Nizamiqızı H.

 

Bir tarixlik ev

 

Söhbət Cəlil Məmmədquluzadənin ev-muzeyindən gedir

 

Bakı şəhəri, Süleyman Tağızadə küçəsi, 56. Bu ünvanı bir çoxlarınız tanıyırsınız. Bu məkan «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!» - deyə bütünlükdə Azərbaycan xalqı və müsəlman dünyasını fanatizmdən, xurafatdan, savadsızlıq və cəhalətdən elmə, ürfana, inkişafa çağıran, bu yolda zaman-zaman təzyiqlərə, təqiblərə, məhrumiyyətlərə məruz qalan dühanın ocağıdır.

 

Azərbaycan ictimai fikir tarixində «Molla Nəsrəddin» kimi fundamental bir ədəbi məktəbin binasını qoymuş Cəlil Məmmədquluzadə ilə bağlı  aşkar edilən hər yeni sənədin, faktın ədəbiyyatımız, tariximiz üçün mühüm əhəmiyyəti var. Ələlxüsus da indiki məqamda. Çünki istər sovet hakimiyyətinin, istərsə də sonrakı dövrlərin böyük   Mirzə Cəlilə münasibəti birmənalı olmayıb. Belə ki, 1920-ci ilin yaz aylarında baş verən mürəkkəb hadisələr zamanı Mirzə Cəlil qardaşı Mirzə Ələkbərin təkidi ilə Kəhrizlini tərk edərək öz ailəsi ilə birlikdə Təbrizə köçür.  Burada o, böyük çətinliklə «Molla Nəsrəddin» məcmuəsinin nəşrini davam etdirir.

Ədib 1921-ci ilin yayında N.Nərimanov tərəfindən Sovet Azərbaycanına dəvət olunur və həmin ilin iyununda Bakıya gəlir.

 

Onun Bakıya gəlişi də birmənalı qarşılanmır. Çox maneələrdən sonra ona «Molla Nəsrəddin»i buraxmağa icazə verilir. Elə indi ev-muzeyi kimi fəaliyyət göstərən mənzili də ona yaşayış və redaksiyasının yerləşməsi üçün verirlər.

 

Bakıda jurnalın nəşri zamanı da onun fəaliyyətinə ciddi nəzarət qoyulmuş, məcmuədə siyasi xarakterli kəskin yazıların verilməsi qadağan olunmuşdu.

Ögey münasibət bununla da məhdudlaşmır. Türk dillərinin saflığı və yeni  əlifbaya keçid ideyalarının əsas carçılarından olan Mirzə Cəlil 1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilmiş I Türkoloji qurultaya dəvət olunmur. 

Ədibin  əsərlərinin nəşri, səhnədə oynanılması zamanı onların mətnlərinə elə müdaxilə olunurdu ki, Mirzə Cəlilin təbirincə desək, müəllif çox vaxt özü də əsərini tanıya bilmirdi. Hətta onun adı Azərbaycan ədəbiyyatının «cığırdaşları» siyahısına da salınmışdı. 1931-ci il aprelin 14-də AK (b) P MK katibliyinin qərarı ilə, təməlini qoyduğu və 25 il redaktoru olduğu «Molla Nəsrəddin» jurnalı Azərbaycan Mübariz Allahsızlar Birliyi Mərkəzi və Bakı şuralarının «Allahsız» orqanına çevrilmiş, Vəli Xuluflu dərginin yeni redaktoru təyin olunmuşdur. Ən qəribəsi bu idi ki, jurnal yaradıcısının adı heç redaksiya heyətinə belə salınmamışdı.

Bu haqsızlıqlara dözə bilməyən M.Cəlil açıq və ya üstüörtülü şəkildə etirazını bildirir və özü bəzən aşkar, bəzən  gizli təqiblərə məruz qalırdı. Onun keçmişinə, yaradıcılığına qarşı tutarlı bəhanə tapa bilməyən bədxahları  həyat yoldaşının keçmiş mülkədar zümrəsindən olmasını əllərində bayraq edərək, onu gözdən salmağa çalışırdılar. Təbiətən çox həssas olan ədib isə bu cür hücumlara dözə bilmir,  tez-tez əsəbiləşir, mənəvi sarsıntılar keçirirdi.

