Dekabrın 9-da
Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın
binasında müasir Azərbaycan dövlətinin memarı
və qurucusu, ölkəmizin tarixində və
xalqımızın yaddaşında əbədi yaşayacaq
Heydər Əliyevin büstünün, ulu öndərin
həyat və fəaliyyətindən bəhs edən daimi
fotosərginin açılışı olmuşdur. Mərasimdən əvvəl
AzərTAc-ın kollektivi Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin əziz xatirəsini anmış, məzarı
önünə gül
düzmüşlər.
Görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın məzarı
üstünə də
gül qoyulmuşdur.
Açılış mərasimində Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin
müdiri İsmayıl
Sadıqov və digər rəsmi şəxslər, parlamentin
deputatları, kütləvi
informasiya vasitələrinin
rəhbərləri iştirak
edirdilər.
Büstün üzərindən örtük götürüldü.
Bütöv ağ mərmər blokda yonulmuş, gözəl sənət əsəri olan büstün müəllifi Azərbaycanın
görkəmli tişə
ustalarından biri, xalq rəssamı, Rəssamlıq Akademiyasının
prorektoru professor Fuad Salayevdir.
AzərTAc-ın baş direktoru Aslan Aslanov mərasimi
açaraq dedi ki, ümummilli lider Heydər Əliyev respublikaya rəhbərliyinin hər iki dövründə mətbuata həmişə
böyük yaradıcılıq
sərbəstliyi, demokratik
mühitdə işləmək
imkanı yaratmış,
eyni zamanda, cəmiyyətdə onun ictimai nüfuzunun artmasına, fəaliyyət
dairəsinin genişlənməsinə
xüsusi diqqət və qayğı göstərmiş, azad sözün təminatçısı olmuşdur. Çağdaş
dünya tarixində mətbuatın cəmiyyətə
təsir gücünü,
onun əhəmiyyətini
Heydər Əliyev qədər bilən və yüksək qiymətləndirən ikinci
dövlət xadimi bəlkə də olmamışdır.
Baş direktor gələn il 87 yaşını qeyd edəcək agentliyin hələ sovet dövründə maddi-texniki bazasının
möhkəmləndirilməsində ümummilli liderin rolunu xatırlatdı, xalqın təkidli tələbi ilə Heydər Əliyevin
1993-cü ildə Azərbaycanın
siyasi rəhbərliyinə
qayıdışından sonra
AzərTAc-ın da həyatında yeni mərhələ başlandığını
vurğuladı. Bildirdi
ki, məhz Heydər Əliyevin imzaladığı fərman
və sərəncamlarla
AzərTAc-a dövlət agentliyi statusu verilmiş, onun maddi-texniki bazası ən müasir avadanlıqla yeniləşdirilmiş, agentliyin
tarixində ilk dəfə olaraq xarici ölkələrdə
müxbir məntəqələri açılmışdır.
Ulu öndərimiz 2000-ci il fevralın 29-da AzərTAc-ın 80 illiyi ilə əlaqədar təbrikində müstəqillik
illərində agentliyin
fəaliyyətində xüsusi
dönüş yarandığını
vurğulamış, eyni
zamanda, onun qarşısında duran vəzifələri də
müəyyənləşdirmişdi:
"AzərTAc-ın kollektivi milli jurnalistikamızın
nəcib vətənpərvərlik
ənənələrini ləyaqətlə
davam etdirməklə bərabər, dünya informasiya məkanında layiqli yer tutmaq
üçün daha əzmlə çalışmalıdır".
Ötən illərdə
AzərTAc-ın kollektivi öz işini məhz bu istiqamətdə qurmuşdur. Xaricdə 9 müxbir məntəqəsi olan agentlik dörd ildir fasiləsiz rejimdə işləyir, Azərbaycan, ingilis və rus dillərində
xəbərlər buraxır,
hər gün 80-dən çox ölkə ilə informasiya mübadiləsi aparılır. Onlarca ölkənin informasiya agentlikləri, o cümlədən Anadolu Agentliyi (Türkiyə),
İTAR-TASS (Rusiya), Sinxua
(Çin), ANSA (İtaliya),
Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), Moldpress (Moldova), ANA (Yunanıstan),
ATA (Albaniya) agentlikləri
ilə əməkdaşlıq
haqqında sazişlər
imzalanmışdır. Son
vaxtlar Misirin, Səudiyyə Ərəbistanının,
Küveytin informasiya agentliklərindən qarşılıqlı
informasiya mübadiləsinə
dair sazişlər imzalanması barədə
təkliflər alınmışdır.
