Şəms

 

Çağırdılar bəyəndilər

Fəxriyyə Xələfovanın  milli koloritli kolleksiyası Almatıda uğurla qarşılanıb

 

Dünyanın müxtəlif ölkələrində əsas moda festivalları ildə iki dəfə keçirilir. Qışda yay, yayda isə qış geyimləri nümayiş olunur. Keçmiş sovet ölkələrindən Rusiya, Qazaxıstan Baltikyanı dövlətlər tez-tez belə tədbirlərə ev sahibliyi edirlər. Tanınmış modelyer Fəxriyyə Xələfova da bu festivallara dəvət alır. Bu dəfə modelyer xanımın sorağı Qazaxıstan paytaxtı Almatıda təşkil olunan moda festivalından gəldi. Bakılı modelyerin milli çalarlara üstünlük verdiyi kolleksiyası istər mütəxəssislər, istər adi tamaşaçılar, istərsə digər ölkələrdəki həmkarları tərəfindən böyük maraqla qarşılanıb. Maraqlıdır ki, Fəxriyyə xanım Almatıdan dəvət alanda əvvəlcə Amma nədənsə, cox götür-qoy edib, Qazaxıstan paytaxtına getmək fikrində olmayıb. Səbəbini Fəxriyyə xanım özü belə izah edir: "Əslinə qalanda mən həmişə belə festivallara qatılmağın tərəfdarı olmuşam. Çünki bilirəm ki bir peşəkar kimi bunun xeyri qədərdir. Bütün ölkələrdən həmkarlarımız, moda mütəxəssisləri bir yerə yığışır, bir-birimizin işlərinə baxırıq, mütəxəssis fikri eşidirik. Ən əsası, belə tədbirlər il boyu işləmək üçün sənə xüsusi həvəs, enerji verir. Artıq yeni mövsüm üçün nələr edəcəyini elə oradaca qərarlaşdırırsan. Modada tutduğun istiqaməti peşəkarlara göstərirsən, onların fikri sənin gələcək planlarının əsasını təşkil edir. Bununla da inkişaf edirsən. Moda həftəsi modelyer üçün ilham bazasıdır. Ona görə çalışırıq iştirak edək, kolleksiyalarımızı nümayiş etdirək, fikir mübadiləsi aparaq. Sadəcə bu dəfə işim çox idi, yeni proyektlər üzərində çalışırdım. Axı mən həm pedaqoji fəaliyyətə başlamışam. Texniki problemlər vardı. Nəhayət düşünüb qərar verdim ki, bu tədbiri ötürsəm, yaradıcılığım üçün bu, mənfi hal olacaq, həm Azərbaycanın da özünəməxsus moda dünyası var bunu dünya görməlidir. Biz orda artıq 2007-ci ilin yay kolleksiyalarını gördük özümüz nümayiş etdirdik".

Fəxriyyə Xələfovanın kolleksiyaları həm milli koloritliliyi ilə seçilib. Həmin paltarlardan yalnız podiumlarda deyil, gündəlik həyatımızda istifadə etmək mümkündür. Deyəsən mütəxəssislər bu detala xüsusi önəm veriblər. Modelyer xanım belə kolleksiyaya üstünlük verməsini Azərbaycanın həyat tərzi ilə əlaqələndirir. Bizim xanımlar adətən dəbdəbəli geyimləri sevir, o dəbdəbəni gündəlik həyata gətirmək isə modelyerin əlindədir: “Biz modelyerlər mövsümün modasını əvvəlcədən görməklə bahəm həm onu yaratmalıyıq. Artıq bilirik kolleksiyalarımızı belə qururuq ki, 2007-ci ilin yayı yaxası işləmələrlə olan paltarlar, rəngarəng geyimlər dəbdə olacaq”. Yeri gəlmişkən, Fəxriyyə xanımdan qış mövsümünün modasını soruşduq. Onun sözlərinə görə, rəngarəng şərflər dəbdədir, yəni qalın, boğazlı paltarlar geyməmək olar, yetər ki, çiyninə yun toxunma bir şal, yaxud şərf salasan: “Ümumiyyətlə bütün mövsümlərdə zərifliyə, zövqə üstünlük verilsə, daha yaxşı olar qadın cazibədarlığını saxlaya bilər.

 

Gün.- 2006.- 2-8 dekabr.- S. 24.