Məmmədov V.
Xoşməramlı səfir
Dünyaya saçılan şəfəq
Dünya dövlətləri
tarixində “birinci xanım” institutunun yaranması XX əsrin
ortalarına təsadüf edir. Azərbaycanda bu institutun
2003-cü ilin oktyabrından sonra cənab İlham Əliyevin
Prezidentliyi dövründə formalaşması və bu
şərəfin ilk dəfə YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın üzərinə düşməsi
hər şeyə qadir uca Yaradanın qismətidir.
Bu düşüncələr
məni xalqımızın mənəviyyatını,
mədəniyyətini, incəsənətini,
adət-ənənələrini yüksək
səviyyədə qoruyan və təbliğ edən
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
haqqında bu məqaləni yazmağa vadar etdi.
Düşünürəm ki,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məcilisin deputatı və Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın qısa bir
müddətdə — 5-6 il ərzində geniş miqyaslı
fəaliyyəti Azərbaycan tarixində fəxr
ediləcək hansı böyük, şərəfli
qadın şəxsiyyətlərimizlə müqayisə
edilə bilər? Və ümumiyyətlə, hələ
bundan sonra xalq üçün, Vətən üçün
Mehriban xanımın görəcəyi işlərin tarixi
əhəmiyyətini təsəvvür etmədən bu
müqayisə nə dərəcədə doğrudur? Amma
mən yenə də daxilən bu tarixi müqayisələri
aparmağa ehtiyac duydum.
Dünya tarixinin və
mədəniyyətinin ən möhtəşəm
ədəbi abidələrindən biri olan “Dədə Qorqud”
dastanındakı hökmdar Qazan xanın xanımı Burla
xatunlamı? Burla xatunun bir hökmdar qadını və
ölkənin məleykəsi olaraq böyüklüyü və
şərəfi, mənəvi qəhrəmanlığı
düşmən hökmdarının bütün
hiylələrini alt-üst edir...
Azərbaycanın XII əsr
məşhur şairəsi Məhsəti xanım
Gəncəvi iləmi? Məhsəti xanım Azərbaycan
və Şərq şeir xəzinəsinə rübai
üslubunda qiymətli incilər bəxş etmişdir.
Mehriban xanım isə, ümumilikdə çox qədim
və bugünkü Azərbaycan mədəniyyətinin ən
nadir incilərini dünya xalqlarına və gələcək
nəsillərimizə çatdırmaq üçün
dünya mədəniyyətinin xəzinəsinə
qovuşdurur.
Mehriban xanımın
fəaliyyətini orta əsrlər tariximizdə Ağqoyunlu
hökmdarı Uzun Həsənin anası Sara xatunlamı
yanaşı qoyaq? Tarixdən bəlli olbuğu kimi, qardaş
qırğınlarının qarşısını almaq
üçün Sara xatun Osmanlı II Mehmet Fatehin hüzuruna
gedir. Orada Sara xatun Sultan II Mehmet Fateh tərəfindən
ağlına, cəsarətinə və müdrikliyinə
görə çox böyük ehtiramla qarşılanır.
Ağqoyunlu dövlətinin xarici siyasətinin
uğurlarında bu sahəyə rəhbərlik edən Sara
xatunun mahir diplomat kimi xidmətləri, şübhəsiz ki,
danılmazdır.
Mehriban xanım isə bu gün
Azərbaycanımızda elə böyük siyasi
tədbirlər həyata keçirir, elə qlobal
məsələlərlə məşğul olur ki, Avropa
və dünya miqyasında bunlar Azərbaycana siyasi imic
qazandırır...
Mehriban xanımı XIX əsr
Azərbaycan şairəsi Xurşudbanu Natəvanlamı
müqayisə edək? Xurşudbanu Natəvanın
fəaliyyəti və xeyriyyə işləri cənnətməkan
Şuşamızın miqyası ilə
ölçülürdü...