AzərTAc həm də
bir sıra regional informasiya qurumlarının, o cümlədən 33 ölkənin
40 xəbər agentliyini
birləşdirən Asiya
və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri
Təşkilatının (OANA), Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü
olan ölkələrin informasiya agentlikləri alyansının
(PANİA) fəal üzvlərindəndir.
A.Aslanov bildirdi ki, agentliyimiz bütün bunlara ümummilli liderimiz Heydər Əliyevin göstərdiyi böyük
diqqət və qayğının sayəsində
nail olmuşdur. Məhz buna görə də kollektivimiz ulu öndərə dərin minnətdarlığının
əlaməti olaraq, agentliyin binasında onun büstünün ucaldılmasını və
daimi fotosərginin təşkil edilməsini qərara almışdır.
Ölkənin rəsmi
informasiya orqanı olan AzərTAc-a dövlət qayğısının bu
gün də davam etdiyini
vurğulayan baş direktor mərasim iştirakçılarını əmin etdi ki, agentliyin kollektivi ulu öndərin ideyalarının
həyata keçirilməsi,
Azərbaycanın qüdrətli,
zəngin ölkəyə
çevrilməsi yolunda
Prezident İlham Əliyevin gördüyü
ardıcıl və məqsədyönlü tədbirlərin informasiya təminatı, respublikamız
haqqında həqiqətlərin
dünyada daha geniş yayılması üçün bundan sonra da bütün
imkanlardan istifadə edəcəkdir.
Baş direktor büstün qoyulması və fotosərginin təşkili
ilə bağlı dəyərli məsləhətlər
vermiş görkəmli
fırça ustası,
xalq rəssamı Tahir Salahova, görkəmli heykəltəraş,
xalq rəssamı, Rəssamlıq Akademiyasının
rektoru, akademik Ömər Eldarova, büstün müəllifi
Fuad Salayevə minnətdarlığını bildirdi.
Mərasimdə çıxış edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezidentin İcra Aparatının ictimai-siyasi
məsələlər şöbəsi
müdirinin müavini
Nazim İsayev, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, YAP icraçı katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, "Azərbaycan"
qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov ümummilli liderimizin AzərTAc-ın binasında büstünün
açılmasını əlamətdar
hadisə kimi qiymətləndirdilər. Bildirildi ki,
bu, ümummilli liderin bütövlükdə
Azərbaycan mətbuatına
çox böyük diqqət və qayğısına dərin
minnətdarlığın ifadəsi, onun, həqiqətən, jurnalistlərin
dostu olmasının daha bir təsdiqidir.
Çıxış edənlər
vurğuladılar ki, bu gün Heydər
Əliyev cismən
bizimlə olmasa da, qədirbilən xalqımızın qəlbində
yaşayır, onun şah əsəri olan müstəqil Azərbaycan sürətlə
inkişaf edir, dünya birliyində mövqeyi daha da möhkəmlənir, regionda lider dövlətə çevrilir.
Xalqımızın dahi
oğlunun zəngin ideya-nəzəri irsi neçə-neçə nəsillərin
fəaliyyətini istiqamətləndirəcək
tükənməz sərvətdir.
Heydər Əliyevin ən
böyük arzusu müstəqil Azərbaycanı
dünyada öz yeri, öz sözü
olan qüdrətli, hərtərəfli inkişaf
etmiş, hüquqi, demokratik, firavan dövlət kimi görmək idi. İndi ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi
ilə bu yolla inamla irəliləyir.
Böyük sənətkarlıqla
yaradılmış büstdə
ulu öndər qətiyyətli baxışları
ilə sanki bu yolun uğurlu
sonunu görür. Xalqımız da buna əmindir və ona görə
də vətəndaş
kimi hər birimiz bu yolda
səylərimizi əsirgəməməliyik.
Çıxış edənlər
AzərTAc-ın kollektivinə gələcək
işlərində uğurlar
dilədilər.
Sonra agentliyin əməkdaşı Zərəngiz
Mansurova ümummilli liderimizə həsr etdiyi şeirini oxudu.
Daha sonra qonaqlar foyedə Rəssamlıq Akademiyasının
baş müəllimi
Faiq Dadaşovun tərtibat verdiyi daimi fotosərgi ilə tanış oldular. Sərgidə ulu öndərin həyat və fəaliyyətinə dair müxtəlif mövzularda
fotoşəkillər nümayiş
etdirilir. Mərasim iştirakçıları büstün
önündə xatirə
şəkli çəkdirdilər.
Azərbaycan.-2006.-10 dekabr.-S.2.