Dünyamalıoğlu F.
Bu Qala bizim Qala..
.
Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. “Hər daşı altında bir tarix yatan” bu məkan haqda nə qədər salnamələr yazılsa da, dastan və nəğmələr qoşulsa da, onun çox olayları yenə sirr olaraq qalacaq. Belə möcüzəli məkanlardan biri də Abşeron yarımadasıdır.
Yarımadanın iqlimi quru, subtropikdir. Qışda buranın havası nisbətən mülayim, yazı qısa, yayı, payızı isə isti, quru, günəşlidir.
Kəndlərinin sayı tarixən 32, sonralar 40-a çatmış Abşeronun hər bir yaşayış məskəninin özünəməxsus tarixi keçmişi, təsərrüfat-məşiət həyatı, qiymətli memarlıq abidələri var.
Diqqət çəkən belə yaşayış məskənlərindən biri də, yarımadanın şimal-şərqində yerləşən Qala kəndidir.
Bu Qalanın sirri
Bu kəndlə tanış olmaqda mənə bələdçilik edəcək Fikrət müəllimlə kəndin girəcəyində görüşdük. Fikrət Allahverdiyev əslən qalalıdır. Tarix elmləri namizədidir. 1989-cu ildən Qala Tarix-Etnoqrafik Qoruq Muzeyində işləyir. Bu yerlərdə olan hər daşın, hər abidənin tarixini gözəl bilir. Ən dolğun məlumatları da elə onun özündən aldıq:
- Bu ərazidə 215 memarlıq və arxeoloji abidə mövcuddur. Arxeoloji qazıntılar göstərir ki, abidələrin çoxunun 5 min il yaşı var. Ta qədimdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan memarlıq abidələri - 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfat təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsr qalıqları və qədim abidələr günümüzə qədər gəlib çıxıb.
Çağımızın ən maraqlı abidələrindən olan Qala Arxeoloji Etnoqrafik muzey-kompleksindəyik. Səliqə-sahmanı ilə diqqəti cəlb edən muzey-kompleksə baxanda qürur hissi keçirirsən.
Qədim Qalaya müasir baxış
Qala kəndinin adı da bilavasitə “qala” sözü ilə əlaqədardır. Toponimin ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi- arxeoloji faktlara, digər tərəfdən isə xalq etimologiyasına əsaslanır. Yaşlı adamlar buranı “Mühafizə olunan yer” kimi mənalandırır. Başqa sözlə, alınmaz, məğlubedilməz yer, kənd, digərləri isə məhz sözün birbaşa mənası ilə, yəni “qala” ilə əlaqələndirir. Tarixi faktlar isə əsasən ikinci gümanı təsdiqləyir. Belə ki, burada XIV və XVII əsrin birinci yarısında inşa olunmuş qala- istehkam və müşahidə qalaça tikililəri həmin ehtimalı həqiqət kimi qəbul etməyə imkan verir. Yenə yaşlı informatorların dediyinə görə, Qalanın dibində də nə isə zirzəmiyəoxşar bir yer olubmuş: guya təhlükə vaxtı burda 1000-1500-ə qədər adam mühafizə oluna bilirmiş. Əlbəttə, bunun həqiqət olub-olmadığını qəti surətdə demək mümkün deyil. Hər halda, bu söhbətin özü onu deməyə əsas verir ki, Qalanın qalası əzəmətli olmuşdur. 2-3 metrlik hündürlükdə olan qalıqları da fikrimizi təsdiqləyir.
Bir sıra Abşeron kəndləri kimi, vaxtilə Qala da duz gölləri ilə məşhur olub. XIX əsrin 30-cu illərində hər yay fəsli Abşeronun şor göllərindən xeyli duz yığırlarmış. Qala duzu öz ağırlığına və tamına görə ən keyfiyyətli məhsul sayılır. Qalalılar əkin-biçin işində də böyük səriştəyə malik olublar. Əkiləcək torpaqlar ənənəvi olaraq xış ilə şumlanır, bəzən, öküzlərlə yanaşı, atlardan da istifadə olunub. Qala kəndində bir sıra sənət sahələri də inkişaf edib. Buranın dəmirçiləri, bənnaları, dülgərləri, örkən toxuyanları, xüsusilə də xalçaçıları adla deyilərmiş.
Qalalılar üçün ənənəni təsərrüfat sahələrindən biri də heyvandarlıq, xüsusilə qoyunçuluq olub. Qala qoyunları öz üstün keyfiyyətlərinə görə nəinki Abşeronda, hətta Qafqaz regionunda öncül yerlərdən birini tutur. Bu qoyunların çəkisi 100 kiloqramadək olur. Təəssüf ki, indi həmin qoyun cinsinin sayı azalıb.
