CELILOVA

Mədəniyyətə, incəsənətə qayğı Azərbaycanın dünyada tanıdılmasına qayğıdır

 

Azərbaycan Prezidenti İlham Əliyev Rəssamlar İttifaqının
65 illik yubileyi ilə əlaqədar tanınmış rəssamlarla görüşmüşdür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyində Rəssamlar İttifaqının 65 illik yubileyi ilə əlaqədar ölkəmizin tanınmış rəssamları ilə görüşmüşdür.
Dövlətimizin başçısı görüşdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirə otağında müasir Azərbaycan rəssamlarının ulu öndərə həsr etdikləri rəngkarlıq əsərlərinə, habelə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın abidəsinə baxdı. Bu abidə xalq rəssamı, akademik Ömər Eldarovun ən gözəl əsərlərindən biridir.
Rəssamlar İttifaqının 65 illik yubileyi ilə əlaqədar muzeyin sərgi salonunda artıq həyatdan getmiş görkəmli fırça ustalarının əsərlərindən ibarət retro sərgi təşkil edilmişdir. Prezident İlham Əliyev bu sərgi ilə də tanış oldu. Məlumat verildi ki, burada qrafika və boyakarlıq janrında çəkilmiş 25 əsər nümayiş etdirilir. Eksponatlar arasında Əzim Əzimzadənin “Arvad toyu”, Səttar Bəhlulzadənin “Kəpəzin göz yaşları”, Mikayıl Abdullayevin “Uzaq çaypur”, Vəcihə Səmədovanın “İmtahandan qabaq”, Elmira Şaxtaxtinskayanın “Nəsirəddin Tusi”, Ələkbər Rzaquliyevin “Aşıq Ələkbər”, Tağı Tağıyevin “Qız portreti”, Salam Salamzadənin “İpəyirici fabrikində”, Mahmud Tağıyevin “Bağçada yaz günləri”, Baba Əliyevin “Qız şərbət ilə”, Nadir Qasımovun “Xəzərdə səhər”, Qəzənfər Xalıqovun “Qadınlar Şurası”, Hüseyn Əliyevin “Güllər və külək” və digər məşhur əsərlər var.
Sonra Rəssamlar İttifaqının sədri, xalq rəssamı FƏRHAD XƏLİLOV vaxt ayırıb onlarla görüşə gəldiyinə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi və dedi ki, bu görüş bizim xatirəmizdə əbədi qalacaqdır. O, Azərbaycanda sənətə göstərilən diqqəti örnək kimi dəyərləndirərək dedi ki, keçmiş SSRİ respublikalarının heç birində bu cür işlər görülmür. Dövlət səviyyəsində qəbul olunan qanunları, o cümlədən yaradıcılıq emalatxanalarının xərclərinin ev xərcləri ilə bərabərləşdirilməsi, kommunal xərclərin azaldılması xarici qonaqlar tərəfindən də böyük maraqla qarşılanmışdır, onlar bunu yaradıcılığa verilən ən yüksək qiymət hesab edirlər.
Rəssamların dostu ulu öndər Heydər Əliyevin xidmətlərini məmnunluqla xatırladan ittifaqın sədri dedi ki, cənab Prezident, ulu öndərdən qalan gözəl ənənələr bu gün də yaşadılır. Siz bu gün sübut etdiniz ki, ölkəmizdə rəssamlara, sənətkarlara nə qədər böyük diqqət və qayğı vardır. Bizim 65 illik yubileyimizlə əlaqədar yüksək səviyyəli qərarın verilməsi böyük sevinc hissi ilə qarşılanmışdır. Rəssamlara emalatxana tikmək, onlara kömək etmək tarixi xidmətlərdir.
