Nəzərli T.
Sevgilərin ən ulusu - Vətən sevgisi
Tarix boyu bütün müharibələr insan qırğınlarına, fəlakətlərə, dağıntılara səbəb olmuş, şəhərlər, kəndlər xarabalığa dönmüş, analar oğulsuz, gəlinlər dul, körpələr gözüyaşlı qalmışlar. Müharibənin vurduğu yaralardan bağrı şan-şan olan torpağın ağrısını da insan çəkir. İnsan həm öz itkilərinə dözməli, həm ruhi sarsıntılarını aradan qaldırmalı, həm də üstündə həyat qurduğu, ömür sürdüyü torpağın yaralarına məlhəm olub dağılan şəhərləri, kəndləri yenidən bərpa etməlidir.
Döyüşlər bitəndən, quruculuq-bərpa işləri başa çatandan sonra da müharibə insanın canında "gəzir", şüurunda, yuxularında, davranış və yaşam tərzində vaxtaşırı "fırtınalar" qoparır.
Ötən əsrin doxsanıncı illərinin əvvəlindən başlamış Ermənistan-Azərbaycan müharibəsi nəticəsində xalqımız və torpağımız böyük itkilər yaşamış, ancaq bununla belə, öz qəddini əyməmiş, 1994-cü ildə düşmənlə təmas xəttində Atəşkəs elan olunandan sonra öz dövlətçiliyini daha da gücləndirmiş, iqtisadı və hərbi qüdrətini artıraraq dünya dövlətləri sırasında sayılıb-seçilən, özünəməxsus söz sahibi olan bir dövlət imicini qazana bilmişdir. Keçilən bu möhtəşəm yolda ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri, bənzərsiz fədakarlığı heç zaman unudulmayacaqdır. Bu gün onun şərəfli missiyasını Azərbaycan Prezidenti İlham Əliyev böyük uğurla davam etdirir. Cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızı müharibə yolu ilə düşməndən azad etməyə qadirdir, bu faktla düşmən və himayədarları da artıq hesablaşmaq zorundadırlar. Ancaq münaqişənin sülh yolu ilə həlli variantı hələlik tükənmədiyinə görə, Azərbaycan dövləti müharibə variantını ikinci planda saxlayır. Vaxtilə ulu öndər Heydər Əliyev də uca kürsülərdən bildirmişdi, Prezident İlham Əliyev də birmənalı şəkildə bəyan edib ki, Azərbaycan xalqının heç kimin torpağında gözü yoxdur, Azərbaycan dövləti çalışır ki, yenidən qanlar axmasın, münaqişə sülh yolu ilə həll olunsun, erməni işğalçıları torpaqlarımızdan çəkilib getsinlər. Bəli, sülhpərvər Azərbaycan xalqının, onun dövlətinin və başçısının bugünkü mövqeyi belədir - sülh yolu ilə! İkinci varianta isə xalqımız da, ordumuz da hər an hazırdır.
Bu hazırlığın tərkib hissələrindən biri də xalqın vətənpərvərlik hisslərinin yüksək olmasıdır. Prezident İlham Əliyev demişdir: "Əsas məsələ ölkəmizi daha da möhkəmləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, mövqelərimizi gücləndirmək və Azərbaycanın qarşısında duran ən başlıca problemləri həll etmək, ərazi bütövlüyümüzü bərpa etməkdir. Bizim bütün fəaliyyətimiz, bütün səylərimiz bu məqsədə xidmət etməlidir. Həm ölkədə aparılan siyasi və iqtisadi islahatlar, xarici siyasətimiz, ordu quruculuğumuz, həm də Azərbaycanda vətənpərvərlik ruhunun güclənməsi bu məqsədə xidmət edir və etməlidir".
Vətənpərvərlik ruhunu şərtləndirən amillərdən biri torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş vətən övladlarının adlarının əbədiləşdirilməsi, xatirələrinin həmişə ehtiramla yad edilməsidir. Vətənin şəhid və qəhrəman övladlarının, onların keçdikləri şərəfli yolun gənc nəslə lazımınca tanıdılması vətənpərvər gənclərin yetişməsində vacib amillərdən biridir.
