Pənahqızı T.
Bir əsrlik ömür yolu...
Uzun ömür yaşamaq
xoşbəxtlikdir. Özü də əgər bu
ömür mənalıdırsa, xalqa, onun mənəvi
dünyasının zənginləşməsinə xidmət
edirsə, onda belə ömrü mənalı, gərəkli
və bəxtiyar saymaq olar. Bu mənada
milli teatr məkanında yeni olan Azərbaycan Dövlət
Musiqili Komediya Teatrını və bu gün orda
çalışan əməkdaşları təbrik etmək
olar. Yüz yaşını qeyd
etməyə hazırlaşan teatr, bu gün bir əsrlik
ənənələrinə söykənib minlərlə
tamaşaçının həyatını zövdələndirir,
mənəvi dünyasının ayrılmaz hissəsinə
çevrilib və onlara yüksək səviyyədə
xidmət etməyə çalışır.
Musiqili Komediya
Teatrının beşiyi başında ilk laylanı dahi
Üzeyir Hacıbəyov, özünün qüdrətli
musiqi avazı ilə söyləyib. 1909-cu ildə Azərbaycanda ilk
dəfə Musiqili Komediya janrında əsər yaradan və
bu əsəri (“Ər və arvad”) bir ildən sonra tamaşaya
qoymaqla musiqili komediya teatrı anlayişının
bünövrəsini qoyan Üzeyir bəy 1910-cu il martın
24-də Bakıda, Nikitin Qardaşlarının Sirk
binasında böyük maraqla izlənilən və uğurla
keçən ilk tamaşadan sonra qururla köks
ötürmüş:
-Şükür ,
xalqımın Musiqili Komediya Teatrı da yarandı -
demişdi.
Sonrakı illərdə də dahi
bəstəkar məhz bu teatr üçün “O olmasın, bu
olsun” (1911), “Arşın mal alan” (1913) kimi
həmişəyaşar əsərini yazmış,
teatrın təşəkkül tapmasında, inkişaf
etməsində öz köməyini
əsirgəməmişdi. Hətta Üzeyir bəy həmkar
və yaxın qohumuna bəstəkar Zülfüqar bəy
Hacıbəyova da Musiqili Komediya Teatrı ücün
əsər yazmağı tövsiyyə etmiş və az sonra
teatr Zülfüqar bəyin iki əsərini “Əlli
yaşında cavan” və “Evliykən subay”
əsərlərini böyük
müvəffəqiyyətlə oynamışdı. Sonrakı illərdə bəstəkarlar məxsusi
olaraq bu teatr üçün müsiqili tamaşalar
yazırdılar. Bu əsərlərin
mövzusu təbii ki, həyatdan götürülürdü,
dövrünün, zamanının eybəcərliklərini
çox ehtiyatla, gülə-gülə islah etməyə
yönəlirdi. Bu tamaşaların
araya-ərsəyə gəlməsində o vaxtlar heç bir ali teatr təhsili görməyən,
sadəcə qəlbində səhnə sevgisi,
ürəyində sənət yanğısı olan
gənclər fəal iştirak edirdilər. Əgər 100 ıl
əvvəlin feadal - patriarxal münasibətlərini,
ictimai-sosial bərabərsizlik bəlalarını göz
önündə sərgiləməli olsaq, onda ilk dəfə
səhnəyə çıxan, tamaşaçılar
qarşısında, o dövrün təbirincə desək
“oyunbazlıq” edən, “şəbeh çıxaran”
cavanların, xüsusilə də arvad rollarını oynamaq
məcburiyyətində qalan kişilərin
vəzəyyətini təsəvvür etmək o qədər
də çətin deyil. Ancaq bütün təhdid və
məhrumiyyətlərə təhqir və hədələrə
baxmayaraq Hüseyn Ərəblinski, Mirzəağa Əliyev,
Əhməd Ağdamski, Rza Darablı, Əlibəy
Hüseynzadə kimi gənc ziyalılar teatrın yaşaması,
var olması ücün hər cür əziyyətə
qatlaşdılar, sınaqlara dözdülər. Onlar
inanırdılar ki, həmişə belə ola
bilməz, hər qaranlıq gecədən sonra mütləq
bir nurlu, işıqlı, ümüdlərlə dolu yeni
gün gəlir.
