Aydınoğlu T.

“Leyli və Məcnun” -101

 

İlk milli operamızın bir əsrlik tarixinin ensiklopediyası

 

Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun yaratdığı ilk milli operanın səhnəyə qoyulmasından 101 il keçir. Ötən il xalqımız dünya musiqisevərləri ilə birlikdə müsəlman-türk Şərqinin ilk operasının 100 illiyini təntənə ilə qeyd etdi. Aradan keçən bir əsr təkcə ilk milli operamızın deyil, həm də onun üzərində ucalmış musiqili səhnəmizin zəngin tarixidir. Tanınmış yazıçı-publisist, musiqi mədəniyyətimizin cəfakeş tədqiqatçısı Mustafa Çəmənli bu unudulmaz tarixin 101-ci ildönümündə “Leyli və Məcnun” 100 il səhnədə" ensiklopediyasını sənətsevərlərə hədiyyə etmişdir. Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuşdur.

Bu dəyərli ensiklopedik nəşrdə “Leyli və Məcnun” operası ilə bağlı böyük Üzeyir bəyin bioqrafiyasının ən mühüm məqamları, operanın ilk tamaşadan günümüzədək ardıcıl, əhatəli tarixçəsi, bu sənət incisini səhnəyə gətirən və yaşadan müxtəlif peşə sahiblərinin fəaliyyəti, görkəmli simaların əsər və onun teatr taleyi barədə yazıb-söylədikləri yüksək tədqiqatçı və naşir səriştəsi ilə bir yerə cəm edilmiş, bitkin bir salnamə kimi çağdaş oxucuya təqdim edilmişdir.

Titul səhifəsində verilmiş “Leyli və Məcnun” operasının 100 illiyinin respublika və YUNESKO səviyyəsində qeyd olunması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamındakı aşağıdakı sözlər bu əlamətdar sənət hadisəsinə dövrümüzün ən yüksək qiyməti kimi səslənir, kitabın hədəfinə və məramına işıq salır: “Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ”Leyli və Məcnun" əsərinin 1908-ci ildə birinci tamaşası milli musiqi mədəniyyəti tarixində yeni dövr açmışdır. Muğamla Avropa operasının üzvi vəhdəti əsasında yaradılan “Leyli və Məcnun” Azərbaycan musiqisinin həqiqi ensiklopediyasıdır. Müsəlman Şərqində opera janrınını əsası da muğam operasının bu ilk nümunəsi ilk qoyulmuşdur".

“Leyli və Məcnun” 100 il səhnədə" ensiklopediyası ümumilli lider Heydər Əliyevin 1995-ci il sentyabrın 18-də professional musiqimizin banisi Üzeyir Hacıbəyovun 110 illik təntənəli yubiley mərasimində söylədiyi tarixi nitqlə açılır. Böyük bəstəkarın müasir mədəniyyətimizin yaradılmasında göstərdiyi misilsiz xidmətlər, onun irsininin dəyəri barədə ulu öndərin söyləmiş olduğu qiymətli mülahizələr oxucunu “Leyli və Məcnun” müəllifinin kimliyini ali bir anlamda çatdırır, sonrakı bilgilərin təqdimatı üçün ümumi bir özül yaradır.

