Niftəliyev E.
Ulu öndərin ideyaları təbliğ edilir
Azərbaycan Prezidenti İcra
Aparatının regional idarəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş
şöbəsi Mədəniyyət və Turizm Nazirliyi
və Heydər Əliyev Fondu ilə birgə Ağstafa
rayonundakı Heydər Əliyev Mərkəzində Heydər
Əliyev muzey və mərkəzlərinin işinin
təşkili və fəaliyyətinin
təkmilləşdirilməsi məsələlərinə
həsr olunmuş respublika seminar-müşavirəsi
keçirmişdir.
Respublikamızın şəhər və rayon icra
hakimiyyəti başçılarının
müavinlərinin, Heydər Əliyev muzeylərinin,
mədəniyyət və turizm idarələri
rəhbərlərinin iştirakı ilə keçirilən
seminar-müşavirənin iştirakçıları
əvvəlcə müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu Heydər
Əliyevin abidəsi önünə gül
dəstələləri qoymuş, ulu öndərin xatirəsini
ehtiramla anmışlar.
Seminar-müşavirəni giriş
sözü ilə Azərbaycan Prezidentinin İcra
Aparatının regional idarəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş
şöbəsinin müdiri Zeynal Nağdəliyev açaraq
müzakirə olunan mövzu ilə əlaqədar geniş
məruzə etmişdir.
Qeyd edilmişdir ki, hər bir xalq
onun tarixində müstəsna rolu olmuş dahi
şəxsiyyətlərin xatirəsini həmişə uca
tutaraq onlara həsr edilmiş fondlar, müxtəlif xatirə
kompleksləri, muzeylər, mərkəzlər yaradır. Bu insanların həyatı və fəaliyyəti ilə
bağlı nə varsa ehtiramla tədqiq edilərək,
mənəvi dəyərlər kimi qorunub saxlanılır
və böyüməkdə olan nəslin
vətənpərvərlik ruhunda tərbiyə olunması
işində istifadə edilir. Xalqımızın
taleyində mühüm rol oynayan belə
şəxsiyyətlərdən biri də məhz Heydər
Əliyevdir. Onun müdrikliyi, uzaqgörənliyi,
fəaliyyəti, bütövlükdə həyatı hər
kəs üçün nümunədir. Bu gün sadə
peşə adamından tutmuş rəhbər
işçiyədək hamı ümummilli lider Heydər
Əliyevin irsini, onun idarəçilik prinsiplərini
öyrənməli, onlardan birmənalı şəkildə
bəhrələnməlidir. Bu məqsədə nail
olmağın ən təsirli yollarından biri Heydər
Əliyev muzey-mərkəzlərinin yaradılmasıdır. Ulu öndərin həyat və fəaliyyət
fəlsəfəsinin, elmi-nəzəri irsinin,
azərbaycançılıq ideologiyasının
öyrənilməsi, təbliği və gələcək
nəsillərə çatdırılması kimi
şərəfli missiyanı öz üzərinə
götürən Heydər Əliyev Fondu bu gün onu uğurla həyata keçirir. İnsanların
sağlamlığı, gənc nəslin
təlim-tərbiyəsi, milli mədəniyyətimizin
təbliği, ekoloji mühitin təmizliyi, sosial problemlərin
həlli, xüsusi qayğıya ehtiyacı olan uşaqlara
diqqətin artırılması, Azərbaycan
həqiqətlərinin dünyaya yayılması və
digər sahələrdə ardıcıl layihələr
həyata keçirməklə, Fond ulu öndər Heydər
Əliyevin ideyalarını yaşadır və inkişaf
etdirir. Fondda yaradılmış Heydər Əliyevin həyat
və fəaliyyətindən bəhs edən nəfis
ekspozisiya onu seyr edən hər kəsin qəlbində
yüksək iz qoyur. Ardıcıl və
məqsədyönlü fəaliyyəti nəticəsində
Fond nəinki respublikamızda, hətta xaricdə nüfuzlu
beynəlxalq qurumlarda böyük hörmət
qazanmışdır. Fondun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva çoxşaxəli
fəaliyyətinə görə bir çox nüfuzlu
beynəlxalq təşkilatların fəxri adlarına və
mükafatlarına layiq görülmüşdür.
