Qarayeva S.

 

Aybəniz Əliyeva-Kəngərli: "Azərbaycanda kitabxanaların inkişafı və müasirləşməsi üçün hərtərəfli şərait yaradılıb"

 

Ötən il prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" bütün elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi, kitabxanaların yüksələn xətt üzrə fəaliyyəti üçün yeni kurs götürüldü. Artıq bu ildən kitabxanalar yeni proqrama əsasən fəaliyyət göstərməyə başlayıblar. Dövlət proqramının perspektivləri, kitabxanaların hazırkı vəziyyəti, fəaliyyəti, oxuculara müasir xidmət növləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərli ilə həmsöhbət olduq.

 

   - Aybəniz xanım, Mərkəzi Elmi Kitabxana respublikanın ən iri kitabsaxlayıcı və kitab təbliğatçısı kimi elmin informasiya təminatında mühüm rola malikdir. İstərdim, kitabxananızın timsalında ölkə kitabxanalarının müasir vəziyyətinə bir nəzər yetirək. Sizcə, indiki dövrdə kitabxanalarımız nə dərəcədə müasirdir?

 

   - Məlumdur ki, Azərbaycan kitabxanalarının çoxəsrlik tarixi var. Şərqdə ilk kitabxanaların yarandığı məkan kimi ölkəmizin də adı çəkilir. Biz kitabxana işinin öyrənilməsində yeni deyilik, əksinə kitab və mütaliə mədəniyyətini ta qədimlərdən mənimsəyib inkişaf etdirmişik. Odur ki, təcrübə baxımından kifayət qədər potensialımız var. Sadəcə, son vaxtlaradək ölkədə kitabxana işinə barmaqarası baxanlar vardı. Bəziləri kitabxanaların mövcudluğunu belə, qəbul etmək istəmirdi. Ulu öndər Heydər Əliyev bütün bunların qarşısını aldı, "Kitabxana işi haqqında" Qanun qəbul olundu, kitabxanalara ən yüksək səviyyədə dövlət qayğısının əsası qoyuldu.

 

   Müasir kitabxana dedikdə ilk növbədə təcrübə və maddi-texniki bazanın yüksək səviyyədə olduğu, bu iki komponentin vəhdətdə inkişaf etdirildiyi kitabxanalar başa düşülür. Bizimsə, artıq vurğuladığım kimi, hələ 10-15 il bundan əvvəl təcrübəmiz maddi-texniki baza ilə çox cüzi şəkildə uzlaşırdı, necə deyərlər, təcrübə vardı, tətbiq sahəsi müəyyən idi, sadəcə şərait o, şərait deyildi. Bu günsə kitabxanalarımız belə problemlərdən uzaqdır. Azərbaycanda kitabxanaların inkişafı və müasirləşməsi üçün hərtərəfli şərait yaradılıb. Respublikamızda AMEA Mərkəzi Elmi Kitabxanası, Milli Kitabxana, Prezident Kitabxanası, Naxçıvan Dövlət Universitetinin kitabxanaları kimi ən müasir standartlara cavab verən elm, təhsil, informasiya ocaqları mövcuddur.

 

   - Belə düşünmək olarmı ki, kitabxanalarımızın müasirləşdirilməsi üçün yaxşı şərait yaradılıb dedikdə, hələ ötən ilin oktyabr ayında prezident tərəfindən "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiqlənməsi nəzərdə tutulur?

 

