Mailbəy R., Hidayətova E.
“Mingəçevir gənclərinin də kitaba
maraqları artıb”
Mingəçevirdə 1977-ci ildən
Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) fəaliyyət göstərir
Bu quruma 14 kitabxana daxildir. Mərkəzi Uşaq Kitabxanası da bu sistemə aiddir. On ilə yaxındır ki, MKS-yə əməkdar mədəniyyət işçisi Etibarə xanım Babayeva rəhbərlik edir. İstər gənc, istərsə də yaşlı nəslin asudə vaxtının səmərəli keçməsində kitabxanaların önəmli rolu olduğunu vurğulayan Etibarə xanım bizimlə söhbətində hər bir oxucunun tələbinin, marağının nəzərə alındığını bildirdi. Onun sözlərinə görə, pərakəndə şəkildə fəaliyyət göstərən kitabxanaların bir mərkəzdə birləşdirilməsi, bir mərkəzdən idarə olunması bu sahədə yaşanan problemlərin qarşısını almaqda mühüm rol oynayır: “Əvvəllər kitabxanalara göndərilmiş kitabları bölməkdə çətinlik çəkirdik. Belə ki, həmin kitabların hər nüsxəsindən hər kitabxanaya göndərə bilmirdik. Elə bu səbəbdən də oxucularımız əksər kitabxanalarımızdan istədikləri bu və ya digər kitabı tapa bilmirdilər”. “Əvvəlki illərə nisbətən maddi-texniki bazamız, imkanlarımız genişlənib” sözləri ilə söhbətini davam etdirən Etibarə xanım bildirdi ki, Mingəçevir Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə informasiya mərkəzi də açılıb: “Bu bizə informasiya bazamızı daha da artırmağa imkan verib. Belə ki, oxucularımız kitabxanada internetin imkanlarından istifadə etməklə istədiyi məlumatı da əldə edə bilir. Bir sözlə, istəyimiz oxucunun bütün tələblərini yerinə yetirməkdir. Buna da nail oluruq. Doğrudur, o qədər də narahatçılıq doğurmayan kiçik problemlərimiz var. Amma ümid edirəm ki, yaxın günlərdə onlar da aradan qaldırılacaq”. Son illər respublikamızda fəaliyyət göstərən kitabxana sistemlərinə dövlət səviyyəsində diqqətin artdığını vurğulayan Etibarə xanımın sözlərinə görə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev də MKS ilə mütəmadi əlaqə saxlayır. Yaşanan problemlərin həllində onlara yardımçı olur.
Ümumi kitab fondunun 326 min nüsxə olduğunu söyləyən Etibarə xanım hazırda MKS-də 21 minə yaxın latın qrafikası ilə nəşr edilmiş kitab olduğunu qeyd etdi. Dediyinə görə, yaşlı nəsil həmin kitablardan lazımınca faydalana bilmir: “Odur ki, onlar kiril əlifbası ilə çap olunmuş kitablara daha çox maraq göstərirlər”. “Bəs kitabxanaya gələnlərin sayı barədə nə deyə bilərsiniz?” sualını isə həmsöhbətimiz belə cavablandırdı: “Etiraf edək ki, bir müddət kitabxanalarımızda da durğunluq yaşanıb. Son illər isə Mingəçevir gənclərinin də kitaba maraqları artıb. Belə ki, əvvəllər oxu zalında 5-10 nəfər olardı, indi isə hər gün 30-40 nəfər oxucumuz olur. Biz də çalışırıq ki, onların bütün tələblərini yerinə yetirək”. Onun sözlərinə görə, MKS-də gözdən əlillər üçün xüsusi “Danışan kitablar”adlı bir fond da təşkil olunub. Bütün bunlarla yanaşı, MKS-də səyyar bölmə də təşkil olunub. Bu bölmələr müəyyən yerlərdə, məsələn, hərbi hissələrdəki oxucuları maraqlandıran kitabları onlara çatdırır.
Zaman.- 2009.- 27-28 yanvar.- S. 13.