Məhərrəmova T.
“Əla
rəqqasə, qıvraq, möhkəm...”
Leyla Vəkilovanı başqalarından hədsiz
sadəliyi və ünsiyyəti fərqləndirirdi
İllər keçir... Balet
rəqqasələrinin nəsli sürətlə bir-birini
əvəz edir. Ancaq o vaxtdan görkəmli balerina Leyla
Vəkilova haqqında söhbət düşəndə,
çoxlarının üzü təbəssümlə
işıqlanır. İnsanların yaddaşında qalmaq
çox vacib amildir. Leyla Vəkilova insanların
xatirəsində təkcə Azərbaycan milli baletində
yaratdığı əzəmətli surətləri ilə
deyil, həmçinin səmimi, mehriban xasiyyəti, insanlığı
ilə qalıb. İndi də haqqında söhbət
düşəndə hamı birağızdan "Leyla
xanım bizim milli dəyərlərimizdəndir. O, adamlara
ilıq, səmimi münasibəti ilə
fərqlənirdi" - deyirlər.
Görkəmli balerina haqqında
arxivlərdə toplanan materialları araşdırarkən bir
daha məlum olur ki, aktrisa oynadığı obrazlarla və
milli baletin inkişafı sahəsində
xidmətlərinə görə Azərbaycan beletinin
inkişafında silinməz izlər qoyub.
Leyla Vəkilova 1927-ci il yanvarın
29-da doğulub. Onun təhsil aldığı illər milli
baletimizin inkişaf etdiyi illərlə üst-üstə
düşür. Balet truppamız hansı ölkədə
çıxış edirdisə, Leyla xanım orada
Azərbaycan baletinin milliliyini təcəssüm etdirirdi.
Görkəmli balerina milli baletlə bərabər, klassik balet
əsərlərində də obrazlar yaradırdı. Leyla
xanım milli baletlə klassik baletin xüsusiyyətlərinin
qovuşmasını tamaşaçılara ustalıqla
çatdırırdı.
Leyla Vəkilova
xatirələrdə
Görkəmli balerinanın
tələbəsi olanlar, uzun illər onunla bir teatrda
çalışanlar Leyla xanım haqqında deyirlər ki, o,
qayğıkeş insan, əfsanəvi balerina, sadiq və
vəfalı dost olub. "Xoreoqrafiya məktəbində
oxuduğum illərdə Leyla xanımı "Raymonda"
və "Qırmızı lalə" tamaşalarından
tanıyıram" - deyə Opera və Balet Teatrının
baş baletmeysteri Yulana Əlikişizadə xatırlayır:
"Biz balaca şagirdlər üçün onun virtuoz
hərəkətləri, yüksək artistizmi həddən
artıq valehedici idi. Leyla xanımı başqa
prima-balerinalardan hədsiz sadəliyi və ünsiyyəti
fərqləndirirdi. O, hamıya qarşı səmimi və
qayğıkeş idi və dərəcəsindən aslı
olmayaraq, bütün aktyorlarla incə davranırdı. O,
hətta rəqqasəni özü geyindirə və qrim
edə bilərdi. Leyla xanımın truppası ilə Avropa
və Asiya dövlətlərinin çoxunu gəzmişik. Vəkilova
dəsti-xətti hamıya aydın idi: mütləq sona
qədər rəqs eləmək və oyunun texnikası
və gözəlliyinə xələl gətirməmək.
Bir sözlə, o, əsl usta idi".
Xalq artisti Tamella Şirəliyeva:
"Xoreoqrafiya məktəbinin gələcək
tələbələri olan bizlər Opera və Balet
Teatrının balet tamaşalarında iştirak edirdik.
Təssəvür edə bilməzsiniz, necə
səbirsizliklə və fanatizmlə Pyotr Çaykovskinin
"Yatmış gözəl" baletində oyunumuzu
gözləyirdik. Böyük həyəcanla tamaşanın
süyet xəttində Leyla xanımın səhnəyə
çıxacağını gözləyirdik. O, Avrora
partiyasında qızların cərgəsindən keçir,
sehrli barmaqları ilə onlara toxunurdu. Biz hamımız onun
bizə toxunacağı anın möcüzəsi ilə
yaşayırdıq. Vəkilova istedadının magiyası
nə qədər güclü idi! Onun bizə
məsləhətləri yadımızdadır. O,
həyatı və insanları hədsiz
dərəcədə sevirdi. Leyla xanım bütün
həyatı boyu gələcək nəsil üçün
nümunə oldu. Belə yaşamaq hər sənətkara
qismət olmur".