Zeynal Nağdəliyev daha sonra
demişdir ki, Heydər Əliyev Fondu bu gün
respublikamızda fəaliyyət göstərən Heydər
Əliyev muzey və mərkəzləri üçün
işin düzgün qurulmasında bir nümunədir. Fondun
təcrübəsi əsas götürülərək
hər bir şəhər və rayonda bu işlər
yüksək səviyyədə böyük həvəslə
təşkil edilir. Fond tərəfindən
göstərilən qayğının nəticəsidir ki, son
illər Bakıda, həmçinin respublikamızın
şəhər və rayonlarında 51 Heydər Əliyev
muzeyi və mərkəzi yaradılmış, 3 muzey
istifadəyə verilmək ərəfəsindədir, daha 3
muzeyin tikintisi isə başa çatmaq üzrədir.
Yeni muzeylərin yaradılması prosesi davam edir. Ağstafadakı möhtəşəm Heydər
Əliyev mərkəzi, Qazaxdakı Heydər Əliyev elm
mərkəzi, Yevlax, Lənkəran, Şəmkir,
İsmayıllı, Qax və Zaqatala şəhərlərində
yerəşən Heydər Əliyev muzeyləri, bu yaxınlarda
Bakının Yasamal rayonunda açılışı
olmuş Heydər Əliyev muzey-məktəbi mövcud
olduqları qısa müddət ərzində
əhalinin böyük ehtiramla ziyarət etdiyi
mədəniyyət, elm və maarif mərkəzlərinə
çevrilmişdir.
Bu sahədə əldə olunan
nailiyyətlərlə yanaşı, mövcud
çatışmazlıqlardan da danışan
məruzəçi demişdir ki, aparılmış
araşdırmalar onu göstərir ki, Heydər Əliyev
muzeylərinin mövcud potensialından kifayət qədər
istifadə edilmir. Elə bu seminar-müşavirənin də
keçirilməsindən əsas məqsəd bu
nöqsanları araşdırmaq, həlli vacib
məsələləri birgə müzakirə etməkdir.
Heydər Əliyev
muzey-mərkəzləri ilə bağlı problemləri bir
neçə qrupa bölən şöbə müdiri demişdir
ki, bir çox muzeylərdə elektron kitabxanalar təşkil
edildiyi halda, digərləri yalnız bir otaqdan, bir kompozisiya
və ya ekspozisiya zalından ibarətdir. Muzey
tələblərinə cavab verməyən layihələr
əsasında inşa edilən belə binalarda nəinki muzey
əşyalarının mühafizəsi üçün fond
otaqları, hətta havalandırma, yanğından
mühafizə, siqnalizasiya sistemləri belə
nəzərdə tutulmamışdır.
Müşavirədə
ekspozisiyanın muzey mərkəzlərinə
gələnlərə yüksək peşəkarlıqla
təqdim edilməsi də vacib şərt kimi diqqətə
çatdırılmışdır. Qeyd
edilmişdir ki, bunun üçün savadlı və geniş
dünyagörüşü olan, ümummilli lider Heydər
Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti
ilə yanaşı, siyasəti, tarixi və
ədəbiyyatı mükəmməl bilən və
ardıcıl olaraq öz üzərində
çalışan muzey işçilərimizin sayı
çox olmalıdır. Təəssüflər olsun ki,
aparılan təhlillər onu göstərir ki, bu
sahədə problemlər çoxdur.
Hər bir Azərbaycan
vətəndaşı ümummilli liderimizin qurub
yaratdığı müstəqil dövlətimizin
vətəndaşı olmaqdan qürur hissi duymalıdır. Muzey-mərkəzə gələn hər bir kəs
bilməlidir ki, ulu öndər Heydər Əliyev
Azərbaycanın müstəqillik uğrunda
mübarizəyə ötən əsrin 70-80-ci
illərində - sovet kommunist rejiminin hələ çox
güclü olduğu bir dövrdə
başlamışdır. Artıq o zaman
Heydər Əliyev Azərbaycanın müstəqil dövlət
olacağını görürdü. Azərbaycana birinci
rəhbərliyi illərində ulu öndər respublikanı
nəhəng tikinti meydancasına çevirərkən,
irimiqyaslı sənaye obyektlərinin inşasına xüsusi
diqqət yetirərkən, yeni təhsil ocaqları
yaradarkən, fundamental və tətbiqi elmlərin
sıçrayışlı inkişafına nail olarkən,
məhz bugünkü və gələcək tərəqqinin
təməlini qoymuşdur. Hər bir
Azərbaycan vətəndaşı dərk etməlidir ki,
ümummilli lider Heydər Əliyev öz tarixi
qərarını qəbul edib xalqın tələbi ilə
yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycanı
böyük faciələr gözləyirdi. Ölkə
daxilində ictimai-siyasi sabitlik yaradılmasaydı,
Ermənistan-Azərbaycan müharibəsində
atəşkəs əldə edilməsəydi, "Əsrin
müqaviləsi" imzalanmasaydı, müstəqil
Azərbaycan Konstitusiyası qəbul olunmasaydı,
Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq layihələr
reallaşdırılmasaydı, bu gün heç bir iqtisadi
inkişafdan danışmaq olmazdı. Odur ki,
xalqımızın dahi oğlu Heydər Əliyevin adını
daşıyan muzey-mərkəzləri məhz bu
həqiqətləri yaymaq, insanlara çatdırmaq
məqsədi ilə fəaliyyətlərini yenidən
qurmalıdırlar.
