Yaddaşlarda yaşayan tarixi faciə

 

Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 19-cu ildönümünə həsr olunmuşTarix olduğu kimitədbir-sərgi keçirilmişdir. Sərgidə rəssam-fotoqraf Tahir Cəfərovun bu qanlı tarixi əks etdirən 40-dan artıq fotoşəkli təqdim olunmuşdur.

Fotoların çəkiliş prosesindən danışarkən T.Cəfərov bildirmişdir ki, həmin fotoları çox çətin vəziyyətdə lentə ala bilmişdir. O, həmin sərgini muzeyə hədiyyə etdiyini vurğulamışdır. Demişdir ki, tarix ən çox muzeylərdə yaşadılır.

20 Yanvar Cəmiyyəti, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi, Qarabağ Müharibəsi Veteran Qadınlar Birliyi nümayəndələrinin, şəhidlərin ailə üzvlərinin, qanlı faciənin canlı şahidlərinin, Azərbaycan Ordusu əsgərlərinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi kursantlarının iştirakı ilə keçirilən tədbirdə muzeyin direktoru Fəridə Şəmsi, elmi-kütləvi şöbənin müdiri Amalya Rzaqızı, Milli Arxiv İdarəsinin kinoşəkil-sənədlər arxivinin müdiri Nadejda Fişyeva, Mədəniyyət Turizm Nazirliyinin böyük məsləhətçisi Əli İsmayılov çıxış edərək xalqımızın milli oyanışında, müstəqillik tarixində mühüm rol oynayan 20 Yanvar faciəsində silahsız insanların başına gətirilən müsibətlərdən söz açmışlar. Vurğulanmışdır ki, sovet imperiyasının çökdüyü bir zamanda baş verən bu qırğın faciə ilə nəticələnsə , Azərbaycanın müstəqilliyinə doğru atılan addım kimi qürur hissi ilə yad olunur.

Tədbirdə Şuşa Muğam Məktəbinin müəllim şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər. 

 

Xalq qəzeti.- 2009.- 18 yanvar.- S. 2.