Müasir İncəsənət Muzeyinin tikilməsi ilə bağlı qərarın hazırda icra olunduğunu, bunun müasir sənətin mərkəzi rolunu oynayacağını bildirən F.Xəlilov qısa zaman ərzində ölkəmizdə baş verən iqtisadi dirçəlişdən, regionlardakı inkişafdan, yeni müəssisələrin işə düşməsindən bəhs etdi, bunun xalqımız üçün faydalı olduğunu vurğulamaqla yanaşı, incəsənətin gələcəyi baxımından da yeni imkanlar açdığını vurğuladı. O, rəssamların adından Prezidentə təşəkkür edərək dedi ki, Sizin simanızda ulu öndərin qoyub getdiyi ənənə uğurla davam etdirilir, daha da genişləndirilir və bunun gələcəyinə inanırıq. Bütün rəssamların, sənət adamlarının dostu olan Heydər Əliyevi biz heç vaxt yaddan çıxara bilmərik. Biz bu salonda onunla dəfələrlə görüşmüşük, bizlərə dəfələrlə yaxşılıqlar edibdir. Tanınmış sənətkarlara, ehtiyacı olan istedadlı rəssamlara daim maddi və mənəvi kömək göstərilmişdir. Ulu öndər bu sənəti daxilən sevirdi. Biz bunun canlı şahidləri olmuşuq. Siz bu yolu davam etdirirsiniz.
F.Xəlilov ulu öndərin 80 illiyi ilə əlaqədar “Azərbaycanın müstəqilliyi və Heydər Əliyev” beynəlxalq sərgi-müsabiqənin keçirildiyini və bu tədbirə 27 ölkənin rəssamlarının gəldiyini bildirdi və həmin sərgi-müsabiqədə nümayiş etdirilən əsərlərin fotoşəkillərindən ibarət albomu xatirə olaraq Prezident İlham Əliyevə təqdim etdi. O dedi ki, bu il ilk dəfə olaraq Rəssamlar İttifaqı qızıl medal təsis etmişdir və tanınmış rəssamlar bu medalla təltif olunacaqlar. Cənab Prezident, Azərbaycanın təsviri sənətinin inkişafına verdiyiniz töhfəyə, onun zənginləşməsinə göstərdiyiniz diqqətə görə Rəssamlar İttifaqının Rəyasət Heyəti ilk medalın Sizə verilməsi barədə qərar qəbul etmişdir. İttifaqın sədri qızıl medalı Prezident İlham Əliyevə təqdim etdi.
F.Xəlilov rəssamların ölkənin ictimai həyatında yaxından iştirak etdiyini vurğulayaraq dedi ki, onlar Azərbaycanın çətin vaxtlarında da kənarda qalmamış, bütün maneələrə baxmayaraq, 20 Yanvar faciəsi zamanı çəkilmiş kasetləri Almaniyaya, Rusiyaya, Baltikyanı ölkələrə və digər yerlərə göndərmişlər. Rəssamlarımız bundan sonra da Azərbaycanın adını daim uca tutacaq, həmişə Sizin yanınızda olacaq, yeni-yeni gözəl əsərlər yaradacaqlar.
* * *
Dövlətimizin başçısı görüşdə nitq söylədi.

– Çox sağ olun.
Bu gözəl medala görə sizə öz təşəkkürümü bildirmək istəyirəm. Bu medal mənim üçün əzizdir. Mən fürsətdən istifadə edib, hamınızı qarşıdan gələn Yeni il münasibətilə, eyni zamanda, Qurban bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Biz bütün bu bayramları yaxın günlərdə qeyd edəcəyik. Arzu edirəm ki, növbəti 2007-ci il bizim üçün uğurlu olsun, Azərbaycan xalqı üçün xoş keçsin, ölkəmizin gələcək inkişafı üçün də yadda qalsın. Əminəm ki, 2006-cı ildəki kimi 2007-ci ildə də biz qarşımıza qoyduğumuz bütün məqsədlərə çatacağıq, buna nail olacağıq.
