Kəbutər

 

Rusiyada Azərbaycanın dahi oğlu Heydər Əliyevin növbəti xatirə muzeyi açıldı

 

Xatirə muzeyi ilə yanaşı həm də ulu öndərin büstü də qoyuldu. Məlumat üçün deyək ki, xatirə muzeyi Rusiya Hüquq və İdarəçilik Akademiyasında təşkil olunub. Onu da qeyd edək ki, Rusiya Federasiyasında cəmi üç bu tip təhsil ocağı mövcuddur. Onlardan biri də muzeyin açıldığı Ryazan vilayətində yerləşir. Muzey Ryazan vilayətində fəaliyyət göstərən "Bulaq" Azərbaycan Mədəniyyət Mərkəzinin və azərbaycanlı iş adamlarının təşəbbüsü ilə yaradılıb. Mərkəzin rəhbəri Elşən Əliyev 2000-ci ildə Ümummmilli liderimiz Heydər Əliyevlə görüşdən sonra həyatının sonuna kimi Azərbaycan həqiqətləri uğrunda mübarizə aparacağına and içib. O, bunun bir azərbaycanlı kimi mənəvi borc olduğunu vurğulayıb.

10 illik yubileyini qeyd edən təşkilat bu günə kimi çox işlər görüb. Bunların arasında ən önəmlisi Ryazan vilayətində soydaşlarımızın təşkilatlanaraq ictimai-siyasi proseslərə vahid mövqedən qoşulmasıdır. 16 min müəllim və tələbəsi olan akademiyada ulu öndərimiz Heydər Əliyevin adını daşıyan muzeyin yaradılmasını, eyni zamanda, Ryazanda büstünün açılışını Elşən Əliyev məhz bu birliyin nəticəsi olaraq qiymətləndirir. Bundan başqa Mərkəzin təşəbbüsü ilə Ryazan Ticarət və Sənaye Palatası ilə müqavilə imzalanıb. Bakı Slavyan Universiteti ilə Ryazanda Sergey Yesenin adına universitet arasında əlaqələr yaradılıb. Yeri gəlmişkən, 70 azərbaycanlı tələbə Ryazandakı Rusiyanın ən qabaqcıl akademiyalarından birində - Ədliyyə Nazirliyinin Qanun və İdarəetmə Akademiyasında təhsil alır ki, bu da böyük göstəricidir. Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində də çoxlu işlər görən diaspor nümayəndələrimiz, bu yaxınlarda insan hüquqlarına dair konfransdä iştirak ediblər. Mərkəz ölkəmizlə bağlı kitabların Ryazan kitabxanalarında yayılmasına da nail olub ki, onların içində tariximizi, mədəniyyətimizi, eyni zamanda, xalqımızın başına gətirilən müsibətləri əks etdirən kitablar da var.

 

Yeni Azərbaycan.- 2009.- 17 yanvar.- S. 11.