   - Bəli, həm bu, həm də dövlət tərəfindən kitabxanaların və ümumilikdə elmin inkişafına yönəldilmiş fəaliyyətlər sözügedən sahəyə yenidən həyat verdi. Sərəncamda bir-birindən vacib bir çox məsələlər öz əksini tapıb. Təkcə Mərkəzi Elmi Kitabxana üçün dünya standartlarına cavab verən binanın inşası ilə bağlı məsələ elmin informasiya təminatı üçün taleyüklüdür. Düşünürük ki, tez bir zamanda ən yüksək nəticələr əldə olunacaq, kitabxanalarımızın maddi-texniki bazası daha da gücləndiriləcək, onların modernləşdirilməsi istiqamətində təxirəsalınmaz işlər davam etdiriləcək, milli elektron kontentlərin, milli irsimizin təbliğinə istiqamətlənmiş və bilavasitə kitabxanalarımızın fondu əsasında yaradılan internet ehtiyatlarının sayı artacaq. Bu ümidlər həm də ona əsaslanır ki, bütün sahələrdə olduğu kimi kitabxana işi sahəsində də inkişaf tempi yüksələn xətt boyuncadır. Əldə etdiyimiz nəticələr, oxuculara xidmətin səviyyəsi, beynəlxalq kitab və informasiya mübadiləsinin intensivliyi ilbəil artır. Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası hər il xarici tərəfdaşlarının, elmi müstəvidə əməkdaşlıq etdiyi elm,təhsil müəssisələrinin sayını artırır, kitab mübadilələrini sürətləndirir, elmin informasiya təminatında və təbliğində katalizator rolunda çıxış edir. İnformasiya cəmiyyəti şəraitində kitabxanaların ən ümdə vəzifəsi də məhz bundan-informasiyanı bir deyil, onlarca mənbədən almaqdan, bir üsulla (ənənəvi) deyil, multi üsullarla (müasir informasiya daşıyıcılarında, sərt disklərdə və s.) mühafizə etməkdən və məhdud istifadəli deyil, çoxistifadəli şəkildə paylaşdırmaqdan ibarətdir. Məsələn, başa vurduğumuz il kitabxanada fondların tərkibini keyfiyyətcə yüksəltmək məqsədilə elmi-texniki müəssisələrdə aparılan fundamental elmi-tədqiqat işlərinin mövzuları üzrə komplektləşdirilməsi, Dövlət Proqramına müvafiq olaraq "Kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi" istiqamətində tədqiqat işləri aparılıb. Alınan nəticələr əsasında ən aktual elmi-tədqiqat işlərinin mövzuları müəyyənləşib. Bu isə bizə imkan verir ki, oxuculara multi xidmətlər təklif edək, onların istifadəsinə həm də elektron nəşrləri verək. Mütəxəssislər bilirlər ki, kitabxanalar daxili iş proseslərini sahmana salmadan, xidmətin səviyyəsini normallaşdırmadan, yeni texnoloji vasitələri uğurla tətbiq etmədən, kitab və informasiya mübadiləsində lazımınca səriştə sərgiləmədən beynəlxalq informasiya mübadiləsi məkanına inteqrasiya edə bilməz. Tam əminliklə deyə bilərəm ki, biz artıq bu mərhələni arxada qoymuşuq. Təsəvvür edin ki, hazırda Mərkəzi Elmi Kitabxana 80 ölkənin 650-dən artıq elmi təşkilatı, akademiya kitabxanası, təhsil ocaqı ilə sıx əməkdaşlıq edir. Ötən il tərəfdaşlarımız onlara göndərilən 3500 nüsxə ədəbiyyata, 4000-dən artıq nəşrlə cavab verib. Bunu yaxşı nəticə hesab etmək olar.

 

   - Sirr deyil ki, son dövrlərdə kitabxana-nəşriyyat əlaqələrinin, daha dəqiq desək, nəşriyyatlardan kitabxanalara pulsuz nüsxələrin daxil olması prosesinin zəifləməsi nəticəsində fondların komplektləşdirilməsi müşkülə çevrilib. Sizcə, bu prosesi tələb olunan məcraya yönəltmək üçün nə etmək lazımdır? Ümumiyyətlə, bu gün kitabxanalarımıza ədəbiyyatın daxilolma səviyyəsi nə dərəcədə normaldır?

 

   - Bu problemin mövcudluğunu danmaq olmaz. Lakin ölkəmizdə nəşriyyat sistemi və kitab bazarının son illərdə inkişaf etdiyini də nəzərdən qaçırmamalıyıq. Əsərlərini, monoqrafiyalarını kitabxanamıza vermək və bununla da geniş oxucu auditoriyası qazanmaq istəyən alim və ziyalılarımızın da sayı ötən illərə nisbətən 5-6 dəfə çoxalıb. Ötən ilin sonlarında apardığımız hesablamalar göstərdi ki, bir il ərzində fondumuza 30 mindən artıq ədəbiyyat daxil olub. Bu isə ölkədə dərsliklər istisna olmaqla, nəşr olunan ümumi sənəd kütləsinin təxminən 60-70 faizini təşkil edir. Ötən ilin sonunadək təkcə Rusiya Elmlər Akademiyasının Təbiyyat Elmləri üzrə Kitabxanasından müxtəlif elm sahələri üzrə 146 adda 1200 nüsxə elmi jurnal əldə etmişik. Alimlərimiz il ərzində bizə 1092 nüsxə avtoreferat və 92 nüsxə dissertasiya təhvil veriblər. 200-dən artıq elektron nəşr qəbul olunub. Ən başlıcası isə prezident İlham Əliyevin sərəncamı ilə latın qrafikası ilə nəşr olunan və kitabxanalara pulsuz paylanan ədəbiyyatın komplektləşdirilməsi işini ötən illərdə olduğu kimi davam etdirmişik. Bu proses komplektləşdirmə sahəsindəki fəaliyyətimizin xüsusi bir mərhələsini təşkil edir. Bununla yanaşı, kitabxanamız elektron resursların da komplektləşdirilməsi və oxucuların istifadəsinə verilməsi işini yerinə yetirir. EBSCO, İNTAS, SVİTS kimi irihəcmli elektron məlumat mərkəzləri kitabxanamızı 350 min elektron nəşrlə təmin edir. Bu fondlarla ənənəvi formada 80 min, internet üzərindən isə 100 mindən artıq istifadəçiyə xidmət edirik. Birincilər ötən il kitabxananın fonduna 1,8 milyon dəfə müraciət ediblər. Onlara 2,5 milyon nüsxə ədəbiyyat verilib. Nəzərə alsaq ki, fondumuzun ümumi həcmi 5,2 milyon sənəd vahidindən ibarətdir və oxucularımız il ərzində fondun 50 faizindən yararlanıblar, fəaliyyətimizi qənaətbəxş hesab etmək olar.

