Məcnun mənim həyata baxışımı, həyat tərzimi dəyişdi

 

“Zaman-Azərbaycan” mətbuat aləmimizdə öz çəkisi olan qəzetdir. Neçə ildir ki, bu qəzeti izləyirəm.

Hər şeydən əvvəl ona görə ki, “Zaman” milli-mənəvi dəyərlərə daha çox önəm verir”, - sözləri ilə söhbətə başlayan həmsöhbətimizə ilk sualımız ötən ilin onun yaddaşında necə iz buraxması ilə bağlı oldu. O: “2008-ci ildə “Leyli və Məcnun” - Şərqin ilk operasının 100 illiyi tamam oldu. Bu münasibətlə iyunun 24-də Parisdə YUNESKO-nun qərargahında “Pantomim” və Opera və Balet Teatrının birgə ərsəyə gətirdikləri “Leyli və Məcnun”u nümayiş etdirdik. Tamaşa başa çatan kimi, bütün salon “fantastik muzik” deyə-deyə ayağa qalxaraq bizi alqışladı. Yaradıcı heyəti dəfələrlə səhnəyə qaytardılar. Gözlərim yaşardı. Dedim ki, Allah Üzeyir bəyə rəhmət eləsin ki, yüz il əvvəl yazmış bu operası ilə fransızları da ayağa qaldırdı. Yanvar ayında isə Opera və Balet Teatrında “Leyli və Məcnun”un 100 illiyi keçirilirdi. Və bu həm də mənim Məcnun kimi 100-cü tamaşam oldu. Bu da bir tale qisməti idi”, - dedi. Həmsöhbətimiz Türkiyədə və Quzey Kıbrıs Türk Cümhuriyyətində də nümayiş olunan bu tamaşanın yüksək coşqu ilə qarşılandığını vurğuladı. Daha sonra isə o, ötən ilin sonlarında Bakı şəhərində fəaliyyətə başlayan Muğam Mərkəzinin sənətsevərlərin qəlbinə əsl mədəni hadisə kimi həkk olunduğunu bildirdi.

“İnsanın əxlaqı varsa...”

- Mənsum müəllim, sənət adamlarından söz düşəndə bəzən onların haqqında elə şeylər danışırlar ki... Lakin sizin barənizdə: “O, sənət aləmində öz əxlaqı keyfiyyətləri ilə seçilir”, -  deyirlər.

- Bu məsələyə münasibətimi öz başıma gələnlərlə bildirmək istərdim. İstədiyim qızı mənə vermirdilər. Doğrudur, onlar bizim ailəni yaxşı tanıyırdılar və bu mənada etirazları yox idi. Amma mənim barəmdə deyirdilər ki, sənət adamıdır, sənət adamıdırsa, deməli, əxlaqı yoxdur, belə adamların ailəsi olmur. Bütün bunlar mənə pis təsir edirdi. Bütün bunlara baxmayaraq, sonunda qızı mənə verdilər və indi çox gözəl ailəmiz var. Vaxtilə barəmdə belə fikirləşənlər indi məni nümunə göstərirlər. Mən buna çox sevinirəm. Bir də sizə bir şey deyim də. Bir insanın əxlaqı varsa, sənətindən asılı olmayaraq, o, özünü biruzə verəcək, yoxdursa...  

- Bu  keyfiyyətlərin sizdə formalaşmasında, yəqin ki, ailənizin rolu danılmazdır. Bəlkə, ailəniz haqqında da danışasınız?

- Ailəmiz böyük olub: 9 uşaq - 7 qardaş, 2 bacı. Bu gün atam da, anam da həyatdadırlar. Atam uzun müddət kəndimizdə briqadir kimi çalışıb. Atamın öyüdləri həmişə qulaqlarımda səslənir. Məsələn, onun belə bir sözü var: öz mənafeyinizə görə, kimsəyə zərər verməyin, heç kimin haqqını tapdalamayın. Bu, Allah tərəfindən heç zaman bağışlanmır. 

