Mədəni irs bəşəriyyətin malıdır

 

Halit Eren: «Dağıdılan, məhv edilən hər bir nümunə İslam

dünyasının və ümumilikdə bəşəriyyətin itkisidir»

 

Müasir dövrdə müsəlman ölkələrini birləşdirən ən nüfuzlu beynəlxalq qurum İslam Konfransı Təşkilatıdır (İKT). Beynəlxalq aləmdə bu təşkilatı bəzən “müsəlman dünyasının BMT-si” də adlandırırlar. 1969-cu ilin sentyabrında müsəlman ölkələrinin dövlət və hökumət başçılarının Rabatda (Mərakeş) keçirilmiş konfransında təsis edilən və o vaxtdan dünya siyasətində xüsusi yet tutmağa başlayan bu dini birlik zəminli təşkilatın əsas məqsədi üzv dövlətlər arasında islami həmrəyliyi möhkəmləndirmək, elm, mədəniyyət, sosial-iqtisadi və digər mühüm sahələrdə əməkdaşlığa tərəfdar çıxmaqdır. Qurumun əsas prinsiplərindən biri də irqi ayrı-seçkiliyin, müstəmləkəçiliyin bütün formalarının ləğv olunmasına səy göstərmək, işğal olunmuş ərazilərin azad edilməsi və toxunulmazlığının təmininə nail olmaq, İslam xalqlarının istiqlaliyyət uğrundakı mübarizəsinə yardım etmək, üzv dövlətlərin digər ölkələrlə əməkdaşlığı üçün hər cür şərait yaratmaqdan ibarətdir.

 

Hazırda 57 müsəlman ölkəsini birləşdirən bu nüfuzlu qurumun üzv dövlətlərindən biri də Azərbaycandır.

Qeyd edək ki, keçmiş Sovet İttifaqının müsəlman respublikaları arasında Azərbaycan birinci olaraq İKT-yə üzv qəbul olunub. Bu hadisədən bir neçə ay sonra - 1992-ci ilin mart ayında İKT-nin baş katibi Həmid əl-Qabidin müavini Məhəmməd Möhsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakıya gəlişi həmin təşkilatla Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına start verdi.

Sonrakı illərdə İslam Konfransı Təşkilatının müxtəlif səviyyəli tədbirlərində fəal surətdə iştirak edən Azərbaycan dövləti digər sahələrlə yanaşı, mədəni əməkdaşlıq üzrə tədbirlərin həyata keçirilməsində də maraqlı idi. İKT həm də İslam mədəniyyəti və sivilizasiyasını qoruyan, mühafizə edən və bu sahədə əməli tədbirləri reallaşdıran təşkilatdır. Qurumun birinci konfransında qəbul olunmuş bəyannamədə, məhz bu cəhətə xüsusi diqqət yetirilir. «İslamın iqtisadi və mənəvi birlik əlaqələrini möhkəmləndirmək, onların azadlığını və ümumi mədəniyyət irsini müdafiə etmək əzmi» kimi açıqlanır.

Mədəniyyət sahəsi İKT-də mədəniyyət şöbəsi, informasiya və mədəni işlər, elmi və texniki əməkdaşlıq üzrə daimi komitələr  vasitəsilə həyata keçirilir.

Təşkilat daxilində mədəniyyət üzrə işlərə «İqtisadi, mədəni və sosial işlər komitəsi» və «İslam tarixi, incəsənət və mədəniyyəti araşdırma mərkəzi» nəzarət edir.

İKT-nin mütəxəssis qurumları arasında «İslam elm, tədris və mədəniyyət təşkilatı» və  İRSİKA adı altında fəaliyyət göstərən «Beynəlxalq İslam mədəni irsini qoruma komissiyası» da var.

Mərkəzi İstanbulda yerləşən və 1979-cu ildə yaradılan təşkilat, dolayısıyla, İKT-də ən köhnə mədəniyyət qurumudur.

1980-ci ildən aktiv fəaliyyətə başlayan İRSİKA-nın ilk rəhbəri İslam Konfransı Təşkilatının hazırkı baş direktoru, professor İkmaləddin İhsanoğlu olub. O, 1980-ci ildən 2004-cü ilin sonunadək təşkilata rəhbərlik edib. Hazırda bu postda onu doktor Halit Eren əvəz edir. Onunla eksklüziv müsahibəmizə qurumun ölkəmizlə bağlı gördüyü işlərdən başladıq.