 

   - Belə çıxır ki, mütaliə mədəniyyətimizin zəifləməsi ilə bağlı deyilənlər həqiqətdən uzaqdır?

 

   - Bizdə mütaliə dedikdə əsasən bədii ədəbiyyatın qiraəti başa düşülür. Bədii ədəbiyyatı mütaliə edənlərin azalması, nəticə etibarilə, oxu səviyyəsinin aşağı düşməsi demək deyil. Əgər xarici ölkələrdəki mütaliə statistikasına nəzər yetirsək, görərik ki, ümumiyyətlə son 20 ildə bədii ədəbiyyata maraq xeyli azalıb. Bunun səbəbləri məlumdur; informasiya axını güclənib, sürətli məlumat alma kanalları genişlənib, münasibətlər xeyli interaktivləşib, bir sözlə, dünya qloballaşıb və balacalaşıb. Belə olan halda, məsələn, məşhur avtomobil markalarından birini hazırlayan şirkətin əməkdaşının poeziya ilə maraqlanması ona nə verə bilər ki? Bu bir qədər də, psixo-sosioloji məsələdir, insanlar çox dəyişib və onların elmi ədəbiyyatın mütaliəsinə olan marağı bədiyyatı üstələyib. Odur ki, bir daha təkrarlamaq istəyirəm, ölkəmizdə mütaliə səviyyəsi yüksəkdir. Gənc alimlərimiz dünyanın hansı ölkəsində onların ixtisaslarına uyğun ədəbiyyatın çap olunduğunu tez bir zamanda öyrənə bilirlər. Artıq gənclərimizin dil baryeri də qalmayıb, onlar bir neçə dildə informasiya axtarır, kitab mütaliə edirlər. Kitabxanamız il ərzində 140-160 sərgi təşkil edir. Belə tədbirlərin hər birində yaşlı alimlərimizlə bərabər gəncləri də görmək olar. Onlar dünyada və ölkəmizdə nəşr olunan ədəbiyyatla tanış olmaqda maraqlıdırlar.

 

   - Deməli, ənənəvi sərgilərin kitabın təbliğindəki rolu XXI əsrdə də azalmayıb...

 

   - Hətta, çoxalıb deyərdim. Ötən il 148 kitab sərgisi təşkil etmişik. Hər bir sərgimiz multimedi vasitələri, elektron təqdimatlar, proyektorlu nümayişlə müşayiət olunub, ənənəvi ilə yeni sərgi formalarının sintezi yaradılıb. Oxucu kitabı əlinə alıb vərəqləyə və ardınca proyektorda, kompüter monitorunda onunla bağlı vizual məlumatları, illüstrasiyaları, mövzu ilə bağlı əlavə materialları izləyə bilir. Keçirdiyimiz "Zərifə Əliyeva-85", "Mir Cəlal Paşayev-100", "Mahmud Kərimov-60", "Ziya Bünyadov-85", "Mikayıl Müşfiq-100", "Budaq Budaqov-80", "Qloballaşan dünyada insan hüquqları", "Xəzər regionunda beynəlxalq təhlükəsizlik: vəziyyət və perspektivlər", "Qafqaz XXI əsrin geostrategiyasında", "NATO və Cənubi Qafqaz ölkələri", "GUAM: iqtisadi əlaqələr", "Azərbaycan xalçaçılığı" və başqa sərgilərdə sadaladığımız formalardan istifadə olunub, ziyarətçilər tərəfindən müsbət qiymətləndirilib. Bu sahədə ən uğurlu nəticəmiz hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümləri münasibətilə "Heydər Əliyev irsinin tədqiqinin təbliği" mövzusunda keçirilən silsilə konfrans-sərgilərdir. Hər il bu sərgilərdə ulu öndərin şərəfli həyat yolunu, ictimai-siyasi fəaliyyətini, Azərbaycan dövlətçiliyinin qurulması, möhkəmləndirilməsi və inkişafı sahəsindəki misilsiz xidmətlərini əks etdirən 1000-dən artıq sənəd nümunəsini, demək olar ki, bütün dövlət strukturlarında, regional elm, təhsil mərkəzlərində nümayiş etdiririk. Ənənəmizə sadiq qalaraq silsilə tədbirləri bu il də davam etdirəcəyik.