- Bəs Mənsum İbrahimovun özünün qurduğu ailə neçə nəfərdən ibarətdir? Onlardan sizin yolunuzu davam etdirən varmı?

- 3 qızım, 1 oğlum var... Onların hər birindən çox razıyam. Oğlum artıq 5 yaşına keçib. Qızlarım elmi seçiblər. Mən də onlara demişəm ki, hansı sənəti sevirsinizsə, onun ardınca gedin, hansı fəaliyyət sahəsində cəmiyyətə xeyir verə biləcəksinizsə, o yolu tutun. Mən sizə bir valideyn kimi hər zaman dəstəyəm. Yəni hökm deyil ki, mən xanəndəyəm, onlar da xanəndə olsunlar. Elə adam var ki, öz sağlığında istəyib ki, övladı onun yolunu davam etdirsin. Lakin həmin adam dünyasını dəyişəndən sonra övladı qalıb ortada.

“Heç zaman haqsız işə

amin” deməmişəm”

- Mənsum müəllim, bayaq haqqın tapdalanmasının günahından söz açdınız. Sənət aləmində bu prinsipə əməl etmək çətin deyil ki?.

- Mən müsabiqələrin münsiflər heyətində çox təmsil olunuram. Həmin o yarışmalarda görəndə ki, bu və ya digər münsif iştirakçılardan kiminsə haqqını tapdalayır, həmin şəxsin böyük-kiçikliyindən, ona hörmətimin olub-olmamasından asılı olmayaraq, öz etikam çərçivəsində etirazımı bildirirəm. Bu mənada, mən heç zaman haqsız işə “amin” deməmişəm. Buna Allah da şahiddir.

- Sizcə, hər yaxşı səsi olandan xanəndə olar?

- Bu sənətə marağın yoxdursa, yox. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində mənimlə birgə elə uşaqlar oxuyurdular ki, onların yanında,  sözün həqiqi mənasında, oxumağa utanırdım. Bu gün həmin uşaqların heç biri sənətdə yoxdur. Onların hərəsi bir sahənin dalınca getdilər. Bilirsinizmi, bu sənət çox ağır zəhmət tələb edir. Gərək, əzaba qatlanmağı bacarasan.

- Bəlkə, bu əzablarınızdan danışasınız?

- Hər bir insanı Allah sınağa çəkir. Mənim həyatımda da bir müddət çox çətin günlərim olub. Demişəm, Allahdan buyruq belədir, nə qədər çətinliklərim olsa da, muğamı yaşatmalıyam, onun yolunda hər şeyə dözməliyəm. Dözmüşəm, bəhrəsini də görmüşəm. Bir gün eşitmişəm ki, mənə əməkdar artist adı veriblər. Bir vaxt eşitmişəm ki, xalq artisti adına, Prezident təqaüdünə layiq görülmüşəm. Mən heç kimin qapısını döyüb deməmişəm ki, mənə fəxri ad verin. Heç vaxt ucuz reklam dalınca da qaçmamışam. Bir sözlə, kim çətinliyə dözürsə, o, uğur qazanır. Zənnimcə, hər bir insanın içində bir Allah xofu olmalıdır, onun Allaha məhəbbəti olmalıdır. Mən Allaha bağlı insanam. Yeri gəlmişkən, Məşhəddə də, Kərbəlada da olmuşam. Bir il öncə Səudiyyə Ərəbistanına  ümrə ziyarətinə də getmişəm. Bütün bunlar üçün Allah özü mənə yol açıb.

- Ən çox nədən təəssüflənirsiniz?

