Kazımova N.

 

Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir

 

M. F.Axundov adına Milli Kitabxana fondunun komplektləşdirmə mənbələri

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin edilməsi, bazar münasibətlərinin dərinləşməsi sahəsində həyata keçirilən islahatlar ölkənin iqtisadi inkişafı və dünyaya inteqrasiya olunması üçün əlverişli şərait yaratmışdır. Bir cox sahələrdə olduğu kimi elm, təhsil, mədəniyyət sahəsində də islahatlar aparılmış, uğurlar əldə edilmişdir.Mədəniyyət ocağı, informasiya mərkəzi funksiyasını daşıyan kitabxanalar da öz yeni dövrünü yaşayır. Respublika Prezidenti İlham Əliyevin 20 aprel 2007-ci ildə imzaladığı "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncamında göstərilir: "Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. Müasir Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata keçirilməsində ölkə kitabxanalarının tutduğu mühüm yer, mədəniyyətin bu sahəsində informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq müasir texnologiyaların tətbiqini zəruri edir."

   Məlumdur ki, kitabxanalar informasiyanın əldə olunmasında və lazımi istiqamətdə yönəldilməsində böyük rol oynayır. Kitabxanaların informasiya ilə fasiləsiz təmin olunması kitabxana fondunun zəngin olmasına, oxucuların sorğularına dəqiq, düzgün və operativ cavab verməsinə səbəb olur.

   Müasir kitabxananın qarşısında duran əsas məsələlərdən biri profilinə və yerləşdiyi ərazinin əhalisinə uyğun sənəd toplamaqdır. Bununla da kitabxanalar əhalinin həm milli, həm də dünya mədəniyyətinə və elminə yiyələnməsini təmin edir. Kitabxana fondunun tərkibinə kitab, jurnal, qəzet, digər çap məhsulları, audiovizual və texniki vasitələrlə oxunan materiallar, əlyazmalar və başqa informasiya daşıyıcıları daxildir.

   Əsası 1923-cü ildə qoyulan M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası ölkəmizin ilk böyük elm və mədəniyyət mərkəzlərindən biridir. Məhz buna görə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004-cü il 50 saylı qərarı ilə kitabxanaya "Milli kitabxana" statusu verilmişdir.

   M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası bütün dövrlərdə universal elmi kitabxanaların fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq öz fondunu bütün elm sahələrinə dair nəşrlərlə komplektləşdirir. Deməli, kitabxananın qarşısında duran ən mühüm vəzifələrdən biri kitab fondunun müntəzəm inkişaf etdirilməsindən və daha da təkmilləşdirilməsindən ibarətdir.

   Kitabxanaların sənədlərlə komplektləşdirilməsində maliyyə vəsaiti mühüm yer tutur. "Kitabxana işi haqqında" qanunun 27-ci maddəsində qeyd olunur: "Dövlət kitabxanaları və büdcədən maliyyələşdirilən təşkilatların tabeçiliyində olan kitabxanalar dövlət büdcəsi vəsaitləri, hüquqi və fiziki şəxslərin könüllü ayırmaları hesabına maliyyələşdirilir. Dövlət kitabxanaları maliyyələşdirilərkən büdcədən kitab fondlarının komplektləşdirilməsinə yönəldilən vəsait ayrıca maddədə göstərilməli və bu vəsait müntəzəm olaraq artırılmalıdır. Ayrılmış vəsait kitabxanaların sərancamında qalır və onların nizamnamə fəaliyyətini həyata keçirmək üçün istifadə edilir." Azərbaycan xalqının ümummilli lideri H.Əliyev 1995-1999-cu illərdə 4 dəfə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında olmuş və öz şəxsi kitablarını kitabxanaya hədiyyə etmişdir. Bu da ulu öndərin kitabxanaya və orada çalışan insanlara hörmət və ehtiramdan qaynaqlanırdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də, kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir".

