Nəzakət
Yaddaşlara bəxş olunan gözəllik
Hüseynqulu Sarabski-140
XX əsr Azərbaycan milli musiqi
mədəniyyətinin parlaq şəxsiyyətləri
sırasında öz yeri, öz mövqeyi olan sənətkar
Hüseynqulu Sarabskinin 140 illik yubileyidir. Adı əsrin
yeniləşən, dəyişən, müasirləşən
sənət aləminin simvollarından birinə
çevrilən, əsrin səsinə səs verən, tarixi
yaradan sənət fədailərindən biri olan Hüseynqulu
Sarabski səhnəmizin əfsanəvi Məcnunu kimi
şöhrətlənmişdir. Sənətini musiqi incisi -
"Leyli və Məcnun" zirvəsindən başlayan
Hüseynqulu Sarabski bütün ömrünü bu zirvənin
məsuliyyətini, onun ucalığını dərk
edərək yaşamış, sənətinə,
peşəsinə vurğunluğu ilə nəsillərə
nümunə olmuş və zaman-zaman da olacaqdır.
Hüseynqulu Sarabski təkcə böyük aktyor,
xanəndə, teatr xadimi, rejissor, pedaqoq deyil, həm də bir
şəxsiyyət olaraq tarixə iz salmışdır.
Onun tərcümeyi-halının ştrixləri
Hüseynqulu Sarabski sənətindən maraqlı
məqamları bizlərə təqdim edir. Hüseynqulu
Sarabski 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan
olmuşdur. Əslində, onun həyatı maraqlı bir filmin
süjetidir. Taleyi də, sənət yolu da, daxilən
bütöv, mətin, qarşısına qoyduğu
məqsədə gedən yolda hər cür maneələri
dəf edən, ən əsası isə sevdiyi işinə,
peşəsinə vurğunluğunu ömrünün son
anınadək saxlayan böyük bir aktyorun,
şəx-siyyətin həyat tarixçəsidir. İlk
sənət məhəbbətinə o, son nəfəsində
də sadiq qaldı. Uşaqlıqdan Hüseynqulu Sarabski
musiqiyə böyük həvəsi və yaxşı
səsi ilə seçilirdi. Özünün
xatirələrində yazdığı kimi,
"Məhərrəmlik vaxtında dini havalar oxuyar,
mərsiyə deyər, münacat çəkər, eyni
zamanda, el şənliklərində, toyda-bayramda muğamlara,
mahnılara qulaq asar, öyrənərdi". 12 yaşlı
Hüseynqulu ilk dəfə teatr tamaşasına baxır.
Həmin tamaşa həvəskarların ifasında "Xan
Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli
Axundovun
"Sərgüzəşti-vəziri-xani-Lənkəran"
komediyası idi. Əsil soyadı Rzayev olan Hüseynqulunun
sonralar götürdüyü səhnə
təxəllüsü-Sarabski də bu güclü
təəssüratın əks-sədası oldu. Elə
həmin gündən teatr və musiqi onun arzu və
xəyallarında qoşalaşdı. Azərbaycanda milli
dramaturgiyanın əsasını qoymuş Mirzə
Fətəli Axundovun əsəri Azərbaycanın ilk opera
artistinin taleyində rəmzi bir məna alaraq, onu
əbədiləşdirən ada təkan verdi. Hüseynqulu
Sarabski teatra çətin bir dönəmdə
gəlmişdi. Teatrı "şeytan əməli",
aktyorluğu isə "kişiyə yaraşmaz
peşə" hesab edənlərin tənəsinə,
bəzən də hədə-qorxusuna sinə
gərərək, öz arzuları və xəyallarına
doğru inamla gedirdi. Kiçik yaşlarından ağır
zəhmətə qatlaşan, ağır fiziki
işlərdən də
çəkinməyən-dəmirçi, daşyonan,
fəhlə işləyən Hüseynqulu, yeni əsrin
səsini eşidirdi. O, oxumaq, təhsil almaq istəyi ilə
özünü oda-közə vurur, qazandığını
kitaba, dəftərə verirdi. Hüseynqulu Sarabski ziyalı,
müəllim, təhsilli insanları özünə
nümunə seçirdi, onlara bənzəmək istəyirdi.
