Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakının Sabunçu, Nizami və Nərimanov rayonlarında bir sıra obyektlərin açılışında olmuşdur
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində Bakının Sabunçu, Nizami və Nərimanov rayonlarında bir neçə obyektin açılışında iştirak etmişdir.
Fondun prezidenti əvvəlcə Maştağa qəsəbəsindəki "Təbəssüm" uşaq sanatoriyasına gəldi. Mehriban xanım Əliyeva sanatoriyanın açılışını bildirən rəmzi qırmızı lenti kəsdi, foyedə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydu.
"Sanatoriyamızın dünəni və bu günü" stendi ilə tanış olan Mehriban xanıma məlumat verildi ki, əsaslı yenidənqurmadan sonra istifadəyə verilən uşaq sanatoriyasının binası 1936-cı ildə inşa olunmuşdu. 1989-cu ildə yeni binaya köçürülsə də, son illərdə hər 3 korpusda əsaslı təmirə və yenidənqurmaya ehtiyac var idi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2007-ci ildə sanatoriyada başlanan təmir və yenidənqurma işləri artıq başa çatdırılmış, bütün korpuslar, o cümlədən kabinetlər, müalicə otaqları müasir üslubda əsaslı təmir olunmuş, qapı və pəncərələr, döşəmə, dam örtüyü, sanitariya qovşaqları təzələnmiş, müasir tipli qazanxana tikilib istifadəyə verilmiş, 110 kVt gücündə generator quraşdırılmışdır. Həyətyanı sahədə yaşıllaşdırma və abadlıq işləri aparılmış, istirahət üçün kölgəliklər quraşdırılmış, uşaqların əylənməsi üçün attraksionlar qoyulmuşdur. Hazırda sanatoriyada müalicə bədən tərbiyəsi, idman, musiqi salonları, manipulyasiya, fizioterapiya, ordinator, elektrokardioqram və masaj otaqları, laboratoriya, yaradıcılıq studiyası fəaliyyət göstərir.
225 çarpayılıq tibb ocağı qastroenteroloji və pulmolonoji profillidir. Sanatoriya poliklinikalardan göndərişlə yaş yarımdan 7 yaşınadək uşaqları qəbul edir. Həmin göndəriş əsasında uşaqlar burada 2 ay pulsuz müalicə olunur və sağlamlıqlarını bərpa edirlər. Hazırda sanatoriyada 56 uşaq müalicəsini davam etdirir, onlara 8 həkim, 45 tibb bacısı, 14 tərbiyəçi müəllim xidmət göstərir.
Heydər Əliyev Fondunun prezidenti idman zalında balacaların bədən tərbiyəsi ilə məşğul olduqlarını müşahidə etdi.
Sanatoriyadakı uşaqlar ölkənin birinci xanımını onlara məxsus səmimiyyətlə qarşıladılar.
Balacaların əhatəsində olan Mehriban xanım onlarla şirin söhbət etdi.
Yaradıcılıq studiyasında uşaqların ifasında mahnıya maraqla qulaq asan Heydər Əliyev Fondunun prezidenti onlara tezliklə sağalmağı, vətənimizin layiqli övladları kimi böyüməyi arzuladı.
Ölkənin birinci xanımı uşaqların yataq otaqlarına da baxdı. Sanatoriyada gözəl yeməkxana və geniş mətbəx də tikilmişdir.
Azərbaycanın birinci xanımı uşaq sanatoriyasında yaradılmış şəraitdən məmnun qaldı. Bu müəssisənin uğurla fəaliyyət göstərəcəyinə əminliyini bildirdi.
Sonra Nizami rayonundakı 1 nömrəli uşaq evinə gələn Mehriban xanım Əliyeva ulu öndər Heydər Əliyevin foyedəki büstü önünə gül dəstəsi qoydu, burada görülmüş işlərlə tanış oldu.