Ulu öndər bu çıxışında ilk milli operamızla bağlı çox mühüm bir məqamı qabarıq olaraq nəzərə çatdırmaqla, həm də onun mədəniyyət tariximizdəki yerini və əhəmiyyətini açıqlamışdır: “Üzeyir Hacıbəyovun yaradıcılığının ən əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, təkcə musiqini yox, əsərlərinin bütün mövzusunu kəşf edib, yaradıbdır. ”Leyli və Məcnun" operası da təsadüfi olaraq yaradılmayıb. “Leyli və Məcnun” əfsanəsində, dahi şairimiz Məhəmməd Füzulinin yazdığı poemadakı humanist, insanpərvər duyğular, azadlıq fikirləri, insanın insana pak, saf məhəbbəti Üzeyir Hacıbəyovu o qədər cəlb etmişdir, o qədər maraqlandırmışdır ki, məhz bunlara görə, o, ilk əsəri üçün Məhəmməd Füzulinin yaradıcılığına müraciət edib, o mövzunu seçib və bunun əsasında ölməz bir əsər yaradıbdır ... Bütün bunların hamısını özündə cəmləyərək, o, Azərbaycan xalqının zəngin musiqi xəzinəsindən bəhrələnərək 22 yaşında “Leyli və Məcnun” operasını yazıb dünyaya təqdim etmiş və bununla da böyük bir bəstəkar kimi özünü tanıtmış, fəaliyyətə başlamışdır. Azərbaycan opera sənətinin tarixi “Leyli və Məcnun operası ilə başlayır”.

Mustafa Çəmənli “Yüz il səhnədə” adlı giriş yazısı ilə “Leyli və Məcnun” operasının 1 əsrlik tarixinin ümumi səciyyəsini verir, onun opera sənətinin və musiqili səhnənin inkişafında roluna işıq salır, bu zəngin tarixin başlıca məzmununu açıb göstərir: “Məhz ”Leyli və Məcnun" meydana gələndən sonra opera və operettaların yaranmasına bir təkan oldu... “Leyli və Məcnun” ölkəmizin teatrlarını dolaşdı, İranda , Türkiyədə, Özbəksitanda, Gürcüstanda, Türkmənistanda, Dağıstanda... oynanıldı, qardaş xalqların milli operasının meydana gəlməsinə bir təkan oldu. Burda 100 il ərzində “Leyli və Məcnun” operasında oynayanların hamısının adını çəksək, çox böyük və bir qədər də natamam siyahı olardı".

Buna görə də müəllif bir çox arxivlərin, mənbələrin zəngin fonduna çevrilmiş ən mühüm hadisə, fakt və materialları dövriyyəyə cəlb etməklə, 100 ilin bitkin mənzərəsini yaratmağa çalışmış və bu çətin, məsul işdə uğur qazanmışdır. Mustafa Çəmənli mövzuya dərindən bələdliyindən, Üzeyir Hacıbəyov sənətinə dərin məhəbbətindən güc alaraq, bütöv bir müəlliflər kollektivinin görə biləcəyi işin ağırlığını çəkə bilmiş, “Leyli və Məcnun”la bağlı geniş coğrafiyanı, çoxqatlı xronikanı, çoxsaylı şəxsiyyətlər qalereyasını, çeşidli materiallar çevrəsini əhatə etməyə nail olmuşdur.

Kitabın əsas materialları müəllifin “Üzeyir Hacıbəyov” oçerki ilə başlanır, “Leyli və Məcnun”un ərsəyə gəlməsində böyük rolu olmuş bəstəkarın qardaşı Ceyhun Hacıbəylinin sonralar yazdığı “İlk Azərbaycan operası necə yarandı” xatirəsi ilə davam etdirilir. Üzeyir bəyin qohumu və dostu, tanınmış pedaqoq və ictimai xadim Əli Terequlovun kitaba daxil edilmiş xatirəsi bəstəkarın bioqrafiyasının önəmli yönlərinə və operanın meydana gəldiyi şəraitə aydınlıq gətirir. Ağəli Qasımovun “Üzeyir Hacıbəyov haqqında xatirələrim”, Qubad Qasımovun “Leyli və Məcnun” operasının ilk tamaşası", Əfrasiyab Bədəlbəylinin “Həmişəyaşar, həmişəcavan”, Nazim Əliverdibəyovun “Həmişə təzə, təravətli”, Niyazinin “Məhəbbət dastanı”, Qara Qarayevin “Şərqdə ilk opera”, Süleyman Rüstəmin “Hüseynqulu Sarabski”, Anarın “Leyli və Məcnun”la yeni görüş" xatirə və məqalələri, Mehdi Məmmədovun “Leyli və Məcnun” yeni quruluşda" müsahibəsi operanın bir əsrlik tarixinin ayrı-ayrı dövrləri barədə canlı təəssürat yaratmaqla, ensiklopediyanı zənginləşdirir.

