Qadir T.
Ötən il tarixə düşən mühüm
mədəni hadisələrlə zəngin oldu
2008-ci il ölkəmizin
ictimai-siyasi həyatında bir sıra mühüm və
əhəmiyyətli hadisələr ilə yadda qaldı.
Bütün sferalarda olduğu kimi, Azərbaycan mədəniyyətində
də bir sıra maraqlı layihələr həyata
keçirildi. Biz də öz növbəmizdə geridə
qoyduğumuz bir il ərzində dünyanın qədim
xalqlarından olan Azərbaycan xalqının
maddi-mədəniyyət abidələri, zəngin
incəsənəti və musiqi sahəsində baş
verənlərə bütövlükdə olmasa belə,
qısaca nəzər salmağa qərar verdik.
Mədəniyyətlərarası
dialoq...
Ötən il ölkəmizin
mədəni həyatında baş verən ən
mühüm və yaddaqalan hadisələrdən biri Bakıda
“Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi” mövzusunda ikigünlük
beynəlxalq forumun keçirilməsi oldu. Heydər Əliyev
Fondunun təşəbbüsü, YUNESKO-nun və
İSESKO-nun dəstəyi ilə “Gülüstan” sarayında
reallaşan forumda dünyanın müxtəlif
ölkələrindən 300-dən artıq
nümayəndə, həmçinin, bir neçə
ölkənin birinci xanımları, İSESKO-nun baş
direktoru, YUNESKO-nun xoşməramlı səfirləri
iştirak edirdilər.
2008-ci ildə bu sferada reallaşan
növbəti mühüm hadisələrdən biri yenə
də “Gülüstan” sarayında Azərbaycan Prezidenti
İlham Əliyevin də
iştirakı ilə baş tutan Avropa Şurasına üzv
dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası
dialoq Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün əsasıdır”
mövzusunda ikigünlük konfrans oldu.
Ötən il respublika daxilində
həyata keçirilən elmi və mədəni
mövzuları əhatə edən layihələr,
tədbirlərdən başqa, ölkə hüdudlarından
kənarda da Azərbaycan mədəniyyətinin,
ümumiyyətlə, Azərbaycan xalqının
milli-mənəvi dəyərlərinin təbliğinə
xidmət edən tədbirlər də reallaşdı.
Məsələn, 2008-ci ilin noyabr ayının 7-də Paris
şəhərində Fransa Dövlət Şərq
Dilləri və Mədəniyyətləri İnstitutunda
(İNALCO) Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan dili
fakültəsinin açılışı oldu. Qeyd edək
ki, Fransa Dövlət Şərq Dilləri və
Mədəniyyətləri İnstitutunda Mərkəzi və
Şərqi Avropa, Asiya, Sakit okean hövzəsi, Afrika və
Amerikanın aborigen xalqlarının dilləri, həmin ərazilərdəki
ölkələrin coğrafiyası, tarixi, siyasi, iqtisadi
və ictimai həyatı tədris olunur. Hazırda 11 mindən çox
tələbənin təhsil aldığı institutda,
bütün qitələri əhatə edən 90 dil tədris
olunur. Tədris olunan fənlərin sayı 1500-ə çatır.
Azərbaycan dili isə institutun Avrasiya departamentinə daxildir.
İNALCO-da Azərbaycan dili 1999-cu ildən etibarən fakültativ
(könüllü) fənn kimi tədris olunur.
Həmin vaxt Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva Azərbaycan dili
fakültəsinin açılışından öncə
institutun rektoru Jak Löqranla görüşərək ali
təhsil ocağında Azərbaycan dili fakültəsinin
açılmasını mühüm hadisə kimi
qiymətləndirmişdi. Bunu Fransa ilə Azərbaycan
arasındakı mədəni və humanitar
əməkdaşlığın bariz nümunəsi, o
cümlədən, təhsil sahəsində
əlaqələrin inkişafına yönələn tarixi
addım hesab etmişdi. Mərasimdə çıxış
edən Mehriban xanım Əliyeva Azərbaycan dilinə və
mədəniyyətinə göstərilən diqqətə
görə təşəkkür nitqində demişdi:
“Dünyada başqa belə bir institut yoxdur ki, orada 90 dil
tədris olunsun. Mən fəxr edirəm ki, zəngin
ənənələrə malik bu ali təhsil ocağında
Azərbaycan dili fakültəsi açılır”.
Musiqi ruhun qidasıdır...
Zəngin mədəni irsə malik
olan Azərbaycan, həmçinin, sehrkar musiqi diyarı kimi
də tanınır. Dünya musiqi mədəniyyəti
xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən
Azərbaycan musiqisinin çoxəsrlik ənənələri
var. Azərbaycan milli musiqisinin təməl daşını,
onun bünövrəsini isə muğamlar təşkil edir.
Təsadüfi deyildir ki, 2003-cü ildə BMT-nin
ixtisaslaşmış olan təşkilatı YUNESKO Azərbaycan
muğamını bəşəriyyətin mədəni irs
siyahısına daxil edib.