Yetmiş il ərzində Sovet
hakimiyyəti illərində Azərbaycanda ədəbiyyat,
mədəniyyət və incəsənət sahəsində
görkəmli qadın sənətkarlar yetişsə də,
onların fəaliyyət dairəsi müəyyən çərçivədən
kənara çıxmırdı. Bu fəaliyyət də
sırf subyektiv və tarixi obyektiv səbəblərlə
müşayiət olunurdu.
Mehriban xanım ulu öndər
1980-ci illərdə Moskvada nəhəng Sovetlər Birliyinin
rəhbərlərindən biri kimi fəaliyyət
göstərdiyi zamanlar Əliyevlər ocağına taleyin
qisməti ilə gəlin gəldi və ailənin bir
üzvünə çevrildi. Bəs yetmiş ildə
dünyaya meydan oxuyan, sonrakı dövrlərdə öz
hərbi qüdrətilə fövqəldövlətləri
belə lərzəyə salan bir imperiyanın
başçılarının — Stalinlərin,
Xruşşovların, Brejnevlərin, Andropovların,
Qorboçovların övladları, ailə üzvləri
öz xalqları üçün nə etdilər? Yəni
onlardan tarixdə bir iz qaldımı?
Amma Azərbaycanımızın
şərəfli övladı olan Mehriban xanım Əliyeva
qısa bir müddət ərzində xalqı
üçün nələr etməmişdir? Və bundan
sonra nələr edəcəyinə, bir şərəf
və ləyaqət nümunəsi olacağına kimlər
şübhə edə bilər ki?
Elə ondan başlayaraq ki, Mehriban
xanım bir millət vəkili, Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri kimi yalnız vəzifə borcunu yerinə yetirmir,
xalqın gələcəyini düşünür və
millətin başına gələ biləcək
təhlükələrdən onu qorumaq üçün
mənəvi xəzinələrin, dəyərlərin nə
qədər vacib olduğunu bilərək, nəsillərə
misilsiz ərmağan edir.
Tarixi-mədəni
abidələrimizin qorunmasında və
düşmənlərdən mühafizə edilməsində
Mehriban xanımın beş-altı ildə gördüyü
işləri Azərbaycanın heç bir
mədəniyyət xadimi 70-80 ildə görə
bilməmişdir. Məgər məkrli ermənilər
əvvəlki hakimiyyətlərin biganəliyi
üzündən bir çox musiqi əsərlərimizə,
tarixi, ədəbi və mədəni abidələrimizə
sahib çıxmamışlarmı? Məhz bu
səbəbdən Mehriban xanım Əliyeva həm Heydər
Əliyev Fondunun rəhbəri kimi, həm də YUNESKO-nun
xoşməramlı səfiri kimi zərif, amma
güclü,möhtəşəm qanadlarını
mədəniyyət və incəsənətimizin
üzərinə gərmişdir.
Bir baxın, ərazisinin 20 faizi
düşmən pəncəsində, bir milyondan çox
qaçqını, iyirmi min şəhidi, Heydər
Əliyevdən əvvəlki hakimiyyətlər dövründən
qalan saysız-hesabsız problemləri, dərdləri,
susdurulmuş vicdanları, söndürülmüş
ümidləri, öldürülmüş inamları olan,
hər tərəfdən qatı, məkrli, güclü
düşmənlərlə əhatə edilmiş bir
dövlətin millət vəkili, YUNESKO-nun
xoşməramlı səfiri milli dəyərlərimizi
qorumaq üçün nə qədər iş
görmüşdür. Elə bunu demək kifayətdir ki, bu
qədər böyük işlərin içində musiqi
mədəniyyətimizin şah əsəri olan muğam
sənətinin hərtərəfli inkişafında,
təbliğində dünya ictimaiyyətinə
çatdırılmasında şəxsən
özünün son dərəcə mühüm rol
oynaması Mehriban xanıma musiqi sənətimizin xilaskarı
adını qazandırmışdır.
