Quliyev V.

 

“Get, get, sən o Leyli deyilsən!”

 

Əhməd Ağdamski-125

 

Çayçı şəyirdi Əbdürrəhim Fərəcovun “mən bir də qələt elərəm, oynaram!”— deyib, səhnəyə çıxmayacağını bildirməsi Üzeyir bəyin də, bütün yaradıcı heyətin də ovqatını təlx elədi. Çünki onlar minbir əziyyətlə hasilə gətirdikləri, gözlənildiyindən də uğurla keçən və dərin rəğbət qazanan bu məhəbbət dastanını bir neçə gündən sonra yenə də səhnəyə çıxarmaq fikrindəydilər. Zor-güclə axtarıb-tapdıqları Əbdürrəhimdən əllərini birdəfəlik üzən yaradıcı heyət, “əlində çıraq” təzə “Leyli” sorağına çıxdı. Onlar çox axtardılar, çox soraqladılar, götür-qoy elədilər, axırda gəlib dayandılar Üzeyir bəyin dost-doğmaca xalası oğlu Əhməd bəy Bədəlbəyovun üstündə...

Əhmədin üç yaşı olanda atası Bəşir bəy vəfat elədi. Xan qızı Natəvanın Aşağı Qarabağdakı mülklərində işləyən əmisi Kərbəlayı Məhəmməd qardaşı oğlunu himayəyə götürdü, yanına apararaq Ağdam rus-tatar məktəbinə qoydu. Lakin çox çəkmədən fələk kiçik Əhmədin əmisini də əlindən aldı. Zavallı uşağın vəziyyəti lap ağırlaşdı. Amma xoşbəxtlikdən, bir ildən sonra – 1895-ci ildə Əhmədin Qori Müəllimlər Seminariyasını bitirən böyük qardaşı Bədəl bəy təyinatla öz Vətəninə döndü. O, kiçik qardaşını dərhal Ağdamdan Şuşaya gətirdi, başsız qalmış beş nəfərlik ailəsini müəllimlik etməklə dolandırmağa başladı.

Əhməd xalası oğlu Üzeyirin oxuduğu Şuşa rus-tatar məktəbində ibtidai təhsilini davam etdirdi. Eyni zamanda, ustad tarzənlərdən fərdi qaydada tar çalmağı öyrəndi, günün müəyyən vaxtlarında teatr həvəskarları dərnəyinə getdi. Yaxşı səsi olduğuna görə arabir məktəbdə keçirilən müxtəlif tədbirlərdə çıxış elədi, ailə məclislərində dayısı Ağalar bəy Əliverdibəyovun tarda müşayiəti ilə mahnılar, təsniflər, muğam parçaları oxudu. Hətta 1896-cı ilin yayında Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” əsərinin ilk tamaşasında Üzeyir bəy və başqa şagird yoldaşları ilə birlikdə məktəblilər nəğməsində oxumağa dəvət olundu. Bir il sonra isə böyük dramaturqun rəhbərliyi ilə həvəskar artistlərin göstərdiyi “Leyli Məcnunun qəbri üstündə” musiqili səhnəcikdə xorda oxudu. Əhməd on üç yaşındaykən adını musiqi və teatr tariximizin ünlü səhifələrinə yazdı.

Şuşada ailə vəziyyətini xeyli babatlaşdırdıqdan sonra Bədəl bəy Bədəlbəyov 1905-ci ildə anası Əzizə xanımı, bacısı Mənzəri, qardaşları Mahmudu və Əhmədi də götürüb, Bakıya üz tutdu. Özü altıncı rus-tatar məktəbinə müdir təyin olundu, Əhməd isə təhsilini sənət məktəbində davam etdirdi. İki il burda oxuduqdan sonra gələcəkdə qardaşı Bədəl bəy kimi müəllim olmaq istəyi ilə Bakı Realnı Məktəbinə girdi.

...Əhməd bəy hər gün dərsdən sonra həvəskar artist İmran Qasımovun evinə yollanır, burda Üzeyir bəyin tamaşaya hazırladığı “Leyli və Məcnun”un məşğələlərində iştirak edir, xorda oxuyur, xalası oğluna əlindən gələn köməyi edirdi. Ümumiyyətlə, ilk tamaşanın uğur qazanmasında onun da payı vardı.