Rəssamlar İttifaqı bu il 65-ci ildönümünü qeyd edir. Sizi bu gözəl yubiley münasibətilə də ürəkdən təbrik edirəm. Bu yubileylə əlaqədar burada nümayiş etdirilən sərgi də çox gözəl təəssürat bağışlayır. Bu, bir daha göstərir ki, Azərbaycanın incəsənəti, rəssamlıq məktəbi çox zəngindir, çox dərin köklərə əsaslanır və eyni zamanda, indi artıq gənc nəsil də öz yerini tutmaqdadır. Bu da çox vacibdir. Yəni bu əlaqələr qırılmır, bu gözəl ənənələr davam edir. Xüsusilə onu qeyd etmək istəyirəm ki, Rəssamlar İttifaqının fəaliyyəti və peşəkarlığı nəticəsində, rəssamların gördüyü işlərin nəticəsində Azərbaycanda bütövlükdə rəssamlıq məktəbi son illər ərzində xeyli dərəcədə güclənmişdir. Bunu Azərbaycan ictimaiyyəti də görür və xarici mütəxəssislər də qeyd edirlər.
İndi biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və şübhəsiz ki, bu, bütün sahələrə həm müsbət, həm də bəzi hallarda, mənfi təsirini göstərir.
Biz çalışırıq ki, mənfi təsirlərin dərəcəsini maksimum səviyyədə azaldaq. Azərbaycanda görülən işlər, həyata keçirilən sosial proqramlar da məhz bu məqsədi daşıyır ki, bazar iqtisadiyyatı şəraitində insanların bəzi təbəqələrinin çətinliklərinin qarşısı dövlət tərəfindən alınsın və dövlət öz dəstəyini göstərə bilsin. Əlbəttə, rəssamların da bu vəziyyətlə uyğunlaşması asan məsələ deyildir. Siz bu çətin sınaqdan çox şərəflə çıxa bilmisiniz və bu gün Azərbaycan rəssamları dünyada tanınır. Müxtəlif şəxsi kolleksiyalarda, kataloqlarda Azərbaycan rəssamlarının işləri vardır. Siz bizdən də yaxşı bilirsiniz ki, Azərbaycan rəssamları bu gün doğrudan da çox böyük beynəlxalq şöhrət qazanıblar. Bu, çox sevindirici haldır və onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir.
Düzdür, biz indi daha çox iqtisadi uğurlardan danışırıq və hər bir dövlətin, hökumətin fəaliyyəti müəyyən meyarlarla ölçülür: iqtisadi artım, siyasi məsələlərin həlli, təhlükəsizlik məsələlərinin təşkil olunması. Ancaq bununla bərabər, hər bir ölkənin mənəvi, mədəni həyatı da ölkənin səviyyəsini göstərir. Bu sahəyə daha da böyük diqqət göstərilməlidir.
Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır – alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar Azərbaycan cəmiyyətinin aparıcı təbəqəsidir, cəmiyyətin elitasıdır. Bütün cəmiyyətlərin və ölkələrin inkişafı müəyyən bir qrup insanın fəaliyyəti ilə bağlıdır. İstər siyasi müstəvidə, istərsə də mədəniyyət, incəsənət sahəsində. Bəzi başqa ölkələrin tarixinə nəzər salanda görürük ki, kim yadda qalır. Şəxsiyyətlər yadda qalır. İqtisadi göstəricilər yadda qalmır. Yaxud da hansısa bir konkret xarakter daşıyan uğurlar yadda qalmır. İnsanlar yadda qalır, əməllər yadda qalır.
Azərbaycanın çox nadir imkanları, çox nadir şansı var ki, biz ölkəmizi hərtərəfli inkişaf etdirək, müasirləşdirək. Öz milli ənənələrimizə sadiq qalaraq, dünyada gedən proseslərə açıq gözlə baxaq və ən müsbət, ən mütərəqqi yenilikləri Azərbaycanda tətbiq edək. Bu baxımdan bütövlükdə ölkənin mədəni həyatına çox böyük diqqət göstərilməlidir. Mən Prezident kimi çalışıram ki, bu sahə diqqətdən kənarda qalmasın. Bu sahəyə daim diqqət verilməlidir və son müddət ərzində Azərbaycanın iqtisadi imkanları artdıqca, əlbəttə, biz bunu daha da sürətlə həyata keçiririk.