Milli balet səhnəsində
liderlik
Leyla Vəkilovanın
yaradıcılığında dünya balet klassikası
öz parlaq təcəssümünü tapıb. Ancaq bir
aktrisa kimi Leyla xanım sırf Azərbaycan baletlərində
də çox önəmli yer tuturdu. Əşrəf Abbasovun
əsəri olan "Qaraca qız" məhz Leyla Vəkilova
üçün yazılıb. Bəstəkarın
etirafına görə, baletin xoreoqrafiyası sırf
balerinanın yaradıcılıq diapazonunu əhatə edirdi.
1947-ci ildə yeni
yaradıcılığa başlayan balerinanın milli balet
ilə ilk görüşü baş tutur. Bu, Əfrasiyab
Bədəlbəylinin "Qız qalası" əsəri
idi. Bu əsər balerinanın gələcək
yaradıcılığında mühüm rol oynayır. Qeyd
edək ki, baletin ilk tamaşası 1940-cı ildə, aprel
ayının 18-də oynanıb. Əsərdə baş rolu
görkəmli balerina Qəmər xanım Almaszadə
oynayıb. Həmin əsərin sonrakı redaksiyasında
baletmeyster Qəmər Almaszadə baletin xoreoqrafik mətnini
aktrisanın yaradıcılıq imkanları hesabına bir
daha mürəkkəbləşdirir. Leyla Vəkilova
böyük məharət və ustalıqla
Gülyanağın sadə obrazını yaradır. Aktrisa
heyrətamiz incəliklə obrazın həyatsevərliyini,
paklığını, qəlb ovsunlayan lirikasını
və kədərini reallaşdırır.
Soltan Hacıbəyovun
"Gülşən" baletində də Leyla xanım
gözəl bir azərbaycanlı xanımının
surətini yarıdır. Onun Gülyanağı ilə
Gülşəni tamam bir-birinə zidd olan surətlər idi.
Biri qədim əfsanədən qalan, qəddar atası
tərəfindən məhv edilmiş qız, digəri isə
həyatın mənasını duyan xoşbəxt bir insan.
Ancaq onun qəhrəmanlarını birləşdirən
xüsusiyyətlər vardı. Hər ikisi
məhəbbətə bağlı və sadiq idilər.
Bütün bunlara balerinanın şəxsi duyğuları da
əlavə olunub, tamamlanmış bədii-xoreoqrafik surət
formalaşdırırdı.
O illərin çoxsaylı
məqalələrində aktrisanın parlaq rəqs
texnikası və milli üslubunun duyulması
vurğulanır. Qara Qarayevin "Yeddi gözəl"
əsərinə quruluş verən P.Qusev balerinanın onu
heyrətləndirdiyindən yazırdı: "Əla
rəqqasə, qıvraq, möhkəm... hər şey canlandı,
başqa bir aləm yarandı". P.Qusev istedadlı
balerinanın püxtələşməsinə, onun
təbiətdən olan istedadını tam şəkildə
açmağa nail olur. Nəticədə Leyla
Vəkilovanın yaradıcılığında
müəyyən sıçrayış yaranır: o,
rəqsin aktyorluq ifadəsinin dairəsini genişləndirə
bilir. Balerinanın yaratdığı Ayişə surəti
Azərbaycan balet teatrının ən dolğun surəti
olaraq qalır. Məhz bu surətin yaranması Leyla
Vəkilovanın milli balet səhnəsində uzun
sürən liderliyini təmin edir. Şübhəsiz ki, bu,
yaradıcılıq qələbəsi idi. Qəmər xanım
şagirdi haqqında deyirdi: "Onun ifasında mənə
tanış olan cizgilər Ayişə surətində
başqalaşır, yeni bir dolğunluq alır,
təkrarolunmaz dərəcəyə çatır".