Çünki Mehriban xanım bu
məsələdə yalnız Heydər Əliyev Fondunun
rəhbəri və YUNESKO-nun xoşməramlı səfiri
kimi deyil, bir ictimai xadim, dövlət adamı və bir filosof
kimi düşünür. Yüz illər, min illərdir ki,
imperiyalar, dövlətlər, ictimai quruluşlar, sivilizasiyalar
yaranır, inkişaf edir, dağılır, məhvə
məhkum olurlar. Bütün varlıq, kainat bu dialektik qanuna, dünyanın,
yaranışın bu əzəli gərdişinə
məhkumdur. Və dünyanın sonuna qədər bu proses
davam edəcək. Xalq üçün, millət
üçün əbədi qalacaq bir şey varsa da yalnız
tarix və mədəniyyətdir. Bir xalq güclü bir
mədəniyyətə sahibdirsə, o millətə qalib
gəlmək olmaz. Yəni son nəticə etibarı ilə
həmin milləti tarixdən silə bilməzsən.
Mənəvi gücü olmayan bir millət ümidsizliyə,
ümidsizlik isə ölümə məhkumdur. Ümidsizlik
ölməkdən də betər bir fəlakətdir. Bir
milləti diz çökdürmək üçün daxili
və xarici düşmənləri, ilk növbədə onun
mənəviyyatına, mədəniyyətinə, inam və
etiqadına, dilinə, adət-ənənələrinə
zərbə vururlar. Onları yox etmək üçün
yalnız dağıdıcı silahdan deyil, ən alçaq
vasitələrdən:
satqınlıqdan-xəyanətlərdən, məkr və
fitnə-fəsadlardan istifadə edirlər. Çünki
millətin mənəviyyatı aşılanmayınca,
yəni onun müqavimət gücü ölməyincə, onu
məhv edib tarixin səhnəsindən silmək
qeyri-mümkündür. Bir millət haqq-ədaləti,
şərəf və qəhrəmanlığı ruhunda
yaşatdıqca, “Vətən əsir olduqdan sonra həyat
nəyimə gərəkdir? ” və ya “azadlıq
zəncirə vurulsa, Vətən mənə zindan olar”
fəlsəfəsini özünün yaşam tərzinə
çevirdikcə, onu tarix səhnəsindən silmək
xəyali bir əfsanədir. Böyük türk şairi Tofiq
Fikrətin dediyi kimi
Zülmün topu var, gülləsi
var, qalası varsa,
Haqqın da bükülməz qolu,
dönməz üzü vardır.
Göz yumma Günəşə
nə qədər nuru qaralsa,
Sönməz əbədi, hər
gecənin gündüzü vardır.
Güclü mənəviyyat
xalqın ölüm-qalım anında hər şeydirsə,
mənəviyyatsızlıq dəhşətli bəla, bir
millət üçün diz çökümü, üz
qarasıdır. Mənəvi çöküntü
dələduzları qəhrəmanlıq zirvəsinə
qaldırıb, qarşısında baş əyməkdir.
Millətin qəhrəmanlıq tarixini isə unutdurmaq, sən
bu dahiləri, qəhrəmanları yetişdirə
bilməzsən, — deyə xalqa aşağılıq
duyğusunu və düşüncəsini
aşılamaqdır. Sovet hakimiyyəti dövründə
olduğu kimi, əslində, Qorbaçov qaragüruhunun
Heydər Əliyevi gözdən salmaq üçün
yüksək hakimiyyət zirvələrindən endirməsi
də bu məqsədə xidmət edirdi. Yəni
Qorbaçovun məqsədi xalqı böyüklükdən,
dahisindən məhrum etmək idi. Amma tarix göstərdi ki,
Qorbaçovlar Heydər Əliyevi hakimiyyət
zirvəsindən endirsələr də, yüksək
şərəf və ləyaqət, dahilik zirvəsindən
endirə bilmədilər. Həmin o mənəviyyat
zirvəsi idi ki, Heydər Əliyevi yenidən hakimiyyət
olimpinə ucaltdı.