Seminar-müşavirədə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
çıxış edərək, Azərbaycanda muzeylərin
fəaliyyətinin yaxşılaşdırılması
istiqamətində görülən işlərdən və
bu sahədə qarşıda duran vəzifələrdən
danışmışdır. Qeyd olunmuşdur
ki, hələ 70-ci illərdə ulu öndər Heydər
Əliyev Azərbaycanda muzey işinin
təkmilləşdirilməsinə ciddi diqqət yetirirdi.
Ümummilli lider bununla əlaqədar müvafiq
tapşırıqlar vermiş, qərarlar qəbul etmişdi.
1970-ci il yanvarın 30-da respublikada muzey işinin
vəziyyəti və onu yaxşılaşdırmaq
tədbirləri haqqında xüsusi qərar qəbul
edilmişdir. Ulu öndər ikinci dəfə
hakimiyyətə gəldikdən sonra muzey işinin
yaxşılaşdırılmasına daha böyük
diqqətlə yanaşmışdır. Məhz bunun
nəticəsidir ki, hazırda ölkəmizdə 200-dən
artıq muzey fəaliyyət göstərir. Bunların
14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i
tarix-diyarşünaslıq, 5-i döyüş
şöhrəti, 43-ü ev və 51-i Heydər Əliyev
muzeyidir. Ümummilli liderimizin bu sahədəki siyasi xəttini
dövlətimizin başçısı İlham Əliyev
uğurla davam etdirir. Son illər Azərbaycanda muzey işi
sahəsində çox böyük uğurlar əldə
edilmişdir. Hazırda respublikamızda onlarla muzey
əsaslı təmir edilmiş və bəzilərində
yüksək səviyyəli bərpa işləri
aparılmışdır.
Heydər Əliyev
Fondunun icraçı direktoru Anar Ələkbərov geniş
mərüzə ilə çıxış edərək
təmsil etdiyi qurumun gördüyü işlərdən
danışmış, Azərbaycanın birinci xanımı,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın gərgin
fəaliyyəti nəticəsində həyata
keçirilən tədbirləri seminar-müşavirə
iştirakçılarının diqqətinə
çatdırmışdır. A.Ələkbərov
qeyd etmişdir ki, Heydər Əliyev Fondu şəhər
və rayonlarda fəaliyyət göstərən Heydər
Əliyev muzeylərinin qurulması və eksponatlarla zənginləşdirilməsi,
habelə fəaliyyətinin düzgün
müəyyənləşdirilməsi üçün
hər cür qayğı və yardım göstərir.
Fondun əməkdaşları tez-tez yerlərdə olaraq
muzeylərin qurulmasında lazımi tövsiyələrini
verirlər.
Azərbaycan Prezidentinin İcra
Aparatının regional idarəetmə və yerli
özünü idarəetmə orqanları ilə iş
şöbəsinin müdiri Zeynal Nağdəliyev
seminar-müşavirəyə yekun vurmuşdur.
Müşavirədən sonra iştirakçılar Heydər
Əliyev Mərkəzinin foyesində Azərbaycanın
tanınmış 5 rəssamının əl
işlərindən ibarət sərgiyə tamaşa
etmişlər. Rəssamların hərəsi bir
əsərini mərkəzə hədiyyə etmişdir.
Səs.- 2009.- 30 yanvar.- S. 4.