20 Yanvar faciəsi Azərbaycan musiqi sənətinin ən mükəmməl əsərlərində yaşayır

 

Kamil Cəlilov: "Cahargah" muğamı döyüşdür, sərkərdənin əsgərə bir çağırışıdır"

 

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cu ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.

 

   Artıq Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 19 il ötür. Bu illər ərizində Azərbaycan mədəniyyət və incəsənət sahəsinə kifayət qədər əsərlər yaranaraq, xalqın başına gətirilən faciələrdən söz açılır. 20 Yanvar faciəsinin Azərbaycan mədəniyyətində yeri və tarixiləşməsi ilə bağlı yaradılan əsərlər və onların faciəyəyə münasibətini öyrənmək üçün bir sıra sənəktarlarla əlaqə yaratdıq:

 

   Respublikanın xalq artisti, bəstəkar Ramiz Mirişli:

 

   - Keçmiş sovet imperiyasının həmin gün xalqa qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet Ordusunun daxili qoşunlarının Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Xəstəxanalar, təcili yardım maşınları atəşə tutuldu, həkimlər öldürüldü. Bu tarixi günü heç bir zaman yadımdan çıxara bilmirəm. O illərdə mən Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər çalışırdım. Həmin hadisə baş verdikdən sonra iki il biz filarmoniyada konsert proqramı ilə çıxış etmədik. İnanın ki, hər il bahar fəsli gələndə mən onun gəlişini hiss etmirəm. Çünki 20 yanvar tarixində baş verən hadisə oğul və qızlarımızın şəhid olması mənə o dərəcədə psixoloji təsir göstərib ki, hələ də, bu təsirdən çıxa bilmirəm. Yaradıcılığımda 20 Yanvar hadisəsi ilə bağlı hadisələri təsvir edən bir çox əsərlər yer almışdı. Bildiyiniz kimi, Zeynal Vəfanın sözlərinə yazılmış "Vətən harayı" musiqi nömrəsi Azərbaycan xalq artisti Azər Zeynalovun ifasında səsləndirilir. Eyni zamanda, xalq şairi Məmməd Arazın sözlərinə bəstələdiyim "Əsgər Andı" musiqi nömrəsi də şəhidlərimizə həsr olunmuşdu. Qeyd edim ki, 20 Yanvar faciəsinin görüntülərini yaşatmaq və onları gələcək nəsillərə çatdırmaq bizim əsas vəzifələrimizdən biridir ki, xalqımızda unqutqanlıq kimi hisslər baş qaldırmasın. Bu baxımdan uşaqların da tələbatını nəzərə alıb, müxtəlif janrlarda əsərlər yaradaraq, onların yaş həddinə uyğun bir şəkildə əsərləri ortaya çıxarmalıyıq. Sözsüz ki, uşaqlar üçün də 20 yanvar faciəsi ilə bağlı mənim yaradıcılığımda müəyyən qədər əsərlər yer almışdır. Onlardan biri də xalq şairi Fikrət Qocanın sözlərinə bəstələdiyim "İki vətənim var" mahnısı mütəmadi olaraq səsləndirilir. Bu və ya digər əsərlərin hər birində xalqın tarixi, onun analoqu olmayan faciələri yaşaması öz əksini tapır. Xalq öz matəm gününü qeyd edərək, müəyyən zamanlarda başımıza gələn faciələrin ağrı-acısını bir daha yaşayır.

 

   Azərbaycan xalq artisti, Prezident təqaüdçüsü Habil Əliyev:

 