 

   - Ənənə demişkən, gərək ki, Mərkəzi Elmi Kitabxanada xüsusi nəşrlərin davamlı çap olunması ənənəsi də mövcuddur...

 

   - Doğrudur, elə nəşrlərimiz var ki, onları illər uzunu çap edirik. Məsələn, "Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından şəxsi biblioqrafik göstəricilərin tərtibi və nəşrinin çoxillik tarixi var. Təkcə ötən il bu seriyadan Teymur Bünyadov, Şahbaz Muradov, Məmməd Mövsümzadə, Məhərrəm Babayev, Məşədixanım Nemət, Əlyar Səfərli və Arif Quliyev kimi görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi biblioqrafik göstəricilərini nəşr etmişik. Kitabxana işi sahəsində bir sıra maraqlı tədqiqatların nəticələrini əks etdirən "Elmi əsərlər" adlı toplumuz da bu qəbildəndir. Artıq bu nəşrin 9 sayı işıq üzü görüb. Nəşriyyat fəaliyyətindən söz düşmüşkən onu da deyim ki, ötən il bu baxımdan bizim üçün çox uğurlu olub. "Heydər Əliyev və Azərbaycan elmi", "Azərbaycan folkloru və kitab mədəniyyəti" "Azərbaycan Milli Elmlər Akademiyasının nəşrlərinin biblioqrafiyası. İllik. 1988", "Kitabxanalarda marketinq və fandrayzingin tətbiqi", "Kitabxanalarda sərgilərin təşkili", "Azərbaycan dünya mətbuatında", "Kitabxanalarda ödənişli xidmətlərin təşkili" adlı nəşrlər, "Bakı kitabxanalarına Şərq və Qərbi Avropa dillərində daxil olan kitablar", Mərkəzi Elmi Kitabxanaya yeni daxil olan ədəbiyyat və dövri nəşrlərin biblioqrafik göstərici işıq üzü görüb.

 

   - Aybəniz xanım, vaxtilə kitabxananızda təcrübə keçmiş, çalışmış bir çox kadrlar hazırda kitabxana sahəsinin aparıcı nümayəndələri, kitabxana rəhbərləridirlər. Bəs indi necə, kitabxana lazımi səviyyədə kadrlar yetişdirə bilirmi?

 

-                          Biz bu işə maksimum qüvvə sərf edirik. 2003-cü ildə Elmlər Akademiyası Milli status alarkən kitabxanamız da bundan xeyli fayda gördü. Respublikada ilk dəfə Mərkəzi Elmi Kitabxananın timsalında bir kitabxanaya elmi müəssisə statusu verildi. Bununla da, kitabxanada aspirantura yaradıldı. Bu gün bizim 17 aspirant və dissertantımız var. Bununla bərabər, kitabxana heyətinin, metodiki rəhbərlik etdiyimiz akademiya şəbəkəsi kitabxanalarının əməkdaşlarının da təcrübə və biliyinin artırılması istiqamətində işlər görürük. Həmçinin, əməkdaşlarımız beynəlxalq səviyyədə təcrübə mübadiləsi aparmaq məqsədilə dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərdə iştirak edirlər. Əldə olunan təcrübələr informasiya texnologiyalarının tətbiqi sahəsində də geniş imkanlar açılır. Qətiyyətlə deyə bilərik ki, kitabxanamızın kadrları intellektual baxımdan son illər ərzində xeyli irəli getmiş, yeni texnologiyalardan səmərli istifadə nəticəsində oxuculara xidmətin səviyyəsini xeyli yüksəltmişik.

-                           

525-ci qəzet.- 2009.- 27 yanvar.- S. 7.