Əliyev Ziyadxan
Rəssamlar İttifaqı 65 ilin
işığında
Azərbaycan Rəssamlar
İttifaqı - 65
Bu günlər Azərbaycan Rəssamlar İttifaqı
yaradılmasının 65 illiyinin qeyd olunmasını
ölkəmizin mədəni həyatında mühüm
hadisə hesab etmək olar. Bu təşkilatda
mənəvi birlik tapan yaradıcı qüvvələr —
rəssam və heykəltaraşlar dünyanın hər
yerində Azərbaycan mədəniyyətinə
qürurdoğurucu şöhrət bəxş
etmişlər. Bu yaradıcılıq ocağının
tarixini və sənət axtarışlarının
nəticələrini əks etdirən səhifələri
vərəqləməklə arxada qalan 65 illik
şərəfli bir dövrə güzgü tutmaq
mümkündür...
Azərbaycan təsviri sənəti
çoxəsrlik tarixə malikdir və bugünkü
səviyyəsinə yüzlərlə
özünəməxsus dəst-xəttə malik
sənətkarın yaradıcılıq uğurları
sayəsində yüksəlsə də, onların
təşkilatlanması yalnız XX əsrdə baş tutub.
Ötən əsrlərdə Azərbaycanın
müxtəlif şəhərlərində zaman-zaman
şairlər məclisləri mövcud olsa da,
rəssamların birgə fəaliyyəti yalnız
Səfəvi dövləti dövründə Təbriz
miniatür məktəbində mümkün olmuşdur.
Azərbaycanın sovetləşməsi ölkənin
mədəniyyət və incəsənətinin
inkişafında yardımçı ola biləcək
yaradıcılıq təşkilatlarının
yaradılmasını şərtləndirdi.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 20
iyul 1936-cı il tarixli büro iclasında həmin ilin oktyabr
ayında rəssamların ilk qurultayının
keçirilməsi qərara alınır. Əzim
Əzimzadə başda olmaqla, altı nəfərdən
ibarət təşkilat komitəsi də yaradılır. Büro rəssamlara olan diqqət və
qayğını nümayiş etdirmək üçün
xüsusi bəndlə Bakının Voroşilov rayon
icraiyyə komitəsinə
İçərişəhərdəki Cümə
məscidini Rəssamlar İttifaqının
tabeçiliyinə vermək təklif olunur ki, burada qurultaya
qədərki dövrdə, İttifaqın Təzəpir
məcsidində yaradılan “Rəssamlar evi”nə
köçməsinə qədər gündəlik
işlərin aparılmasını təmin etmək
mümkün olsun. Qərarda rəssamlara yaradıcılıq
emalatxanaları və mənzillərin verilməsi də
nəzərdə tutulmuşdu. Lakin naməlum
səbəblərə görə bu tədbirlər baş
tutmayıb.
Azərbaycan KP MK-nın 20 mart 1939-cu il tarixli
büro iclasında yenidən Azərbaycan
rəssamlarının I qurultayının keçirilməsi
barəsində qərar qəbul edilir və hətta onun
keçiriləcəyi vaxt da dəqiqləşdirilir: 1 iyun
1939-cu il. Ancaq qurultayın keçirilməsi bu
dəfə də baş tutmur.
Nəhayət, Azərbaycan KP MK-nın üçüncü
dəfə, 10 oktyabr 1940-cı il tarixli büro iclasında
qəbul etdiyi qərardan sonra — 1940-cı il oktyabrın
23-25-də Azərbaycan rəssamlarının I qurultayı
keçirilir. Qurultay Azərbaycan təsviri sənətinin
vəziyyətini və bu sahədə əldə edilmiş
nailiyyətləri müzakirə etdi, yaradıcılıq
işinin gələcək perspektivlərini
müəyyənləşdirdi. Qurultayın
qərarlarında Azərbaycan rəssamlarının milli
yaradıcılıq məktəbinin formalaşması
mühüm nailiyyət kimi qeyd olundu.
