Məhərrəmova T.

 

"Bircə arzum odur ki, fəxri ad versinlər"

 

Emma Məlikova, aktrisa: "Boş qalmamaq, daim işləmək istəyirəm"

 

Bu günlərdə 60 yaşını qeyd edəcək. Ancaq deyir ki, başı teatra qarışdığından, həyatını səhnəyə həsr etdiyindən heç illərin necə sıralandığından, necə ötməsindən xəbəri də olmayıb. Gözünü açanda bir də görüb ki, 60 yaş qapını haqlayıb. Hərçənd bu yaş onun üçün qocalıq demək deyil. Əksinə, illərin ona bəxş etdiyi müdriklikdir, təcrübədir, insanların məhəbbətidir, səmimiyyətidir.

Musiqili Komediya Teatrının aktrisası Emma Məlikova hələ bundan sonra neçə il də səhnəyə çıxmaq arzusundadır:

- Səhnəyə müğənni kimi gəlmişəm. Rəhmətlik atamın gözəl səsi vardı. Bəlkə də heç bir aşıqda elə şirin səs yox idi. Sazı sinəsinə basıb oxuyanda adamı heyran edirdi. Mənim də metso-soprano səsim var. Bəlkə də incəsənətə həvəsləri olduğu üçün bu sənəti seçəndə valideynlərim narazılıq eləmədi. Düzdür, əvvəlcə anam: "Get, başqa sənət seç, niyə artistiliyə gedirsən?" - deyə razılıq verməsə də, atam: "İnsanın ürəyi hara, mənzili də ora" - deyə mənə dəstək oldu.

İmtahanları əla qiymətlə verib, İncəsənət İnstitutunun musiqili-komediya aktyorluğu fakültəsinə daxil oldum. Müəllimlər səsimi və aktrisalığımı bəyəndilər. Vaqif Ağayev, Həsən Əbluc, Rəhilə Cabbarova, Adilə Nəzirova mənə sənətin sirlərini öyrətdilər.

Yadımdadır, ilk dəfə səhnəyə çıxanda bütün bədənim əsirdi, bərk həyəcan keçirirdim. O həyəcan mənə baha başa gəlmədi. Yaxşı oynadım. Bir aktrisa ki, səhnəyə çıxanda həyəcan keçirmir, demək, o, aktrisa deyil. Bir də bu qədər tamaşaçı qarşısında səhnəyə çıxıb necə həyəcan keçirməyəsən? Bu, insanın özündən asılı deyil. İndi də səhnəyə çıxanda eyni hissləri keçirirəm. Fikirləşmirəm ki, yaxşı və ya pis oynayacağam, sadəcə, həyəcan adamı tərk eləmir.

1969-cu ildə Filarmoniyada müğənni kimi fəaliyyətə başladım. 1974-cü ildə isə Musiqili Komediya Teatrına keçdim. Arada ailə qurub 4-5 il teatrdakı işlərimə fasilə verdim. Yoldaşım Tofiq Məlikov da teatrda işləyirdi.

 

- Niyə Filarmoniyanı teatr səhnəsinə dəyişdiniz? Buna görə sonradan peşmançılıq çəkmədinizmi?

 

