Mükərrəmoğlu Mehdi

 

Niyazinin barelyefinin açılış mərasimi oldu

 

Dekabrın 25-də keçirilən mərasimi giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açdı. Qeyd etdi ki, bu gün paytaxtımızın həyatında çox mühüm bir hadisə baş verir. Biz buraya mayestro Niyazinin barelyefinin açılışı məqsədilə yığışmışıq. Ulu öndər Heydər Əliyevin sərəncamı əsasında musiqi xadimlərimizdən üçünün – Tofiq Quliyevin, Fikrət Əmirovun və Rəşid Behbudovun barelyefləri artıq açılmışdır. Bu gün daha bir xatirə lövhəsinin açılışını edirik. Bununla da ümummilli liderin tapşırığını yerinə yetiririk.
Bu lövhə dahi Niyazinin xatirəsinə həsr olunmuşdur. Bu gün Azərbaycan musiqisinin füsünkar gözəlliyini dünyaya çatdıran bir sənətkarın xatirə lövhəsini açırıq. Belə düşünürəm ki, əgər Niyazinin mahir dirijorluq ustalığı olmasaydı Üzeyir bəyin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərinin mahiyyətini kimsə dünyaya təqdim edə bilməzdi.
Mayestro Niyazi qəribə insan idi. Onu hamı tanıyır və sevirdi. Mənə onunla dəfələrlə görüşmək səadəti nəsil olub.
Mayestro Niyazinin Qara Qarayevin dəfn mərasimindəki iştirakını xatırlayıram. Nə qədər daxili iztirab keçirirdi. Elə bil ən yaxın adamını itirmişdi. O, çox kövrək qəlbə malik, səmimi insan idi. Hər bir sənətkarın vəfatı onun üçün böyük itki idi. O, qəlbində dahi bəstəkarların musiqisini gəzdirirdi. Özü də istedadlı bəstəkar, həm də bacarıqlı təşkilatçı idi.
Niyazi böyük bir nəslin – Üzeyir bəy nəslinin nümayəndəsi idi. Bu gün biz öz mənəvi borcumuzu yerinə yetiririk. Bundan sonra Bülbül prospektndə yerləşən bu binaya vurulmuş barelyefi görənlər böyük sənətkarımızı xatırlayacaq, ona rəhmət diləyəcəklər. Mən akademik Ömər Eldarova dərin təşəkkür edirəm ki, böyük Niyazinin belə nikbin barelyefini yaratmışdır.
Sonra xalq artisti Xuraman Qasımova çıxış etdi. Barelyefin açılışını ölkəmizin mədəni həyatında böyük hadisə adlandıran Xuraman xanım Niyazi sənəti haqqında xatirələrini danışdı. Professor Sərvər Qəniyev ölməz sənətkarın barelyefinin açılışından ruhlandığını, daxili qürur hissi keçirdiyini bildirdi.
Çıxış edənlər – müğənnilər, bəstəkarlar, musiqişünaslar Niyazi sənətindən, onun Azərbaycan və dünya musiqisinin inkişafındakı xidmətlərindən söhbət açdılar.

 

Xalq qəzeti.-2006.-26 dekabr.-S.7.