Üzeyir bəy isə qadın qəhrəmanı haqqında daha heç nə fikirləşmirdi. Yaxşı bilirdi ki, xalaoğlusu onun təklifindən boyun qaçırmayacaq və rolun da öhdəsindən bacarıqla gələcək. Ona görə də “Məcnun”u – Hüseynqulu Sarabskini gələcək “Leyli”nin – Əhməd Bədəlbəyovun dalınca realnı məktəbə göndərdi. Əhməd bəy Üzeyir bəyin sifarişini canla-başla qəbul elədi, tərəddüd etmədən qadın rolunda səhnəyə çıxmağa razılıq verdi. Əvvəlcə böyük qardaşı Bədəl bəyin xeyir-duasını aldı. Qalırdı oxuduğu realnı məktəbin müdiriyyətinin razılığı. Teatra və musiqiyə də maarifə, təhsilə olduğu qədər böyük rəğbət bəsləyən məktəbin direktoru öz şagirdinə tamaşada çıxış etməyə məmnuniyyətlə icazə verdi və uğur dilədi.

Əhməd bəy yubanmadan məşqlərə başladı. “Leyli” rolunun sözlərini, ifa tərzini tezliklə öyrənib-mənimsədi. Amma belə bir şərt də qoydu ki, onu tanıyan olmasın deyə, tanış-tunuşun, ən çox da şuşalı həmyerlilərinin qınağına tuş gəlməsin deyə, adı afişada başqa cür yazılsın: “Miri”. Əhməd bəyin bu adı götürməsi təsadüfi deyildi. Miri onun Şuşada yaşayan uzaq qohumlarından idi. Baməzə, olduqca zarafatcıl, hazırcavab, adamoynadan, kefinə korluq verməyən, əhlikef bir qalalıydı. Şuşadan çox-çox uzaqda olan Bakıda kim biləcəkdi ki, Miri kimdir, nəçidir, nə karədir, hansı məzhəbə qulluq eyləyir. Bir də ki, Miri onun adından istifadə etdiyini sonralar bilər, qoy bilsin, xətrinə dəyər də özü bilər, dəyməz də. İkincisi də, getsin üstündən İsa bulağından bir parç su içsin. Hələ bir minnəti olsun ki, adı afişalarda gəzir. – Əhməd bəy belə fikirləşdi.

Üzeyir bəy xalası oğlunun sözünü qəribçiliyə salmadı. Nəhayət, Əhməd bəy ilk dəfə olaraq, “Miri” adıyla böyük səhnəyə qədəm qoydu. Gələcək taleyinin axarını dəyişən bu tamaşa ona böyük uğur gətirdi, sonralar onu daim müşayiət elədi, teatrımızın ən sayılıb-seçilən sənətkarları sırasına çıxartdı. “Leyli” rolu Əhməd Bədəlbəyovu, Əhməd Bədəlbəyov isə “Leyli”ni şöhrətləndirdi. Dövri mətbuat öz səhifələrində operaya, onun iştirakçılarına müntəzəm olaraq səxavətlə yer ayırdı, aktyorların, xüsusilə də, Mirinin — Əhməd Bədəlbəyovun ifasını çox bəyəndi, təqdir elədi.

Əhməd bəy Bədəlbəyov opera səhnəsində atdığı addımlarla yavaş-yavaş şöhrət pillələri ilə qalxırdı. Həmin vaxtlar isə Azərbaycan teatrının bəzi fədailəri həm qaraguruhun onları tanımaması üçün, həm də nadan qoçulardan qorunmaq üçün özlərinə xüsusi adlar seçir, bəzən də rus dilində “ski” sonluğu ilə bitən təxəllüs götürürdülər: Ərəblinski, Sarabski, Qəmərlinski, Köçərlinski, Anaplinski və sair. Bu cür səhnə təxəllüsü götürmək o dövrdə həm də dəbə minmişdi. Ömrünü teatra artıq çoxdan həsr etmək qərarına gələn Əhməd bəy Bədəlbəyov da sənət dostlarından geridə qalmamaq üçün vaxtilə bir neçə il yaşayıb-oxuduğu yerin adını özünə təxəllüs götürdü: Ağdamski! Səhnəyə bu adla çıxmağa başladı və həmin vaxtdan “Miri”yə də, oxuduğu realnı məktəbə də “əlvida” dedi.

1909-cu ildə Üzeyir bəy Hacıbəyov Azərbaycan musiqili komediyalarının ilk qiymətli səhifəsi olan “Ər və arvad” operettasını yazmaqla milli teatrımızda yeni bir janrın əsasını qoydu. Əsərin ilk tamaşası 1911-ci il mayın 24-də Hüseyn Ərəblinskinin rejissorluğu ilə Bakıda Nikitin qardaşları sirkində göstərildi. Kəblə Qubadı Mirzağa Əliyev, Mərcan bəyi Hüseynqulu Sarabski, nökər Şəfini Məmmədhənifə Terequlov, əlbəttə, əsas qadın rolunu - Minnət xanımı isə Əhməd Ağdamski oynadılar.