Ötən ilin ilk ayının
25-də Dövlət Akademik Opera və Balet Teatrında
dövlət və hökumət
nümayəndələrinin, xarici ölkələrin
Azərbaycandakı səfirliklərinin, tanınmış
sənət adamlarının iştirakilə dünya
şöhrətli bəstəkar Üzeyir Hacıbəyovun
“Leyli və Məcnun” operasının 100 illik yubileyi
təntənəli şəkildə qeyd olundu. Teatrın
foyesində ölməz sənətkarın həyat və
yaradıcılığını əks etdirən
fotosərgi də təşkil olundu. Yubiley gecəsində
nümayiş etdirilən videofilmdə müasir Azərbaycan
professional musiqi sənətinin və milli operasının
banisi olan Üzeyir Hacıbəyovun ömür yolu və
müxtəlif illərdə “Leyli və Məcnun” operasına
səhnə həyatı verən ölməz
sənətkarlarımızın ifaları öz əksini
tapdı. Gecədə üç pərdəli, altı
şəkilli “Leyli və Məcnun” operası yeni quruluşda
nümayiş olundu.
Keçən il aprel ayının
11-də isə Heydər Əliyev Fondunda Azərbaycanın
musiqi mədəniyyəti tarixində xüsusi yeri olan xalq
artisti, bəstəkar, pianoçu Rafiq Babayevin
yaradıcılığını əhatə edən musiqi
albomunun təqdimatı keçirildi. Fondun
hazırladığı albom həm də Ermənistanın
xüsusi xidmət orqanlarının əli ilə 1994-cü
il martın 19-da Bakı metrosunda törədilmiş terror
aktının qurbanı olan Rafiq Babayevin simasında erməni
təcavüzü və terroru nəticəsində həlak
olan bütün insanların xatirəsinə həsr edildi.
Xatırladaq ki, MDB ölkələrinin və
Azərbaycanın dövlət arxivlərindən toplanan
materiallar əsasında hazırlanan alboma Rafiq Babayevin
həyat və yaradıcılığından bəhs
edən və yüksək poliqrafik səviyyədə buraxılan
kitab, nadir videoyazılar olan 2 DVD və onun
əsərlərindən ibarət 8 CD daxildir.
Mərasimdə
çıxış edən layihənin
təşəbbüsçüsü, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva Rafiq Babayevi XX əsrin 60-70-ci
illərində musiqi aləminə yeni nəfəs, fərqli
baxış gətirən sənətkar kimi
tanındığını demişdi. Onu, milli musiqi köklərinə
bağlı olaraq, Qərb və Şərq musiqi
ənənələrinin sintezinin, muğam və xalq
melodiyalarının caz ritmləri ilə
birləşdirilməsinin əsasını qoymuş musiqi
novatorlarından biri hesab etmişdi: “Onun sənət
axtarışları ömrünün sonuna qədər
tükənməmişdi və yaradıcılığının
hər bir mərhələsində yeni səhifə
açmağa, özünü yeni səpkidə
göstərməyə imkan vermişdi. Kim bilir, bəlkə böyük,
əsil istedada malik olan bu insan ömrünün o qədər
də uzun olmayacağını hiss edirdi. Ona görə
yaşamağa, yaratmağa, işləməyə
tələsirdi. Daim yeniliklər axtarışında idi,
öz zamanını qabaqlayırdı və biz bu gün
deyə bilərik ki, o, gələcək üçün
yaradır, gələcək üçün işləyirdi.
Çox təəssüf ki, belə bir insanın yarı
yolda kəsilən ömrü onun bir çox arzularını
ürəyində qoydu”.
Ötən il bu qəbildən olan
növbəti mühüm mədəni hadisə sentyabrın
17-də yenə də “Gülüstan” sarayında baş
tutdu. Bu dəfə sarayda Heydər Əliyev Fondunun “Üzeyir
dünyası” və “Azərbaycan muğamı
ensiklopediyası” layihələrinə təqdimat
keçirildi. Xatırladaq ki, Azərbaycanın musiqi mədəniyyəti
tarixində xüsusi yeri olan, müasir Azərbaycan professional
musiqi sənətinin və milli operanın banisi Üzeyir
Hacıbəyliyə həsr olunan “Üzeyir dünyası”
layihəsinə “Ömür salnaməsi”, “Üzeyir
Hacibəyli ensiklopediyası”, “Bədii və publisistik
əsərləri” kitabları, “Leyli və Məcnun”,
“Koroğlu”, “O olmasın, bu olsun” operaları və musiqili
komediyalarının klavir, libretto və CD-ləri daxildir.
Muğama ucaldılan abidə
Muğam sənəti
Azərbaycanın professional musiqi mədəniyyətinin
şifahi irsinin mühüm qismini təşkil etməklə,
Azərbaycan xalqının mədəni
ənənələrində və tarixində dərin
köklərə malikdir. Bu mədəni ənənənin
Azərbaycanda köklərinin olması ölkədə onun
daşıyıcılarının sayı,
bəstəkarlarının, rəssamlarının,
heykəltəraşlarının və şairlərinin tükənməz
ilham mənbəyi olan milli mədəniyyətdə
mühüm rolu ilə təsdiqlənir.