- Bu gün cəmiyyətdə çox qəribə bir tendensiya var. Belə ki, sənətdə uğur qazana bilməyənlər cəmiyyətdə nüfuz sahibi olan bu və ya digər insanı (alimi, jurnalisti, xanəndəni) ləkələməyə, onu öz səviyyələrinə endirməyə səy göstərirlər. Bununla da belə xəbislər işləyənlərə mane olmağa çalışırlar. Bax, buna təəssüflənirəm. Bu mənada sənətdə özünü qoruyub saxlamaq da çox çətindir.

- Bəs həyatda kimləri bəyənmirsiniz?

- Mən 20 il bundan qabaqkı çətin günlərimdə də Allaha şükür edirdim, bu gün də. O insanın ki, şükranlığı yoxdur, ona nə istəyirsə ver, o yenə narazıdıq edəcək. Mənim həyatda bəyənmədiyim insanlar bax belələridir. İnsan Allahın verdiyi hər şeyə şükür etməlidir.

“Mən hamıdan yaxşı

Məcnun olacağam”

- Mənsum müəllim, bu gün sizi hamı günümüzün Məcnunu kimi tanıyır. Necə oldu ki, Məcnun oldunuz?

- Opera və Balet Teatrında mənim ilk rolum “Leyli və Məcnun”dakı Zeyd olub. O zaman bu sənət məbədinin səhnəsində Arif Babayev, Alim Qasımov, Canəli Əkbərov, Baba Mahmudoğlu kimi tanınmış sənət adamları Məcnunu ifa edirdilər. Mən onların yaratdıqları Məcnunlara baxa-baxa həmişə öz-özümə deyirdim ki, vaxt gələcək mən hamıdan yaxşı Məcnun olacağam. Gecələr yatmadım, bu rol üzərində işlədim. Sözün düzü, çox adam gülürdü ki, bundan Məcnun olar? Nə gizlədim, mənə qarşı təzyiqlər də vardı. Mən isə bütün bunları təbii qarşılayırdım. Amma sübut etdim ki, Mənsum İbrahimov Məcnunu oynaya bilər, onu tamaşaçıya sevdirə bilər. O vaxtdan 15 il keçir. Bu müddət ərzində artıq 105 dəfə Məcnunu oynamışam. Özü də 100-ci dəfə Məcnunu “Leyli və Məcnun”un 100 illiyində tamaşaçılara təqdim etmək mənə nəsib olub.

- “Leyli və Məcnun” sizin sənət bioqrafiyanıza necə təsir göstərdi?

- Məcnun mənim həyata baxışımı, həyat tərzimi dəyişdi. Elə bil məcnunlaşdım. Mənə elə gəlir ki, Mənsumla Məcnunun xarakterlərində uyğunluq da var. O uyğunluq olmasaydı, Mənsum Məcnunu oyada bilməzdi. Elə həyatda qazandığım uğurların 99 faizinə görə də Məcnuna borcluyam. Çünki camaat məni o operadan tanıyıb. Adətən, operaya tanınmış müğənnilərə görə gəlirdilər ki, onların oynadıqları Məcnunlara baxsınlar. Məndə isə əksinə olub. Yəni mən Məcnunla meydana çıxmışam. Sözün düzü, qorxurdum ki, Arif Babayevin, Alim Qasımovun oynadığı bir rol mənim ifamda o qədər də yaxşı qarşılanmayacaq. Lakin elə ilk tamaşadan Məcnunumun sevilməsi mənə yeni həvəs verdi. Xüsusilə, akademik Azad Mürzəcanzadə (Allah ona rəhmət eləsin) mənimlə söhbətində: “Sizin ifanızda Sarabskini gördüm, indiyədək bütün Məcnunlara baxmışam, lakin sən görkəminlə, oxumağınla Məcnun kimi daha çox xoşuma gəldin”,- deməklə elə bil mənə dünyaları bəxş etdi. 

“Tamaşadan sonra

özümə gələ bilmirəm”

- Məcnun sizi də məcnunlaşdırıb dediniz...

