Şükürov F.
Titrək səsin fəryadı
20 Yanvar.
Tariximizin qanla yazılmış səhifəsi.
Həmin gecənin ürək yandıran dəhşətindən hələ
indi də özünə gələ
bilməyən, danışanda
səsi titrəyən,
saçları vaxtından
tez ağaran insanlar var ki,
onları həyəcansız
dinləmək olmur. Onlardan biri ilə görüşdüm,
fəryad dolu titrək söhbətini lentə aldım. Özünü təqdim etdi. Əmirova Egrintac Cəlil qızı 36 ildir Respublika-Mədəniyyət Müəssisələrinin İxtisasartırma
Mərkəzində tədris
hissə müdiri işləyir.
- O günü
xatırlamaq mənə
çox ağır gəlir. O günü unuda bilmirəm. Həmin gecə
mən də
"səngər"də idim.
Həyat məni mübariz etmişdi.
1987-ci ildə
axırıncı dəfə
İrəvana gedəndə
orada
2 azərbaycanlı uşağının öldürüldüyünü
gördüm. Bu hadisə
məni dəhşətə
gətirdi. 1988-ci ildən öz dədə-baba torpaqlarından - indi Ermənistan adlandırılan
Qərbi Azərbaycandan
qovulan azərbaycanlıların
bir qismi bizim iş yerimizin
yanında məskən
salmışdılar.
İçərisində qulağı kəsik, başı yarılmış,
gözləri çıxarılmış adamlar var idi. Bütün bunlar
mənim qəlbimi yandırırdı. 1988-ci
ildə müstəqillik
uğrunda xalqımızın
apardığı mübarizəyə
qoşuldum. Mitinqlərdə iştirak etdim.
1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə azğın sovet qoşunlarını səngərdə qarşıladım.
Mərd oğullarımızla bir yerdə.
Gecə saat 1-ə işləyirdi. 4-cü mikrorayonda,
Biləcəridən qalxan
yolda qeyrətli
oğullarımız barrikada qurub şəhərin müdafiəsinə durmuşdular.
Mən onlara isti yemək və çay gətirmişdim.
Elə bu zaman rus tanklarının üstümüzə gəldiyini
gördük. Heç
nəyə baxmırdılar.
Barrikadanı dağıtdılar. Tanklarla
maşınları əzdilər. Qaçaqaç düşdü.
Yaxınlıqdakı evin həyətinə
girdik. Artıq başa
düşdük ki,
bu vəhşilər bu milləti
qırmağa gəliblər. Əlimizdən heç nə gəlmirdi. Saat 3 olardı. Həyətdən
çölə çıxdıq.
Adamı dəhşətə gətirən bir mənzərə yaranmışdı. Hadisə yerində kiminin ayaqqabısı, kiminin
paltosu, papağı, gödəkçəsi
qalmışdı. Əzilib
parçalanmış baş, qol, bədən hissələri, qanlı ət
parçaları. Gözlər olsun görməsin!.. Həmin vaxt
məhlənin kişiləri
(onları üzdən
tanıyırdım) yaralıları xəstəxanaya
daşıyırdılar. Biz də bir neçə
qadın onlara kömək
etdik. Sonra bir yerdə şəhid
olanların paltolarını, əşyalarını yığdıq
ki, bunlardan muzey təşkil edərik. Xalq
Təsərrüfatı İnstitutunun bir
qadın müəlliməsi də var idi yanımızda.
Həmin şeyləri
ona verdik. Onu da şəhid etdilər. Bilmədik o şeylər
sonra necə oldu.
Həmin vaxtı
mənim gəlinim
Biləcəridə anasıgildə idi. Səhər istədim onlara gedim. Yolda tankı sürdülər üstümə.
Mən əllərimi
qaldırıb tankın üstünə yeridim. Rus dilində onlara dedim ki,
mən ölənlərdən
artıq deyiləm. Vətən
yolunda ölməyə
hazıram. Ola bilsin ki,
bir az
inandırıcı olmasın. Amma düzünü deyirəm.
Tankın üstünə yeridim.
Nə fikirləşdilərsə dönüb məndən
uzaqlaşdılar.
Hadisədən iki gün sonra, dəqiq yadımda
deyil, hansı ölkələrdənsə
3 müxbir gəlmişdi.
Mən onlara bu barədə ətraflı məlumat
verdim. Dedim ki, sovet imperiyasının
xalqımızın başına gətirdiyi
bu müsibətlərin heç
zaman oxşarı olmayıb..
Alman faşistləri belə vəhşilik etməyib. Onlar nə uşağa, nə qocaya, nə qadına rəhm edirdilər. Üstümüzə
heç yerdə istifadə olunmamış silahlardan
atəş açırdılar. Mən bu sözləri onlara ağlaya-ağlaya dedim.
Yanvarın 20-dən sonra da onlar
xalqımıza qarşı vəhşiliklər
edirdilər..
Bir dəfə mən evimizə gedirdim. Qarşımda məktəb uşaqları
vardı. Sir-sifətdən quldura oxşayan bir əsgər 10-11 yaşlı
bir uşağı tutub sifətinə yanar siqareti basdı, Bu məni dəhşətə gətirdi.
O əsgərlərə ağzıma
gələni dedim, amma
məni heç veclərinə almadılar.
Mən həmin uşağı da götürüb, o vaxt Bakının komendantı olan Dubinyakın yanına apardım. Birtəhər onun qəbuluna
düşdüm. Baş vermiş
hadisəni ona danışdım. O, mənə
dedi ki, sən qadınsan, belə şeylərə qarışma. Onun üstünə qışqırdım ki,
nə istəyirsiniz bu xalqdan. Cavanlarını qırdız, qocalarına,
qadınlarına rəhm
etmədiniz, bəs bü körpə uşaqlardan nə istəyirsiniz?
Sonra Dubinyak tabeçiliyində
olan iki nəfəri çağırıb
tapşırdı ki,
uşaqlara toxunmayın.
Həmin hadisədən
9 gün sonra ana olmağa hazırlaşan gəlinimi
təcili yardım maşını ilə Semaşko adına
xəstəxanaya aparırdıq.
Bizi düz 17 yerdə saxladılar.
Nə qədər övladlarımız
atasız, cavan gəlinlərimiz ərsiz,
analarımız oğulsuz
qaldı. Mən heç bir
vaxt bunları yaddan çıxara bilmərəm. Bu hadisələri hər gün xatırlayıram.
Amma mən xalqımızın
birliyini də görmüşəm. Dəfn günü
bütün Bakı torpağı qərənfilə
bürünmüşdü. Bu, müstəqilliyə gedən yolun başlanğıcı idi.
Xoşbəxtəm ki, bu gün müstəqil bir ölkədə yaşayıram. Onunla təskinlik
tapıram ki, şəhidlərimizin arzuları
puç olmadı.
İnanıram ki, Qarabağda
şəhid olanlarımızın
da qanı yerdə qalmayacaq.
Mədəniyyət.- 2009.- 17
yanvar.- S. 10.