Əhməd Ağdamskinin səhnədə oynadığı ikinci bir qadın rolu da böyük uğur qazandı. Bu münasibətlə dövri mətbuat yenə də öz sözünü dedi.

Elə həmin il noyabrın 12-də Üzeyir bəy Hacıbəyovun “Rüstəm və Söhrab” operasının ilk tamaşasında Əhməd Ağdamski Təhminə rolunda çıxış elədi və böyük aktyorluq məharəti ilə, özünəməxsus oyunu ilə bir qadın-ana obrazı da yaratdı, bu qadının keçirdiyi həyəcan və iztirabları son dərəcə təbii boyalarla yaşaya bildi. Sonralar o, Gülnaz (“O olmasın, bu olsun”), Gülçöhrə (“Arşın mal alan”), Əsli (“Əsli və Kərəm”), Şahsənəm (“Aşıq Qərib”), Xurşudbanu (“Şah Abbas və Xurşudbanu”), Mah (“Mehr və Mah”) obrazlarına da layiqli səhnə həyatı verdi. Təsadüfi deyil ki, istər Bakı, istərsə də Zaqafqaziyanın bir çox mətbuat orqanları Əhməd Ağdamskinin oynadığı tamaşalar barədə müsbət rəylər, resenziyalar dərc edir, Azərbaycan səhnəsində qadın rollarının ilk ifaçısından ağızdolusu danışırdılar.

Əhməd Ağdamski səhnə dostları ilə tez-tez Qafqazın iri şəhərlərinə qastrol səfərlərinə çıxır, tamaşalar göstərirdilər. 1913-cü ilin yayında Hüseynqulu Sarabskinin rəhbərliyi ilə Bakı səhnəsinin bir dəstə aktyoru Şuşaya yollandı. Yerli həvəskar aktyorların iştirakı ilə burda “Əsli və Kərəm”, “Evliykən subay”, “Əlli yaşında cavan”, “O olmasın, bu olsun” əsərləri səhnəyə qoyuldu. Bu tamaşalardakı çıxışı onun həmyerliləri qarşısında müvəffəqiyyətlə verdiyi əsl sənət imtahanı idi. Şuşalılar hər tamaşada öz həmvətənlərini böyük sevinc hissi ilə, gül-çiçəklə və ardı-arası kəsilməyən alqışlarla qarşılayırdılar.

1914-cü ilin əvvəllərində Hüseynqulu Sarabskinin və Müslüm Maqomayevin rəhbərliyi ilə Bakıda yeni müsəlman truppası yaradıldı. Truppaya “Nicat” maarif cəmiyyətinin keçmiş artistlərindən Mirzə Muxtar Məmmədov, Cəlil Bağdadbəyov, Məmmədhənifə Terequlov və başqaları ilə birlikdə Əhməd Ağdamski də daxil oldu. Teatr truppası bir qayda olaraq, hər həftə tamaşa vermək məqsədilə Üzeyir bəy Hacıbəyovla müqavilə bağlayıb, onun əsərlərini göstərmək üçün Şuşa, Gəncə, İrəvan, Nuxa, Vladiqafqaz, Tiflis və digər şəhərlərə uzunmüddətli qastrol səfərinə çıxdı.

Əhməd Ağdamski səhnədə rol oynamır, yaşayırdı, yaşaya-yaşaya da qəhrəmanının obrazını canlandırır, öz ecazkar aktyorluq məharəti ilə, bulaq kimi axan nəğmələri ilə tamaşaçıları hipnoz edərək ələ almağı bacarır, öz hissini, ehtirasını, sevincini, kədərini, sevgisini, nifrətini ona baxanlara aşılaya bilirdi. Ona görə də tamaşaçılar səhnədəki Əhməd Ağdamskini unudub, gözləri qarşısında yalnız onun qəhrəmanının özünü görürdülər.

Dövri mətbuatdan və müxtəlif sənət adamlarının xatirələrindən məlum olur ki, Əhməd Ağdamski 1916-cı ildə Bakıda çəkilmiş dördhissəli “Arşın mal alan” filminin çəkilişinə dəvət olunmuş və Mirzağa Əliyev, Ələkbər Hüseynzadə, Məmmədhənifə Terequlov, Hüseynqulu Sarabski kimi aktyorlarla birlikdə çıxış etmişdi.