 

Təəssüf doğuran məqam isə hazırkı durumda da ədibə qarşı belə çək-çevirlərin olmasıdır. Bəzi üzdəniraq «böyük» qələmçilər, xülyalarla yaşayıb, böyük ədəbiyyatçılığa iddialı balaca fikirlilərimizin də Mirzə Cəlilə münasibəti dolanbaclıdır. Dahilərə divan tutmaq iddiasına düşənlər, bir sayıqlama köşəsi ilə müasir Azərbaycan mətbuatında dönüş yaratdığını xəyal edənlər Mirzənin xalqını alçaldıb-aşağıladığın düşünür - hətta ailəsi, dövrünün görkəmli ziyalısı Həmidə xanım haqqında münasibətlərinə də əl-dil uzadırlar. Elə Mirzə Cəlil ünvanına növbəti gəlişimiz  bütün bu cəfənglərdən yanadır. Ömrünün sonuna qədər yaşadığı mənzildən böyük mənəvi dəyər daşıyan nüansları qəzetimizin səhifələrinə «daşımaq» istədik. 

 

Nə qədər ki...

 

Nə qədər ki, cəmiyyətimizdə şeyx nəsrullahlar, məmmədhəsən əmilər, novruzəlilər, Qurbanəli bəylər dolaşır, deməli, Mirzə Cəlilə və onun Kefli İsgəndərinə ehtiyacımız var.

Bu ünvanı bu ehtiyaca  əlac umusuyla gəzdik. Bələdçimiz ömrünü Mirzə Cəlil ocağının yaşamasına həsr edən Pərixanım Mahmudova - muzeyin direktoru oldu.

 

«Bu ünvan onun Bakıya qayıtdıqdan sonra yaşadığı mənzildir ki, hazırda ev-muzeyi kimi fəaliyyət göstərir.  Deyim ki, bu muzeyin fəaliyyətgöstərmə məsələsi də ədibin taleyinə bənzəyir. Belə ki, 1979-cu ildə Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin ev-muzeylərinin yaradılması haqqında sərəncam çıxmış və burada Cəlil Məmmədquluzadənin də adı qeyd olunmuşdu. Ümumiyyətlə, respublikamızda muzeylər şəbəkəsi Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağlıdır. Bu, danılmaz faktdır. Elə indi qeyd etdiyim sərəncam da o siyasətdən bir nümunə idi.  Bəli, o sərəncamda dövrünün milli məfkurə və ədəbi-bədii aləminin  bayraqdarı olmuş Mirzə Cəlilin də adı vardı, amma bunun  reallaşması çox uzun çəkdi.  Çünki bu ev üç ailə arasında bölünmüşdü. Məmmədquluzadələr ailəsi çox böyük olub. Öz ailə (köhnə-təzə nikahlardan) üzvlərlə yanaşı, qohum-qardaşları, ehtiyacı olan dost-tanış uşaqları və s. Yəni, indi muzey kimi fəaliyyət göstərən bu evi öz aralarında bölən ailələrin tələblərini ödəmək, onları yeni mənzillərlə razı salmaq müəyyən vaxt apardı.  Uzun çək-çevirdən sonra, nəhayət, onlar muzeyin sərəncamına sökülüb-dağılmış, sözün əsl mənasında xaraba bir məkan verdilər. Təsəvvür edin, nə uçuq-sökük divarlar  suvanmış, nə bir yerə mıx vurulmuş, nə yağışdan dəlmə-deşik olmuş tavanı düzəltmişdilər...

 

«Bax, belə bərbad otaqlara gəldik...»

 

Muzeyin təmiri işinin, o ildən bu ilə keçirilməsi maliyyə çətinlikləri ilə əlaqədar idi. Muzeyin əsaslı təmir işlərinin yekunlaşması 1994-cü ilədək davam etdi».

 

Bu vaxt ərzində muzey əməkdaşlarının fəaliyyət göstərdiyini və toplama, kütləvi təbliğat, C.Məmmədquluzadənin öyrənilməsi və təbliği işlərinin tam icra olunduğunu deyən direktor memorialın ekspozisiyanın ziyarətçilər üçün açıldığı vaxt artıq fondlarında 3 minə yaxın eksponat toplandığını, bunun muzey əməkdaşlarının axtarışları nəticəsində olduğunu dedi: «Muzey ekspozisiyasının açılışında ümummilli lider Heydər Əliyev iştirak etmişdi. O, ikinci dəfə hakimiyyətə gəldi və muzeyin hələ də xalqın ixtiyarına verilməməsindən xəbər tutaraq bu barədə göstəriş verdi, 1 il sonra təmir başa çatdı, ekspozisiya açıldı.

