Musaoğlu İ.
Zaqatalada anım mərasimləri
Bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinin on doquzuncu ildönümü ilə əlaqədar Zaqatala rayonunda dünən silsilə tədbirlər keçirilmişdir.
Həmin gün şəhər icra hakimiyyətinin başçısı Asif Əsgərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və ictimaiyyətin nümayəndələri əsaslı təmir olunan, əslində yenidən qurulan Şəhidlər Xiyabanına gələrək şəhidlərin ölməz xatirəsini ehtiramla yad etmiş, önünə əklil və gül-çiçəklər düzmüşlər. Sonra tədbir iştirakçıları rayonun Suvagil, Əli Bayramlı və Muğanlı kəndlərində inşa olunmuş şəhidlərin xatirə komplekslərinin də açılışı ilə davam etdirilmişdir.
Daha sonra “Qala düzü” istirahət mərkəzində ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovun “Tariximizin qan yaddaşı” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi xüsusi olaraq bildirdi ki, məhz ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvar ayının 21-də sovet imperiyasının bütün qadağalarına baxmayaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş, xalqımıza qarşı törədilmiş bu qanlı cinayətin təşkilatçılarını və iştirakçılarını pisləmiş, bəyanat vermişdir. Natiq bu bəyanatın xalqımızın haqq səsini müdafiə edən ilk sənəd və onun köməksiz olmadığını bütün dünyaya yayan cəsarətli bir addım olduğunu bildirmişdir. Daha sonra, qeyd olunmuşdur ki, məhz ulu öndərimiz yenidən hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmiş, qanlı faciənin bütün dünyaya tanıdılması üçün çox iş görülmüşdür. Məruzədə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə diqqət və qayğının artırılması sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyi və 20 Yanvarın Azərbaycan tarixinə milli azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizənin zirvəsi kimi daxil olduğu xüsusi vurğulanmışdır.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş “Azadlığa gedən yollar” filmi nümayiş etdirilmiş, ədəbi-bədii kompozisiyalar göstərilmişdir.
20 Yanvar faciəsinin on doqquzuncu ildönümü ilə bağlı rayonun bütün yaşayış məntəqələrində, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında anma mərasimləri, foto və rəsm sərgiləri təşkil olunmuş, məktəblər arasında inşa müsabiqələri keçirilmişdir. Rayon Olimpiya idman kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş yeniyetmələr arasında cüdo üzə rayon birinciliyi keçirilmişdir.
Rayondakı bütün şəhid ailələrinə yardımlar göstərilmiş, ehsan süfrəsi təşkil olunmuş və şəhidlərin ruhuna dualar oxunmuşdur.
Xalq qəzeti.- 2009.- 20 yanvar.- S. 7.