1916-cı ildə Üzeyir bəy və Zülfüqar bəy Hacıbəyov qardaşları Bakıda opera və operetta artistləri dəstəsi yaratdılar. O vaxtlar məşhur olan bütün aktyorlar, o cümlədən də, Əhməd Ağdamski bu dəstəyə daxil oldu. Bura, eyni zamanda, qadın aktrisalar da cəlb edildi. Truppa yaranandan az sonra – 1917-ci il yanvarın 20-də Hacıbəyov qardaşları Əhməd Ağdamskinin teatr sənəti qarşısındakı xidmətlərini nəzərə alaraq onun şərəfinə “Arşın mal alan” musiqili komediyasını tamaşaya qoydular və Əhməd bəy ilk dəfə olaraq kişi rolunda bu tamaşada çıxış etdi.

1920-ci ildən azərbaycanlı qadınlar da kişilərlə bərabər səhnəyə çıxmağa başladılar. Opera və operetta tamaşalarında Əhməd Ağdamskini Əzizə Məmmədova, Sona Hacıyeva kimi aktrisalar əvəz etdilər. Teatr sənətində, xüsusilə də, qadın rollarının ifasında artıq sözünü kifayət qədər demiş Əhməd Ağdamski öz tarixi vəzifəsini bitmiş hesab edərək səhnədən uzaqlaşdı. Leylinin, Gülçöhrənin, Gülnazın, Minnətin nimdaş paltarlarını əynindən çıxarıb, arxivə atdı. O, səhnəni buraxsa da, teatrı tərk etmədi. Yenə də tamaşaçılarla ünsiyyətdə oldu, amma tarzən kimi. Orkestrdə tar çaldı, tarçalanlar cərgəsində birinci yerdə oturdu, bir ilə yaxın burda çalışdı. Sonra naməlum səbəblərə görə on beş il qoynunda yaşadığı Bakıdan birdəfəlik getdi, Ağdamda bənd aldı. Qollarını çırmalayıb, burda teatr kollektivi yaratmağa girişdi.

Ağdam teatrında C.Cabbarlının “Aydın”, “Almaz”, Şillerin “Qaçaqlar” əsərləri tamaşaya qoyuldu. Əhməd Ağdamski bu tamaşalarda Dövlət bəy, Ocaqverdi, Karl fon Moor kimi obrazları yüksək peşəkarlıqla oynadı. Sonra bir-birinin ardınca o, Ə.Haqverdiyevin “Dağılan tifaq”, S.S.Axundovun “Laçın yuvası”, N.Nərimanovun “Nadir şah”, Ş.Saminin “Dəmirçi Gavə”, Ü.Hacıbəyovun “Arşın mal alan”, “O olmasın, bu olsun”, H.Cavidin “Şeyda” və sair pyesləri, həm də o dövrə xas olan və din əleyhinə yönəldilmiş bir sıra kiçikhəcmli əsərləri tamaşaya qoydu. İstedadlı teatr xadimi Ağdam teatrında həm bir rejissor, aktyor kimi çalışır, həm də təşkilati işlərə rəhbərlik edirdi.

...Əhməd bəyin başı işə-gücə, səhnəyə elə qarışmışdı ki, ailə həyatı qurmağı da təmiz yaddan çıxarmışdı. Gəncliyində birini sonalamışdı, onu da vermədilər. Dedilər ki, bəy hara, artist hara. Həmin şuşalı qız – məşhur Vəzirovlar nəslindən olan Suğra xanım isə ata-anasının iradəsinin əksinə olaraq Əhməd bəylə əhd-peyman bağlamışdı. Hətta bir-birləri ilə məktublaşırdılar da. Üstəlik, xatirə qalsın deyə, əksini də vermişdi Əhməd bəyə (Həmin şəkil indi böyük sənətkarın oğlu, kimya elmləri doktoru, professor Telman Bədəlbəyli-Ağdamskinin ailə albomunda saxlanılır). Lakin istəklilər bir-birlərinə qovuşa bilmədilər. İndi isə günlər, aylar, illər sürətlə sovuşurdu. Yaşı da qırxı haqlamaq üzrəydi. Tənhalıq, digər tərəfdən də qardaşlarının, anası Əzizə xanımın danlağı onu yaman sıxırdı. Artıq yavaş-yavaş yola gələn Əhməd bəy “artistə ərə getməyə meyli olan” halal süd əmmiş qız tapıb, subaylığın daşını birdəfəlik atmaq fikrinə düşdü. Şair və hüquqşünas, vaxtilə Şuşa qalasının darğası olmuş İsmayıl bəy Axundovun – Daruğənin qızı Rəhilə xanımı özünə ömür-gün yoldaşı seçdi.