Xoş niyyət ola bilər və bu, bizdə həmişə vardır. Amma bunu həyata keçirmək üçün imkanlar olmalıdır. Azərbaycan zənginləşməlidir, iqtisadi potensial möhkəmlənməlidir və möhkəmləndikcə, bütün başqa məsələlər öz həllini asanlıqla tapa bilər.
Fərhad müəllim qeyd etdi ki, Azərbaycanın bölgələri də inkişaf edir. Siz də bölgələrdə olursunuz və Azərbaycan rəssamlarının əsas ilham mənbəyi Azərbaycanın təbiətidir, dağlarıdır, Xəzər dənizidir, meşələrimizdir, çaylarımızdır, mənzərələrdir. Əlbəttə, siz bölgələrə tez-tez gedir və bu dəyişiklikləri görürsünüz. Mən də tez-tez oluram, mən də görürəm və çox sevinirəm. Çünki Azərbaycanın inkişafı məhz bölgələrin inkişafından keçir. Ən müasir texnologiyalar Azərbaycanda olmalıdır. Mən istəyirəm ki, dünyada olan ən yüksək səviyyə Azərbaycanda tətbiq edilsin. Azərbaycan xalqı buna layiqdir. Ən qabaqcıl meyarlar və səviyyə Azərbaycanda olmalıdır. Ona görə, o cümlədən mədəniyyət sahəsində indi görülən işlər artan iqtisadi potensialın əsasında daha da sürətlə gedir.
Bir müddət bundan əvvəl mən Azərbaycanın iki muzeyinin bərpası ilə əlaqədar göstəriş verdim və artıq bu işlər uğurla gedir. Azərbaycan Tarixi Muzeyində və Azərbaycan Ədəbiyyatı Muzeyində ikinci ildir təmir-bərpa işləri çox yüksək səviyyədə aparılır. Yəqin ki, gələn il hər iki muzey öz qapılarını açacaqdır. Mən Tarix Muzeyinin bərpası ilə əlaqədar verilmiş qərarı özümə mənəvi bir borc hesab edirdim. Çünki bilirsiniz, o binanı, evi məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tikdirmişdir. Mən bu binaya iki prizmadan yanaşırdım. Bir tərəfdən, ora Azərbaycan Tarixi Muzeyidir, gərək ən yüksək səviyyədə təmir olunsun və istifadəyə verilsin. Digər tərəfdən, mən buna Hacı Zeynalabdinin evi kimi yanaşırdım və hesab edirdim, Azərbaycanın borcudur ki, onun evi bərpa edilsin və biz buna nail oluruq.
Gələn il isə Azərbaycanda çox geniş yenidənqurma-bərpa işləri nəzərdə tutulur. Bütün teatrlar təmir olunacaqdır. Opera və Balet Teatrı, Azərbaycan Milli Dram Teatrı, Rus Dram Teatrı, Kukla Teatrı, Gənc Tamaşaçılar Teatrı, Heydər Əliyev adına Saray tamamilə yenidən qurulacaqdır. Gəncə şəhərində filarmoniyanın, teatrın tikintisi. Bir müddət bundan əvvəl Lənkəranda teatr təmir olundu, Naxçıvanda Heydər Əliyev adına Mədəniyyət sarayının yenidən qurulması, ondan sonra muzeylərin bərpası. Artıq İncəsənət Muzeyində işlər başlanmış, layihələr təqdim edilmişdir. Muğam Mərkəzi tikilir. Xalça Muzeyi üçün çox gözəl layihə hazırlanmışdır və mən də onu təsdiq etdim. Yəqin ki, tikinti gələn il başlayacaqdır. Bir müddət bundan əvvəl mən Muzey Mərkəzinə getdim, gördüm təmirə çox böyük ehtiyac var. Xalça Muzeyi faktik olaraq fəaliyyət göstərmir. Orada anbarlarda yığılan, bizim milli dəyərimiz olan xalçaları tamaşaçı faktik olaraq görmür. Ona görə həm Muzey Mərkəzi təmir olunur və orada digər ekspozisiyalar nümayiş etdiriləcək, həm də bununla bərabər, Xalça Muzeyi də tikilməlidir.