- Heç bir peşmançılıq çəkmədim. Çünki teatrı çox sevirdim. Filarmoniyanın səhnəsində dörd il çıxış elədim. Adlı-sanlı müğənnilərlə rayonlara qastrollara gedirdim. Filarmoniyanın səhnəsində Canəli Əkbərov, Tamella Məmmədzadə ilə konsert proqramlarında çıxış eləmişəm. Maraqlı konsertlər verirdik. Teatra olan məhəbbətim isə daha çox idi. O vaxt bu teatrın səhnəsində Səyavuş Aslan, rəhmətlik Hacıbaba Bağırov, Şəfiqə Qasımova, Lütviyə Dadaşzadə, Sona Aslanova kimi tanınmış aktyorlar oynayırdı. Məni teatr özünə çox cəlb edirdi. Bir də Nəsibə Zeynalovanı çox sevirdim. Demək olar ki, ona olan məhəbbətim məni teatr səhnəsinə gətirdi. Müğənniliyi atıb, teatr səhnəsini seçdim. Düzdür, Nəsibə xanımla eyni tamaşalarda tərəf-müqabil ola bilmədim, ancaq bir çox konsert proqramında çıxış elədim. Onunla birlikdə bütün rayonlara qastrola getmişəm. Sonradan tale elə gətirdi ki, Nəsibə xanımın oynadığı "Qızıl toy"da Ballı, "Özümüz bilərik"də Nabat, "50 yaşında cavan"da Kələk, "5 manatlıq gəlin"də Səlbi, "Subaylarınızdan görəsiniz"də Sənəm və b. rolları oynamaq mənə qismət oldu. Bu tamaşaların hər birinə də dublyorsuz çıxmışam. "Subaylarınızdan görəsiniz" tamaşası "Kələkbazlar" adı ilə yenidən səhnəyə hazırlandı və hazırda teatrın repertuarındadır. O tamaşadakı Sənəm obrazını düz 12 il oynamışdım. Yenə də həmin rol mənə həvalə olundu. O vaxt köhnə teatrda "Hicran" tamaşası yenidən qoyuldu. Oynadığım Qızbacı rolu tamaşaçılar tərəfindən sevildi. Naxçıvanda da "Hicran" tamaşası ilə çıxış elədim. Orada da Qızbacı rolunu mənim ifamda çox bəyəndilər. Hətta dedilər ki, Nəsibə xanımdan sonra siz səhnəyə ulduz kimi çıxdınız. Bu sözləri eşitmək mənim üçün fəxr idi. İnanın ki, oynadığım hər tamaşadan çıxıb evə gedəndə tamaşaçılar qapıda qarşımı kəsib məni qucaqlayırdılar. Onların bu məhəbbəti heç nə ilə əvəz olunmur. Oynadığım tamaşaların çoxu Qızıl Fondda saxlanılır. Hazırda isə teatrın repertuarında olan "Talelər qovuşanda", "Kələkbazlar", "O olmasın, bu olsun" və s. tamaşalarda oynayıram.

 

- Bu gün də tamaşaçıların məhəbbətini əvvəlki illərdə olduğu kimi hiss edirsiniz?

 

- Bu gün də hiss edirəm. Ancaq son vaxtlar küçədə məni görəndə: "Axır vaxtlar tamaşalarda görsənmirsiniz" - deyə soruşurlar. Cavab verirəm ki, eybi yoxdur, mənə uyğun rol olanda verərlər, yenə də oynayaram. Hazırda teatrda "Diqqət, şəhərdə manyak var" tamaşasının məşqləri gedir. Bu tamaşada mənə rol verilib.

 

- Deyə bilərsinizmi, bu illər ərzində səhnənin sizə qazandırdığı nə olub?

 

- İnanın ki, səhnəyə bir dəfə daxil olmağım mənimçün böyük bir sevincdir. Mən səhnəsiz yaşaya bilmərəm. Bu illər ərzində başa düşdüm ki, səhnə mənim həyatımın bir hissəsidir. Ən əsası odur ki, tamaşaçılar məni sevir, alqışlayırlar. Ancaq fəxri adım yoxdur. Neçə illərdir ki, ömrümü-günümü bu teatra həsr etmişəm. Zəhmətimin haqqını istəyirəm. Mənə layiq olduğum Əməkdar artist adını versinlər. Sonra isə işləyib xalqım tərəfindən Xalq artisti adını da alacağam. Hacıbaba Bağırov dünyasını dəyişməmişdən qabaq dedi ki, bu teatrda 5-6 nəfər zəhməti olan adama fəxri ad verdirəcəm. Onların arasında mənim də adım vardı. Sənədləri də Mədəniyyət və Turizm Nazirliyinə göndərdilər. Sonra Hacıbaba Bağırov dünyasını dəyişdi, fəxri ad məsələsi də qaldı... Teatrın yeni rəhbərliyi də işçilərin qayğısına qalır. Əliqismət müəllim rəhbər təyin olunandan elə bil ki, teatra yeni nəfəs gəlib.

 

- Fəxri ad almamaq sizi həvəsdən salırmı?

 