Doğurdan da, sosialist prinsiplərinin praktikada
tətbiqi geniş təlqin olunsa da, o vaxt böyük
yaradıcılıq yoluna qədəm qoyan gənc
rəssamların milli irsin əvəzolunmaz
ənənələrinə sadiq qalaraq sənəti özünəməxsus
əsərlərlə zənginləşdirmələri
çox önəmli idi. Bu bədii
məziyyətlər Əzim Əzimzadə,
Qəzənfər Xalıqov, Salam Salamzadə ilə
yanaşı, gənc rəssamlardan Tağı Tağıyev,
Kamil Xanlarov, Əlibala Kazımov, Həsən Haqverdiyev,
Zivər Məmmədova, Reyhan Topçubaşova, Gülnaz
Salamova, Maral Rəhmanzadə, İzzət Seyidova və
Güllü Mustafayevanın əsərlərində
müşahidə olunurdu.
Ölkədə M.F.Axundovun (1939) və Nizami Gəncəvinin
(1940) obrazlarının yaradılması məqsədilə
elan olunan müsabiqələr portret janrının,
bütünlükdə isə rəngkarlığın
inkişafında yaddaqalan mərhələ oldu. Birinci
müsabiqə təşkilatçıları tam qane
etmədi. Odur ki, müsabiqənin yalnız
üçüncü mükafatı Hüseyn Əliyevə,
həvəsləndirici mükafat isə Adil Qazıyevə
verildi.
Ümumittifaq çərçivəsində
keçirilən ikinci müsabiqədə birinci mükafata
Qəzənfər Xalıqovun yaratdığı portret layiq
görüldü. Şarin bu gün tanınan məlum
obrazı da o vaxt qəbul edilən əsərdir.
Rəssamların birinci qurultayından az sonra, 1941-ci ildə
Böyük Vətən müharibəsinin başlanması
yeni yaradılmış Rəssamlar İttifaqı
üçün ciddi bir sınaq oldu. Bütün
sovet xalqları kimi Azərbaycan xalqı da fiziki və
mənəvi qüvvələrini səfərbərliyə
aldı. İyirmidən çox rəssam
döyüşən ordu sıralarına yola
düşməklə, cəbhə qəzetlərinin
redaksiyalarında çalışmağa başladı.
“Hər şey cəbhə üçün, hər
şey qələbə naminə” şüarı
Azərbaycan rəssamları üçün də
başlıca amala çevrildi. Azərbaycan sənətkarları
respublika zəhmətkeşlərini faşist
işğalçılarına qarşı
qəhrəmancasına mübarizəyə, qələbə
naminə fədakar əməyə çağıran,
vətənpərvərlik hissi aşılayan
əsərlər yaratmağa başladılar.
Bu gün zaman arxa cəbhədə, təsviri sənət
ustalarının gördükləri yaradıcı işin
heç də ön cəbhədəki əli silahlı
əsgərlərdən az xidmət olmadığını
təsdiqləyir. Cəbhəni yanacaqla təmin
etməklə qəhrəmanlıq rəmzinə
çevrilən Bakı həm də ideoloji cəbhədə
cəsarətli və inamlı mübarizə aparırdı.
Azərbaycan rəssamlarının arxa cəbhədə
apardıqları cəsarətli ideoloji mübarizənin
sorağı tez bir zamanda Moskvaya da gedib çıxmışdı. 1943-cü ilin aprel ayında məşhur
Tretyakov qalereyasının salonlarında Azərbaycan
rəssamlarının vətənpərvərlik ruhlu
əsərlərinin nümayişi həm də Azərbaycan
Rəssamlar İttifaqının bir yaradıcı qurum kimi
təşkilatçılığının təqdir
olunması idi.
Böyük Vətən müharibəsi qələbə
ilə başa çatdıqdan sonra Azərbaycan təsviri
sənətinin yeni yüksəliş dövrü
başlayır. Azərbaycan Rəssamlar
İttifaqı öz ətrafında birləşdirdiyi yaradıcıların
istedadlarının nümayişi üçün
şərait yaratmağı özünün başlıca
fəaliyyət prinsipinə çevirir. Ümumittifaq
rəssamlıq sərgilərində iştirak edən
müəlliflərin sayca ildən-ilə artması
Azərbaycan rəssamlığının
yetkinləşdiyini, sürətlə
irəliləyişini göstərir. Nizami Gəncəvinin
1947-ci ildə qeyd olunan 800 illik yubileyi Rəssamlar
İttifaqı üçün əsl sınağa
çevrildi. Nizaminin obrazı üçün
elan olunan Ümumittifaq müsabiqəsinin keçirilməsi
və Qəzənfər Xalıqovun əsərinin qalib elan
olunması (1940), onun nəticələri əsasında
Gəncədə (1947) və Bakıda (1949) heykəltaraş
Fuad Əbdürrəhmanovun yaratdığı
əsərlərin abidəyə çevrilməsi, şairin
“Xəmsə”sinin illüstrasiyalı akademik
nəşrinin çap edilməsi və digər
yaradıcılıq işləri təşkilatın bu
imtahandan alnıaçıq çıxdığını
təsdiqləyir.