Bu yaxınlarda mən İstiqlal Muzeyinin və İstiqlal abidəsinin yaradılmasına dair sərəncamlar imzaladım. Mən çox istəyirəm ki, Azərbaycanda, Bakının ən gözəl yerində çox əzəmətli, möhtəşəm İstiqlal abidəsi ucaldılsın. Azərbaycanın müstəqilliyini əks etdirən əsər hələ ki, yoxdur. Mən bütün rəssamları, heykəltəraşları müsabiqədə iştirak etməyə dəvət edirəm. Açıq müsabiqə elan olunub və əminəm ki, fəal iştirak edəcəksiniz.
Müasir İncəsənət Muzeyinin yaradılması, bilirsiniz ki, çoxdan müzakirə olunan məsələ idi. Bu qərar da verildi. Mən istəyirəm ki, muzeyin binası da müasirliyi əks etdirsin, xarici görünüşü çox gözəl olsun, əlbəttə, daxili tərtibatı da müasir olsun.
Rəssamları, heykəltəraşları narahat edən, maraqlandıran məsələlərdən biri də emalatxana ilə təminatdır. Mən buna bir az daha da geniş kontekstdə baxıram. Əlbəttə ki, emalatxanalar olmalıdır və olacaqdır. İlk növbədə, istər onun yeri, istərsə də dizaynı baxımından, sizin də rəyiniz nəzərə alınmalıdır. Ancaq mən hesab edirəm ki, biz gərək buna bir az daha geniş, bir yaradıcılıq mərkəzi kimi baxaq. Orada təkcə emalatxanalar olmasın, görüşlər, konfranslar keçirmək, istirahət etmək üçün yer olsun. Rəssamlar yaradıcılıq şəraitində orada işləyə, istirahət edə bilsinlər, qonaqları qəbul edə, müxtəlif tədbirlər keçirə bilsinlər. Ona görə mən öz tərəfimdən qərarları verdim, indi növbə sizindir. Sizdən təklif gözləyirəm. Təklif olan kimi, dərhal bunun maliyyə mənbələrini də həll edəcəyik.
Bir sözlə, bütün bunları deməklə mən heç də bildirmək istəmirəm ki, bu sahədə məsələlərin hamısı öz həllini tapmışdır. Problemlər var, çoxdur və əminəm ki, birgə fəaliyyət nəticəsində biz bunları həll edəcəyik. Eyni zamanda, mən sizdən həm təklif gözləyirəm, həm də bəlkə sizi narahat edən məsələ var. Tutaq ki, biz hansısa məsələni bilmirik, bunu etmək mümkündür, amma hansısa səbəbə görə etmirik. Ona görə istəyirəm ki, siz də öz fikirlərinizi söyləyəsiniz.