- Qətiyyən həvəsdən düşmürəm. Mən həvəsdən düşən aktrisa deyiləm. Sənətimi o qədər sevirəm ki, heç vaxt həvəsdən düşmürəm. Ancaq şükür ki, həmişə baş rollarda, özü də yaxşı oynamışam. Hansı rolu oynamaq istəmişəmsə, onu oynamışam. Səhnəyə kəndli qadın, xanım, qulluqçu, xadimə, qapıçı qadın və b. rollarla çıxmışam. Oynamaq istədiyim heç bir rolun niskili içimdə qalmayıb. Ürəyimdə arzu eləmişdim ki, "Qızıl toy"da Ballını, "Hələlik"də Yaləni, "Hicran"da Qızbacını oynayım. Qismət oldu, oynadım. Həmişə təzə rol alanda sevinmişəm. Nə zaman ki, məni çağırıb "bu rolu sənə vermişik" - deyirlər, sevincimin həddi-hüdudu olmur. Oynadığım bütün rolların hamısına sevgiylə yanaşmışam. Əgər az da olsa istedadım olmasa, səhnəyə çıxmaram. Və ya bilsəm ki, tamaşaçılar tərəfindən sevilmirəm, səhnədən imtina edərəm. Boş qalmamaq, daim işləmək istəyirəm. Aktyor üçün yaxşı reyissor lazımdır. Heç darıxmıram da. İnanın ki, ayda bir rol da versələr, öhdəsindən gələrəm. Şükür Allaha, sənətlə bağlı nə arzu eləmişəmsə, ona çatmışam. Bircə arzum odur ki, mənə fəxri ad versinlər.

 

- Çalışdığınız teatrın səhnəsində çox görkəmli aktyorlar oynayıb. Bu gün onların əksəriyyəti dünyadan köçüb. Yeni nəsil aktyorlarla səhnəyə çıxmaq sizə əvvəlki illərdə olduğu kimi zövq verirmi?

 

- Kollektivdən çox razıyam. Səmimi, mehriban insanlardır. Düz deyirsiniz, bir çox aktyorumuz dünyasını dəyişib. Sağ qalan aktyorlarla səhnəyə çıxmaq mənim üçün fəxrdir. Novruz Qartalı, Ofeliya Aslanı, Ramiz Məmmədovu teatrda görəndə sevinirəm. Onlar uzun illərdir ki, teatrda çalışırlar. Onların hamısının zəhmətinin haqqı ödənməli, fəxri adları verilməlidir. İllər keçdikcə teatra cavan aktyorlar gəlir. Onlarla da işləmək xoşdur. Mən də istəyirəm onlar məndən nəsə götürsünlər, mən də onlardan nəsə öyrənim. Hər aktyorun öz yeri, özünə görə istedadı, bacarığı var.

 

- Bir dəfə müsahibənizdə "eneryim əvvəlki kimidir" demisiniz. Bu gün də eyni həvəs və eneryi ilə çalışırsınız?

 

- Eneryimim də, həvəsim də əvvəlki kimidir. Neçə illər bundan əvvəl oynadığım rolu indi də versələr, əvvəlki həvəs və temperamentlə oynayaram. Aktrisalıqdan başqa əlimdən ayrı iş gəlmir axı. Heç vaxt da məndə paxıllıq hissi olmayıb. Heç vaxt deməmişəm ki, qoy, dublyorumdan birinci oynayım. Mənimlə dublyor olan aktrisanı heç vaxt ayaqlamamışam.

 

- Filarmoniyanın səhnəsində oxuduğunuz mahnıları indi özünüz üçün oxuyursunuz?

 

- İndi o mahnıları zümzümə edirəm. O səhnədə hind, özbək, tacik, ərəb mahnıları oxuyurdum. Tamaşaçılar məni çox sevirdi. Səhnədə olarkən "filan mahnını oxu" - deyə məktubları düz səhnəyə atırdılar. Şirin, gözəl səsim var idi. Çox heyif ki, o vaxt səsimi lentlərin yaddaşına yazdırmamışam. Ona görə də indi o mahnıları özüm üçün oxuyuram. Səsim bu gün də mənə çox kömək edir. Aktyorluğumdan başqa, səsim olmasaydı, bu teatrın səhnəsində oynaya bilməzdim. Musiqili Komediya Teatrında çalışan aktyorun səsi olmalıdır. Demirəm ki, səsim sopranodur. Metso-soprano səsim var, ancaq səhnəni dolduran səsdir. Bu mənə bəsdir.

 

- Birdən bir gün qəfildən dedilər ki, səhnəni tərk etməlisiniz...

 

- Allah eləməsin... dəli olaram. Nə vaxt görsəm ki, səhnəyə çıxa bilmirəm, onda özüm ərizə yazıb gedəcəyəm. Gözləməyəcəm ki, mənə get desinlər. Hələ ki, bu qüvvə məndə var, səhnəyə çıxacağam.

 

- 60 yaşınıza arzunuz nədir?

 

- Az-çox tamaşaçılar tərəfindən sevilirəmsə, bu mənə bəsdir. Arzum budur ki, bundan sonra da 10-15 il səhnədə oynayım. Bir də fəxri adımı versinlər!

 

 

Kaspi.- 2009.- 27 yanvar.- S. 11.