İlk dəfə gördüyü teatr tamaşası
isə onun həyat seçimini bircə an içində
dəqiqləşdirdi. Səhnəyə o, ilk baxışdan
və birdəfəlik vuruldu. Səhnə onun əbədi məhəbbətinə
çevrildi. Bu məhəbbət qarşılıqlı
oldu. Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq
sənətini seçməsində, püxtələşməsində
teatr xadimlərindən, tanınmış ziyalılardan
Nəriman Nərimanovun, Əbdürrəhim bəy
Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları - Hüseyn
Ərəblinskinin, Cahangir Zeynalovun və
başqalarının böyük rolu olmuşdur. İlk
dəfə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin
bəlası" pyesində Rəsul rolunda
çıxış edən Hüseynqulu Sarabski sonralar teatr
səhnəsində Mirzə Fətəli Axundovun Şeyx
Şamilin, Nəcəf bəy Vəzirovun,
Əbdülrəhim bəy Haqverdiyevin dram
əsərlərində bir sıra müxtəlif xarakterli
rollar oynayır. O, yalnız milli repertuarda deyil, Azərbaycan
dilinə tərcümədə Şekspirin, Heynenin,
Şillerin, Qoqolun əsərlərində də müvafiq
rollarda çıxış edirdi. Məhz Henrix Heynenin
"Əlmənsur" pyesində ərəb
səyyahının rolunda çıxış edərkən
oxuduğu təsiredici "Hicaz" muğamı onu
Azərbaycan mədəniyyətinin yeni bir aləminə -
musiqili-teatra, operaya gətirdi. Məhz bu tamaşa zamanı
Hüseynqulu Sarabski o zamanlar Azərbaycanın və
Şərqin ilk operası olan "Leyli və Məcnun"
üzərində işləyən Üzeyir bəy
Hacıbəyovun diqqətini cəlb etdi. Bu, zirvəyə
gedən yolun başlanğıcı oldu. Üzeyir
Hacıbəyov məlahətli səsə malik, muğamlara
bələd olan aktyor kimi də təbii və canlı
Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss
edərək onu öz operasında baş rola - Məcnun
partiyasını ifa etməyə dəvət etdi. Bu rol
Hüseynqulu Sarabskiyə, sözün əsil mənasında,
ümumxalq məhəbbəti və ümumazərbaycan
şöhrəti gətirdi. Bu rol bəlkə də aktyorluq
sənətinə hələ də "oyunbazlıq" kimi
baxanların teatra münasibətini kökündən
dəyişdirən təkan nöqtəsi oldu. Aktyorun
özünün yazdığı kimi "vaxtı ilə onu
barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu
Məcnun deyə çağıraraq alqışlayır,
hörmətlə qarşılayırdılar".
Səhnədə yaşadığı 30 ildən artıq
bir müddətdə Hüseynqulu Sarabski 400 dəfə bu
rolun sehrini yaşadı, yaratdı. Azərbaycan
səhnəsinin əfsanəvi, təkrarolunmaz Məcnunu kimi
tanındı. Əziz Şərifin Sarabskinin Məcnunu haqda
yazdıqları bu gün bizlər üçün
sənədli yazı qədər qiymətli və
canlıdır. "Sarabskinin oyunu misilsiz idi. Onun
nəğmələri bulaq kimi axır... Ağlaya-ağlaya,
inildəyə-inildəyə öz
məhəbbətindən, öz Leylisindən Füzulinin
qəzəlləri ilə ölməz muğam
üstündə danışır, insan qəlbinin ən
incə damarlarına işləyən musiqi mənə o
qədər təsir edirdi ki, hönkürtümü
çətin boğa bilirdim. Lakin göz yaşlarım
durmadan axırdı. Qəlbimi isə qəribə hisslər
doldururdu. Zavallı, uğursuz, divanə Məcnun! Sarabski
öz rolunu böyük məharətlə oynadı. O,
Məcnun surətini səhnədə tam mənası ilə