1934-cü ildə Əhməd Ağdamski birdən-birə Ağdam səhnəsi ilə vidalaşaraq ailəsini də götürüb, Ağdaşa köçdü. Əvvəl-əvvəl Mustafa Əliyev (kamançaçalan Habil Əliyevin atası) adlı bir nəfərin evində kirayənişin qaldı, rayon musiqi məktəbinə tar müəllimi düzəldi.

Belə məşhur bir sənətkarın həmişəlik Ağdaşda kök salıb yaşaması rayonun mədəni həyatında bir canlanma, dirçəliş yaratdı. Yerli həvəskar musiqiçilər və aktyorlar onun ətrafına toplaşdılar. Ağdaşlı gənclərin istedadına artıq bələd olan Əhməd bəy burda bir teatr truppası, musiqi kollektivi yaratmaq fikrinə düşdü. Az vaxtda güclü bir dram kollektivi təşkil elədi, istedadlı uşaqları bu ocağın başına topladı. O, tez-tez evinə yığışan həvəskarlara muğamlardan, təsniflərdən, el mahnılarından, onların yaranma tarixindən, keçmiş ifaçılarından söhbət açır, yeri düşəndə nümunələr ifa edirdi. Əbəs yerə ağdaşlılar onun yaşadığı evi “musiqi məbədgahı”, çalışdığı musiqi məktəbini isə “Əhməd bəyin tar məktəbi” adlandırmırdılar. Görkəmli sənətkar həyatının Ağdaş dövründə də onlarca aktyor və musiqiçi yetişdirdi, pərvazlandırıb, sənət aləminə qovuşdurdu. Respublikanın xalq artisti Habil Əliyev Əhməd müəllimi həmişə böyük ehtiram və məhəbbətlə xatırlayır.

Əhməd Ağdamski yaratdığı dram kollektivi və işlədiyi musiqi məktəbinin bəzi problemlərinin həllində çətinlik çəkəndə Üzeyir bəyə üz tuturdu və xalaoğlusu da bu problemlərin aradan qaldırılmasında ona yardımçı olurdu. Elə məhz Üzeyir bəyin “yada salması” ilə 1943-cü ildə heç bir ehtiyacı və iddiası olmasa da, bu cəfakeş sənətkarın sənət bioqrafiyasına bir hökumət təltifi əlavə olundu: Azərbaycan SSR-in əməkdar incəsənət xadimi! Ancaq Əhməd Ağdamskinin (5.I.1884–1.IV.1954) ən böyük təltifi, ən böyük mükafatı tamaşaçı məhəbbəti, tamaşaçı ehtiramı və bir də sənətə, sənətkara qiymət verən sənət dostları idi.

...Tutulduğu astma xəstəliyi yaman yerdə haqladı Əhməd bəyi, səhnədə daha əl-qol açmağa imkan vermədi ona. Neçə dəfə xəstəxanaya düşdü, dərdinə çarə olmadı. Yeganə təsəllini isə hələ yerbəyer eləmədiyi övladlarında, həyata qanadlandırdığı yetirmələrində, bir də hərdənbir köynəyindən çıxarıb, sinəsinə basdığı ayrılmaz dostu, könül həmdəmi sədəfli tarında tapdı Əhməd müəllim. Amma onu da yaxşı bilirdi ki, Əzrayıl əlində qılınc kəsdirib başının üstünü. Ona görə də arabir yatağından durub, doğma məktəbinə, teatrına baş çəkir, unudulmaz, xoşbəxt günlərinin iyini, qoxunu burdan alırdı.

...Keçmiş dəbdə səliqə ilə geyinib-keçinmiş, qara kostyumlu, ağ köynəkli, qalstuklu, əsasını qolunun üstünə qoymuş Əhməd bəy Ağdaşın qədim küçələrinin biri ilə asta-asta doğma məktəbinə sarı addımlayır. Birdən qulaqlarına qeybdən bir səs gəlir. “Məcnun”un səsidir bu səs. “Sevgilisi”nin – Hüseynqulu Sarabskinin “get, get, sən o Leyli deyilsən!” naləsi Əhməd bəyi bütün varlığından eləyir...

 

Xalq qəzeti.- 2009.- 10 yanvar.- S. 7.