Quliyeva Q.

Opera fədaisi

 

M.F.Axundov adına kitabxanada Üzeyir bəy Hacıbəyovun ədəbi irsini gözdən keçirirdim. Dahi bəstəkarın məqalələrinin birində Əbdülqabi Zülalovun adı ilə rastlaşdım. Üzeyir bəy Qafqaz musiqiçiləri arasında böyük nüfuzu olan Əbdülqabi Zülalov haqqında yazırdı: "tarzən Sadıqcanların, xanəndə Əbdülqabilərin adları sədaları Qafqazın hər yerində məşhur olub ad qazanmışdır".

Bu yaxınlarda təsadüfən oxuduğum yeni bir nəşrdə isə Üzeyir Hacıbəyovun çox dəyərləndirdiyi Əbdülqabi nəsli haqqında maraqlı bilgilər əldə etdim.

Yüksək çap üsulu ilə hazırlanan bu kitab 2008-ci ildə "Nurlan" nəşriyyatında işıq üzü görüb. Tarix elmləri namizədi, dosent Şubay Nuruzadənin redaktoru olduğu əsərə xalq artisti, professor Arif Babayev tarix elmləri namizədi dosent Səmayə Mustafayeva rəy verib.

Zemfira Zülalovanın müəllifi olduğu "Azərbaycan milli operasının fədaisi" adlı bu əsər opera səhnəsinin görkəmli şəxsiyyətlərindən olan əməkdar artist Əli Zülalovun həyat fəaliyyətinə həsr edilib. "Şərqin konservatoriyası" adlanan Şuşada dünyaya göz açan Əli Zülalovun uşaqlıq, gənclik illəri ilə yanaşı, sənətə gəlişi bu əsərdə geniş şərh edilib. Əsərin müəllifi Əbdülqabi nəsli ilə yanaşı Şuşanın tarixindən görkəmli musiqişünas şəxsiyyətlərdən söhbət açır, onlar haqqında oxuduqlarını, bildiklərini gördüklərini diqqətə çatdırır. Müəllif yazır ki, Əli Zülalov Əbdülqabinin doğmaca qardaşı oğludur. Zemfira xanım da Əli Zülalovun övladıdır o, atasının sənətdəki uğurları üçün Üzeyir Hacıbəyovun xeyirxahlığını dönə-dönə qeyd edir. Milli operamızın banisi olan dahi Üzeyir bəyin xeyir-duası ilə sənətə gələn Əli Zülalov himayədarının ən sevimli tələbələrindən olub.

Zemfira xanımın yazdığına görə hətta Üzeyir bəy "Leyli Məcnun" operasında Leylinin atası, "Koroğlu" operasında isə Ehsan paşa obrazını şəxsən Ə.Zülalovu nəzərdə tutaraq yazmışdır. Aktyor da öz növbəsində bu obrazları çox məharətlə yaradaraq müəlliminin etimadını doğrutmuşdur.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti on günlüyü isə Əli Zülalovun həyatına daha bir iz saldı. O, Müslüm Maqomayevin "Nərgiz" operasındakı Molla Mütəllim roluna görə "Şöhrət nişanı" ordeni ilə təltif edilmişdir. İslam dininin adət-ənənələrini yaxşı bilən Ə.Zülalov bu obrazı xüsusi bir məharətlə yaratmışdır ki, bu da Stalinin diqqətindən yayınmamışdır. Görkəmli bəstəkar Fikrət Əmirov isə bu istedadlı sənətkar haqqında xatirələrində belə yazıb: "...Azərbaycan Dövlət Opera Balet Teatrının aparıcı aktyoru, solist Əli Zülalov gözəl səsi, səhnə mədəniyyəti davranışı ilə hər zaman gənclərə nümunə olmuşdur".

Əli Zülalov xoşbəxt insan idi. O yalnız səhnədə deyil, həyatda da, ailədə çoxlarına nümunə olmuşdu. Üç qız atası olan Əli müəllimin qədər çox işi, məşqləri, qastrol səfərləri olsa da, övladlarının təhsili, tərbiyəsi hər an onun diqqətində idi.

Böyük qızı Elmira Azərbaycan Dövlət Konservatoriyasını bitirərək uzun illərdir ki, musiqi təhsili ilə məşğuldur. Ortancıl qızı Solmaz hüquq elmləri namizədidi, uzun illərdir ki, ədliyyə, prokurorluq orqanlarında çalışır.

Kiçik qızı Zemfira Zülalova isə (bu kitabın müəllifi) 1963-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1975-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alaraq ömrünü gənc nəslin təlim-təhsilinə bağlayıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Fəlsəfə" kafedrasında işləyir.

Zemfira xanım bir jurnalist kimi yaradıcılıqla da məşğuldur. Azərbaycan milli operasının fədailərindən biri olan Əli Zülalov haqqında bu kitabı yazmaqla bir tərəfdən övlad kimi atasına, onun şəxsiyyətinə, sənətinə olan məhəbbətini bildirmək istəmiş, digər tərəfdən bu sənətkarı oxuculara yenidən tanıtmışdır. Hər iki halda böyük səmərəli fəaliyyət göstərmişdir.

 

 

Azərbaycan.- 2009.- 24 yanvar.- S. 6.