- Hər dəfə bu tamaşanı oynayanda elə bil Allaha bir addım da yaxınlaşıram. Çünki Füzulinin “yar” deyib xitab etdiyi sevgili Allahdır. Bu mənada, Füzulidən oxumaq Allahı sevməkdir. Bu əsər o qədər gözəldir ki, hər dəfə tamaşadan sonra özümdə mənəvi təmizlənmə hiss edirəm. Çox maraqlıdır. Elə bil ki, kamilləşirəm. Allaha doğru gedirəm. Məcnun hara gedirdi? Allaha doğru gedirdi də. Yenə deyirəm, bu əsərdə Füzulinin fəlsəfəsi var. Bu əsərdə psixoloji məqamlar var. “Aşıq Qərib”i oxuyuram, məndə heç bir dəyişiklik olmur. “Leyli və Məcnun”nda isə... Onu duymasan, məcnunlaşmasan tamaşaçı sənə qulaq asmaz. İnanın, Məcnun rolunu 105 dəfə oynamışam. Hər tamaşa bir imtahan olub mənim üçün. Bir tamaşam o birinə bənzəmir. Elə tamaşaçı var ki, mənim 60-70 tamaşama baxıb. Əgər o tamaşaçı hər tamaşada məndə eyni şeyi görsə, təbii ki, teatra bu qədər gəlməz. İnanın, tamaşadan sonra bir gün özümə gələ bilmirəm. Hətta tamaşadan sonra təbrikə gələn dost-tanışa mexaniki olaraq təşəkkür edirəm. Lakin yadımda qalmır ki, kimlər mənimlə görüşdü. O vəziyyətdən çıxa bilmirəm də... Elçilik, səhra, ölüm pərdələrində elə anlar olur ki, özümü çəkisizlikdə hiss edirəm. Hər şeyi unuduram, bilmirəm hara gedirəm və nə oxuyuram. Zənnimcə, məhz belə anlarda əsl sənət yaranır. Bəzən deyirlər ki, tamaşanın filan yerində belə etdin, biz ağladıq. Deyirəm ki, sizi ağladan mən yox, Füzulinin fəlsəfəsi, Üzeyir bəyin musiqisidir. 

- Mənsum müəllim, tamaşaçıların sayı azalmır ki...

- Əsla... Sevinirəm ki, son 10 tamaşamda bütün biletlər satılıb. Unutmayaq ki, bu şou deyil, ciddi bir əsərdir. Baxın, 100 il əvvəl yazılmış tamaşaya bu gün camaat bilet axtarır. Niyə? Çünki bu bizim millətin muğamıdır, musiqisidir. Bir şeyi qeyd edim: Amerikanın dövlətçiliyi qədim, mədəniyyəti isə cavandır. Bizim mədəniyyətimiz isə dövlətçiliyimizdən qat-qat əvvəl yaranıb.

“Məndən Məcnun olar?”

- 1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş V Respublika Musiqi Müsabiqəsində I diploma layiq görülən Mənsum bəyi indi çox az adam xatırlayır. Müsabiqənin qalibi kimi sənətə gələn o sakit, utancaq, klassik muğam ifaçısı olan cavanı siz necə xatırlayırsınız?

- Asəf Zeynallı adına Bakı Musiqı Texnikumunda oxuyarkən “Bayatı-Şiraz”la bu müsabiqəyə qatıldım. Və ifam birinci yerə layiq görüldü. Sözün düzü, heç gözləmirdim. Hamının sevimlisi xalq artisti Şövkət xanım Ələkbərova da həmin müsabiqənin münsiflər heyətində idi. O da ifamı çox bəyəndi. Mənə dedi ki, “Oğul, mənim dərslərimə gəl”. Onun dərslərinə qatıldım. Bir gün dedi ki, məndən yaxşı Məcnun çıxar. Dedim: “Siz nə danışırsınız? Məndən Məcnun olar?” Dedi ki, səsin də, görkəmin də məcnunluqdur. Çalışsan, sən barmaqla göstəriləsi Məcnun ola bilərsən. Bu söhbətdən az sonra o, operanın rəhbərliyi ilə danışdı. Dedi ki, bəs, bir yaxşı tələbəmiz var, bədii şura onu dinləsin. Özü də mənimlə bərabər operaya gəldi. Nə isə... Elə o vaxtdan oldum oranın sakini. Hər dəfə “Leyli və Məcnun” tamaşası başa çatanda: “Allah sənə rəhmət eləsin, ay Şövkət xanım”, - deyirəm.