 

   Milli Kitabxana, eyni zamanda, dövlət və özəl nəşriyyatlarla da əməkdaşlıq edir. "Şirvan", "Adiloğlu", "Vektor", "Azərnəşr", "Qanun", "Elm", "MiniMax", "Çinar-çap", "Atatürk mərkəzi", "Nağıl evi", "Təhsil", "Azərbaycan" dövlət nəşriyyatı və s. Fondun komplektləşdirilməsi məqsədilə öyrənilən nəşriyyat planları ilbəil çoxalır. "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının qanununun 14-cü maddəsində yazılır":Kitabxanalar dövlət və qeyri-dövlət nəşriyyatları tərəfindən buraxılan profilinə uyğun çap məhsullarını və digər informasiya daşıyıcılarını, birinci növbədə, almaq hüququna malikdir. Bu hüquq müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilmiş qaydada kitabxana kollektoru, kitab ticarəti müəssisələri, nəşriyyat orqanları, ayrı-ayrı şəxslərlə aparılan müvafiq əməliyyatlar, məcburi nüsxələrin alınması, abunə, bağışlama və vərəsəlik əsasında miras qalmış nəşrlərin verilməsi, habelə, beynəlxalq və ölkə daxili kitab mübadiləsi yolu ilə təmin edilir."

   Milli Kitabxanaya məcburi nüsxələr, kitab mağazalarından, abunə yazılışından, kitab mübadiləsindən, hədiyyə yolu ilə və s. mənbələrdən daxil olur. Məsələn, 1997-ci ildə abunə yolu ilə 184, beynəlxalq mübadilə yolu ilə 159 kitab və 216 dövri mətbuat, hədiyyə yolu ilə 316 jurnal və 5 qəzet fonda daxil olmuşdur. Bundan başqa kitabxana 1997-ci ilin iyun ayından "Qaya" mətbuat yayımı firması ilə əlaqə yaradıb, dövri mətbuata abunə olmuşdur. Bu və ya digər səbəblərdən fonda düşməyən qəzeti kitabxananın əməkdaşları müxtəlif orqanların təsisçi təşkilatları ilə əlaqə yaradıb, həmin qəzeti kitabxananın fondu üçün əldə edirlər.

   Milli Kitabxana Fondunun formalaşdırılmasında yerli nəşrlərin komplektləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, kitabxanının fondu universal məzmuna malikdir. Odur ki, Azərbaycan kitabının komplektləşdirilməsi zamanı bu prinsip əsas götürülür.

   Kitabxana dövri nəşrlərlə də fondunu komplektləşdirir. Dövri nəşrlərin əldə olunması üçün əsas üsul abunə yazılışıdır. Qeyd etməliyik ki, son illərdə respublikamızda baş verən və daha da dərinləşən demokratikləşmə prosesləri ilə əlaqədar olaraq, qəzet və jurnallar ad etibarilə çoxalmışdır. Yəni, respublikada yeni-yeni qəzet və jurnallar çap olunaraq, geniş kütlənin istifadəsinə verilir. Təbii ki, bütün bunlar qəzet və jurnal fondunun formalaşdırılmasında mühüm rol oynayır. Hazırda kitabxanaya 276 adda qəzet (245-i azərbaycan. 31-i rus dilində), 184 adda jurnal (88-i Azərbaycan, 96-sı rus dilində) daxil olur.

   Kitabxanalar pulsuz məcburi nüsxələrlə də təmin olunmalıdır. Qanunvericilikdə deyilir ki, Milli Kitabxana qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanaları, respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar və BDU-nun kitabxanası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ölkədə nəşr edilən çap məhsullarının məcburi nüsxələrini almaq hüququna malikdir. Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər tərəfindən çap məhsullarından Milli Kitabxanaya 4 pulsuz nüsxə, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarının respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların AMEA mərkəzi elmi kitabxanasına və BDU kitabxanasının profelinə uyğun olaraq 2 pulsuz məcburi nüsxə, Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və jurnal redaksiyaları isə 2 pulsuz məcburi nüsxə göndərməlidir. Milli Kitabxana 2004-cü ildə 1575 adda məcburi nüsxə almışdırsa, 2005-ci ildə 2265 məcburi nüsxə almışdır.