Bax, məhz buna görə Mehriban
xanım YUNESKO və İSESKO kimi ən mötəbər
beynəlxalq təşkilatlarda mədəni tarixi
abidələrimizin, mənəvi dəyərlərimizin
məhz Azərbaycana məxsus olduğunu qeydə
aldırmaqla, əslində, xalqın dahilərini,
qəhrəmanlarını, müqəddəslərini, bir
sözlə, şərəf tarixini, yüksək və
zəngin mənəviyyatını özünə
qaytarır. Mehriban xanım dünya xalqları
qarşısında öz millətinin şərəfli bir tarixə
malik olduğunu nümayiş etdirir. Və bununla dünya
mədəni irsinin bir qolu olan Azərbaycan
mədəniyyətinin gələcək taleyini məkirli
düşmənlərdən qoruyub mühafizə edir. Budur
Mehriban xanımın gördüyü nəhəng,
şərəfli işlər!
YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyeva öz fəaliyyətini təbiət və
cəmiyyətin ən ümdə qanunlarına, dünyada
tarixi bir zərurət kimi sürətini artıran
qloballaşma erasının siyasətinə, ulu öndər
Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin
doktrinasına, uzunmüddətli dövlət proqramlarına
çox məharətlə uyğunlaşdırır. Mehriban
xanımın mədəniyyət, incəsənət,
təhsil, səhiyyə, ekologiya sahəsindəki
gördüyü işlər bir dövlət xadiminin
fəaliyyətini xatırladır.
Heydər Əliyev Fondu
Ermənistanın qəsbkarlığı barədə
saysız -hesabsız faktları dünya xalqlarının
və aparıcı dövlətlərin rəhbərlərinin
diqqətinə çatdırmaq üçün
ardıcıl tədbirlər keçirir. Bu istiqamətdə
fəaliyyəti səngimək bilmir. “Qarabağ
həqiqətləri” bukletlər toplusunun təqdimat
mərasimində Mehriban xanımın dünya
ictimayyətinə ünvanlanmış
çıxışı bir dövlət rəhbərinin
müraciətini xatırladır: “Ermənistanın hərbi
təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizi işğal altındadır.
20 mindən artıq insan həlak olmuş, 50 mindən
çox adam yaralanmış və əlil olmuşdur. Bir
milyondan artıq insan 15 ildən çoxdur ki, minillik ata-baba
ocağından didərgin düşərək,
qaçqın və köçkün vəziyyətində
yaşamağa məhkumdur. Azərbaycanlılar
ermənilər tərəfindən soyqırımı və
etnik təmizləmə siyasətinə məruz
qalmışlar... Bütün bu hadisələri, faktları
Dağlıq Qarabağ münaqişəsinin əsl
səbəb və dəhşətli nəticələrini
beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya
blokadasını yarmaq, on illərdir ki, erməni diasporu
tərəfindən yayılan yalan və uydurmaları ifşa
edib, qarşısını almaq Heydər Əliyev Fondunun
fəaliyyətində həmişə mühüm yer tutur.
Heydər Əliyev Fondunun
fəaliyyət dairəsi o qədər genişdir ki,
ölkədə ekoloji tarazlığın bərpası
üçün ağac əkilməsindən tutmuş, dünyada
cərəyan edən ən mühüm və qlobal
problemlərə qədər Azərbaycan və dünya
ictimaiyyətinin bir çox sahələrinə nüfuz
edən belə bir qurum yoxdur. Amma di gəl, radikal
müxalifət qəzetlərinin üzdəniraq yazarları
“Əliyevlər ailəsi Azərbaycanın milli
maraqlarını öz ailə maraqlarına qurban verirlər”
kimi cəfəng iftiralardan belə çəkinmirlər.