- Mənsum müəllim, siz də yeni Məcnunların səhnəyə gəlməsinə qısqanclıqla yanaşırsınız?

- İndi Məcnunu ən yaxşı oxuyan vaxtımdır. Amma mən tələbələrimi nəinki Opera və Balet Teatrına dəvət edir, həm də onların bu və ya digər rolları oynamalarına da şərait yaradıram. Yəni mən özüm Məcnun ola-ola tələbələrimı səhnəyə gətirirəm. Artıq mənim tələbələrim Səbuhi İbayev, Təyyar Bayramov bu səhnədədirlər. Yeri gəlmişkən, onu da deyim ki, 30-dan çox tələbəm sənət, muğam meydanındadır. İnanın, onların uğruna öz uğurlarımdan çox sevinirəm. Axı, onlar mənim tələbələrimdir. İnsan özünə qapanıb qalmamalıdır, inkişaf etməlidir. Yeni axın gəlməlidir. İstəsək də, istəməsək də, hər kəsin bir dövranı var. Vaxt gələcək mən də səhnədən gedəcəyəm. Bir də o opera səhnəsində kimlər oxumayıb: Rəşid, Bülbül, Rübabə xanım... Hanı indi onlar?

“Bir muğam məktəbi var”

- Bəzən deyirlər ki, filan müğənni Şirvan, filankəs Qarabağ məktəbinin nümayəndəsidir.

- Belə ifadələrin qəti əleyhinəyəm. Mənim aləmimdə böyük Üzeyirin sistemləşdirdiyi bir muğam məktəbi var ki, o da Azərbaycan muğam məktəbi adlanır. Şirvanlı da, qarabağlı da bu məktəbdə oxuyur. Bu gün Ağaxan da, Alim də, Arif də, mən də eyni muğamı tədris edirik, bircə ifa fərqi var. Yol eynidir.

- Mənsum müəllim, sənət aləmində də yerlibazlıq var?

- Olmaz olurmu, qardaş? Belə şeylər cılız insanların, sənətdə uğur qazana bilməyənlərin işidir. Böyük sənətkarlar, özünə qiymət qoyan sənət adamları o işlə məşğul olmurlar. Məsələn, mən Astaradan muğam müsabiqəsinə bir uşaq gətirdim. Elsevəri deyirəm... Niyaməddin qafanlıdır, Elməddin İbrahimov Gədəbəydəndir. Yəni demək istəyirəm ki, harada sənətə can atan varsa, onlara əl tuturam. Ümumiyyətlə, harada istedadlı bir insan varsa, o, mənim yerlimdir.

- Tələbələrinizlə maddi məsələləri necə yoluna qoyursunuz?

- Kifayət qədət tələblərim var. Üstəlik, bəzi toy müğənniləri də məndən dərs alırlar. Onlara muğamın sirlərini sevə-sevə öyrədirəm. Və onlar biləndə ki, bu işə görə pul almıram, təəccüblənirlər. Deyirəm, burada təəccüblü heç nə yoxdur. Bu, mənim əqidəmdir. Ağlım kəsəndən özümə söz vermişəm ki, sənəti pulla satmayacağam. Allah ruzimi yetirir. İndiyədək kimsədən pul almamışam. Bir kimsə də deyə bilməz ki, mən Mənsuma pul vermişəm.