 

Amma biz gələndə bu boyda ev bomboş idi. Təsəvvür edin ki, bizə Mirzə Cəlillə bağlı bir çöp də verməyərək, köhnə nə varsa, hamısını götürüb gediblər».…

 

Hazırda muzeyin fondlarında 5 minə yaxın nümunə olsa da, onların arasında Mirzə Cəlilin şəxsi əşyası çox azdır. Çünki Həmidə xanım həyat yoldaşının yaradıcılığını yüksək qiymətləndirdiyindən onun ölümündən sonra şəxsi əşyalarının əksəriyyətini, eləcə də əlyazmalarını respublikanın müvafiq arxiv, muzey və digər müəssisələrinə verib.

 

«Muzey yaradılarkən evdə nəinki bir eksponat, heç kağız parçası da yox idi» - deyən Pəri xanım fondun toplanmasının da böyük zəhmət hesabına başa gəldiyini bildirir və onun bələdçiliyi ilə ekspozisiya zallarını dolaşırıq.

Ümumi sahəsi 185 kvadratmetrdən çox olan mənzilin 5 otaqdan ibarət ekspozisiya zalı var (ümumi sahəsi 96 kvadratmetr).

Təbrizdən Sovet Azərbaycanına dəvət olunan ədib müəyyən müddət mənzil və vəd olunan işlə təmin olunmur. Sonra bu haqda Nəriman Nərimanova məlumat çatır və onun şəxsi təşəbbüsü ilə bu mənzil Mirzə Cəlilə verilir. Evin açarlarını ona şəxsən Nərimanov təqdim edir. 

Xalq Komissarları Sovetinin qərarında da bu sözlər yazılıb: «Otaqlar verilir Cəlil Məmmədquluzadəyə ailəsinin yaşaması və «Molla Nəsrəddin» jurnalının redaksiyası üçün».

 

Ədibin əlyazmalarını yandırdığı qara soba... yenə də soyuqdur

 

Birinci zalda Mirzə Cəlilin həyat və fəaliyyətini əsk etdirən fotolar, sənədlər, bəzi əlyazmalarının surətləri yerləşdirilib.

Otağa daxil olan andan fotolar böyük Mirzə Cəlilin iç dünyasının, xalqına, insanlara , ətrafına münasibətinin xəyali şərti model-portretini yaradır. Bu «portret»i dövrünün görkəmli ziyalıları, Azərbaycanın milli özünüdərkində əməyi olanların fotoları tamamlayır.

 

İkinci ekspozisiya zalı Məmmədquluzadələrin qonaq otağı olub. Buradakı mebellər, yemək dəstlərinin düzüldüyü masa, ətrafdakı stullar da... adama o dövrün seçilmiş əşyaları  təsiri bağışlayır.

 

Pəri xanım buradakı əşyaların da böyük çətinliklərlə yığıldığını və bəzilərinin sadəcə həmin dövrə aid olduğunu diqqətə çatdırdı: «Bax o kofe çayniki Həmidə xanıma aiddir. Onu bizə nəvəsi bağışlayıb.

Evdə iki soba var. Amma bunlardan hansının ədibin əlyazmalarını yandırdığı üzüqara soba olduğunu təyin etmək çətindir. Həmidə xanım xatirələrində yazır ki, «Mirzə Cəlil bir gün uşaqların otağını qızdırmaq üçün nə qədər təkid etdimsə əlyazmalarını yandırdı».

 

Çünki Cəlil Məmmədquluzadə bu gün daha da  müasirdir. Yazarlarımız, şairlərimiz, rəssamlarımız dönə-dönə onun yaradıcılığına müraciət edir, ondan bəhrələnirlər. Bu nüansı biz də əsas götürərək ədibin şəxsi həyatını və örnək yaradıcılığını vəhdətdə təqdim edirik». 

