Dövlət Gənclər Teatrı Yeni ilə yeni tamaşalarla start verib

 

Əziz Nesinin "Bir az gəlirmisiz?" əsəri səhnələşdirilir

 

2009-cu ilin yeni il şənlikləri Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında qeyd edilməkdədir. Bununla əlaqədar sənət məbədlərində bir sıra tamaşaların təqdimatı təxirə salınmışdır. Yeni ilə böyük əhvali-ruhiyə ilə qədəm qoyan sənətkarlar nəsli artıq sənətsevərləri ilə görüşə gəlməyə tələsirlər. Arzusunda yaşadıqları yeni tamaşaların məşqlərini davam etdirərək maraqlı ifa tərzi oyunları ilə iz salmağa çalışırlar.

    Ənənəvi olaraq bu il repertuarlarına Azərbaycan dünya klassiklərinin əsərlərini daxil etmək məqsədilə yaşayan yaradıcı kollektivlər bu ya digər dram əsərlərinin səhnə həyatına yeni yozum verməklə, tamaşaçıları razı salmağı əsas xətt olaraq qarşılarına məqsəd qoymuş, qərarlarına hökm verməyi qərarlaşdırmışlar. Təbii ki, peşəkar teatr olan Azərbaycan teatrı özünün 134-cü mövsümündə daha maraqlı dünya səviyyəsində qəbul olunan bir şəkildə sənət əsərlərini səhnələşdirmək tamaşaçı tələbatına uyğun bir şəkildə onların səhnə yozumunu ifadə etməyə cəhd göstərirlər. Bir çox teatrlarla yanaşı, Dövlət Gənclər Teatrında da qaynar yaradıcılıq işləri davam edir. Teatrın direktoru Həsən Həsənovun "Səs" qəzetinə verdiyi məlumata əsasən, teatrda yeni il şənliklərinə son qoyulmuşdur. Teatrın yaradıcı kollektivi iki tamaşa üzərində ciddi şəkildə məşqə başlayıb. Onlardan biri Hidayət Orucun "Məhəbbət hələ yaşayır" tamaşasıdır. Tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, rəssamı Vüqar Əliyevdir. "Məhəbbət hələ yaşayır"ın musiqisi isə Azərbaycanın klassik sənətkarlarına məxsus yığma musiqidən ibarətdir. Teatrın rəhbərinin sözlərinə əsasən, yanvar ayının 24-də tamaşanın təqdimatı keçiriləcək. Digər tamaşaya gəlincə isə, bu Əziz Nesinin "Bir az gəlirmisiz?" əsəridir. İki hissəli dram əsərinin quruluşçu rejissoru Sərvər Əliyev, bəstəkarı Sərdar Fərəcovdur. Tamaşada əsas rolları teatrın aparıcı aktyorları olan əməkdar artist Qəmər Məmmədova, Qurban İsmayılov, Elşən Çarxanlı, Natiq Aslanov başqaları oynayacaqlar. Tamaşanın təqdimat mərasimi 10 mart Azərbaycan Teatr Günündə keçiriləcək. Tamaşanın mövzusuna gəlincə isə Həsən Həsənov bildirdi ki, əsas qəhrəman olan Mateh usta çox böyük yüksək dəyərlərlə yaşayan bir obrazdır. O, həyata utopik bir şəkildə yanaşaraq 24 saat çərçivəsində olan birgünlük zamanın 26 saatla əvəzlənməsini həyatda əlçatmayan istəklərin reallaşmasını arzulayan bir obrazdır. Baş qəhrəmanı yaradan Qurban İsmayılov tütək düzəldərək tütəyə bir səs əlavə edib, onu 16 səslə əvəzləmək istəyində olan bu insanın duyğu istəklərinin səhnədə həllini tapmasına bütün potensial gücünü həsr edir. Məqsəd öz istəkləri ilə həyatı qabaqlamaq arzusunda olan bir qəhrəmanın həyat tərzini, psixoloji gərginliklərini ortaya qoymaq, onun bütün xırdalıqlarını tamaşaçıya təqdim etməkdir. Axtardıqlarını tapa bilməyən bu cəmiyyətdən kənarda öz istəklərini reallaşdırmağa çalışan Natiq ustanın həyat yoldaşı Zani xanım da tamaşada əsas obrazlardan biri kimi verilmişdir. Obraz Qəmər İsmayılovaya həvalə olunmuşdur. Həsən Həsənov onu da bildirdi ki, tamaşanın məşqləri davam edir bu əsərin adı, sözsüz ki, dəyişdiriləcək hansı ad ilə əvəzlənəcəyi isə, hələlik, məlum deyil.

 

Səs.- 2009.- 7 yanvar.- S. 12.