- Xeyli qaçqın qohum-əqrabanız var. Onlara əl tuta bilirsiniz?

- Qohumlarımın 90 faizi qaçqındır. Çalışıram ki, onların hər işinə imkan daxilinda yarayım. Dost-tanışın imkanlarını da bu cür işlərə yönəldirəm. Halbuki indiyədək övladlarıma görə kiməsə ağız açmamışam. Ümimiyyətlə, məndən kömək uman tanıdığım və tanımadığım hər kəsin səsinə səs verməyə çalışıram.

- Gəlin məsələni belə qoyaq. Mənim sizin kimi xanəndəni toya gətirmək üçün maddi imkanım yoxdur. Sizi dəvət etsəm, bizim toya gələrsinizmi?

- Əgər başqa işim yoxdursa, mütləq. Özü də triomla. Buna görə bircə telefon zəngi kifayətdir. Qoy si’’’zin ehtiyacınız yalnız musiqiyə olsun, biz o ehtiyacı ödəyərik.

Maddiyyat məni çəkməyib

- Mənsum müəllim, maddiyyat sizi sıxanda toya, restorana üz tutmamısınız ki?

- Mən uzun illər operadakı işimə görə 80 rubl maaş almışam. Elə o zamanlar mənə təkliflər olub, amma qəbul etməmişəm. Yəni maddiyyat məni heç zaman çəkməyib. Bir dəfə tanış bir restoran sahibi dedi ki, gəl mənim iş yerimdə oxu. Dedim ki, axşam yüz nəfərlik simfonik orkestrin müşayiəti ilə Məcnunu ifa edən bir xanəndənin ertəsi gün 2-3 sərxoş adamın qarşısında oxumağına siz razı olarsınızmı? Dedi ki, mənim sənin kimi sənət adamına daha sözüm yoxdur. Yeri gəlmişkən, indi həm Heydər Əliyev Liseyində, həm Bakı Musiqi Məktəbində, həm Mədəni-Maarif Texnikumunda, həm də Milli Konservatoriyada dərs deyirəm.

- Bu qədər işi necə çatdırırsınız?

- Çalışıram ki, dərs dediyim yerdə boş vaxt keçirməyim. Həmişə də deyirəm ki, mənim sinfimə səsi olan uşaq verin ki, sabah bir nəticə əldə edim. Mənim üçün nəticə əsasdır. Çalışdığım yerdə nəticə olmayanda oranı tərk edirəm. Xarakterim belədir. Tələbələrimə də deyirəm, bu sənətdə ya birinci olmalısınız, ya da olmamalısınız.

“Mən kədər sevənəm”

- Mənsum müəllim kədərə doğma adamdır?

- Məcnunu oxuyuram. Elə bu özü sübut edir ki, mən kədəri sevən adamam. Bir də bu gün necə sevinə bilərəm ki, anadan olduğum Ağdam torpaqları işğal altındadır. Nə qədər gülməyə çalışsam da, həmişə içim ağlayır. Bu da mənə çox əziyyət verir. Amma adam var ki, hay-küy salıb ağlayır. Mən belə ağlaya bilmirəm. Bəzən mənə deyirlər ki, çox səbirlisən. Halbuki həmişə özümü səbirsizlikdə qınayıram. Bu mənada mənim çatışmayan cəhətim də elə bu səbirsizliyimdir. Səbir də, bildiyiniz kimi, Allahın insana verdiyi bir nemətdir.

Hərdən deyirəm ki...

- Bəs Mənsum müəllim bu sənətə qədər kim olub?

