Qabiloğlu M.
Sağlıq olsun!
İlham Namiq Kamal-60
Bu yaxında bir toy
mərasimindəydik. Həmişə olduğu kimi
İlham Əhmədovla səmimi görüşdük.
Əsl sənətkarların xiridarı olan baş redaktorumuz
Həsən müəllim də orada idi. İlham
müəllimi görən kimi, elə ayaqüstü,
mənə bir tapşırıq verdi: “Mahir, İlham Namiq
Kamala layiq yaxşı bir yazı yaz, verək. ” İlham
müəllimin cavabı isə mənim üçün lap
gözlənilməz oldu: “Yanvarın 9-da mənim 60
yaşım tamam olur” Həsən müəllimin
tapşırığı lap yerinə
düşmüşdü. Baxdım ki, qarşımda cavan bir
oğlan dayanıb, amma 60 yaşın onu
haqladığını deyir. Doğrusu, respublikanın xalq
artisti İlham Namiq Kamalın 60 yaşı olduğuna
heç inanmaq belə istəməzdim.
Həyatda hər bir
insanın yaşı müxtəlif meyarlarla
ölçülür. Kimisi yaşını soruşanda
dostlarının sayını göstərir. Bəzisi
həyatda mənalı keçirdiyi illəri qeyd edir.
Sənətkar üçünsə əsas onun
sənətdə keçirdiyi ömürdür. Bu
baxımdan İlham Namiq Kamalın yaşını da
müxtəlif qaydada göstərmək olar. Onu qocaltmaq
istəsək, gərək dostlarının sayını
(İlham əsl dostlarının çox olmasıyla
həmişə fəxr edir) qeyd edək. Mənim
yaddaşıma İlham Əhmədov kimi həkk olunan
sənətkarın yaşını göstərsək, onun
vur-tut 28 yaşı var. Əgər söhbət İlham Namiq
Kamal oğlu Əhmədovdan gedirsə, biz bu gün onun 60
yaşını qeyd edirik.
İlk tanışlıq
Mən onu ilk dəfə
qiyabi tanımışam. 10 yaşım olardı. “Azdrama”da
Anarın “Şəhərin yay günləri” tamaşası
böyük anşlaqla gedirdi. Mövzunun aktuallığı
cəmiyyətdə böyük marağa səbəb
olmuşdu. Xüsusilə də 28 yaşlı
İlhamın yaratdığı Feyruz obrazı. İlhamın
İngilis dili müəllimi Feyruzun dilindən ingiliscə
dediyi Hamletin monoloqu alqışlarla qarşılanırdı.
Amma monoloqun arxasında varlıların əlinə baxan ali
məktəb müəlliminin acı taleyi İlham
Əhmədovun ifasında gözəl həllini
tapmışdı. Bu, həm də 20-ci əsrin
böyük novator rejissorlarından olan Tofiq Kazımovun
uğurlu aktyor seçimi idi. Mən “28 yaşlı İlham ”
sözünü təsadüfən qeyd etmədim. Cavan
olmağına baxmayaraq, o böyük, qocaman
sənətkarların da iştirak etdiyi tamaşada heç
kimdən geri qalmırdı. Onlara layiq tərəf müqabili
idi. Çünki İlham Namiq Kamal məktəb
keçmişdi.
Məktəb
İlham Namiq Kamal oğlu
Əhmədov 1949-cu il yanvarın 9-da Bakı
şəhərində anadan olub. Əsli Şamaxının
Sarıtorpaq məhləsindəndir. Atası energetika
mühəndisi, anası isə evdar qadın olub. 1970-ci
ildə İncəsənət institutunun dram-kino aktyorluğu
fakültəsini bitirib. Rza Təhmasib, Ədil
İskəndərov kimi sənət korifeylərindən
dərs alıb. Səhnədə ilk addımlarını
institutun tədris teatrında atıb. Professional
səhnəyə isə 1971-ci ildə Milli Dram Teatrında
qədəm qoyub. Onun yaradıcılığında televiziya
və kinonun rolu böyük olub. Lakin bunlarla yanaşı, bir
məqamı — onun yumoristik monoloqlarını xüsusi qeyd
etmək istəyirəm. Monoloq
söyləyən aktyorun məsuliyyəti ikiqat olur.
Çünki monoloq müəllifi olan Seyfəddin
Dağlı, Salam Qədirzadə, Rüfət
Əhmədzadə, Cahangir Aslanoğlu, Rəhman
Əlizadənin yazdıqları satirik-yumoristik parcaların
tamaşaçıya uğurla çatdırılması
məhz ifaçıdan asılı idi. İkinci
tərəfdən isə, Ağasadıq
Gəraybəyli, Əliağa Ağayev, Lütfəli
Abdullayev, İsmayıl Osmanlı kimi aktyorların teatr
həyatında olduğu bir zamanda müəlliflərin —
görkəmli yumoristlərin gənc İlhama müraciət
etmələri onun boynuna böyük məsuliyyət qoyurdu
və hər dəfə bu imtahandan üzüağ
çıxması repertuarını daha da
zənginləşdirirdi.