Rəssamlarımızdan Mikayıl Abdullayev,
Səttar Bəhlulzadə, Nadir Əbdürrəhmanov, Salam
Salamzadə, Maral Rəhmanzadə, Lətif Kərimov və
başqalarının Bakıda və Moskvada fərdi
sərgilərinin təşkili, Azərbaycan
sənətkarlarının əsərlərinin London, Nyu-York,
Brüssel, Varşava, Praqa, Dehli, Paris kimi şəhərlərdə nümayişi, 1959-cu ilin
yazında Moskvada Azərbaycan ədəbiyyatı və
incəsənəti dekadasının keçirilməsi
həm Rəssamlar İttifaqının, bütünlükdə
isə respublikanın 1950-1960-cı illər mədəni
həyatında əlamətdar hadisə oldu.
1961-1967-ci illərdə Mikayıl Abdullayev, Tahir Salahov, Səttar Bəhlulzadə, Nadir
Əbdürrəhmanov və Toğrul Nərimanbəyovun
tablolarının, Fuad Əbdürrəmhmanov və Tokay
Məmmədovun heykəllərinin, Maral Rəhmanzadə
və Ələkbər Rzaquliyevin qrafik işlərinin bir
çox qonşu respublikalarda, həmçinin digər
dövlətlərdə təmsil olunması milli
mədəniyyətimizin təbliği üçün
gözəl vasitəyə çevrildi.
Həmin dövrdə Azərbaycan monumental
heykəltaraşlığı bu gün də Bakını
və respublikamızın digər şəhərlərini
bəzəyən yeni heykəllərlə
zənginləşdi.
Böyükağa Mirzəzadə (1957) və
Tahir Salahovun (1965) tərtibat verdikləri teatr
tamaşalarına M.F.Axundov və Ü.Hacıbəyov
adına respublika Dövlət mükafatının
verilməsi də rəssamların bu sahədə qazandıqları
uğurların ifadəsi idi.
1960-cı ildə Bakıda Mədəniyyət
Nazirliyinin sərgi salonunun açılması da sərgi
işinin yaxşılaşdırılmasına təkan verdi.
Rəssamlar İttifaqının 1955-1965-ci
illərdə keçirilən II, III, IV və V
qurultaylarında da əldə olunan sənət
uğurlarında qurumun təşkilatçılıq işinə
yüksək qiymət verilməklə, təsviri
sənətin həyatla əlaqəsinin əldə
olunması, sənətin nəzəri və praktiki məsələləri geniş müzakirə
mövzusuna çevrilmiş, perspektiv planlar
müəyyənləşdirilmişdi.
1970-80-ci illərdə Azərbaycan Rəssamlar
İttifaqının fəaliyyətində, təbii olaraq,
sovet ideologiyasının təbliğinə
yönəlmiş tədbirlər aparıcı rol
oynamışdır. Bununla belə, rəssamların
yaradıcılığında fərqli
özünüifadə vasitələrinə meylin
güclənməsi baş verir. Mircavad Mircavadov
və Tofiq Cavadov, Əşrəf Muradoğlu, Qorxmaz
Əfəndiyev, Əlövsət Əliyev, Fərhad
Xəlilov və Rəfael Muradov kimi həm orta, həm də
gənc nəsil rəssamlarının sonralar sənət
tariximizə “Abşeron məktəbi” adı ilə daxil olan
və özündə yeni, daha səmimi və
təbii bədii-estetik məziyyətləri yaşadan bir
mənəvi dəyər qaynağı olaraq o vaxtlar sosialist
ideoloji məkanında damla kimi görünsə də,
sonrakı hadisələr bu işartının böyük
bir sənət amalına çevrilməsində
önəmli, təkanverici rol oynadığını təsdiqlədi.
1987-ci ilin 29-30 sentyabrında Bakıda keçirilən
rəssamların X qurultayının nəticələri
nəinki Azərbaycan, o cümlədən də bütün
SSRİ məkanında bu sahədə yeniləşmənin
bəlkə də ilk ciddi nümunəsi idi.
