
Osmanov bizimlə söhbət zamanı çox maraqlı bir
məqamı qeyd etdi. Xalqımızın
qəhrəmanlıq tarixindən söhbət açan belə
səhnələr ölkəmizin tarixində həddindən
çoxdur. Yaxşı olar ki, gəncəlilərin bu
təcrübəsindən istifadə edilərək hər bir
bölgəmizdə belə meydan tamaşaları
hazırlansın. Bu, gənclərimizin hərbi-vətənpərvərlik
tərbiyəsində əvəzsiz rol oynayar.
Tamaşada maraqlı aktyor ansamblı
iştirak edir. Yerində səslənən musiqi və
köməkçi səhnə effektləri biri digərini
uğurla tamamlayır, mövzunun bədii həllini
asanlaşdırır.
Mərasim başa çatdıqdan
sonra şəhər rəhbərliyi və
içtimaiyyətin nümayəndələri Cavad xanın
məqbərəsi önünə tər çiçək
dəstələri qoydular.
Cavad xanın məqbərəsi
hər bir vətənpərvər azərbaycanlının
müqəddəs ziyarətgahına çevrilib-kompozisiyanın
ideya xəttini bu bədii-fəlsəfi mahiyyət
təşkil edir. Qarabağ kimi dərdi olan bir millət
üçün bu, çox böyük taleyüklü bir
örnəkdir.
Respublika.- 2009.- 15 yanvar.- S. 6.