canlandırdı". Dünya opera sənətinin unikal bir
səhifəsi olan Şərqin və Qərbin musiqi teatr
ənənələrinin kəsişdiyi muğam
operasının tarixini Hüseynqulu Sarabskisiz
təsəvvür etmək mümkün deyil. O, milli opera
tarixində Üzeyir Hacıbəyovun opera və
operettalarında - Kərəm ("Əsli və
Kərəm"), Sərvər ("O olmasın, bu
olsun"), Mərcan bəy ("Ər və arvad"),
Əsgər ("Arşın mal alan"), Müslüm
Maqomayevin "Şah İsmayıl"ında Şah
İsmayıl, Zülfüqar Hacıbəyovun
"Aşıq Qərib"ində Aşıq Qərib
rollarının ilk ifaçısı kimi ad qoydu. Hər bir
obraz üçün Hüseynqulu Sarabski təravətli,
fərqli boyalar tapırdı. Məcnunu ifa edərkən
tamaşaçılarını göz yaşlarına
qərq edirdi. Şah İsmayılı oynayanda
məğrurluğu, əzəməti ilə
tamaşaçıları riqqətə gətirirdi,
Kərəm obrazını yaradanda
yandırıb-yaxırdı. O, Üzeyir Hacıbəyov,
Müslüm Maqomayev, Zülfüqar Hacıbəyovla
birlikdə çiyin-çiyinə yeni musiqi tarixinin
qurucularından biri idi. Azərbaycan musiqi sənəti
tarixində öz yeri olan Hüseynqulu Sarabski sənət
yolunu şaxəli bir tərzdə davam etdirərək, bir
tərəfdən teatrda böyük sənət
məbədində uğurlu tamaşalara imza atırdı,
digər tərəfdən isə səsləndirdiyi
muğamları ilə Azərbaycanın çoxəsirlik
sənət nümunələrini geniş bir
şəkildə xalqa təqdim edirdi. Azərbaycanın
muğam sənətinin inkişafında və onun bir xətt
üzrə dinamikliyinin qorunub saxlanılmasında Hüseynqulu
Sarabskinin rolu müstəsna olmuşdur. Sənətdə
və səhnədə tələbkarlığı ilə
seçilən Hüseynqulu Sarabski neçə-neçə
əsərlərin müəllifi olaraq öz
möhrünü vurmuş və ondan sonra gələn
ifaçılar üçün bir məktəb rolunu
oynamış, bu gün də yaradıcılıq
nümunələri öz dəyər və mahiyyətini
yüksək bir səviyyədə təqdim edir.
Sözsüz ki, 100 illik tarixə malik olan "Leyli və
Məcnun" operasının bütün məcnunları
məhz Hüseynqulu Sarabski məktəbindən
bəhrələnərək, onun ifaçılıq
tərzini özlərinə bir nümunə seçmiş,
dəsti-xəttləri ilə yeni nəfəs, yeni ab-hava
gətirmişlər. Bu obrazın təməl
daşını qoyan Hüseynqulu Sarabskiyə qədər
Azərbaycan teatr səhnəsində Məcnunu yaradan bir aktyor
olsa da, ilk növbədə, qeyri-ixtiyarı onun adı bu
partiyanın sənət yolunda xatırlanır. Dövrün,
zamanın sınaqlarında heç bir qorxu və
həyəcan hiss etmədən səhnəyə
çıxaraq çox uğurlu bir obrazı
tamaşaçılara təqdim edən aktyor iki böyük
sənətkarın yaradıcılıq qüdrətindən
yaranmış operanın xırdalıqlarına qədər
tamaşaçısına təqdim etmək
bacarığına malik oldu. XVI əsrin nəhəng
klassikinin məşhur əsəri Üzeyir Hacıbəyov
kimi bir dahinin notlarının dili ilə yeni bir janrda ortaya
qoyuldu. Füzuli və Üzeyir Hacıbəyov
sənətindən yaranmış qeyri-adi sənət
nümunəsi üçüncü və ondan sonrakı
komponentlərin yozumunda orijinal bir şəkildə öz
səhnə həllini tapa bildi. Azərbaycana, eləcə
də, Şərqə əks-səda salan və bu
əsərə tamaşa etməyə gələn
operasevərlərin böyük məhəbbətinə
səbəb olan "Leyli və Məcnun" operası,
