Kamalqızı
R.
İncəsənət mədəniyyətimizin ən
dəyərli incisidir
"Azərbaycan
inkişaf etmiş bir dövlət kimi bu gün mədəni
sahədə də öz uğurlu nailiyyətlərini
göstərməkdədir. Xüsusilə, mənəvi
iqtisadi zənginləşmə prosesinin formalaşması bir
daha xalqımızın ən böyük
dəyrələrindəndir".
Bu fikir dünən Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
müvəkkil, Ombusdman Aparatı Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən tədbirdə səsləndi. Ombudsman
Elmira Süleymanova "Mədəni hüquqların müdafiəsində
ombusdmanın rolu" mövzusu ilə
çıxışı zamanı bildirib ki, beş il bundan
əvvəl gənc, müstəqil Azərbaycan Avropa
Şurası kimi böyük bir qurumun üzvü oldu. Bundan
sonra insan hüquqlarının yeni mexanizmi olan Ombusdman
Aparatının yaranması baş verdi: "2006-cı ili
xalqımız tarixi hadisələrlə dolu uğurlu bir il
kimi yola salır. Bu bir il ərzində Azərbaycannın
iqtisadi cəhətdən yüksək sürətlə
inkişaf etməsi xalqımızın yaşayış
tərzinə böyük təsir etmişdir. Ölkə
Prezidenti İlham Əliyev cənablarının sosial-iqtisadi
inkişaf üzrə Dövlət Proqramı regionların
bütün sahələrdə böyük uğurlar
əldə etməsinə səbəb olmuşdur.
Həmçinin, bu inkişaf dövlət büdcəmizin
surətlə artmasına gətirib
çıxartmışdır. Eyni zamanda, dövlət
rəhbəri Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində böyük və uğurlu
işlər aparmış, yaxın illərdə bu problemin
sülh yolu ilə həll olunmasına şərait
yaradılmışdır".
E.Süleymanova ölkənin inkişafında
mənəvi-iqtisadi zənginliyin ən vacib amil olduğunu
vurğulayıb: "Mədəniyyət
özü-özlüyündə cəmiyyətin tarixi
inkişafının atributudur. Çünki milləti
millət kimi tanıdan, məhz mədəni
hüquqlarımız, mənəvi-iqtisadi
zənginləşməyimizdir. Mənəvi-iqtisadi
zənginləşmə olmadan millət kimi formalaşmaq
olmaz. Mədəniyyət özü geniş məfhumdur. Dini,
dili, adət-ənənəsi, sülhü idarəetmə
mədəniyyəti və bir çox sahələr
mədəniyyətimizin əsasını təşkil edir.
Bu gün Azərbaycan bu mənada, hər kəs üçün,
hər bir dövlət üçün nümunədir.
Çünki müstəqil Azərbaycanın
yaradıcısı olan ulu öndərimiz Heydər Əliyev
siyasətinin davamçısı İlham Əliyev
cənabları ölkədə ardıcıl və
sürətlə uğurlu işlər aparmaqdadır".
Milli Məclisin mədəniyyət
məsələləri daimi komissiyasının sədri,
millət vəkili Nizami Cəfərov "Mədəni
hüquqların təminatı demokratiyanın əsası
kimi" mövzusu ətrafında çıxış
edərək bildirib Milli Məclisdə
mədəniyyətlə bağlı qanunlar müzakirə
olunur: "Milli Məclisə mədəniyyət və
qanunlar üç mənbədən gəlir. Əsas mənbə
Mədəniyyət və Turizm Nazirliyinin
hazırladığı qanun və layihələrə
əsaslanır. Son vaxtlar mədəniyyət sahəsində
böyük uğurlu işlər görülür.
Ümumiyyətlə, incəsənətdə,
mədəniyyətdə modernləşdirmə prosesi
aparılır. Belə bir faktı da qeyd etmək istərdim ki,
mədəniyyətə qanunvericilik sahəsi kimi baxmaq
düzgün deyil".
N.Cəfərov qanunvericiliyin ikinci
mənbəsinin konvensiyalar olduğunu vurğulayıb: "Bu
gün elə tarixi abidələr var ki, bu abidələr
dünyada daha çox diqqət mərkəzində olur.
Əsas odur ki, hər bir ölkənin tarixi abidəsi
həmin xalq tərəfindən qorunmalıdır".