   Kitabxanalarda sənəd təminatının təşkilində mübadilə fondları mühüm rol oynayır. "Kitabxana işi haqqında" qanunun 16-cı maddəsində deyilir ki, Azərbaycan Respublikasının milli-mədəni sənədlər reyestrinə daxil olmayan cap məhsulları və digər materiallar müəyyən olunmamış qaydada bir kitabxanadan digərinə əvəzsiz verilə bilər.

    2004-cü ildə Milli Kitabxananın əməkdaşlarının Avstriyaya ezamiyyəti zamanı, kitabxananın fondunda Azərbaycana dair çoxlu sayda kitabların olması müəyyən olunmuş və onların kserosurətləri çıxarılaraq Azərbaycana gətirilmışdir. Üç adda kitabın isə Bakıda orijinal nüsxələrinin tapılıb, Milli Kitabxananın fonduna verilməsi təmin olunmuşdur.

   2001-ci ildə təkrar seçmə zamanı rus dilində olan məzmunca əhəmiyyətini itirmiş və yararsız hala düşmüş 2100 nüsxə ədəbiyyat akt vasitəsilə fonddan silinmişdir. Oxucular tərəfindən çox soruşulan yararsız hala düşən nüsxələr yenidən bərpa olunmuşdur.

   Azərbaycan Respublikasının Prezidentinin 12 yanvar 2004-cü il tarixli 56 saylı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncam ilə çap olunan kitablar kitabxanaların sənəd təminatında mühüm yer tutur. Belə ki, çap olunan kitabların hər birindən 100 nüsxə Milli Kitabxanaya verilmişdir. Belə ki, bu sərəncama əsasən 2005-ci ildə fonda 1555 adda kitab daxil olmuşdur ki, bu da fondun zənginləşməsinə səbəb olmuşdur. Hədiyyə olunan kitabların ümumi sayı 2005- ci ildə 3562, 2006-cı ildə isə 5242 nüsxə olmuşdur. Hədiyyə yolu ilə daxil olan kitabların mənbələri: Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, ABŞ səfirliyi, səfirlik və xarici nümayəndəliklər, Beynəlxalq təşkilat və qurumlar və s.

   M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın fondunun mühüm xüsusiyyətlərindən biri də burada avtoreferatlar və dissertasiyalar fondunun yaradılmasıdır. Onların ayrıca fondda yerləşdirilməsi, daha yaxşı mühafizəsi və səmərəli istifadəsi üçün şərait yaradılmışdır. Bu toxunulmaz fond AAK-dan alınmış dissertasiyaların ikinci nüsxələri əsasında təşkil olunmuşdur.

   M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının fondunun durmadan zənginləşməsi buraya oxucu marağını artırmışdır. Belə ki, əgər 2005-ci ildə oxucuların ümumi sayı 27 623, oxucu gəlişi 177154 olmuşdursa, 2006-cı ildə oxucuların ümümi sayı 31491, oxucu gəlişi 204227 olmuşdur.

   Bütün dövrlərdə fondun kitabxana vəzifələrinə və oxucu marağına uyğunluğunu təmin etmək başlıca məqsəd hesab edilmişdir. Deməli, informasiya tələbatı ilə oxucu sorğusunun qarşılıqlı əlaqəsi sənədlərin seçmə zənginliyini doğuran əsas əlamətlərdən biridir. Fondun formalaşması, komplektləşdirilən ədəbiyyatın seçilmə keyfiyyəti, nəşr olunan ədəbiyyat axınının vəziyyəti ilə ölçülür. Yəni, kitabxana fondu formalaşarkən sənədlər kitabxananın profilinə və oxucu tələbatına uyğun şəkildə qruplaşdırılmalı, sənəd təminatı planlı və müntəzəm xarakter daşımalıdır.

   Dövlətimiz mədəniyyətə və mədəni irsimizə həmişə diqqət, qayğı göstərmişdir. Bunun nəticəsidir ki, 2008-ci ilin noyabr ayında M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının 85 illik yubileyi ilə əlaqədar olaraq kitabxananın 5 əməkdaşına "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdir. Milli Kitabxananın 4 nəfər işçisi isə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

 

Səs.- 2009.- 14 yanvar.- S. 12.