 

- Bu dövr ərzində təşkilatla  Azərbaycan arasında əlaqələr sahəsində mühüm irəliləyişlər əldə edilib. Belə ki, 1998-ci ilin fevralında Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin müvafiq sərəncamına uyğun olaraq Bakıda İKT çərçivəsində «İslam sivilizasiyası Qafqazda» adlı beynəlxalq simpozium keçirilib. Azərbaycan İslam dünyasının bir parçası olduğundan, onun mədəniyyətində ərəb, İslam ünsürləri daha qabarıq gözə çarpır. Ona görə də İslam sivilizasiyasının Qafqazda yayılması ilk növbədə Azərbaycanla bağlı olduğundan belə bir tədbirin burada reallaşması çox məqsədəuyğun idi. Simpozium üç bölmədə: «Qafqazda islam sivilizasiyasının təşəkkülü», «Qafqaz İslam maddi-mədəniyyət abidələri», «İslam sivilizasiyası və müasirlik» mövzuları altında keçirildi.

Qeyd edim ki, bu tədbir  bölgəsəl olaraq keçirilir. Məsələn, Balkanlarda, Şərqi, Qərbi və Cənubi Afrikada, Güney, Güney-doğu Qafqazda, Volqa-Ural bölgəsində İslam mədəniyyəti konqresləri davam edir.

İndi Qafqazda İslam mədəniyyəti konqresinin II dəfə gerçəkləşməsinə hazırlaşırıq. Artıq ölkənizin Milli Elmlər Akademiyası, eləcə də mövzu ilə bağlı digər elmi və akademik qurumlarla danışıqlar aparırıq.

Ümumilikdə son 28 il ərzində  İslam dünyası ilə bağlı 110 kitab nəşr edib yaymışıq. Eləcə də 60-dan artıq millətlərarası konqres və beynəlxalq yarışmalar keçirmişik. 

Burada məqsəd İslam mədəniyyəti və onun formalaşdığı bölgələri kompleks şəkildə təqdim etməkdir. Çalışırıq ki, hər bir türk-islam ölkəsindəki dini dəyərlərə malik  tarix və mədəniyyət əsərlərini ortaya çıxarmaqla dünyaya tanıdaq. Dünya bilməlidir ki, İslam dini böyük elm, təhsil, mədəniyyət, mənəviyyat, bərabərhüquqluluq dinidir.

 

- Cənab Eren, qurumunuz memarlıq sənəti tarixi,  əl sənətləri, yazı əsərləri və ədəbiyyat fonunda  ümumilikdə İslam mədəniyyətinə aid nümunələrin küll halında təqdimində maraqlıdır. Bəs İslam dini və mədəniyyəti ilə bağlı  yeni elmi araşdırmaların aparılması və  aşkara çıxarılmış faktlarla bağlı monoqrafiyaların hazırlanması, çapı sahəsində hər hansı iş görülürmü?

 

- Təbii, İslam mədəniyyəti  ilə yanaşı, qədim tariximizlə bağlı konqreslərimiz də var. Müxtəlif dövrlərə həsr olunan bu tədbirlərdə isə ümumilikdə türk dünyası, İslam mədəniyyəti tarixinin daha dərindən öyrənilməsinə, tədqiqi və təbliğinə əsaslanırıq.

Bundan başqa, bizim əl sənətləri ilə bağlı konqreslərimiz də var. Təxminən 2 ay öncə Tunisdə «Memarlıqda əl sənətlərinin tətbiqi» konqresi keçirildi. Tədbirdə bütün dünyadan mütəxəssislər iştirak edirdi. Tədbirdən sonra çox maraqlı və zəngin bir sərgi də təşkil olunmuşdu. Burada sizin müəllifləriniz də var idi. Biz təcrübələrin öyrənilməsi və yeni axtarışların təməlinin qoyulması üçün bu tip tədbirlərdə maraqlıyıq.

Mütəmadi olaraq kalliqrafiya - xətt yarışmaları da təşkil edirik. Dünyanın bütün xəttatlarını bir araya toplayaraq onların ən qabiliyyətlilərini mükafatlandırırıq.  Bu müstəvidə hər qalibə təxminən 100 min dollar civarında ödül verilir.

