Təranə

 

"İndi hamı yüngül tamaşa istəyir"

 

Ötən ilin sonlarında Mahnı Teatrının səhnəsində İrəvan Dövlət Azərbaycan Dram Teatrının Teyfik-əl Hakiminin "Karıxmış sultan" əsəri əsasında hazırladığı "Hərraca qoyulan sultan" tamaşasının premyerası keçirildi. Tamaşanın quruluşçu rejissoru Oruc Qurbanov sözügedən teatrda ilk işi olsa da, kifayət qədər mükəmməl bir tamaşa təqdim etməyi bacardı. Rejissorla söhbətimizə də sonuncu tamaşadan başladıq.

   - Necə oldu ki, məhz bu əsərə müraciət etdiniz?

   - İrəvan Teatrının direktoru İftixar Piriyev mənə teatrlarında tamaşa hazırlamağı bir neçə dəfə təklif etmişdi. Mən də bir neçə əsərin içərisindən bu müasir rəvayəti seçdim. Əsərin müəllifi Teyfik-əl Hakimi müasir Misir ədəbiyyatının klassiki sayılır. Tamaşa kifayət qədər maraqla qarşılandı. Tamaşadan sonra Misir Mədəniyyət Mərkəzinin mədəniyyət üzrə attaşesi, professor Adel Darviş minnətdarlığını bildirərək: "Sən Teyfik-əl Hakiminin istədiyi əsəri qoymusan. O, bunu rəvayət kimi yazıb, sən də əsəri rəvayət kimi həll etmisən" - dedi. Sonra da "Sizin səfirlə danışacağam ki, bu tamaşanı Qahirəyə aparaq" - deyə arzusunu bildirdi. O, gələn ilin mayında Misirdə keçiriləcək Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində bu tamaşanın da proqrama salınması arzusundadır.

   - Siz həm də tamaşanın quruluşçu rəssamısınız. Tamaşanın rəssam kimi həllini necə tapdınız?

   - Səhnə tərtibatını, şübhəsiz ki, rəvayətə əsasən qurdum və maraqla qarşılandı. Onu da deyim ki, bu, rəssam kimi mənim ilk işim deyil. Buna qədər Sofoklun "Elektra" əsərində, "Həzrəti Zeynəb", "Xəyanət" və s. tamaşalarımda rəssam kimi də çıxış etmişəm. Sonuncu tamaşamın musiqisi isə qızım Mirandaya məxsusdur. Bu tamaşa 20-25 il bundan əvvəl Akademik Dram Teatrında Tofiq Kazımovun quruluşunda oynanılıb. Tamaşa 2-3 dəfə oynansa da, baxanlar deyirlər ki, çox uğurlu alınıb.

   - Bu gün tamaşa hazırlamağın sizin üçün hansı çətinlikləri var?

   - Tamaşa hazırlamaq mənim üçün çətin deyil. Çünki tamaşanın hazırlanma texnologiyasını bilirəm. Sadəcə, binalar soyuqdur. Aktyorlar oynaya bilmir, gah biri, gah da digəri xəstələnir. Müasir texniki imkanlar çox zəifdir. Kütləvi tamaşa hazırlamaqdan ötrü çox çətinliklə qarşılaşmalı olursan. İrəvan Teatrındakı tamaşa üçün direktor çox canfəşanlıq göstərdi və nəticədə kütləvi bir tamaşa alındı.

   - Yenədəmi rejissor kimi daimi iş yeriniz yoxdur?

   - İş yerim yoxdur, amma təklif gözləyirəm. Ayrı-ayrı teatrlarda çalışmaq məni dolandırsa da, tamamilə qane etmir. O biri teatrların rejissorları kimi çalışmaq istərdim. Onların öz yaradıcılıq otaqları var. Xalq artisti, Prezident təqaüdçüsüdürlər. Mənim kimi ora-bura qaçmırlar. Çünki harasa qaçmağın da bir yaş dövrü var. Qapıları döyüb "mənə iş verin" demək mənə yaraşan iş deyil. Hazırladığım tamaşalar göz qabağındadır. Hazırda Musiqili Komediya Teatrı üçün Əziz Nesinin əsəri əsasında "Diqqət, şəhərdə manyak var" adlı liberetto yazmışam. Bu əsərin həm liberetto müəllifi, həm də rejissoruyam. Eyni zamanda bu teatr üçün "Min bir gecə" rəvayətləri əsasında liberetto işləyirəm. Bundan əlavə, Akademik Dram Teatrının qovluğunda İlyas Əfəndiyevin "Geriyə baxma, qoca" romanı əsasında "Qarabağnamə" və Mir Cəlal Paşayevin "Açıq kitab" romanının motivləri əsasında yazdığım "Kafedra" əsərlərim var. İrəvan Teatrından da yeni əsər hazırlamaq üçün daha bir təklif almışam.