Sovet dövründə
Dövlət Televiziyasına çıxmağın
çətinliyini də nəzərə alsaq, İlham
Əhmədovun artıq gənclik illərindən
özünü yetkin bir sənətkar kimi təsdiq
etməsini etiraf etməli olarıq.
Teletamaşalar
İndi
seriallar nə qədər dəbdədirsə, o vaxtın
teletamaşaları da bir o qədər böyük maraqla
qarşılanırdı. Aktyorların ifasında
səslənən bəzi tamaşaçıların,
xüsusən gənclərin dilində zərbi-məsələ
çevrilirdi: “Caniklər, ardımca”, “Pşa
Pşayeviç”, “Bir prob snimat eləyim”, “Ciyərin
yansın”, “Pişpişə suyu” “Alə, tubiye” və s.
Mən əminəm ki, bu sözlər rejissorun diqtəsi
ilə edilən əlavələr yox, məhz aktyorun
yaratdığı obrazın gücünü artırmaq
üçün ifaya “qatdığı duz-istiot” idi. Və bu cür əlavələr İlhamın
ifasında çox gözəl alınırdı.
Teletamaşalardan Anarın “Evləri köndələn yar”
əsərində Paşa Paşayeviç, Altay
Məmmədovun “Kişilər”ində Hüseyn Ağbacı,
İslam Səfərlinin “Göz həkimi”ndə Talıbov,
K.Qoldoninin “Mehmanxana sahibəsi”ndə Markiz, Qoqolun
“Evlənmə”sində Podkolyosin teletamaşalarında və
bu gün də “Qızıl fond”da saxlanılan monoloq və
benefislərində yaratdığı rollar onu çox
populyar etmişdi. Və cavan yaşlarında bu
cür populyarlıq, özü də korifey
sənətkarların
yaşayıb-calışdığı bir mühitdə
(inkar etmək olmaz ki, sənətkarlar bir-birinə
qarşı çox tələbkar olurlar, illah ki, gənclərə
qarşı) qazanılan populyarlıq hamıya qismət olmur.
Lakin müəllimlərinə böyük hörmət,
onlardan götürdüklərini sənətkarlıqla
inkişaf etdirmək İlhamı həm özündən
böyük aktyorların, həm də xalqın
gözündə yüksəldirdi.
Kino fəaliyyəti
İndiki
zəmanədə kino deyəndə gözümüz
önünə televizor gəlir. Evdə oturub istədiyimiz
filmi izləyirik, ya da videomaqnitofonda baxırıq. Sovet
dövründə isə filmlər ilk olaraq kino-teatrlarda
nümayiş etdirilirdi. Növbədə dayanıb,
bəzən də əldən billet alaraq filmlərə baxa
bilirdik. Kinodakı obrazlar isə bəzilərinin idealına
çevrilirdi. İlham Namiq Kamal da o dövrlərdə
“Bəyin oğurlanması”, “Uzun ömrün akkordları”,
“Arvadım mənim, uşaqlarım mənim”, “Musiqi
müəllimi”, “Qaynana”, “Qəribə adam” kimi
kinofilmlərdə yaddaqalan obrazlar yaratmışdı.
Lakin mən bunlarla
yanaşı İlhamın “Mozalan” satirik kino-jurnalında
oynadığı 100-dən çox bənzərsiz rolu da
qeyd etmək istərdim. O vaxtkı dövrün
çatışmazlıqlarını tənqid etmək,
cəmiyyətdə müxtəlif vəzifələr tutan
insanların satirik obrazını yaratmaqla onları
gülüş hədəfinə çevirmək
ustalıqla yanaşı, həm də cəsarət
tələb edirdi. İlhamın tənqid etdiyi tiplər isə
nəinki ondan inciyir, hətta onun səsini televizordan
maqnitofona yazaraq dönə-dönə qulaq asırdılar.
Çünki yaratdığı obrazda İlham həyatın
özünü olduğu kimi təqdim edirdi.
Böyük teatr
İlham ilk
addımlarını teatrda atıb. Lakin onun haqqında,
sadəcə, teatr aktyoru kimi danışmaq az olardı.
Çünki o, artıq 16 ildir ki, ustad sənətkar statusu
qazanıb. Hüseynağa Atakişiyevlə birlikdə
“Gənclər tetrı”nın yaradılmasında iştirak
etməklə. 1993-cü ildə İncəsənət
İnstitutu ilə professional səhnə arasında
körpü rolunu oynayan “İlham” miniatür teatrını
yaratmaqla. Mədəniyyət və
İncəsənət Universitetində müəllim, professor
və estrada sənəti kafedrasının müdiri, Musuqili
Komediya teatrının rejissoru kimi neçə-neçə
gəncə sənət dərsləri, səhnəyə
vəsiqə verməklə. Doğrusu, İlham Namiq
Kamalın cavan qalmasının əsl səbəbi
də məhz onun gənclərlə işləməsi, onlara
qayğısı, həm də bir vaxtlar ona sənət dərsi
vermiş müəllimlərinin yolunu layiqincə davam
etdirməsidir.