Hansı milli maraqlar ailə
maraqlarına qurban verilib? Əgər Əliyevlər ailəsi
dedikdə, cənab İlham Əliyev nəzərdə
tutulursa, Azərbaycana hava - su kimi lazım olan dünya
əhəmiyyətli nəhəng layihələrin yaranmasına
güc, reallaşmasına təkan verirsə, dövlət
başçısı daha nələri etməlidir ki, bu
“siyasət yarasaları”nın vicdanları
qımıldansın? “Milli maraqlar əldən gedir”
dedikdə, Azərbaycanımızı fəlakət
uçurumları ağızından qoparıb, onun
parçalanmasının qarşısını alan,
dövlətçiliyimizin siyasi varlığını xilas
edən və onun xilaskarına çevrilən ulu
öndər nəzərdə tutulursa, bunu dilə
gətirərkən Allahdan qorxmurlarmı? Torpaq bu
haqsızlığı üzərində necə gəzdirir?
Əgər bu gün Azərbaycanda demokratiya və
azadlığın bolluğu olmasaydı, müxalifətin
kütləvi informasiya vasitələri dövlət
rəhbərinin və ailəsinin ünvanına bu
qədər cəfəngiyyat söyləyə
bilərdilərmi?
Dövlət millətin
təşkilatlanmış formasıdır. Yəni
dövlətin prezidenti millətin şərəfini və
qüdrətini təmsil edir. Bir dövlətin prezidentinə
həqarət etmək milləti təhqir etmək deməkdir
ki, bu da qanunla ən ağır cəza ilə
cəzalandırılmalıdır. Amma Azərbaycan
Prezidentinin nəcibliyi və alicənablığı o
qədər böyükdür ki, buna əhəmiyyət
vermir.
Yox, əgər Əliyevlər
ailəsi dedikdə, niyyətləri Mehriban xanımın
nəcib fəaliyyətinə kölgə salmaqdırsa, qoy bu
qəlbiqaralar dərk etsinlər: YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfirinin gördükləri
işlərin əhəmiyyəti o qədər
böyükdür ki, onu heç bir qara qüvvə
Azərbaycan tarixindən silə bilməz. Bügünkü
dünyamızda hansı dövlət rəhbərinin
xanımı öz ölkəsi üçün Mehriban
xanım qədər şərəfli işlər
görüb. Bu gün Mehriban xanımın Azərbaycan
üçün, Azərbaycanın tarixi mədəniyyəti
üçün dəyəri
ölçüyəgəlməz dərəcədə
böyük, misilsiz işlər gördüyünü inkar
etmək qeyri-mümkündür. Tarixlər və
mədəniyyətlər yaradan Azərbaycan türklərinin
mədəniyyətinin, böyüklüyünün,
ucalığının, ehtişam və əzəmətinin
sirlərini sanki yenidən kəşf edən və dünya
xalqlarına çatdıran, onu dünya mədəniyyəti
xəzinəsinə ərmağan edən Mehriban xanım
yaxşı bilir ki, dahilər yetirməyən xalqın
gələcəyi yoxdur. YUNESKO-nun xoşməramlı
səfiri misilsiz mənəvi sərvətlərimizi dünya
mədəniyyəti xəzinəsinə qeydə
aldırmaqla, xalqımızın keçmiş
əzəmətini, qüdrətini,
böyüklüyünü, dahilərini özünə
qaytarır. Nəinki özünə qaytarır, hətta
özlərinə uydurma, saxta tarixlər və
mədəniyyətlər yaradan, bəşəriyyətin
üz qarası olan ermənilərin təcavüzündən
qoruyur. Çünki erməni kimi məkrli, quduz qonşusu
olan bir xalq heç nədən sığortalanmayıb.
Yəni bu gün torpaqlarımıza, Qarabağımıza
“tarixi yurdumuzdur” — deyə iddia edən ermənilər
gələcəkdə müqəddəs sənət
gövhərlərimiz olan mədəni abidələrimizə
də diş qıcamayacaqlarına kim zamin ola bilər?
