Xəlilzadə F.

İki töhfə

 

Tanınmış jurnalist Fazil Rəhmanzadənin 30-dan artıq kitabı işıq üzü görüb. O, məşhur sənətkarlar, görkəmli mədəniyyət xadimləri haqqında silsilə kitabları ilə oxucuların diqqətini çəkən məhsuldar yazıçı-publisistdir. Xalq artisti Vasif Babayev bu barədə yazır: "Fazil Rəhmanzadənin hər bir əsəri mətbuatımızın tarixi salnaməsində şərəfli yer tutur, özünün bədii-tarixi dəyərinə görə diqqət çəkir. Son 20 ildə görkəmli qələm ustasının işıq üzü görən kitabları eyni zamanda monumentallığı, millətin tale yükünü bütün dolğunluğu ilə işıqlandırması, mövzunun vacibliyi müasirliyi baxımından xüsusi məna kəsb edir".

Fazil Rəhmanzadənin bu yaxınlarda çapdan çıxmış iki kitabı mədəniyyət tariximizin maraqlı səhifələrini əks etdirmək baxımından əhəmiyyətlidir. Görkəmli teatr xadimi, xalq artisti və opera fədaisinin yaradıcılığına həsr edilmiş "Lütfiyar İmanov" kitabı da layiqli nəşrlərdəndir. Böyük zəhmət bahasına başa gələn bu kitabda həm unudulmaz vokalistin həyatına işıq salınır, fəaliyyətindən söz açılır, həm də gənc nəsil üçün nəzəri baxımdan dərin bilgilər verilir.

Kitabın yazılma səbəbi ilə bağlı rnüəllif fikrini belə izah edir: "Lütfiyar İmanov kimi klassik yönümlü bir teatr xadimini gənc nəslə daha yaxından tanıtmaq, sevdirmək, onu layiqincə dəyərləndirmək müqəddəs borc hissidir. Məhz bu duyğulara bürünərək əlimə qələm aldım".

Müəllif, həqiqətən də, bu çətin işin öhdəsindən bacarıqla gəlmişdir. O, görkəmli opera ustasını olduğu kimi oxuculara təqdim edə bilmişdir. Qəhrəmanının obrazının tamlığı üçün Fazil Rəhmanzadə Lütfiyar İmanovla bağlı müxtəlif mətbuat orqanlarında dərc edilmiş maraqlı yazıları da kitaba daxil etmişdir.

Nəfis şəkildə çap edilmiş kitabda xalq artistinin müxtəlif anlarını əks etdirən fotoşəkillərdən də istifadə olunmuşdur. Müəllif Lütfiyar İmanovun mahnı yaradıçılığını mükəmməl təhlil edib işıqlı obrazını təbii, bənzərsiz yarada bilmişdir.

Fazil Rəhmanzadənin növbəti kitabı Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahova həsr olunmuşdur. "Böyük yaşantının naxışları" adlanan yeni nəşrdə həm xalq rəssamının həyatına, həm də əsərlərinə diqqət verilmişdir. Bu kitab da nəfis hazırlanmışdır. Həm rəssamın öz şəkillərindən, həm də rəsmlərindən istifadə edilərək qələmlə fırçanın ünsiyyəti ustalıqla yaradılmışdır. Burada təkcə söz yox, həm də şəkillər "danışır". Hər şəkil bir tarixi hadisəni əks etdirdiyi kimi, rəsmlər də Tahir Salahov yaradıcılığının çoxcəhətli tərəflərini göstərir. Müəllif kitabı hazırlayarkən maraqlı üslubdan istifadə etmişdir. Burada ən çox söz deyən Tahir Salahovun gündəlikləridir. O, təkcə rəssam kimi həyat lövhələrini kətana köçürməyib, həm də öz həyatının unudulmaz fraqmentlərini sözlə kağıza naxışlayıb. Ayrı-ayrı məşhur sənət adamlarının Tahir Salahov haqqında fikirləri də kitaba daxil edilmişdir.

Həm Azərbaycan, həm də rus dillərində çap edilmiş kitabın redaktoru xalq rəssamı Oqtay Şıxəliyev və Fəridə Qurbanovadır.

 

Azərbaycan.- 2009.- 23 yanvar.- S. 7.