Sultan M.

Qırx yaşlı elm məbədgahı

 

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının 40 illik yubileyi qeyd olundu. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin, muxtar respublikadakı kitabxanaların əməkdasları, kütləvi informasiya vasitələri nümayəndələri ilk öncə kitabxana ilə tanış oldular.

Mərasim iştirakçıları "Kitabxana proseslərinin avtomatlaşdırılması", "Sənədlərin konservasiyası, bərpası və surətçıxarma", "Ədəbiyyatın elmi kataloqlaşdırılması" şöbələrində, dövri mətbuat zalında və digər xidmət zallarında oldular, müxtəlif sərgilərə baxdılar. Universitet elmi-ədəbi mühitini əks etdirən, kitabxana əməkdaşlarının əsərlərindən ibarət sərgilər tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu.

Yubiley dəvətliləri slayd vasitəsi ilə bu elm məbədgahının qırx illik tarixinə qısa ekskurs etdilər, kitabxananın inkişaf yolu ilə əyani tanış oldular. Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli kitabxananın universitetin əsas struktur bölmələrindən biri kimi bilik, intellekt və informasiya mərkəzi, fundamental elmi tədqiqat bazası olduğunu vurğuladı. Natiq ölkə başçısının və muxtar respublika rəhbərliyinin kitabxanaların inkişafı istiqamətində gördüyü işlərdən, belə yubileyiərin keçirilməsinin əhəmiyyətindən bəhs etdi. Rektor kitabxananın direktoru, filologiya elmləri namizədi Aypara Behbudovanın universitetin "Qeyrət" nəşriyyatında nəfis tərtibatla üç dildə işıq üzü görmüş "Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası" kltabını qiymətli yubiley nəşri, kitabxanaşünaslıq elminə yeni töhfə kimi dəyərləndirdi. Yubiley münasibəti ilə kitabxanaya müasir texniki avadanlıqlar hədiyyə edən İsa Həbibbəyli kitabxanaçıların bir qrupunu fəxri fərmanlarla təltif etdi.

Kitabxananın direktoru, filologiya elmləri namizədi Aypara Behbudova “Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının inkişaf yolu və qarşıda duran vəzifələr” mövzusunda məruzə etdi. Yubiley hesabatı xarakterli məruzədə kitabxananın 40 illik fəaliyyəti, struktur bölmələri, zəngin fondu və oxucu kontingenti, komplektləşməsi, beynəlxalq əlaqələri, keçirilən tədbirlər barədə məlumat verdi. Məruzəçi muxtar respublika rəhbərliyinin, rektor, akademik İsa Həbibbəylinin misilsiz dəstəyi və qayğısı sayəsində burada müasir informasiya kommunikasiya texnologiyalarının uğurla tətbiq olunduğunu, kitabxananın dünya informasiya mərkəzləşmiş kitabxana şəbəkələrinə qoşulduğunu qeyd etdi. Direktor kilabxananın perspektiv planlarından, qarşıda duran vəzifələrdən də söz açdı.

NDU-nun elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynov kitabxananın elektron kataloq sistemindən, www.ndu.edu.az/kitab saytının fəaliyyətindən, gələcəkdə universitet əməkdaşlarının əsərlərinin elektron versiyalarından ibarət ayrıca fondun yaradılmasının əhəmiyyətindən danışdı.

Türkiyənin Ulduz Texniki Universitetinin professoru Adil Allahverdiyev Naxçıvanda dünya standartlarına cavab verən müasir tipli belə bir ali təhsil kitabxanasının olmasından iftixar hissi ilə danışdı, gələcək əməkədaşlıq üçün təkliflər verdi.

 

Paritet.- 2009.- 10-12 yanvar.- S. 10.