- Mənsum adi kənd uşağı olub, Ağdamda boya-başa çatıb. Uşaq vaxtı qoyun-quzu da otarıb, ot da biçib. Necə deyərlər, zəhmətdən çəkinən olmayıb. Zəhmət insanı bişirir, həyata bağlayır. Orta məktəbi də orada bitirmişəm. Bir müddət Yol İdarəsində fəhlə işləmişəm. Fəhləliyimdən heç zaman utanmamışam. Təbiəti çox sevirəm. İndi də həyətimdə 50-yə yaxın ağacım var. Hərdən deyirəm, nə yaxşı ki, kənddə böyümüşəm. O təbii şeylərin hamısını görmüşəm. Onu da əlavə edim ki, mühitin yaradıcı insanın həyatında önəmi böyükdür.

- İndiyə qədər Leylisi ilə evlənən Məcnun olubmu?

- Söhbət məndən gedirsə, mən o tamaşada Məcnunu oynayana qədər Leylimi tapmışdım. İlk məhəbbət məndə uşaq vaxtından baş qaldırıb. Yəni mən Leylimi ağlım kəsəndən tapmışam. Tale elə gətirib ki, elə onunla da ailə həyatı qurmuşam. O ki qaldı konkret sualınıza... Çox nadir hallarda sənət adamları bir-biri ilə ailə qururlar. Ola bilsin ki, bu sənət aləminin özünəməxsus çətinliklərindən irəli gəlir.

- Tək qalanda hansı mahnını oxuyursunuz?

- Bu, ovqatımdan asılıdır. Mən lirikanı sevirəm. Lirikanı sevənin içində məhəbbət olur. Məhəbbət hissini Allah hər kəsə vermir.

- Bəs gərginliyinizi necə aradan qaldırırsınız?

- Oxumaqla... İnandırım sizi, elə məqamlarda bəzən içimdən elə oxumaq gəlir ki... Hərdən deyirəm, kaş onları lentə aldıraydım.

- Yəqin idmanla məşğul olursunuz?

- Yox, idmanla məşğul olmuram. Lakin həmişə özümə nəzarət edirəm. Axı mən səhnə adamıyam. Hiss edəndə ki, çəkim 1-2 kilo artıb, yeməyimlə, hərəkətimlə çəkimi tənzimləyirəm.

- Boş vaxtlarınızda nə işlə məşğul olursunuz?

- Qastrollarda çox oluram, odur ki, boş vaxtım olanda onu bütövlüklə ailəmə həsr etməyə çalışıram. Hətta inandırım sizi, oğlum ona vaxt ayırmadığım üçün hərdən mənimlə dalaşır. Bunu təbii qarşılayıram. Hesab edirəm ki, oğlan uşağı atası ilə daha çox təmasda olmalıdır. Hə... o gün də onu tamaşama aparmışdım. Tamaşadan sonra mənə o qədər sual verdi ki... Niyə orada belə etdin, niyə filan yerdə yıxıldın?

- Son illər muğama münasibət yaxşı mənada çox dəyişib...

- Bu prosesdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın muğamla bağlı həyata keçirdiyi layihələr önəmli rol oynayıb. Yeri gəlmişkən, onu da deyim ki, Fond muğamla bağlı gerçəkləşdirdiyi daha bir işini də bu yaxınlarda təqdim edəcək. Digər tərəfdən, son dövrlərdə muğam müsabiqələrinin keçirilməsi də muğama baxışı dəyişib. Əvvəllər müasir toylarda tar-kamançanı nadir hallarda görə bilərdin. Onlara yad alətlər kimi baxardılar. Çox qəribə bir mənzərə yaranmışdı. Hətta əllərində tar-kamança ilə dərsə gedənlərə birtəhər baxırdılar. Muğam müsabiqəsində 11 yaşlı Elməddin İbrahimov 50 yaşlı xanəndə kimi oxuduğu muğamla insanları şoka saldı. Bu isə o deməkdir ki, bizim gələcəyimiz etibarlı əllərdədir. Zənn edirəm ki, 5-6 ildən sonra bu sahədə daha çox irəliləyiş nəzərə çarpacaq. Muğamımız Qərbdə daha çox populyar olacaq

 

Zaman.- 2008.- 10-12 yanvar.- S. 12-13.