Mustafa Çəmənli “Leyli və Məcnun”u səhnəmizdə canlandırmış rejissor, ifaçı və musiqiçilərin bir neçə nəslinin ən istedadldı, ünlü nümayəndələri barədə məlumat və oçerklərlə “Leyli -məcnunçuların” geniş heyəti barədə əsas bilgiləri günümüzün oxucusuna çatdırır.Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Müslüm Maqomayev, Bədəl bəy Bədəlbəyov, Hənəfi Zeynalov və başqa sənət fədailərindən bəhs edən yazılar sonrakı dövrlərdə Məşədi Cəmil Əmirov, Abbasmirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Hüseynağa Hacıbababəyov, Əli və Qəmbər Zülalovlar, Bülbül, Seyid Şuşinski, Xanlar Haqverdiyev, Əlövsət Sadıqov, Sona Hacıyeva, Həqiqət Rzayeva, Qəmər Almaszadə, Münəvvər və Yavər Kələntərlilər, Gülxar Həsənova, Cahan Talışinskaya, Şirzad Hüseynov, Ağababa Bünyadzadə, Bəhram Mansurov, Əzim Əzimzadə, Bədurə Əfqanlı kimi sənətkarların qısa bioqrayfiyası ilə davam etdirilir.

Çağdaş oxucuya daha yaxın olan “leyli-məcnunçular”dan Sara Qədimova, Əbülfət Əliyev, Qulu Əsgərov, Bakir Haşımov, Arif Babayev, Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Qəndab Quliyeva, Baba Mahmudoğlu, Canəli Əkbərov, Alim Qasımov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova kimi istedadlı opera ifaçıları, bu gün milli opera səhnəsində çalışan müxtəlif peşə sahibləri barədə yazılar “Leyli və Məcnun” operasının xoşbəxt səhnə taleyinin son dövrünə işıq salır.

Müəllif “Leyli və Məcnun” operasının əyalət teatrlarında, Tiflis, Aşqabad, Təbriz və İrəvan səhnəsində tamaşaları və onu hasilə gətirən sənətçilər barədə məlumatlarla bir əsrlik tarixi bir az da dolğunlaşdırır. “Leyli və Məcnun”un librettosu kitabın sonuna əlavə olunmuşdur. Çoxsaylı nadir şəkillər, illüstrativ materiallar oxucuya operanın tarixi ilə bağlı bir sıra gərəkli görüntüləri çatdırır, təsəvvürlərə aydıqlıq gətirir.Zəruri ədəbiyyat siyahısı əlavə məlumat göstəricisi kimi kitabı tamamlayır.

Mustafa Çəmənli “Son söz”də fikir və mülahizələrinə yekun vurur, “Leyli və Məcnun”un 1 əsrlik uğurlu səhnə estafetini bəstəkar Əfrasiyab Bədəlbəylinin sözləri ilə ifadə edir: “Təbiətin qanununa görə, teatr artistləri, dirijorları, rejissorları növbə ilə sıradan çıxır, musiqiçilər qocalıb istirahətə gedir, dekorlar köhnəlir, əlbəsələr çox geyinməkdən yırtılır, amma ”Leyli və Məcnun” operası həmişəcavan, həmişəyaşar qalıb vüqarla yürüşünü davam etdirir”. “Leyli və Məcnun” 100 il səhnədə" kitabı ilə Mustafa Çəmənli bu yürüşün geniş mənzərəsini canlandırıb, musiqi və teatr tariximizin öyünclü bir mövzusunu ensiklopedik səpkidə sənətsevərlərə çatdırıb, incəsənət ədəbiyyatını zənginləşdirib.

 

Xalq qəzeti.- 2009.- 25 yanvar.- S. 8.