Azərbaycan da
özünün yeni inkisaf mərhələsinə
qədəm qoydu. Xalqın, millətin milli-mənəvi
dəyərlərinin inkişafı üçün imkanlar
yaradıldı. Zəngin repertuara və
güclü aktyor ansamblına malik olan Musiqili Komediya Teatrı
müstəqil teatr müəssisəsi kimi
fəaliyyətə başladı. 1938-ci
ilin sentyabrında kollektiv rəsmi olaraq Azərbaycan
Dövlət Musiqili Komediya Teatrı görəvini aldı
və həm azərbaycan, həm də rus
bölmələrində yeni əsərlər tamaşaya
qoyulmğa başladı. Bir il sonra
1939-cu ildə Üzeyr Hacıbəyovun və Zülfüqar
Hacıbəyovun davamçıları, gənc
bəstəkarlar Səid Rüstəmovun “Beş manatlıq
gəlin”, Ağası Məşədibəyovun “Toy kimindir”,
Soltan Hacıbəyovun “Qızıl gül” əsərləri
oynanılmağa başladı.
İyirminci yüzilliyin
əvvəllərindən etibarən beynəlmiləl
şəhər hüququ qazanan Bakının rusdilli
tamaşaçıları da unudulmadı. Üzeyir bəyin
“Arşın mal alan”, İ. Kalmanın
“Sirk Kraliçası”, F.Leqarın “Mavi Mazurka”, B.Aleksandrovun
“Malinovkada toy” əsərləri tamaşaya qoyuldu.
1940-50-ci illərdə isə
teatrın afişalarında Fikrət Əmirov, Süleyman
Ələsgərov, Tofiq Quliyev, Zakir Bağırov, Tofiq Bakıxanov,
Rauf Hacıyev kimi yeni bəstəkarların adı
görünməyə başladı. Yeni
düşüncə tərzinə, mükəmməl musiqi
təhsilinə, fərqli duyum və təqdimat
qabiliyyətinə malik gənclik Musiqili Komediya Teatrına yeni
ab-hava, yeni ovqat gətirdi. Tofiq Quliyevin
“Qızılaxtaranlar”, Şəfiqə Axundovanın “Ev bizim,
sirr bizim”, Zakir Bağırovun “Qaynana” əsərləri
günlərlə gündəmdən düşmədi.
Təbii ki, hər yeni əsər yeni rejissor,
aktyor, dirijor, rəssam və bütovlükdə böyük
bir yaradıcı heyətin zəhməti bahasına
araya-ərsəyə gəlir.
Teatrın ilk yaradıcıları
Üzeyir Hacıbəyov, Soltan Hacıbəyov, Mirmahmud
Kazımovski, Müslüm Maqamayev isə ilk illər
bütün bu ağırlıqları öz çiyinlərinə
götürmüş, tamaşaya qoyulan əsərlərinin
həm dirijoru, həm rəssamı, həm qrimçisi,
həm də əlbəsəçisi olmuşlar. Sonralar onlar
bu işə tanınmış yazıçı
Əbdurrəhim bəy Haqverdiyevi, Soltan Hacıbəyovu,
Əfrasiyab Bədəlbəylini, İsgəndər bəy
Məlikovu, gənc Niyazini və başqalarını da
cəlb etmişlər. Artıq
səhnədə ilk azərbaycanlı qadın aktrisaları
da görünməyə başlamışdı.
Aliyə Terequlova, Münəvvər Kələntərli, Cahan
Talışınskaya, sonrakı illərdə Nəsibə
Zeynalova və başqaları maraqlı obrazlar yaradır,
səhnəyə sağlam gülüş bəxş
edirdilər.