Uşaqların asudə vaxtını səmərəli təşkil etmək məqsədi ilə binada əlavə mərtəbə tikilmişdir. Bundan başqa, əsaslı təmir işləri aparılmış, yeni avadanlıq alınmış, istilik sistemi istifadəyə verilmişdir. Yeni inşa olunmuş mərtəbədə kompüter, tikiş, toxuculuq, rəssamlıq otaqları, yaradıcılıq studiyası fəaliyyət göstərir.
Studiyada Mehriban xanıma uşaqların toxuduğu xalça hədiyyə olundu. Hədiyyələrə görə təşəkkürünü bildirən Mehriban xanım uşaqlara yeni yaradıcılıq uğurları arzuladı.
Həyətdə aparılmış yaşıllaşdırma və abadlıq işləri ilə tanış olan Mehriban xanım Heydər Əliyev Fondunun hədiyyəsi olan "Hyundai" markalı avtobusun açarlarını uşaq evinin direktoruna təqdim etdi, uşaqlarla xatirə şəkli çəkdirdi.
Sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün inşa edilmiş 50 mənzillik, 100 nəfərlik yaşayış binasının açılışı oldu. Mehriban xanım Əliyeva rəmzi qırmızı lenti kəsdikdən sonra binadakı otaqlarda yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, bu binanın istifadəyə verilməsi çoxdan bəri ictimai narahatlığa səbəb olan ciddi bir problemin həllinə yönəlmişdir. Əvvəllər uşaq evlərini tərk edən qızlar taleyin hökmünə buraxıldığından onların sonrakı həyatını izləmək bir çox hallarda mümkün deyildi. Yeni yaşayış binası bu problemin həllinə xidmət edəcəkdir. Gənclərin təhlükəsizliyi də unudulmamış, burada müşahidə kameraları qoyulmuşdur.
Binadakı bütün mənzillər müvafiq mebel, televizor, paltaryuyan maşın və digər məişət avadanlığı ilə təmin olunmuşdur.
* * *
Fondun prezidenti həmin gün Nərimanov rayonundakı 38 nömrəli musiqi məktəbinin açılışında da iştirak etdi.
Rəmzi qırmızı lenti kəsdikdən sonra Mehriban xanım Əliyevaya məlumat verildi ki, 30 ilə yaxındır bu məktəbdə kor və zəif görən uşaqlar fortepiano, kamança, nağara və xanəndəlik kurslarında təhsil alırlar.
2008-ci ilin avqust ayında musiqi məktəbində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir işlərinə başlanmış, bir neçə yeni sinif otağı inşa olunmuş, istilik, qaz, su və işıq sistemləri təzələnmişdir. Musiqi məktəbi fond tərəfindən yeni musiqi alətləri və avadanlıqla təmin olunmuşdur. Hazırda 14 sinif otağı olan musiqi məktəbində 50 müəllim 200-dək uşağa musiqi sənətinin incəliklərini öyrədir.
Mehriban xanım bildirdi ki, Heydər Əliyev Fondu bu qəbildən olan uşaqlar üçün nəzərdə tutulan layihələrə xüsusi diqqət yetirir. "Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması layihəsi"ni həyata keçirir. Həmin layihə çərçivəsində Gəncədə xüsusi məktəb tikiləcəkdir. İndi Azərbaycan uşaqlarının ən müasir texnologiyalara yiyələnmələri üçün dünyanın hər yerindən avadanlıq gətirilir.
Məktəbin nağaraçalanlar qrupunun ifasında milli ritmləri, fortepiano sinfində uşaqların səsləndirdikləri musiqi parçalarını maraqla dinləyən Mehriban xanım buradakı uşaqların xüsusi istedada malik olduğunu bildirdi və beynəlxalq festivallarda onların iştirakının təmin edilməsi üçün müvafiq tövsiyələrini verdi.
Məktəbin
şagirdləri göstərilən
qayğı və diqqətə görə Mehriban xanıma minnətdarlıqlarını bildirdilər.
Azərbaycan.- 2009.- 23 yanvar.- S. 2.