   - Təxminən iki il bundan əvvəl mənə müsahibənizdə yazdığınız əsərlərin çap olunmamasından şikayətlənmişdiniz. Bu məsələ necə, həllini tapıbmı?

   - Yox, tapmayıb. Arada roman və povestlər yazıram. "Ağa Məhəmməd şah Qacar" və "Molla Nəsrəddinin Teymurləngi ram etməsi" adlı kino romanlarını qurtarmışam. Ancaq imkan olmadığından bu əsərləri çap etdirə bilmirəm. Hansısa imkanlı şəxsin bu əsərlərin çap olunmasına kömək etməsini gözləyirəm ki, heç olmasa itib-batmasın.

   - Bəs yaradıcı ideyalarınızı gerçəkləşdirmək üçün hansı çətinliklərlə qarşılaşırsınız?

   - Bir ideyanı ortaya çıxarmaq, onu qəbul etdirmək çox çətindir. İndi hamı yüngül tamaşa istəyir. Məsələn, Mir Cəlal Paşayevin "Dirilən adam" əsəri əsasında hazırladığım tamaşanı Milli Dram Teatrı İstanbula aparmalı idi. Ancaq çox böyük tamaşa olduğundan aparmadılar. Böyük tamaşanı harasa qastrola aparmaq böyük xərc istəyir. Bu tamaşanı ilk dəfə təqdim edəndə Polad Bülbüloğlu: "Nəhayət ki, mən bu teatrda ilk dəfə kütləvi tamaşa görürəm" - deyə bildirdi. Nə qədər üç nəfərlik, beş nəfərlik tamaşa qurmaq olar? Ancaq bu gün monumental bir tamaşa hazırlamaq heç bir teatra sərf etmir. Elə ideyalarım var ki, lap nağılvari tamaşalar hazırlamaq olar. Ancaq teatrın problemləri bu ideyalarımı həyata keçirməyə imkan vermir.

   - İdeya, enerji var, ancaq bunlara söykənib iş görmək çətindirsə, bu arada nə itirirsiniz?

   - Əsəbimi, cansağlığımı... Valideynin gözü qarşısında şikəst uşağı necə məhvə doğru gedirsə, mən də elə bir vəziyyətdəyəm. Bir ideya ilə zəhərlənirəm, ancaq bu ideyanın üzünə qapılar bağlanır. Əgər yaradıcı adam bir ideya ilə zəhərlənirsə, onu gərək vaxtında həyata keçirsin. Onu 3-4 il saxlamaq, "nə vaxt imkan olsa, onda həyata keçirərəm" demək mümkün deyil. Çünki həmin hisslər, duyğular solub gedir.

   - Çətinliklə də olsa reallaşdırdığınız tamaşaların hamısı ürəyinizcəmi olub?

   - Yox, olmayıb. Hardasa dekorasiya, kostyum, aktyor problemi ilə qarşılaşırsan. Ona görə də hər premyera zamanı mənim üzümdə bir əsəb sezilir. Premyeraya doğru gedən yol qaranlıqda addımlamağa bənzəyir. Birdən həm işıqlar yanır, alqışları eşidirsən. Mənim Moskvadakı müəllimim, dünya şöhrətli rejissor Anatoli Efros heç vaxt tamaşalarına baxmırdı. Yaxşı tamaşa alınması üçün həmişə demişəm ki, teatrda ansambl olmalıdır.

   - Sonuncu tamaşada istədiyinizə tamamən nail oldunuzmu?

   - Həm nail oldum, həm də yox... Tamaşanı hazırladım, istədiyimi tam almaq üçün isə truppanı bir ansabml formasında yetişdirmək lazımdır. Ansambl - vahid oyun tərzi olmasa, tamaşanı qoymaq çətindir. Bizim teatrlarımızın əsas problemi ansamblın olmamasıdır.

   - Bəs oyun tərzinə bələd olmadığınız hər hansı teatrda çalışarkən dərhal həmin səhnədə ansambl yaratmaq sizin üçün çətin olmurmu?