Tanınmış
yazıçı və şairlər də Musiqili Komediya
Teatrına yeni liberettolar təqdim etməyə
başlamışdılar. Məmməd Səid
Ordubadi, Süleyman Rüstəm, Sabit Rəhman,
Şıxəli Qurbanov və başqaları bu teatr
üçün məxsusi əsərlər yazırdılar.
Bu artıq teatrın uğuru idi, yeni ideyalar,
yeni mövzular, hadisəyə fərqli yanaşma tərzi,
daha qlobal və əhəmiyyətli mövzular, daha yadda qalan
əsərlər, tamaşalar. Ömrünün kamillik
illərində bu teatra Həsən Əliyev ,
Şəmsi Bədəlbəyli, Ələskər
Şərifov, Süleyman Ələskərov kimi
görkəmli şəxsiyyətlər rəhbərlik
etmişlər və onlar teatrın şöhrət
çələnginə ən gözəl
çiçəklər - əbədiyaşar
əsərləri bəxş etməyə müvəffəq
olmuşlar.
Yaşlı tamaşacılar və
teatr tənqidçiləri Şəmsi
Bədəlbəylinin teatrda işlədiyi illəri (1942-1949,
1956-1959, 1965-1974) bu mədəniyyət məbədinin
“Qızıl dövrü” adlandırırlar. Bu
da təsadüf deyil. Şəmsi
Bədəlbəyli yüksək ziyalılıq
qabiliyyəti, istedadlı rejissor məharəti, böyük
təşkilatçılıq və pedaqoqluq
bacarığı ilə Musiqili Komediya Teatrının
“Qızıl dövrünü” yarada və illər boyu
yaşada bilmişdir.
Teatr böyük və
nəhəng bir orqanizmi xatırladır, onun hər hansı
bir hissəsində balaca bir nasazlıq olsa gec-tez bu ümumi
işə də təsir göstərəcək. Ona
görə də elə ilk illərdən teatrın
bütün əlaqədar strukturları rəssamlar,
baletmeysterlər, qrim və geyim ustaları, dekaratorlar saat kimi
dəqiq və qüsursuz işləməyə
alışdılar. Məhz onların
birgə zəhmətinin nəticəsi olan bir çox yeni
əsərlər öz səhnə taleyini yaşamağa
başladı. Müxtəlif illərdə Musiqili
Komediya Teatrın səhnəsində Nazim Əliverdibəyovun
“Nazxanım naz eləyir”, Emin Sabitoğlunun “Hicran”, Süleyman
Ələsgərovun “Həmişəxanım”, Cahangir
Cahangirovun “Təzə gəlin”, rus bölməsində
isə Tofiq Quliyevin “Sabahin xeyir, Ella”, Rauf Hacıyevin
“Qafqazlı qardaşqızı”, Nəriman Məmmədovun
“Bütün ərlər yaxşıdır”
əsərləri oynanıldı. İstedadlı
bəstəkarlar Vasif Adığözəlovun, Ramiz
Mustafayevin, Azər Rzayevin, Tofiq Bakıxanovun musiqili
komediyaları uğurla tamaşaya qoyuldu. Bu tamaşalar
həm də yeni, qüdrətli aktyor ansamblının
yaranmasına təkan verdi. Bülbül,
M. Vəlixanlı, A. Cavadov, Ə. Şəfai,
S.Ağabəyov, sonrakı illərdə Nəsibə
Zeynalova, Lütvəli Abdullayev, Bəşir
Səfəroğlu, Mobil Əhmədov, Səyavuş Aslan,
Hacıbaba Bağırov, Ofelya Məmmədzadə,
Nəcibə Behbudova, Əzizağa Qasımov, İmamverdi
Bağırov kimi neçə-neçə qudrətli
sənətkar bu teatrın səhnəsində həm
özləri şöhrət qazandılar, həm də
teatrı şöhrətləndirdilər.