Millət vəkili ölkə Prezidenti İlham
Əliyev cənablarının mədəniyyətimizə
və mədəni abidələrimizə böyük
qayğı göstərdiyini vurğulayaraq, bu günə
kimi Milli Məclisdə 10-dan çox qanunun qəbul edildiyini
bildirib: "Doğrudur, bu gün qəbul olunmuş qanunda bir
neçə ildən sonra müəyyən
dəyişikliklər edilməsi tələb olunur. Bunun
səbəbi də Azərbaycanda iqtisadi inkişafın
çox sürətlə getməsidir. Ümumiyyətlə,
universal qanunlarla yanaşı, müəyyən
sahələri əhatə edən qanunların da
hazırlanmasına ehtiyac duyulur. Qanun həm də, həyata
real nəticəsini verməlidir. Digər bir
tərəfdən isə, qanunlar hazırlananda mütləq
geniş müzakirə olunmalıdır".
N.Cəfərov, həmçinin,
"Mədəniyyət haqqında qanun"un 10 il bundan
əvvəl qəbul edildiyini vurğulayıb və qeyd edib
ki, bu qanunda elə müddəalar var ki, özünü
doğrultmur. Məhz bu səbəbdən də, sevindirici
haldır ki, həmin qanun Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən geniş surətdə
işlənilir. Millət vəkili ulu öndərimiz
Heydər Əliyev tərəfindən mədəni irsimizin
əsasının qoyuluşunda üç prinsipin olduğunu
vurğulayıb: mədəniyyətimizin potensialının
qorunub saxlanılması, müasir dövrə, müasir
şəraitə mədəniyyətimizin
uyğunlaşması və xüsusi istedadların fərdi
qaydada qorunmasıdır. Bu prinsiplərin ölkə Prezidenti
İlham Əliyev cənabları tərəfindən
uğurla həyata keçirildiyini qeyd edən N.Cəfərov
Azərbaycanın mədəni inkişafında demokratik
prinsiplərin əsas rol oynadığını bildirib.
Mədəniyyət və Turizm naziri
Əbülfəs Qarayev "Mədəni irsin qorunmasında
və təbliğində vətəndaş
cəmiyyətinin rolu" mövzusu ilə
çıxış edərək, xalqımızı
qarşıdan gələn bayramlar münasibətilə
təbrik edib: "Bayramlarla başlanan il uğurlu olur.
Azərbaycan xalqı 1993-cü il iyunun 15-də ulu
öndərimiz Heydər Əliyevin siyasi hakimiyyətə
ikinci qayıdışından sonra belə uğurlu
illərlə yaşamağa başladı və bu gün
çiçəklənən Azərbaycanın
inkişafında əbədiyaşar rəhbərimiz
Heydər Əliyevin siyasi davamçısı olan ölkə
Prezidenti İlham Əliyev cənablarının
apardığı uğurlu siyasət, xalqımızın
yüksək səviyyədə yaşamasına zəmin
yaradıb".
Sevindirici haldır ki, ölkə Prezidenti
İlham Əliyev cənabları "Müasir
incəsənət muzeyinin yaradılması" haqqında
imzaladığı sərəncam Azərbaycan mədəniyyət
və incəsənət adamlarının sevincinə
səbəb olmuşdur. Bu gün doğrudan da,
görülən işlər milli-mədəni inkişaf konsepsiyasında
öz əksini tapmaqdadır. Hər bir xalqın
mədəniyyəti o xalqın inkişafını
göstərir. Məhz bu səbəbdən də, bu gün
respublikamızda iqtisadiyyatımızın inkişafı
tələb edir ki, Azərbaycan mədəniyyəti
qarşısında duran bütün problemlərin
həllində birlik nümayiş etdirək.
Görüşdə "Simurq"
Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti
Fuad Məmmədov, təhsil nazirinin müavini Elmar
Məmmədov və qeyri-hökumət
təşkilatlarının nümayəndələri
iştirak edərək, ölkə Prezidenti İlham Əliyev
cənablarının apardığı uğurlu siyasət
nəticəsində respublikada gedən sürətli
inkişafa dəstək olacaqlarını və Azərbaycan
mədəniyyətinin bütün dünyada
tanınmasına səy göstərəcəklərini
bildirdilər.
Səs.-2006.-26 dekabr.-S.7.