İdeoloji-təbliğat xarakterli ənənəvi
hesabat Rəssamlar İttifaqının o vaxtkı 780
üzvünü razı salmadı və onlar adət
halını almış “seçki” üsuluna
etirazlarını bildirməklə Mərkəzi Komitənin
“məsləhət” bildiyi adama “yox” dedilər və
özlərinin sədr vəzifəsində görmək
istədikləri namizədi seçdilər. Bu cür
üsyankarcasına seçkinin nəticəsində ilk
dəfə olaraq ölkənin yaradıcılıq
təşkilatının rəhbərliyinə kommunist olmayan
bitərəf Fərhad Xəlilov seçildi.
Rəssamlar İttifaqının yeni rəhbərliyi öz
sələflərinin ideoloji göstəricilər
sayəsində topladıqları xoşagəlməz irsin
aşıladığı mütiliyi dağıtmalı,
mənəvi-psixoloji mühitin saflaşdığına
inamı qaytarmalı idi. Elə yaxın aylar üçün
nəzərdə tutulan tədbirlər planı da bu mənada
rəngarəngliyi ilə seçilirdi. Onların
sırasında Azərbaycanda və onun
sərhədlərindən uzaqlarda sərgilərin
təşkili önəmli yer tuturdu.
1988-ci ildə isə bu yöndə aparılan iş daha
əhatəli forma aldı. Bakıda il ərzində
Müslüm Abbasov, Kamal Əhməd, Ağa Mehdiyev, Mais
Ağabəyov, Teymur Məmmədov, Hafiz Zeynalov və b.
yaradıcılığı tamaşaçılara təqdim
edildi. Həmin ildə Ələkbər
Rzaquliyevin sərgisinin təşkili Rəssamlar
İttifaqının təsviri sənətimizin
korifeylərindən birinin yaradıcılığını
təqdim və təbliğ etmək məqsədi
daşıyırdı, dünyasını vaxtsız
dəyişmiş Ramiz Talıbovun əsərlərinin
nümayişi isə artıq Rəssamlar
İttifaqının başı üzərində
dolaşmaqda olan unutqanlıq pərdəsini
dağıtmağa xidmət edirdi. Yeri
gəlmişkən qeyd edək ki, yeniləşən yaradıcılıq
təşkilatı həmin ənənəni bu günə
kimi də inamla davam etdirməkdədir.
1988-ci ilin elə yanvarında Bakıda
“Gənclik–sülh–əmək” və oktyabrında “Dünya
gənclərin gözü ilə” adlı sərgilərinin təşkili
əslində Rəssamlar İttifaqının təşkilati
işlərində yeniliyi arzulayan qüvvələrin
yaradıcılıq potensialına baxışa çevrildi.
Bununla da ittifaqın rəhbərliyi enişli-yoxuşlu
sənət meydanında taleyini bu çətin yaradıcı
seçimlə bağlayan sələflərinin necəliyini
müəyyənləşdirə bildi.
Rəssamlar İttifaqı rəhbərliyinin
əvəzlənməsi ilə başa çatan tarixi X
qurultaydan düz bir il sonra təşkilat simpoziumunun (1988), onun
ardınca rəngkarların beynəlxalq simpoziumlarının
(1989 və 1990) keçirilməsi təkcə
Azərbaycandakı yox, eləcə də Moskvadakı
mərkəzi aparatı çox narahat etmişdi. Kommunist ideologiyasının hələ də
mövcud olduğu bir dövrdə, bütün
tədbirlər planının az qala bir neçə il
əvvəl “yüksək” kabinetlərdə təsdiqləndiyi
məkanda və şəraitdə Bakıda nüfuzlu
yaradıcılıq təşkilatının
müstəqilliyi yuxarılar üçün
xoşagələn deyildi.
Beynəlxalq rəngkarlıq simpoziumunda ABŞ,
Almaniya, Yuqoslaviya və digər nüfuzlu dünya
ölkələri nümayəndələrinin iştirakı
həm də İttifaqa 1990-cı ilin Yanvar hadisələri
üzərindəki informasiya blokadasını yarmaqda,
xalqımızın ağrılarını olduğu kimi
beynəlxalq aləmə yaymaqda köməkçi oldu.