Mən bir daha demək istəyirəm, indi Azərbaycan elə inkişaf edir, özünün elə inkişaf dövrünü yaşayır ki, bizim qarşımızda faktik olaraq, həll edilə bilməyən məsələ qalmır. Biz hər şeyə qadirik. Azərbaycan bir ölkə kimi artıq dünya birliyində özünə layiq yerini tutubdur. Bizim beynəlxalq hörmətimiz artır, təzyiq etmək imkanlarımız da artır. Nəinki biz, artıq regionda gedən bütün işlərlə maraqlanan siyasətçilər, ekspertlər, dövlət xadimləri Azərbaycanı regionun lideri kimi tanıyırlar. Bu, böyük nailiyyətdir. Səmimi deyirəm, mən çox böyük qürur hissi keçirirəm. Bizim ölkəmiz 15 illik müstəqillik dövründə özünü təsdiq edə bilibdir. Bu da çox böyük nailiyyətdir. Yəni şərt deyildi ki, bu, belə olmalı idi. Başqa cür də ola bilərdi. Tam başqa cür ola bilərdi. Fərhad bu gün qanlı 20 Yanvar günlərini xatırlatdı. Faktik olaraq, Azərbaycana edilən zorakılıq, təcavüz – Azərbaycan xalqının iradəsini qırmaq, əzmək üçün edilən o təcavüz ölkəmizi sarsıtmışdı, insanları sarsıtmışdı. On illər ərzində insanların şüurunda olan düşüncələri darmadağın etmişdi. İnsanlar çox ağır vəziyyətdə idi, pərişan idi. O vəziyyətdən çıxmaq, özünü toplamaq və bir ölkə kimi özünü təsdiq etmək çox böyük məsələdir. Xatırlayırıq ki, 1993-cü ilə qədər Azərbaycanda gedən çətin proseslər faktik olaraq, ölkəmizi siyasi səhnədən silirdi. Azərbaycan olmaya da bilərdi, parçalana da bilərdi. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri heç vaxt unudulmur. Bu gün 15 il müstəqil ölkə kimi yaşayan Azərbaycan özünü təsdiq edə bilibdir.
Biz uzun illər, əsrlər boyu müstəqillikdən məhrum idik, müstəqil dövlət kimi yaşamırdıq. Bəzi hallarda müstəmləkə kimi, bəzi hallarda müttəfiq respublika kimi, demək olar ki, heç bir dövrdə Azərbaycanda siyasi sistem mövcud deyildi, müstəqil iqtisadi siyasət, təbii ki, yox idi. Bütün bunları yaratmaq, bərpa etmək, sıfırdan ölkəni yaratmaq böyük nailiyyətdir. Xüsusilə indi biz görürük, ölkəmiz həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən, həm də regional çərçivədə qabaqcıl mövqelərdədir. Bu, bizi, ölkə rəhbərlərini, əlbəttə, yeni işlərə sövq edir. Əldə edilən uğurlar ruhlandırır, mövcud olan qüsurlar, çətinliklər bizi daha da fəal edir və etməlidir. Mən də bu görüşü çoxdan arzulayırdım. Çoxdan istəyirdim ki, rəssamlarla görüşüm. İndi yaxşı fürsət yarandı və biz görüşürük. Bir daha demək istəyirəm, mən öz tərəfimdən çalışacağam ki, gələcəkdə bu sahəyə diqqət daim artsın. Sizi narahat edən problemlərin həlli üçün çalışacağam. Amma yaxşı olardı, bilim ki, sizi ən çox narahat edən məsələlər hansılardır və biz onları operativ qaydada həll edə bilərik.
* * *
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov dövlətimizin başçısına təşəkkürünü bildirdi, onu doğum günü münasibətilə təbrik etdi, cansağlığı, ailə səadəti, xoşbəxtlik arzuladı və ulu öndərin ən çox sevdiyi rəssamlardan olan Səttar Bəhlulzadənin əsərini yadigar olaraq Prezidentə təqdim etdi.
Prezident İlham Əliyev dəyərli hədiyyəyə görə təşəkkür etdi, Səttar Bəhlulzadənin Azərbaycan rəssamlıq məktəbinin ən dəyərli nümayəndələrindən biri olduğunu söylədi, rəssamlara bir daha uğurlar arzuladı.
Dövlətimizin başçısı görüş iştirak
çıları ilə xatirə şəkli çəkdirdi.

 

Xalqqəzeti.-2006.-28 dekabr.-S.1-2.