Leyla xanımın "Ulduz
saatı"
1959-cu ildə ölkəmizin
Moskvadakı dekadasında Leyla Vəkilova "Qız qalası",
"Yeddi gözəl" və "Gülşən"
əsərlərində baş rollarda çıxış
edir. Onun oyunu Moskva tamaşaçılarını
heyrətləndirir. Azərbaycanlı balerinanın oyununun bir
çox xüsusiyyəti Moskva mətbuatında qeyd olunur.
Moskva tamaşaları Leyla xanımın "Ulduz
saatı" adlandırılır. Nəticəsi isə
balerinanın SSRİ Xalq artisti fəxri adı ilə
təltif edilməsi olur.
Moskva dekadasından sonra "Yeddi
gözəl"in parlaq uğuru görkəmli bəstəkar
Qara Qarayevi yeni balet yazmağa ruhlandırır. Böyük
bəstəkar "İldırımlı yollarla" baletini
yazır. 1960-cı ilin dekabrında baletin premyerası
keçirilir. Ustad bəstəkarın musiqi dili ilə əks
etdirdiyi bir çox insan hisslərini - ürkəklik və
ümid, xəyalpərəstlik və ehtiraslı
coşğunluq, məhəbbət hissləri və yar
həsrətini balerina rəqs dilində
tamaşaçılara çox dolğun çatdırır.
Leyla xanımın sonrakı
uğuru Arif Məlikovun "Məhəbbət
əfsanəsi" baleti ilə bağlı idi. Bu əsər
1962-ci ildə opera teatrının səhnəsində qoyulur.
Baletin birinci ifaçıları: Şirin - Leyla Vəkilova,
Mehmen Banu - Raisa İzmaylova, Fərhad - Dönməz
Hacıyev, Vəzir - Konstantin Bataşovun xoreoqrafiyası
tamaşaçılar üçün yeni bir sirli aləm
açır. Onlar iştirakçıların oyunu ilə
əsərin fəlsəfi məzmununa bələd olurlar.
Leyla Vəkilova - Şirin tamaşaçıların
qarşısında dərin məhəbbət
hisslərindən pərvazlanan insan obrazını
məharətlə yaradır.
Arif Məlikov danışır:
"Bu surəti yaradaraq Leyla Vəkilova əvvəldən
cızılmış xoreoqrafik konstruksiyaya isti nəfəs
verə bildi. Vəkilova - Şirin tamaşaçıların
qarşısında dərin məhəbbət
hisslərindən pərvazlanan insan idi. Bu surəti yaradan
balerina sübut edirdi ki, Şirin - poeziyadır,
işıqdır, Şirin- azadlıqdır. Balerina parlaq
məharətlə gənc və zərif qəlbli bir
qızcığazın həyatını yaşadı.
Təcrübəli aktrisanın müstəsna
ustalığı nəticəsində dolğun və
sönməz bir surət yarandı".
Leyla xanımın
yaradıcılığının yetkin çağı
rəngarəng yaradıcılıq hadisələri ilə
dolğun olub. Bunların içərisində çoxsaylı
xarici qastrollar, konsert fəaliyyəti, xoreoqrafiya
məktəbində müəllimliyi və bir çox yeni
balet rolları mühüm yer tutur.
1972-ci ildə isə
görkəmli balerina onun üçün nə qədər
çətin olsa da, səhnə ilə vidalaşır. Bu
vidalaşma balerinanın "Yeddi gözəl" əsərində
sevimli tamaşaçıları ilə son
görüşü olur.
Ancaq özü uzaqlaşsa da, oyun
tərzi, quruluş verdiyi tamaşalar teatrın
repertuarını bəzəyir. Elə təkcə milli
baletlə ilk görüşü olan "Qız
qalası" yeni quruluşda teatrın repertuarını
bəzəyir. Tamaşaçılar artıq çoxdan
əfsanəyə çevrilən köhnə hekayətin
canlı şahidi olmaq istəyəndə bu teatra üz
tuturlar. Vaxtilə Leyla xanımın oynadığı
Gülyanaq obrazını isə indi teatrın ayrı
balerinaları oynayır. Təbii ki, hər birinin öz ifa
tərzi, öz oyun texnikası var. Ancaq Leyla Vəkilovanın
böyük məharət və ustalıqla
yaratdığı Gülyanaq obrazının
həyatsevərliyi, paklığı, qəlb ovsunlayan
lirikası və kədəri yaddaşlardan silinmir.
Kaspi.- 2009.- 29 yanvar.- S. 11.