Bu məsələyə son dövrlər abadlıq-quruculuq işləri sayəsində siması tamamilə dəyişmiş Ağsu rayonunda da ciddi fikir verilir. Ermənistan işğalçıları torpaqlarımıza təcavüz edəndə ağsulu gənclər də silaha sarılaraq vətənin azadlığı uğrunda düşmənlə ölüm-dirim savaşına yollandılar. Onlardan 104 nəfəri şəhidlik zirvəsinə ucaldı, 2 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Göyçayın Qaraməryəm kəndi tərəfdən Ağsuya gələndə hər kəsin diqqəti rayon mərkəzinə çatmamış, yolun sol tərəfindəki möhtəşəm Şəhidlik və Qəhrəmanlıq Parkına yönəlir. Az-az adam tapılar ki, burdan keçəndə maşının sürətini azaltmasın və ya müqəddəs məkana baş çəkməsin.
Təsadüf elə gətirdi ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə parkda görüşdük. Söhbət əsnasında bildirdi ki, Şəhidlik və Qəhrəmanlıq Parkı 1 hektar sahəni əhatə edir. Qara mərmərlə işlənmiş möhtəşəm abidə-kompleks işıqlanma sayəsində gecələr də çox ecazkar görünür. Parkda əkilmiş 300-ə qədər bəzək ağacı ümumi ovqatı tamamlamaqda yardımçı rolunu oynayır.
Parkdakı abidə-kompleks üç guşədən ibarətdir: 1941-45-ci illərdə alman faşizminə qarşı müharibədə həlak olan, 20 Yanvar qırğınında və Ermənistan-Azərbaycan müharibəsində şəhidlik zirvəsinə ucalan ağsuluların xatirəsinə həsr olunmuş guşələr.
Komplekslərin girişində ulu öndər Heydər Əliyevin cəbhə bölgəsində - döyüşçülər arasındakı böyük foto-lövhə qara mərmər üzərindəki əzəməti ilə diqqəti çəkir. İç divarlardakı əbədi məşəl divar boyu sıralanmış şəhid fotolarının qəhrəmanlıq ovqatınıı bir az da artırır. Ənvər müəllim qeyd etdi ki, əlamətdar günlər, tədbirlər buranı ziyarətlə başlayır. Bura hər bir ağsulunun and yeri, qürur yeridir. Rayonda görülən abadlıq-quruculuq, yenidənqurma işləri bu parkla, bu komplekslə daha möhtəşəm görünür.
Biz orada olanda rayon kommunal təsərrüfatı departamentinin işçiləri səliqə- sahmanla məşğul idilər. Bir mənzərə diqqətimizi xüsusilə çəkdi. Ağbirçək ana bir əlindəki dəsmalla şəhid şəklinin tozunu alır, bir əli ilə də yaşlı gözlərini silirdi. İlk baxışdan fikirləşdim ki, bu şəkillərə, bu şəkillərdən boylanan qəhrəman vətən övladlarına baxanda kövrəlməmək mümkün deyil.
Yaxınlaşıb həmin şəkilə baxdıq: Zamanov Aqil Əbil oğlu. 18.XII. 1971-01.VII.1993. Ana sualımızı gözləmədi, oğlumdu, dedi. Bəli, Ağsu rayon kommunal təsərrüfatı departamentində çalışan bu şəhid anası - Həcər Zamanova və iş yoldaşları hər gün bu parkda təmizlik işləri ilə məşğul olur, qara mərmərlər üzərindəki şəkillərin tozunu alır, hər gün də qəlbləri yağı düşmənə qarşı nifrətlə dolur. Həcər Zamanovanın şəkildən boylanan oğlu Aqillə söhbəti şəkilə söylədiyi pıçıltılarıyla başa çatır. Bir az toxtayandan sonra bizə dedi ki, bu oğulların hər biri mənim balamdır.
Ağsu rayonundakı Şəhidlik və Qəhrəmanlıq Parkı barədə bəlkə də hansısa digər statistik rəqəmlərdən və sairədən də yazmaq olardı. Ancaq birmənalı şəkildə demək olar ki, bu parkın salınması, bu kompleksin yaradılması torpaqlarının bir qismi işğal altında olan məmləkətin gənclərinin vətənpərvərlik ruhunun artmasında misilsiz rol oynayır. Qoy belə parklara, belə komplekslərə gənclərimizin, hər birimizin yolu tez-tez düşsün.
Azərbaycan.- 2009.- 8 yanvar.- S. 6.