İnterpol xalçalarımızı axtarır

 

Azərbaycanın 100-dən artıq mədəni sərvəti oğurlanaraq ölkədən cıxarılıb

 

1993-cü ilin iyulunda R.Mustafayev adına Dövlət İncəsənət Muzeyindən oğurlanmış 274 ədəd incəsənət əsəri ABŞ-da müəyyən olunub. Bu barədə APA-ya eksklüziv müsahibəsində İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosunun rəisi Məmməd Mikayılov məlumat verib.

M.Mikayılov bildirib ki, oğurlanmış əsərlərlə bağlı 6 istiqamətləndirmə nəşr olunaraq interpola üzv ölkələrə yayılıb. Vaşinqton, Visbaden digər milli mərkəzi bürolarla aparılan birgə tədbirlər nəticəsində oğurlanmış mədəni sərvətlərin yeri müəyyən olunub.

M.Mikayılovun sözlərinə görə, cinayətdə əli olan bütün şəxslər istintaq tərəfindən müəyyən olunub məsuliyyətə cəlb olunublar. 14 rəsm əsəri prezidentin fərmanı ilə qanuni sahibinə - Almaniyanın Bremen Muzeyinə, 200-dən yuxarı eksponat isə respublikamıza qaytarılıb. Muzeydəki oğurluqla bağlı 1938-ci il təvəlüdlü İbrahimov Aydın Əli oğlu İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib. O bu ilin sentyabrında ABŞ-dan Azərbaycana gələrək, istintaq orqanlarına könüllü təslim olub.

M.Mikayılov bildirib ki, 2000-2001-ci illərdə Azərbaycan Tarix Muzeyindən oğurlanmış xalçalar barədə DİN-in Baş İstintaq Təhqiqat İdarəsindən daxil olmuş tapşırıq əsasında beynəlxalq axtarış üçün zəruri olan fotoşəkillər əldə olunub, 30 ədəd xalça haqqında məlumat İnterpolun ASF avtomatlasdırılmış axtarış sistemi bazasına daxil edilib. Hal-hazırda respublikamızdan oğurlanmış 103 ədəd mədəni sərvətlə bağlı istiqamətləndirmələr var.

 

Ekspress.- 2006.- 23-25 dekabr.- S. 10.