sözsüz ki, böyük dahilərin, yaradıcı
insanların yaradıcılıq
təxəyyülünün məhsulu olaraq ortaya
qoyulmuşdur. Hüseynqulu Sarabski ömrünün 40 ilini
teatr sənətinə həsr etmişdir. O, bu illər
ərzində silsilə obrazlar yaratmaqla, Azərbaycan teatr
səhnəsini zənginləşdirmişdir. İllər
ötdükcə yaranan yeni-yeni əsərlərdə ona
həvalə olunan obrazlar Hüseynqulu sənətindən
doğan amillər nəticəsində peşəkar bir
şəkildə tamaşaçılara
çatdırılırdı. Hüseynqulu Sarabski
tükənməz və qeyri-adi yaradıcı potensialını
genişləndirərək, Azərbaycan radiosunda, konsert
salonlarında, mədəniyyət evlərində
özünəməxsus repertuarla çıxış
edən klassik musiqi nömrələri ilə yaddaşlara
gözəllik bəxş edirdi. Qeyd edim ki, Hüseynqulu
Sarabskinin ifaçılıq sənəti ilə
yanaşı, onun təşkilatçılıq
işləri də Azərbaycan musiqi
mədəniyyətinə böyük töhfələr
vermişdir. Belə ki, milli mədəniyyətimizin
inkişafı naminə çalışan xanəndə
1932-ci ildə respublika xalq yaradıcılıq evinin
yaradılmasında böyük rol oynamışdır. 1932-ci
ildə ona respublikanın xalq artisti adı verilmişdir.
Sənət yolunda daim axtarışda olan sənətkarın
1933-cü ildə yubiley tədbiri qeyd olunmuşdur. Qeyd edim ki,
Hüseynqulu Sarabski geniş yaradıcılıq
imkanlarını ortalığa qoymaqla yanaşı, pedaqoji
fəaliyyətdə də olmuşdur. O, uzun illər
Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik,
Asəf Zeynallı adına musiqi məktəbində isə
vakal sinfinə başçılıq etmişdir.
Hüseynağa Hacıbababəyov, Məmmədtağı
Bağırov, Əlövsət Sadıqov, Həqiqət
Rzayeva kimi məşhur opera müğənniləri
Hüseynqulu Sarabskidən dərs almışlar. Eyni zamanda,
Şövkət Ələkbərova, Sara Qədimova,
Tükəzban İsmayılova onun sinfində oxumuşlar.
Hüseynqulu Sarabski Azərbaycan Dövlət
Filarmoniyasında, Opera və Balet Teatrında dövrün
çox görkəmli sənətkarları olan Seyid
Şuşinski, Zülfü Adıgözəlov, Yavər
Kələntərli, Sürəyya Qacar kimi məşhur
müğənnilərlə muğam və etnoqrafik
konsertlərdə bir xanəndə kimi fəaliyyət
göstərmişdir. 1934-cü ildə o, Azərbaycan
Mərkəzi İcraiyyə Komitəsinin üzvü
seçilmiş, 1938-ci ildə isə respublika Ali Sovetinin
deputatı olmuşdur. İctimai və səhnə
fəaliyyəti onun Azərbaycan mədəniyyət və
sənət tarixindəki rolunu vəhdət halında
istiqamətlənməsinə kömək etmişdir.
Çox təəssüf ki, belə bir sənətkarın
lent yazıları günümüzə qədər gəlib
çatmamışdır. Onun ifa etdiyi muğam sənət
nümunələri qramafonlara yazılmamış, yalnız
Opera Teatrındakı çıxışları lentə
köçürülümüş və xalqa təqdim
edilir. Hüseynqulu Sarabski ömrü zamanla
ötüşməyən bir tarixdə öz əksini
tapıb. Qeyd edim ki, "Üzeyir ömrü" filmində
onun "Leyli və Məcnun" operasında oynadığı
obrazın müəyyən kadrları öz əksini
tapmışdır. Belə aktyor sənət tariximizdə
zaman-zaman yaşamış və illər ötdükcə
də yaddaşlardan silinməyərək, sənət
ömrünü davam etdirəcəkdir.
Səs.- 2009.- 9 yanvar.- S. 15.