İlham teatrda çox rol
oynayıb.
Milli Dram, Musiqili Komediya, Gənclər, “İlham” miniatür
teatrlarında oynadığı tamaşaları,
yaratdığı obrazları, üstəgəl rejissorluq
etdiyi tamaşaları saymaqla qurtarmaz. Bir də
ki, saymağa nə ehtiyac? Teatrın qapıları
tamaşaçıların üzünə həmişə
açıqdır: Necə deyərlər, “Get, gör” və
ya “Gələrsiz, görərsiz”. Amma mən
“İlham” miniatur teatrı barədə xüsusi
danışmaq istərdim. Çünki
burada İlham Əhmədov həm də özünü mahir
təşkilatçı, inzibatçı kimi də
təsdiq etdi.
Günlərin bir
günü yazıçı-dramaturq Ramiz Əkbər
mənə bir dəvətnamə verdi. Dedi ki, əsərim —
“Qulaq” pyesim tamaşaya qoyulub. “İlham” miniatur teatrında. Düzü,
çaş-baş qaldım. Bu, mənim üçün yeni
bir ad idi. Premyeraya gəldim. O vaxta qədər İlhamı
aktyor kimi gözəl tanımışdım. Tamaşada
İlhamın özündən başqa, hamısı
gənclər idi. O qədər maraqlı idi ki,
tamaşanın necə başa çatdığını
bilmədim. Əsərdə quruluş , aktyor oyunu, dekorasiya,
musiqi vəhdət təşkil edirdi. O qədər
təsirlənmişdim ki, televiziyanın “Xəbərlər”
proqramına böyük bir süjet də hazırladım.
Tamaşa barədə atam, şair Qabilin fikirləri də yüksək
idi. Bu tamaşa həm də mənim İlham Namiq Kamalla ilk
əyani tanışlığım oldu.
Asılqan, yoxsa
şəxsiyyət
Stanislavskinin məşhur
bir deyimi var: “Teatr asılqandan başlanır”. Lakin
Azərbaycan teatrının bugünkü durumu məni bu
kəlamı dəyişməyə sövq edir.
Əvvəllər teatra gedəndə, afişalara baxanda
ifaçıların adları dalbadal yazılırdı.
Və biz onların titulundan, yaşından, oynadığı
rolun böyük və kiçik olmasından asılı
olmayaraq, hamısını tanıyırdıq.
Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Mehdi
Məmmədov, Nəsibə Zeynalova, Şəfiqə
Məmmədova, Amaliya Pənahova, Həsənağa Turabov,
Bəsti Cəfərova, Firəngiz Mütəllibova və s.
Ayırmağa bir şey yox idi. Hamısı sənətkar
olmaqla yanaşı, həm də özünə görə
bir şəxsiyyət idi.
İndi isə xalq artisti
filankəsin iştirakı ilə filan tamaşa. Xalq artistini tanıyırsan, amma
qalanlarını yada sala bilmirsən. Heyf ki, teatrımız bu
gün asılqandan yox, şəxsiyyətdən
başlayır. İlham Namiq Kamal, Yaşar Nuri kimi
şəxsiyyət sənətkarlarımız isə
çox deyil.
Sağlıq olsun!
2009-cu ilin – öküz ilinin ilk günlərini
yaşayırıq. Pərəstişkarı kimi İlham
Namiq Kamalın hər ilinin uğurlarla yadda qalmasının
şahidi olmuşam. Oğlaq bürcündə, öküz
ilində anadan olan İlham Namiq Kamal üçün 2009-cu
ilin – öküz ilinin də uğurlu olacağına
əminəm.
Bu ərəfədə
60 yaşlı yubilyarla görüşdüm. Əlavə bir
sual vermədim. Sadəcə, qəzet üçün
şəklini aldım. Rafiq Səməndər və Vaqif
Yusiflinin onun haqqında yazdığı kitabları
mənə hədiyyə etdi. Dedi ki, hər şey burda var,
oxu”. Öz-özümə dedim ki, hələ oxumayacağam.
Çünki İlhamın hər bir addımının
şahidiyəm. Fəxrlə deyə bilərəm ki, onun
müasiriyəm.
Amma dilim dinc durmadı:
Kino və teatr aktyoru, rejissor, pedaqoq, təşkilatçı
və ən nəhayət, 60 yaşlı yubilyara bircə sual
verdim: “İlham müəllim, gələcək
planlarınız?” Özü nə qədər cavan qalsa da,
cavabı qoca fəndi oldu: “Sağlıq olsun!”
Xalq qəzeti.- 2009.- 9 yanvar.- S. 6.