Yeri gəlmişkən qeyd edək ki, hadisənin baş
verdiyi günlərdə, paytaxtda komendant saatının
mövcudluğu şəratində Rəssamlar İttifaqının
binası əsl təbliğat mərkəzinə
çevrilmişdi. Hərbçilərin
diqqətini ilk baxışda cəlb etməyən bu
“mədəni mərkəzdə” həmin günlərdə
Qanlı Yanvarı əks etdirən videolentlər
çoxaldılır və SSRİ məkanına,
eləcə də xarici ölkələrə
yayılırdı. Bütün bu işləri öz üzvləri vasitəsilə görən Rəssamlar
İttifaqı xalqımızın yaşadığı bu
faciələrin bədii ifadəsini əks etdirən
əsərlərin yaradılması üçün
bütün yaradıcılıq potensilandan istifadə
etməklə özünün taleyüklü
məsələlərdə birmənalı olaraq milləti
ilə bir olduğunu təsdiqləmişdir. Rəssamlar
bu mövzuda yaratdıqları əsərləri
“Faciələrimiz”, “Qarabağ harayı” və “Xocalı” kimi
əhatəli sərgilərdə nümayiş
etdrmişlər.
Rəssamlar İttifaqının 1987-2005-ci
illərdəki sərgi fəaliyyətinin
rəngarəngliyindəndir ki, dünya bu gün bədii
məkanda “Əzimzadə məktəbi”nin mövcudluğunu
qəbul etməklə “Azərbaycan rəngkarlığı”
məfhumunun da qanunauyğunluğunu etiraf etməli
olmuşdur. Belə sərgilərin
sırasında Mircavad Mircavadov, Mikayıl Abdullayev, Səttar
Bəhlulzadə, Toğrul Nərimanbəyov, Fərhad
Xəlilov, Arif Hüseynov, Tahir Salahov kimi rəssamların xarici
ölkələrdə, Altay Hacıyev, Adil Mirzəzadə,
Müslüm Abbasov və başqalarının Bakıda
təşkil olunan yaradıcılıq
baxışlarını qeyd etmək olar.
İttifaqın ən yaxşı sənət
əsərləri üçün təsis etdiyi “Sultan
Məhəmməd adına mükafat” 1994-cü ildən
başlayaraq iki ildən bir rəssamlara təqdim
olunmaqdadır. 1991-ci ildən çap olunan
“İncəsənət” qəzeti də ittifaq
üzvlərinin yaradıcılığının
təbliğatı sahəsində duyulası fəaliyyət
göstərməkdədir. Təsviri sənətimizin
inkişafında iz qoymuş ittifaq üzvləri də
təşkilatın diqqət mərkəzindədir,
dünyasını dəyişmiş
neçə-neçə sənətkarın xatirəsinin
ədəbiləşdirilməsi bunun təsdiqidir.
Qeyd etmək lazımdır ki, hazırkı
dövrdə ölkəmizin müstəqilliyi həm də
onun önəmli sahələrindən biri olan
incəsənətin inkişafının azaldığını
və yaradıcıların hər hansı ideoloji
çərçivədə fəaliyyət göstərməyə
məcbur olmadıqlarını
şərtləndirmişdir. Bu, əslində, yaradıcı
insanlar üçün bir tərəfdən böyük
nemətdir, digər tərəfdən onları kifayət qədər
məsuliyyətli olmağa, müstəqil qərar qəbul
etməyə sövq edən bir amildir.
Təsviri sənət ölkənin
hərtərəfli inkişafının ayrılmaz tərkib
hissəsi olduğundan bu gün onun
təşəkkülü və cəmiyyətdə
özünə yer tapması, insanların həyat
tərzinə müsbət təsir göstərməsinə
nail olması Rəssamlar İtifaqının bir
təşkilat kimi başlıca vəzifəsidir. Odur ki, bu qurum özünün 65 illik
fəaliyyətinin yeni və daha məsuliyyətli indiki
mərhələsində həyata keçirdiyi proqramlarla
işini yenidən qurmaq, iqtisadi uğurlarına görə
artıq regionda lider olan Azərbaycanımızı —
Bakımızı həm də mədəni mərkəzə
çevirmək niyyətindədir. Bu gün
təşkilatın bütün qüvvələrinin buna
yönəlməsi, planların həyata keçirilməsi
üçün yaradıcılıq və maddi-mənəvi
imkanların olması işıqlı niyyətin tezliklə reallaşacağına
əminlik yaradır.
Xalq qəzeti.-2006.-17 dekabr.-S.5.