Teatrın yüz illik tale
yolu çox mürəkkəb və keşməkeşli olub. Amma kollektiv
bütün çətinliklərə sinə gərib,
bütün sınaqlardan üzüağ çıxıb,
ünvanına söylənilən yerli - yersiz irad və
tənqidlər onu tutduğu müqəddəs yoldan,
xalqın milli-mənəvi dünyasının
zənğinləşdirilməsi, maarifləndirilməsi
işindən döndərə bilməyib.
Təxminən on il (1988-1998) binasızlıq
üzündən böyük bir yaradıcı kollektiv –
güclü aktyor-rejissor, dirijor, rəssam, baletmeyster, xor,
orkestr heyəti ilə bərabər müxtəlif
teatrların qoltuğuna sığınan, əslində
işsiz qalan yaradıcı heyət nəhayət təzə
binaya köçdükdən sonra yenidən qüvvəsini
toplamağa və növbəti bir yolçuluğa
çıxmağa çalışdı.
Bu teatrın yeni
binasının tikilib istifadəyə verilməsi də ulu
öndərimiz, Azərbaycan mədəniyyətinin
inkişafına həmişə diqqət və qayğı
göstərən, teatrların inkişaf prossesini daim
diqqət mərkəzində saxlayan unudulmaz liderimiz Heydər
Əliyevin adı ilə bağlıdır.
H. Əliyev ikinci dəfə
dövlət başçısı kimi Azərbaycana
qayıdandan sonra, o illərin ən kritik və ağır
məqamlarında belə imkan tapıb uzun müddətdən
bəri tikintisi yarımçıq qalmış Musiqili
Komediya Teatrının inşası ilə maraqlanmış,
inşaatçılara dəyərli göstərişlər
vermiş,yeni binanın qısa müddətdə, özü
də yüksək keyfiyyəflə, müasir tələblərə
cavab verə biləcək səviyyə kollektivin və
tamaşaçıların ixtiyarına verilməsinə
şəxsən nəzarət etmişdir. Teatrın
açılışına gələn ulu öndərimiz
kollektivə bu yeni binada yeni uğurlar, xalqım
milli-mənəvi dəyərlərini bacarıqla
qorumağı və yaşatmağı arzulamışdı.
Kollektiv də yeni binada yeni
əhval-ruhiyyə ilə işləməyə
başlamışdı.
Amma həm ədəbi əsərlərin, həm bədii materialların kasadlığı, həm də son vaxtlar bu musiqi janrında əsərlərin yazılmaması, professional kadrların qıtlığı da təbii ki, repertuara öz mənfi təsirini göstərməmiş ötüşmədi. Teatr ayaqda qalsın deyə bəzən zəif və bayağı gülüş doguran, müasir tamaşaçının zövqünə uyğun gəlməyən əsərlər də oynamağa məcbur oldu. Bu da çox vaxt teatr tənqidçilərinin haqlı iradına səbəb oldu. Amma, ən çətin dövrlərində ömrünün yaxşı illərini bu teatra həsr edən, gecəsini-gündüzünü burada keçirən və bütün təhdidlərə rəğmən kollektivi tərk etməyən sənətkarlar da bu vəziyyətdən yaxa qurtarmaq üçün yollar aramağa başladılar. Ədalət naminə demək lazımdır ki, bu illərdə də xalq artistləri Hacıbaba Bağırov, Afaq Bəşirqızı, Arif Quliyev, İlham Namiq Kamal, Fatma Mahmudova və başqaları doğma kollektivindən uzaqlaşmadılar, əksinə daha böyük ilhamla oynadılar, tamaşaya qoyulan bir çox klassik əsərlərdə yaddaqalan obrazlar yaratdılar.
İndi inamla demək olar ki, gələn ilin mayında qeyd ediləcək bir əsrlik yubileyini teatr daha maraqlı, daha yaddaqalan və zəngin repertuarla qarşılamaq əzmindədir və bu gün teatrda görülən işlər, kollektivdə yaranan sağlam və yaradıcı ab-hava bunu bir daha təsdiq edir.
Xalq qəzeti.- 2009.- 25 yanvar.- S. 7.