CELILOVA
Əlisəttar Atakişiyev ömrünü Azərbaycan kinosunun inkişafına həsr edib
Dünən
Muzey Mərkəzində əməkdar incəsənət
xadimi, məşhur kinorejissor və kinooperator Əlisəttar
Atakişiyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir
keçirildi. Tədbiri Mədəniyyət
və Turizm Nazirliyi və Dövlət Film Fondu təşkil etmişdi. Xatirə tədbirini giriş sözüylə açan tanınmış aktrisa Həmidə Ömərova Aözərbaycan kino sənətinin inkişafında Əlisəttar Atakişiyevin əvəzsiz xidmətlərindən söz açdı. O, bu istedadlı kino xadiminin özündən sonrakı nəsillərin yaddaşında daim yaşadığını, bundan sonra da yaşayacağına inamını ifadə etdi: "Bizim nəsil onun filmlərinin təsirilə
böyüyüb, indi də həmin təsirdən çıxa bilmirik. Əlisəttar müəlimin böyüklüyü onda idi ki,
o, filmlərilə cazibə yaratmağa nail ola bilmişdi".
Dövlət Film Fondunun direktoru Cəmil Quliyev Ə.Atakişiyevin bir rejissor kimi
özünəməxsusluğundan danışdı:
"O, istedadı və çalışqanlığı ilə bizlərə daim nümunədir".
Tanınmış kinoşünas Aydın Kazımzadə bugünkü gənc nəslin, hətta uşaqların yaddaşında belə Əlisəttar müəllimin filmlərinin yaşamasının əsas səbəbini rejissorun bənzərsizliyində gördü:
"Hər həftə
ölkənin müxtəlif telekanallarında Ə.Atakişiyevin bir və ya bir
neçə filmi nümayiş etdirilir. Bu, o deməkdir
ki, Əlisəttar müəlim əbədi olaraq ürəklərdə yaşayır. Əsil sənətkarlıq elə budur ki, ona
nəsib olub".
Ə.Atakişiyev 1906-cı il dekabrın
25-də Bakıda - İçərişəhərdə anadan
olub. Hələ uşaq ikən valideynlərini itirib. Onun və digər
bacı-qardaşlarının böyüyüb ərsəyə çatmasında böyük qardaşının xüsusi əziyyəti olub. Gənc Əlisəttar həyatın bütün əzab-əziyyətini dadıb. Hələ orta məktəbi qurtarar-qurtarmaz iki jurnalda işləyib, rəsmlər çəkib, fitri istedadını aşkarlamaqla yanaşı həm də güzəran qayğılarını özü çəkməyə başlayıb. Bu dövrdən
başlayaraq çoşğun həyat ehtirası ilə təbiətin ona verdiyi qabiliyyətləri
aşkarlamağa başlayıb. 20 yaşında Moskvada SSRİ Xalq Komissarları Sovetinin İşlər İdarəsində tərcüməçi
vəzifəsində işləyib.
Bu, onun rus dilindən savayı alman, həmçinin
fars və ərəb dillərini mükməl bilməsilə bağlı olub. Ə.Atakişiyev hələ uşaq ikən yaxın qohumundan ərəb, fars dilini öyrənməsi sonradan ona kino
sahəsində çox kara gəlib. O, eyni zamanda Moskva
Ali Rəssamlıq Texniki məktəbində,
rəngkarlıq məktəbində
təhsil alıb. 1930-cu ildə Kinematoqrafiya İnstitutuna daxil olub. Baxmayaraq ki, onun tərcüməçilik
işində vəziyyəti
yaxşı idi, o, kinoya olan
qarşısıalanmaz sevgisinin dalınca getməkdə israrlı olur, nəticədə
bir müddət bir qarın ac,
bir qarın tox yaşamalı olur.
Hətta soyuq Moskva havasına dözə bilmədiyini görən böyük qardaşı Əlipaşa ona öz paltosunu
göndərir. Tələbə
ikən fitrətən
kinoçu olduğunu görən institutun rəhbərliyi Ə.Atakişiyevi buraxmır. Gənc Əlisəttar bir müddət burada rejissor assisenti işləyir. Lakin o, Vətənə
gəlməyə can atır. Ötən müddətdə zəngin təcrübə toplayır.