Deyə bilərlər ki,
Azərbaycan türklərinin tarixin səhifələrində
aşıb-daşan qəhrəmanlıqları o qədər
böyük və ehtişamlıdır ki, keçmiş
əsrlərin qaranlıqlarında cahangirlərin
qılıncları və nizələri ucunda yaradılan imperiyaların
zülmlərində belə itib-batmamışdır.
Doğrudur, itib-batmasa da, gələcəkdə onu
gözləyən təhlükələrdən, o
cümlədən başqaları tərəfindən
mənimsənilmək təhlükəsindən bu gün
Mehriban xanımın YUNESKO-dakı nəcib fəaliyyəti
ilə xilas edilmişdir. Kim iddia edə bilər ki,
Azərbaycanda istər Sovet imperiyasının dünyaya meydan
oxuduğu illərdə, istərsə də sonrakı
dövrdə yaşı xalqın tarixi qədər qədim
olan muğamlarımızın, xalçalarımızın,
bəşər övladının
böyüklüyünü tərənnüm edən
əzəmətli memarlığımızın, bədii
sözün qüdrəti ilə insanı Allah
dərgahına ucaldacaq qədər abidələşən
dastanlarımızın qorunmasında və dünya
mədəniyyətinin xəzinəsində öz
şərəfli yerini tutmasında Mehriban xanım
qədər iş görə bilər?
Elə Mehriban xanımın
təşəbbüsü ilə ötən ilin may ayında
Bakıda təhsil problemlərinə dair YUNESKO-nun regional
konfransı keçirilmişdir. Bunun ardınca Azərbaycanın
sivilizasiyalararası qızıl körpü rolunu oynaya
biləcəyini və bunun misilsiz əhəmiyyətini
yaxşı bilən Mehriban xanım Əliyeva YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri kimi Qərb və
Şərq mədəniyyətləri arasında dialoqun
və dini tolerantlığın inkişaf etdirilməsi
üçün şəxsi təşəbbüsü
ilə “Mədəniyyətlərarası dialoqda
qadınların rolunun genişləndirilməsi” mövzusunda
Bakı forumunu reallaşdırmışdır. Bakı forumu
dünya ictimayətində böyük əks-səda
doğurmuş və Azərbaycanın siyasi imicini qat-qat
yüksəltmişdir. Bu qlobal tədbirlərlə
yanaşı, Azərbaycanın mədəni-tarixi
abidələrinin Ümumdünya İrsi siyahısına daxil
edilməsi işi də davam etdirilir.
Mehriban xanım işgüzar
millət vəkilidir. O, əslində deputat
olmadığı illərdə gördükləri
işləri davam etdirir. Süvəlan, Mərdəkan,
Binə, Türkan, Zirə, Buzovna qəsəbələri
qısa bir zaman ərzində geniş bir vüsətlə
abadlaşmış, insanların mədəni həyat
səviyyələri yüksəlmişdir. Dörd-beş
ildə 330 məktəbin, yüzlərlə uşaq
bağçasının, səhiyyə ocaqlarının
və bir çox mədəniyyət obyektlərinin tikilib
istifadəyə verilməsi, təmiri, ən müasir texnika
və avadanlıqla təchizi Heydər Əliyev Fondunun
gördüyü qlobal işlərin yalnız bir
hissəsidir. Azərbaycanın elə bir ucqar guşəsi
tapılmaz ki, Heydər Əliyev Fondunun rəhbərliyinin
nəzarətindən kənarda qalmış olsun. Bu
şərəfli qurum ən uca dağ başında
yerləşən kəndlərimizin həyati problemlərinin
həllindən tutmuş beynəlxalq səviyyəli
layihələri reallaşdırmaqla da bəşəri
missiyasını davam etdirir.
Azərbaycan reallığında
xalqa və beynəlxalq aləmə tam aydınlığı
ilə görünən Mehriban xanım Əliyeva fenomeni var.