Mərkəzimizin mədəniyyətlərarası dialoqla əlaqəli çalışmaları da oldu. Bu yaxınlarda «İslam mədəniyyətinin dünya mədəniyyətinə qatqısı» mövzusunda böyük konqres gerçəkləşdirdik.

Burada hər ölkənin ən tanınmış akademikləri, elmi araşdırmaçıları İslam mədəniyyətinin dünya mədəniyyətinə qatqısı barədə olduqca maraqlı məruzələr etdilər.

 

- Qurum olaraq İslam dünyasına aid maddi-mənəvi dəyərlərin mühafizəsi və bu barədə bilgilərin dünya ictimaiyyətinə çatdırılmasına da məsulsunuz. Bu mənada dünyada baş verən münaqişələr, savaşlar nəticəsində məhv olan İslam mədəniyyəti nümunələri barədə nə işlər görürsünüz?

 

- Belə faktlar bizi daha çox narahat edir və bu istiqamətdə işimizi çətinləşdirir. Çünki dağıdılan, məhv edilən hər bir nümunə İslam dünyasının və ümumilikdə bəşəriyyətin itkisidir. Ona görə də bizim əsas layihələrimizdən biri də «İslam mədəni mirası-məlumat bankı»dır. Burada təşkilata üzv ölkələrin hamısının ərazisindəki memarlıq əsərləri - tarixi məscidlər, qalalar, körpülər və s. barədə ətraflı  məlumatlar toplanır.

Məlumat üçün bildirim ki, yaxın dönəmdə bu bölgədəki mədəni miras və memarlıqla əlaqəli bir layihə gerçəkləşdirəcəyik. «Qarabağda təhrif olunan İslam əsərləri» adlı layihədə bu ağrılı nüansla yanaşı, ölkənin mədəniyyəti və memarlığı elmi əsaslarla geniş auditoriyaya təqdim olunacaq.

 

- Dağıdılan İslam mədəniyyəti nümunələrinin bərpası və qorunmasından danışdınız. Bildiyiniz kimi, qonşu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızdakı əksər mədəniyyət abidələrimiz ya dağıdılıb, ya da təhrif olunub. Diqqətinizi yönəltmək istədiyim bu problemlə bağlı nə kimi iş görmüsünüz?

 

- Bununla bağlı etmək istədiklərimiz çoxdur; oradakı mədəniyyət nümunələrini, Azərbaycan xalqına məxsus maddi irsi təsbit və bunlarla bağlı elmi kitab nəşr etmək. Biz həmin abidələrin fotolarını və məlumatları əyani vasitələrlə dünyaya çatdırmaq fikrindəyik.

Bu mövzuda konqres də keçirmək, alimlərin, elmi araşdırmaçıların fikirlərini öyrənmək niyyətindəyik.

Təəssüf ki, bu gün Qarabağda abidələrin kütləvi surətdə erməniləşdirilməsi prosesi gedir. Bu, bütünlükdə türk dünyasına qarşı yönələn mənfur addım, çox ağrılı bir məsələdir. Təbii, bu heç bir zaman qəbul oluna bilməz və biz İslam Konfransı Təşkilatı və İRSİKA olaraq bu faktları qətiyyətlə pisləyirik.

 

- İslam dünyası mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun tərəfdarıdır. Bunu ötən ilin sonlarında Bakıda gerçəkləşən konfransda bir daha göstərdik. Necə düşünürsüz, bu kimi toplantılar arzuolunan nəticəni verəcəkmi?

 

- Mədəniyyətlər savaşını Qərb, dialoqu isə biz-İslam dünyası başladı. Sovetlər birliyi dağıldıqdan sonra Qərb özünə yeni düşmən axtarmağa başladı və İslam dünyasını hədəfə aldı.

Biz isə sahib olduğumuz yüksək mənəvi dəyərləri, böyük mədəniyyəti təqdim etməyə, dünyanı sülhə səsləməyə çalışdıq. Artıq Qərb də yanlışlarını anlayır. Düşünürəm ki, müəyyən müsbət nəticə hasil olacaq. Digər tərəfdən, biz mədəniyyətimizi inteqrasiya etməklə tanıtmalı, dünyaya yüksək bilgilərlə çıxmalıyıq.

 

Mədəniyyət.- 2009.- 29 yanvar.- S. 3.