   - 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırım, Azərbaycan ərazilərinin işğalı tarixin müxtəlif dönəmlərində hiss olunmuşdur. Zaman-zaman başımıza açılan oyunlar xalqın milli- mənəvi dəyərlərindən uzaqlaşdırmaq məqsədi daşıyırdı. Ötən əsrin son illərindəki hadisələrdən olan 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu yol Azərbaycanın gələcək inkişafına təkan oldu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi. 20 Yanvar faciəsi mənim yaradıcılığımda xüsusi yer tutur. Həmin gün xalqımızın başına gətirilən oyunlar heç zaman yadımızdan çıxmayacaq. Azərbaycan muğamları bir lirikadır. Sözsüz ki, bu əsərlərdə tarix boyu insanların yaşadığı əzab-əziyyət, mübarizə, vətən sevgisi mühüm yer tutur. Mən kamanım vasitəsilə səsdləndirdiyim muğamlarda xalqın bu və ya digər keşməkeşli, mübarizəli yolunu əks etdirirəm. Yaradıcılığımda "Şəhid anası" kompozisiyası xüsusi yer tutur. Dünyanın hansı yerində konsert proqramı ilə çıxış etsəm, bu musiqi nömrəsini səsləndirməyi özümə borc bilirəm. Azərbaycan musiqisində 20 Yanvar faciəsnin yeri müstəsnadır. Ölkə Prezidenti erməni işğalçıları tərəfindən xalqımıza qarşı törədilən bu faciənin ağrı-acısını bir qədər azaltmaq və şəhidlərimizin ruhunu şah etmək məqsədilə ardıcıl olaraq bu istiqamətdə fəaliyyət göstərir və işğal altında olan torpaqlarımızın sülh yolu ilə həllinə çalışır. Onların narahat ruhunu sakitləşdirmək və intiqamlarını almaq üçün bu gün yalnız bir məqsəd üçün çalışmalıyıq. Bu da ərazimizin düşmən torpağından azad olunmasıdır.

 

   Azərbaycan xalq artisti, qoboy ifaçısı Kamil Cəlilov:

 

   - Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan buranı ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Bu tarixi gün unudulmayacaq. 20 yanvar faciəsi Azərbaycan xalqının yaddaşına elə çökmüşdür ki, onu yaşadığımız hər gün xatırlayır, bu faciəni törədənləri lənətləyirik. Xalqın sayseçmə, mərd oğul və qızları qanlı gecədə şəhid oldular. Bu, xalqımıza qarşı yürüdülən məkrli siyasətin əks-sədası idi. Təbii ki, 20 Yanvar faciəsi öz siyasi qiymətini gec də olsa aldı və xalqımız həmin gün şəhid olan oğul və qızlarımızın xatirəsini azad şəkildə qeyd edirlər. 20 Yanvar faciəsi Azərbaycan musiqi sənətinin ən mükəmməl əsərlərində yaşayır. Bu hadisə ilə bağlı kifayət qədər mədəniyyət və incəsənət nümayəndələri gözəl əsərlər yaratmış, xalqın dərd-sərini, mübarizə əzmini bu nümunələrdə əks etdirməyə çalışmışlar. Sözsüz ki, rəssam fırçanın dili ilə, bəstəkar notların köməyi ilə, yazıçı və şairlər isə qələmə aldıqları əsərləri ilə 20 Yanvarın Azərbaycan xalqına olan təcavüzkar rus siyasətinin bir qolu olduğunu göstərməyə nail olmuşlar. Mən də bir qaboy ifaçısı kimi tarixi hadisəni yaradıcılığımda səsləndirməyə çalışıram. Qeyd edim ki, Azərbaycan musiqisinin şah əsərləri sırasında olan muğam janrı məhz elə xalqın mübarizə əzmini, qəhrəmanlıq tarixini əks etdirən musiqi növüdür. Mən də bir qaboy ifaçısı kimi Azərbaycan muğamlarını səsləndirir və bu janrla xalqın kədərini, ah-naləsini ifamda yaşadıram. "Segah", "Zəmin-xarə", "Bayatı-şiraz", "Bayatı-kürd", "Bəstə-nigar", "Cahargah", "Humayun", "Vahab" kimi musiqilər matəm zamanı efirdə daha çox səsləndirilir ki, bu da xalqın bütövlükdə bu vəziyyətini izhar edən bir musiqi kimi insanın dərdinə, bütövlükdə hisslərinə təsir edə bilir. Qaboy aləti kimi bu ab-havanı əks etdirə biləcək, deyərdim ki, ikinci bir musiqi aləti yoxdur. "Cahargah" muğamı döyüşdür, sərkərdənin əsgərə bir çağırışıdır. Onun müharibəyə hazırlıq mərhələsidir. Muğamlarımız vasitəsilə şəhidlərin narahatçılığı car olunur, onların mübarizə əzmi bütövlükdə öz bədii təsvirini tapa bilir. Qətiyyətlə deyərdim ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

 

Səs.- 2009.- 20 yanvar.- S. 12.