Amma bu qədər işlərin müqabilində o,
sadəcə xalq qarşısında mənəvi borcunu
yerinə yetirdiyini bildirir.YUNESKO-nun baş direktoru Matsuura deyir:
“Mehriban xanımın xidmətləri
ölçüyəgəlməz dərəcədə
böyükdür. Bu gün o, nəinki Azərbaycanda və
regionda, hətta mən deyərdim, qlobal miqyasda
fəaliyyət göstərir”. İSESKO-nun baş direktoru
Əbdül Əziz Bin Osman Əl-Tüveyçinin
sözləri həmin fikri bir daha təsdiqləyir:
“İSESKO-nun tarixində ilk dəfədir ki, bu ad, yəni
xoşməramlı səfir adı xanıma verilir... Mehriban
xanım sivilizasiyalararası dialoq və digər
cəsarətli fəaliyyəti
çərçivəsində gördüyü
genişmiqyaslı işlərə görə, qayğıya
ehtiyacı olan uşaqlara diqqətinə, onların
yaşayış şəraitlərinin
yaxşılaşdırılmasına, təhsilə verdiyi
dəstəyə görə bu ada tam layiqdir”.
Mehriban xanımın
ümumbəşəri fəaliyyəti başqa yüksək
beynəlxalq təşkilatlar tərəfindən də
çox yüksək qiymətləndirilir. Rusiya Federasiyasındakı
“Yüzilliyin Mesenatları” Beynəlxalq Xeyriyyə Fondu onu
2005-ci ildə “Yaqut xaç” ordeni ilə təltif etmişdir.
2007-ci ildə İhsan Doğramacının təsisçisi
olduğu “Ailə sağlamlığı Fondu”nun
mükafatına layiq görülmüşdür. “BMT-nin
Cenevrə bölməsi”nin iqamətgahında “Azərbaycan
otağı” açılması da Mehriban xanımın
fəaliyyətinin bəhrəsidir.
Prezident İlham Əliyev bu gün
Azərbaycan iqtisadiyyatının gəlirinin mühüm bir
hissəsini ölkənin hərtərəfli mədəni
tərəqqisinə, milli şüurun inkişafına
yönəltməklə sabahkı həyatın
hərtərəfli yüksəlişinə zəmin
yaradır. Bu gün təhsilə, səhiyyəyə sərf
edilən sərmayə sabah ikiqat qazanc deməkdir. Mehriban
xanım Əliyeva öz fəaliyyətində aparıcı
dövlətlərin taleyində özünü
doğrultmuş bu prinsipə əsaslanır. Eyni zamanda, o, həm
Heydər Əliyev Fondunun rəhbəri, həm də
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi
gördüyü işləri beynəlxalq aləmdə
gedən proseslərlə vəhdətdə aparır.
Mehriban xanımın
xidmətləri dövlətimizin xarici siyasətinə də
güc qazandırır. Onun Bakıda “Qafqaz xalq
ənənələri evi” açmaq ideyasının
bəşəriyyətin mədəni irsini qoruyan ən
mötəbər beynəlxalq təşkilat olan YUNESKO
tərəfindən qəbul olunmuşdur.Bu ideyanın
reallaşması bir tərəfdən də diplomatiyamıza
qüdrətli, mənəvi dayaq qazandırmış olur.
Mehriban xanım Əliyeva Milli
Məclisin ən fəal deputatlarından biridir. O,
seçicilərlə aparılan işdən əlavə,
qanunların yazılmasında və
müzakirələrdə öz məntiqi və
səmərəli təklifləri ilə fərqlənən
millət vəkilidir. Bir siyasətci kimi cəmiyyətdə
gedən proseslərə həssaslıqla yanaşır.
Millət vəkillərinin ona çox böyük
hörməti və rəğbəti daim hiss olunur.
Mehriban xanım Əliyevanın
nəcib işlərinin bir hədəfi var: Azərbaycanın
şərəfini ucaltmaq, xalqa uğur qazandırmaq!
Xalq
qəzeti.- 2009.- 25 yanvar.- S. 3.