Əsrlər boyu xalq pirlərə, səcdəgahlara, ocaqlara inam bağlamış, nəzir demiş, qurban kəsmişdir. Kimi pirlərdən, ocaqlardan sağlamlıq, düzəlməyən işə çarə, yol üstündə olanlara uğur istəmiş, kimi də beşik asıb övlad diləmişdir.
Belə ocaqlar, pirlər Qalada da var. Fikrət müəllim bunlardan “Pirvəro”, “Seyidgah”, “Pirzəmani” və “Pirxani”nin daha məşhur olduğunu dedi: Əsl qalalıdan “haralısan?” soruşanda çox məğrur, fəxarətli bir tərzdə cavab verər ki, “mən qalalıyam!”. Bu cür deyiliş tərzinin müəyyən əsası var, tarixən qalalılar məğrurluğu ilə seçiliblər.
İkincisi isə kəndin adlı-sanlı adamları olub. Qala kəndindən görkəmli şair, musiqiçi və ictimai xadimlərlə yanaşı, məşhur qoçuları da olub. Bitib-tükənməz coşğusu, heyrətamiz qorxmazlıq və yurdsevərliyi üzündən obasından didərgin salınmış qərib şairimiz -
“Azərbaycan, mənim
taxtım-tacım oy!..
Oyanmazmı kor olası
baxtım oy!..”
- deyərək,
ömrünü qürbətdə başa vurmuş Almas
İldırım da əslən qalalıdır.
Açıq səma altında muzey
2008-ci ildə Heydər
Əliyev Fondunun təşəbbüsü və
rəhbərliyi ilə Qala Tarix-Etnoqrafiya Qoruğunun
ərazisində açıq səma altında ilk arxeoloji
etnoqrafik muzey kompleksi yaradılıb. Kompleksin
ərazisində Abşeron yarımadasında aşkar
edilmiş arxeoloji, memarlıq abidələri toplanıb və
bərpa olunub. Dünyanın və
keçmiş SSRİ-nin bir çox ölkələrində
bu cür etnoqrafik kəndlər yaradılıb. Qala
kəndində yaradılmış etnoqrafik muzeyin özünəməxsus
xüsusiyyətləri ondan ibarətdir ki, burda
insanlar ata-babalarının yaşadıqları kimi
yaşayırlar.
Təxminən 1,2
hektar ərazidə salınmış muzey-kompleksə daxil
olarkən, elə bil, uzaq keçmişə
düşürsən. E.ə. III-II
minilliklərə aid kurqanlar və digər memarlıq
abidələri ilk görünüşündə olduğu
kimi bərpa edilib.
Qayaüstü rəsmlər
öz mövzu və süjetlərinə görə çox
rəngarəngdir. Burda ov, insanı qurban vermə, müqəddəs nikah
və s. səhnələr təsvir olunub. Nöqtəli,
həndəsi, xonça görünüşlü
nişanlar maraq doğurur.
Muzey-kompleksi gəzdikcə
burada olan hər bir eksponatın yanında
istər-istəməz ayaq saxlamalı olursan. Hər biri bir tarix olan nümunələri
sözlə təsvir etmək çətindir.
Hər bir eksponatla
Kəndlə əyani
tanışlıq
Fikrət müəllimin
müşayiəti ilə kəndi səyahətə
çıxırıq. Yolumuzu orta əsrlərdə tikilmiş
yaşayış yerlərindən salırıq.
Muzeydən fərqli olaraq burada kecmişlə canlı
Qaladan görünənlər
Kəndin qədim memarlıq abidələri ilə tanış olduqdan sonra onun bu gününə də biganə qalmadım. Burada müasir evlər də tikilib. Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq bağçası, poliklinika, müasir aptek kəndin qədim görünüşünə xüsusi gözəllik verir. 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi ilə kənd kitabxanası yenidən təmir olunub. 17 mindən çox kitab fondu olan bu kitabxananın 700-dən çox oxucusu var.
Son dayanacağım Qala kənd klubu oldu. 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə qalalılara hədiyyə olunan bu klub müasir tələblərə cavab verir. Burada kənd sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb.
Salamat qal, Qala!
Yaxından tanış olduqdan sonra öz qədimliyi və müasirliyi ilə məndə xoş təəssüratlar yaradan bu gözəl məkandan ayrılıram. Qədimliklə müasirliyin qovuşduğu olan unikal məkana, maraqlı həyat tərzindən məmnun kənd sakinləri və köhnə Qalada yenilik amalı ilə yaşayan Fikrət müəllimlə nə vaxtsa yenidən görüşmək ümidi ilə ayrılıram.
Mədəniyyət.- 2009.- 24
yanvar.- S. 14.