   - Çox çətindir. Ancaq bir yandan da eksperiment etmək mənim üçün maraqlıdır. Çünki aktyorların əvvəlcədən nəyə qadir olduqlarını bilmirsən. Aktyordan "sən nəyi bacarırsan?" - deyə soruşmağa məcbur olursan. Kimin nəyə qadir olduğunu aydınlaşdırandan sonra həmin imkanlar çərçivəsində traktovka etməyə çalışırsan. İrəvan Teatrında elə aktyorlar vardı ki, özləri də bilmirdilər ki, onlar rəqs edə bilərlər. Kimin qabiliyyəti nəyə çatırdısa, ondan çıxış edərək tamaşanı qurdum. Bu gün Azərbaycan teatrında aktyora qarşı "istəyirəm ki, mənə tabe olasan" prinsipi mümkün deyil. Bu gün teatrlarda ansambl yaratmaq çox çətindir. Bunun da bir çox səbəbləri var. Oyun üslubunun bərbad vəziyyəti, pedaqoji hazırlığın aşağı olması, aktyorların fiziki sağlamlığının zəifliyi, öz üzərlərində işləmək bacarığının olmaması və s. Amma bugünkü Azərbaycan teatrında rejissorun bədbəxtliyi ondadır ki, biz aktyorların imkanlarından, onların əhval-ruhiyyəsindən asılı vəziyyətə düşürük. Çünki aktyorlar hərəsi dolanışıq üzündən müxtəlif yerlərə qaçırlar.

   - Hər tamaşadan sonra hansı hissləri keçirirsiniz? "Bu da bir hesabat idi", yoxsa "növbəti ideyamı da həyata keçirə bildim?" - deyə düşünürsünüz?

   - Hər tamaşadan sonra "Niyə bu tamaşanı qoydum?" - deyə adam çox vaxt peşmançılıq keçirir. Baxıb görürəm ki, mənim nəslimdən olan rejissorlar, demək olar ki, tamaşa qoymurlar. Bəziləri isə nadir hallarda tamaşa hazırlayır. Amma onların hamısı Xalq artisti, professor, Prezident təqaüdçüsüdür. Onlar sanki mənən təqaüdçü olublar. Allahdan ona görə razıyam ki, mənə tükənməz enerji verib. Hərdən fikirləşirəm ki, bəlkə ehtiyacda olmağım məni ora-bura qaçmağa məcbur edir? Bəlkə onlar kimi hər şeylə təmin olunsaydım, məndə də bir durğunluq yarana bilərdi. Bəzən sonuncu tamaşamdakı qəhrəmanım kimi seçim qarşısında qalıram: maddi təminatlı həyat, ya da ehtiyac içərisində yaradıcılıq işi. Əlbəttə, mən ikincini seçirəm.

   - Belə demək olarmı, sizin qəhrəmanlarınız hardasa özünüzsünüz?

   - Hardasa demək mümkündür. Mənim Lənkəran Teatrında ilk hazırladığım tamaşa Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsəri əsasında eyniadlı tamaşa olub. Taleyim də elə əzablı olub. Oqtay da əzablarla teatr yaradırdı. Başına cürbəcür oyunlar açır, sənətini qəbul etmirdilər. Akademik Dram Teatrında hazırladığım ilk tamaşa isə "Yad adam" olub. Həmin yadlığı 30 ildir ki, özümə qarşı hiss edirəm. Sonuncu tamaşam isə "Dirilən adam" olub. Hər dəfə dirilmək, yeni adam olmaq yaxşı şeydir. Qoy səni döysünlər, hər beş ildən bir qalx və yeni keyfiyyətlə özünü təqdim elə.

   - Bu ilin iyun ayında 60 yaşınız tamam olacaq. Yubileyi necə qarşılamağa hazırlaşırsınız?

   - 40 ildir bu sənətdəyəm. İnsan zəhmətinin bəhrəsini görmək istəyir. Dəfələrlə aidiyyəti orqanlara müraciət etmişəm. Ötən ilin iyul ayında Əbülfəs Qarayevin qəbuluna yazılmışam. Ancaq 6 ay müddətində nazirin qəbuluna düşə bilməmişəm. Kimlərsə mənim işimi əngəlləyir. Bütün siyahılardan adımı çıxarırlar. Mən Azərbaycan teatr və kinosuna hədsiz dərəcədə xidmət edən bir insanam. Ancaq siyahı tərtib olunanda yada düşmürəm. Hamı mənim tamaşalarımı görüb və yüksək qiymət verib. Mənim kimi bir rejissorun işsiz və fəxri titullardan kənarda qalmasına da hamı təəccüblənir. Amma konkret işə gələndə hamı yaxasını kənara çəkir.

 

Mövqe.- 2009.- 17-19 yanvar.- S. 13.