Qurbanqızı Z.
Azərbaycanda ilk layihə
Müasir dövr kommunikasiya
vasitələrinin sürətli inkişafı, insan
fəaliyyətinin müxtəlif sahələrinin qloballaşması,
inteqrativ dünya mədəniyyətinin formalaşması
ilə səciyyələnir. Qlobal informasiya cəmiyyətinin
qurulduğu dövrdə informasiyalaşdırma
ölkəmizin dövlət siyasətinin prioritet
istiqamətlərindən biridir. Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamı ilə təsdiq
edilmiş informasiya və kommunikasiya texnologiyaları
üzrə milli strategiya ölkəmizin hərtərəfli
inkişafına, demokratik cəmiyyət quruculuğuna xidmət
edir.
Kitabxana-mədəniyyətin normal
fəaliyyət göstərməsinin mühüm
şərti olan xüsusi sosial bir təsisat kimi həm də
respublikamızın mədəni müstəqilliyinin
möhkəmlənməsinə imkan verir.
Bu gün mədəni siyasətin
ənənəvi mədəni dəyərlərin
qorunması sahəsində imkanlarının getdikcə
məhdudlaşdığı bir zamanda kitabxanaların
qorunması mühüm vəzifəyə çevrilir.
Təsadüfi deyildir ki,
biliklər cəmiyyətində kitabxanaların rol və
funksiyalarının müəyyən olunması,
dövlətin intellektual kapitalının idarə edilməsi
istiqamətində yeni-yeni layihələr həyata keçirilir.
Belə layihələrdən biri də Azərbaycanda ilk
dəfə həyata keçirilən kitabxana-kitab
mağazasının təşkilidir.
Şəhərimizin Mirmehdi
Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasında
təşkil olunmuş kitabxana-kitab mağazasının
açılış mərasiminə toplaşanlar,
çıxış edənlər respublikada
mədəniyyət sahəsində yeni informasiya
texnologiyalarının əlverişli inkişaf
perspektivləri, kitabxana-informasiya fəaliyyəti sahəsindəki
yenilikləri xüsusi vurğuladılar.
Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev
mədəniyyətlərin qorunub saxlanılmasının tarixi,
sosial, etnik, mədəni və aksioloji əhəmiyyətindən
danışarkən onun insan hüquqlarına riayət
edilməsi məsələləri ilə də
birmənalı şəkildə bağlı olduğunu dedi.
Nazir qeyd etdi ki, müasir dövrdə humanist ideallara, indiki
və gələcək nəsillər üçün
əlverişli həyat mühitinin təmin edilməsinə
yönəlmiş dəyərlər sisteminin
təşəkkülü sivilizasiyanın taleyi
üçün həlledici əhəmiyyət kəsb edir.
Yeni informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin
həyatının bütün sahələrinə nüfuz
edir, kitabxanalar da bu prosesdən kənarda qalmır.
Ə.Qarayev Azərbaycanda son illər kitabxana şəbəkəsinin inkişafı üçün dövlət səviyyəsində görülən işlərdən də danışdı. "Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" təsdiq edilmişdir. Mədəniyyət və Turizm Nazirliyi Dövlət Proqramının icrasını təmin etmək məqsədilə pilot-layihə-kitabxana-kitab mağazasının yaradılması işini həyata keçirir. İnanıram ki, bu, bizim son işimiz olmayacaq. Kitabxana-kitab mağazası təkcə kitabxana şəbəkəsinin inkişafına, yetişməkdə olan gənc nəslin kitabxanalara marağının artmasına deyil, həm də mədəniyyət ocaqlarının əlavə vəsait əldə etməsinə imkan verəcəkdir".
M.Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının müdiri Rəhilə Rzayeva Dövlət Proqramına uyğun olaraq ilk layihənin keçirilməsi üçün rəhbərlik etdiyi mədəniyyət müəssisəsinin seçildiyindən məmnun olduğunu söylədi və layihə haqqında ətraflı məlumat verdi: "Bu məqsədlə yaradılan kitabxana-kitab mağazasında respublikanın müxtəlif nəşriyyatlarında çap olunan və ictimaiyyət tərəfindən maraqla qarşılanan nəşrlərin təbliği və satışı həyata keçiriləcəkdir. Əhalinin artan informasiya tələbatını ödəmək məqsədilə Rusiya Federasiyasında nəşr olunmuş rus, ingilis və s. xarici dillərdə elmi-populyar nəşrlər, uşaq ədəbiyyatı, bestsellerlər, ensiklopediya, lüğət, məlumat-sorğu ədəbiyyatı, elektron kitablar alınmışdır və kitabxana-kitab mağazasında oxuculara təqdim olunacaqdır".
Onu da qeyd edək ki, kitabxana-kitab mağazasında müasir tələblərə cavab verən "Sərgi salonu", "Uşaq yaradıcılıq otağı" fəaliyyət göstərir.
Millət vəkili Elmira Axundova uzun illərdən bəri respublikada sistemsiz xarakter almış kitab satışına nəzarətin artırılmasına xidmət edən kitabxana-kitab mağazasının açılışını əlamətdar hadisə kimi qiymətləndirərək qeyd etdi ki, bu gün Azərbaycanda kitabxana sistemi özünün canlanma dövrünü yaşayır. Kitaba münasibət dəyişməlidir. Biz uşaqlarımızı kitabxanalara, kitaba alışdırmalıyıq. Güman edirəm ki, kitabxana-kitab mağazasının açılması müasir Azərbaycan yazıçılarının ən gözəl nümunələrinin təbliğinə, satışına, onların dünya oxucusuna çatdırılması işinə təkan verəcəkdir. Mən cəfakeş kitabxana işçilərinə öz təşəkkürümü bildirir, onlara nailiyyətlər arzulayıram.
Sonda Bakı şəhəri 1 saylı orta məktəbin şagirdlərinin göstərdikləri səhnəciklər, söylədikləri şeirlər tədbir iştirakçılarında xoş ovqat yaratdı. Sabahımız olan fidan balalar gələcəyimiz üçün narahatlığın olmadığına bir daha əminlik yaratdılar.
Respublika.- 2009.- 18 yanvar.- S. 6.