Ötən ilin fevralında
Azərbaycan Dövlət Opera və Balet Teatrında
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun
layihəsi əsasında və Heydər Əliyev Fondunun
dəstəyilə “Azərbaycan Televiziya və Radio Verilişləri”
Qapalı Səhmdar Cəmiyyətinin keçirdiyi və
üç aydan çox davam edən “Muğam televiziya
müsabiqəsi-2007” qaliblərinin qala-konserti baş tutdu.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva da iştirak edirdi. Konsertdən
sonra Azərbaycan Prezidenti İlham Əliyev səhnə
arxasında gənc ifaçılarla
görüşərək, onları təbrik etdi:
“Üç ay ərzində Azərbaycan xalqı bu müsabiqəyə
baxırdı, onu izləyirdi və siz çox gərgin
mübarizə şəraitində ən qabaqcıl yerləri
tuta bilmisiniz. Bu, böyük nailiyyətdir. Bu
münasibətlə sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, siz gələcəkdə də öz
istedadınızla Azərbaycan xalqını
sevindirəcək, peşəkarlıq səviyyənizi daha da
yüksəklərə qaldıracaqsınız”.
Ötən ilin sonlarında,
xalqımızın qədim mədəni irsinin ölməz
nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi
təməl üzərində təşəkkül
tapmasında əvəzsiz rol oynayan muğama
möhtəşəm abidə ucaldıldı. Dekabrın
27-də Bakıda, dənizkənarı Milli Parkda Beynəlxalq
Muğam Mərkəzinin açılışı
reallaşdı. Heydər Əliyev Fondunun milli-mənəvi
dəyərlərimizin qorunması və dünyada geniş
təbliğilə bağlı
reallaşdırdığı möhtəşəm
layihələr sırasında xüsusi əhəmiyyəti
olan bu mərkəzin inşası fondun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə həyata keçirildi.
Mərasimdə iştirak edən
dövlət başçısı İlham Əliyev
nitqində Azərbaycanın uğurla inkişaf etdiyini bir daha
vurğulayaraq diqqətə çatdırdı ki, “bizim
çox zəngin, böyük mədəni irsimiz var. Biz
öz inkişafımızı milli əsaslar üzərində
qururuq və eyni zamanda, irəliyə gedirik, müasirliyə,
tərəqqiyə doğru gedirik”.
Qeyd edək ki, 2005-ci ilin avqustunda
Prezident İlham Əliyevin və ölkəmizin birinci
xanımı Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru
Koişiro Matsuuranın iştirakı ilə təməli
qoyulan Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5
min kvadratmetr olan üçmərtəbəli binadan
ibarətdir. Binanın forması Azərbaycanın qədim
musiqi alətlərindən olan tarın hissələrini
xatırladır.
Xalq sənətinin bütün
qolları inkişaf etdirilir
Azərbaycan qədim zamanlardan
bəri xalq sənətinin bir qolu olan memarlıq
əsərlərilə yanaşı, təsviri və
tətbiqi sənət əsərlərilə də zəngin
inkişaf yolu keçib. Bu gün dövlət siyasətinin
tərkib hissəsi olan zəngin milli ənənələrin
qorunub saxlanılması və inkişafı yönündə
mühüm işlər həyata keçirilməkdədir.
Buna bariz nümunə ola biləcək hadisələrdən
bir neçəsini diqqətə çatdırmaqla kifayətlənəcəyik.
Ötən ilin may ayının 15-də dənizkənarı
Milli Parkın ərazisində Azərbaycan Prezidenti İlham
Əliyevin iştirakı ilə Lətif Kərimov adına
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyi binasının təməlqoyma mərasimi
reallaşdı. Xatırladaq ki, Heydər Əliyev Fondunun
təşəbbüsü və YUNESKO-nun dəstəyi
ilə inşa olunacaq ümumi sahəsi 18 min 446 kvadratmetr
olacaq üçmərtəbəli bina bir növ
bükülü xalçanı xatırladacaq.
Açılış mərasmində Azərbaycan Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva,
YUNESKO-nun baş direktoru Koişiro Matsuura, YUNESKO-nun
xoşməramlı səfirləri-İordaniya
şahzadəsi xanım Ferialı və İslandiyanın
sabiq prezidenti xanım Viqdos Finnboqadottir də iştirak
etmişdi.
Ötən ilin oktyabr ayının
10-da isə Azərbaycan Prezidenti İlham Əliyev və
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın iştirakı ilə paytaxt yaxınlığında
yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin
açılış mərasimi oldu. Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən yeni layihə
Azərbaycanın tarixi keçmişinin qorunub saxlanması
ilə yanaşı, ölkəmizin turizm
mərkəzlərindən birinə çevrilməsinə
də xidmət edəcək.
Yeni Azərbaycan.- 2009.- 10 yanvar.-
S.11.