1945-ci ildə Bakıda çəkilən "Arşın mal alan" filminin quruluşçu operatoru olur. Ə.Atakişiyevin fitri duyumu filmin
uğurlu alınmasında mühüm rol oynayır.
Bu film az
vaxtda nəinki SSRİ-də, dünyanın müxtəlif ölkələrində
şöhrət qazanır.
Bu dövrdə tanınmış kino xadiminin
nəvəsi ilə ailə həyatı quran Ə.Atakişiyevin
ailəçiliyi uğurlu alınmır. Çox keçmir
ki, ailəsi dağılır. Rejissorun həmin qadından olan oğlu hazırda
xarici ölkələrdən
birində yaşayır.
"Fətəli xan" fiminin quruluşçu operatoru olan Ə.Atakişiyev
bu filmin də uğurlu alınmasında hünər göstərib. Filmdə təsvir edilən Dərbənd qalası Buzovnadadır. Filmdə qalanın alınması səhnəsində 500-dən
çox döyüşçü iştirak edib.
Təsadüfən həmin səhnənin çəkildiyi
gün bərk duman olur. Rejissor
inad edir ki, filmin çəkilişləri
alınmayacaq, çəkilən
böyük xərc də batacaq. Lakin Əlisəttar Atakiştiyev əsil möcüzə göstərir: o, təcili çəkiliş meydançasına iri projektorlar gətirir, az vaxtda problem aradan qaldırılır. Sanki həmin gün hava duman
olmayıbmış.
O, "Uzaq sahillərdə" kimi müharibə mövzusundan bəhs edən bir filmə quruluşçu operatorluq edib. Ə.Atakişiyevin
uşaqlar üçün çəkdiyi "Bir qalanın sirri", "Sehrli xalat", "Qərib cinlər diyarında" kimi filmləri haqqında xüsusi danışıldı, filmlərdən fraqmentlər
göstərildi. Qeyd edildi ki, Ə.Atakişiyev hələ 60-cı illərdə müasir kompüter qrafikası olmadığı bir vaxtda elə
gözəl filmlər çəkməyə müvəffəq
olub. H.Ömərova rejissorun bu mənada
əvəzsizliyin bir daha vurğuladı: "İndi Hollivudda belə filmlərə milyonlar xərcləndiyi vaxtda Əlisəttar müəlim filmlərinə vaxtilə cəmi bir neçə min
rus rublu xərcləyib. A.Kazımzadə "Sehrli xalat"da xanın müasir dövrə uçarkən "ayravana" əvəzinə dediyi "İrəvana" sözünə görə vaxtilə Ermənistandan rejissora bir erməni ziyalısının hidətlə dolu məktub yazdığını dedi. Əlisəttar müəllim ona məktub yazdı ki, vaxtilə indiki Ermənistanın ərazisində İrəvan xanlığı olub, tarix kitablarına
yaxşı baxmaq lazımdır. Həmin ermənidən sonra cavab gəlmədi.
Bu filmdəki Ay səthinə enmə səhnəsi Estoniyada 1200 kvadrat metrlik sahədə quraşdırılır. O vaxtkı tanınmış sovet mütəxəssisləri filmi
yüksək qiymətləndirir,
xüsusən bu səhnəni zirvə sayırlar. Filmdə baş qəhrəmanın səsini canlandırmış Yusif Şeyxov Əlisəttar
müəllimin olduqca tələbkarlığından danışdı:
"Azərbaycanda onun
tipli kino fanatı tapmaq çox
çətindir. Əlisəttar
müəllim 55 il dayanmadan Azərbaycan kinosunun inkişafı üçün xidmət göstərdi".
Xalq artisti Amaliya
Pənahova Ə.Atakişiyevin hərtərəfli
insan olmasından danışdı: "Texniki cəhətdən çətin
kadrlarda ustalıq göstərirdi. Filmin çəkiliş prosesində eskizləri özü çəkirdi. Yaradıcı insan idi. Lakin
uşaq kimi aldanmağı , başqalarına tez inanmağı vardı.
Məzh bu səbəbdən də çıxılmaz vəziyyətə
düşürdü..."
Xalq cəbhəsi.- 2006.- 27 dekabr.- S. 15.