 

Ev, onun quruluşu, tərtibatı, içərisindəki əşyalar və bu ailə haqqındakı xatirələr onların həyat  yaşam tərzi haqqında aydın təsəvvür yaradır və belə bir qənaət yaranır ki, Məmmədquluzadələr ailəsi sadə həyat tərzinə üstünlük verib, dəbdəbədən tamamilə uzaq olublar.

Həmidə xanımın xatirələrindəki bir fikir diqqətimi cəlb etdi: «Mirzə Cəlil bir dəfə özü haqqında mənə belə dedi: «Mən ailə həyatı üçün yaranmamışam. Əslində dərvişvari bir adamam, xasiyyətim ağırdır, əsəbiyəm. Etiraf edirəm ki, mənimlə yaşamaq çətindir. Uşaqları tərbiyə etməyə səbrim çatmır. Sən məni ailə adamı eləyibsən».

 

Bu fikri davam etdirən muzey direktoru Həmidə xanımın xatirələrinə əsasən ədibin şəxsi keyfiyyətləri barədə də məlumat verdi: «Mirzə Cəlil azdanışan adam olsa da, ətrafına, insanlara qarşı çox həssas, diqqətli olub. Məsələn, o tanışlarını evə dəvət etsə, o qədər   danışmaz, sadəcə qulaq asarmış. O, ailəsini çox sevib, harada olursa-olsun, onlarla məktublaşıb. Övladlarından daha çox Midhətə bağlı olub».…

 

Üçüncü, nisbətən kiçik otaq sırf Həmidə xanıma aiddir. Bu munis, xudmani otaqda Həmidə xanıma aid müxtəsər bir aləm yaradılıb.  Bu otaq da Məmmədquluzadə ocağında doğulan, yaşayan insanların fotoları ilə bəzədilib. 

 

Dördüncü zal isə Mirzə Cəlilin dramaturgiyasına   «Molla Nəsrəddin» jurnalına həsr olunub. Stendlərin biri bütünlüklə məşhur «Ölülər»ə həsr olunub. Burada sıralama ilə tamaşadan təsvirlər   əsərin qəhrəmanı Kefli İsgəndərin ehtimal olunan prototiplərinin fotoları da var. Nümunələr arasında «Molla Nəsrəddin» dərgisinin Tiflis, Təbriz və nəhayət, Bakı dövrünü əks etdirən eksponatlar da var.

 

Otağın mərkəzində isə nərd masası və iki stul var. Təbii ki, bu da ev sahibinin stolüstü oyunlara meyilli olduğunu və mütəmadi olaraq  dostları ilə dama, şahmat, nərd oynadığını göstərir. Pəri xanım bu oyunların daha çox  toplaşma, söhbətləşmə məqsədi güddüyünü vurğuladı.

 

Bu da son...

 

Beşinci zal da sadəliyi ilə diqqət çəkir. Jurnalın redaksiyasının yerləşdiyi otaqda ədibin şəxsi kitabxanasından  qalan az sayda kitabın toplandığı iki şkaf, yazı masası, iri termo və Həmidə xanımın ad günü münasibətilə ona hədiyyə etdiyi divar saatı var.  

 

Pəri xanım ziyarətçilərin daha çox bu otaqda ayaq saxladığını, onun şəxsi əşyalarına, yazı masasına, üzərindəki  nümunələrə diqqətlə baxdıqlarını deyir: «Bu, qeyd etdiyim kimi, ədibin iş stoludur. Dövlət Ədəbiyyat Muzeyindən verilmiş bu masada «Molla Nəsrəddin» jurnalının 1-ci nömrəsi, yazı ləvazimatları var.

 

Bu guşədə isə ədibin əmək alətlərini nümayiş etdiririk. Alətlər blokundan da görünür ki, o, evdə kiçik təmir işlərini özü görüb və belə demək mümkünsə, ölümünün səbəblərindən biri də bu alətlər olub. Həmidə xanım xatirələrində onun eyvanın kilidini təmir etdiyi zaman insult olduğunu və yanvarın 3-də beyninə qansızma nəticəsində vəfat etdiyini yazır».

Beləcə, böyük ömrün son akkordlarının vurulduğu evi və zaman «maşını»nın unutduğu ortamı tərk etdik. Geridə müqəddəs ocağı ziyarətdən yaranan xoş təəssürat   böyük ədibin hələ də var olan qəhrəmanları qaldı.

 

Mədəniyyət.- 2009.- 22 yanvar.- S. 7.