Əbülfəs Qarayev gələn aya qədər vaxt verib

 

Telekanallarda nümayiş etdiriləcək filmlər dövlət reyestrinə daxil ediləcək. Mədəniyyət və turizm naziri Əbüfəs Qarayev filmlərin dövlət reyestrinə alınması ilə bağlı telekanalların kino redaksiyalarının rəhbərləri ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə çıxış edən

Ə. Qarayev filmlərin dövlət reyestrinə daxil edilməsinin "Kinematoqrafiya haqqında" qanuna əsasən həyata keçiriləcəyini deyib. Onun sözlərina görə, layihənin həyata keçirilməsində əsas məqsəd videofilmlərin qanunsuz nümayişinin, pornoqrafiya və ya zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması, tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi məqsədi daşıyır: "Bir müddət öncə ölkəmizdə fəaliyyət göstərən bütün telekanalların rəhbərləri arasında qarşılıqlı amakdaşlıq sahəsində protokol imzalamışıq. Məqsədimiz budur ki, 2007-ci ilin yanvarından etibarən televiziyada numayiş olunacaq filmlər dövlət qeydiyyatına alınsın. Film göstarilməmişdən əvvəl film haqqında 10 dəqiqəlik hər hansısa məlumatlar hazırlanmalı, həmin filmlərin dövlət qeydiyyatından keçdiyi göstərilməlidir. Bu vətəndaşlarda apardığımız işlə bağlı təsəvvür yaratmaq üçün ən yaxşı addımlardan olacaq". Nazirin sözlərina görə, elə filmlər var ki, onlara 14 yaşdan yuxarı tamaşaçılar, başqa bir qisim filmlərə isə 18 yaşından yuxarı, yəni böyük tamaşaçılar baxa bilərlər. Dövlət reyestrində qeydə alınan filmlər bu yaş kateqoriyaları üzrə müəyyən ediləcək. Görüş zamanı "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" Qapali Səhmdar Cəmiyyətinin və "Lider" telekanalının kino redaksiyalarının rəhbərləri yanvarın 1-dən dövlət reyestrinə salınacaq filmlərin ümumi paketinin hazırlanacağını bildiriblər. Gələn ay isə qalan üç telekanalda belə film paketləri hazırlanacaq.

 

Şərq qəzeti.- 2006.- 7 dekabr.- S.14.