Mükərrəmoğlu Mehdi
Bizim kinematoqrafın
qadın rejissorları o qədər də çox olmayıb.
Zeynəb Kazımova,
Leyla Səfərova, Firəngiz Qurbanova və bir də
Gülbəniz Əzimzadə.
Çox əfsuslar olsun ki, bu
günlərdə biz
Gülbəniz xanımı
itirdik.
Gülbəniz Əzimzadə
Azərbaycan kinosunun aparıcı rejissorlarından
idi. Onun əsərləri milli kinomuzun qiymətli nümunələrindəndir. Kinorejissorlarımızın orta nəslinə
mənsub olan bu istedadlı sənətkarın yaradıcılığında
milli-mənəvi dəyərlərimizin qorunması,
tariximizə fəal müdaxilə, bu günümüzün problemlərinə
münasibət öz
dolğun əksini tapmışdır. Onun
filmlərində uşaq
dünyasının gözəlliklərindən
tutmuş, uzaq tariximizin qanlı-qadalı illərinə qədər hər şey tapmaq olur.
Gülbəniz xanım
ziyalı ailəsində
1947-ci il aprelin 26-da Bakıda doğulmuşdu.
Atası, yazıçı
Yusif Əzimzadə Azərbaycanın tanınmış
ziyalılarından idi.
Povest və hekayələri təkcə
Azərbaycanda deyil,
SSRİ məkanında, eləcə
də dünyanın bir çox ölkələrində sevilə-sevilə oxunurdu. Gülbəniz xanımın isə
istedadı elə uşaqlıq çağlarından
üzə çıxmağa
başlamışdı. Gözəl
rəsmlər çəkirdi.
Əzim Əzimzadə
adına Rəssamlıq
məktəbinə sənədlərini
vermişdi və qəbul da olmuşdu.
1970-ci ildə həmin
məktəbi bitirsə
də möcüzəli kino dünyası onu artıq ovsunlamışdı.
1974-cü ildə Gülbəniz
xanım Moskvaya ÜİDKİ-nin rejissorluq
fakültəsinə daxil
olur. Elə həmin il kurs
işi üçün
“Nəğmə dərsi”
(“Ömrün səhifələri”
almanaxı) qısametrajlı
filmini çəkdi. Ssenarini Rüstəm İbrahimbəyov yazmışdı.
Çox maraqlı süjeti var idi filmin.
Övlad — valideyn münasibətləri əsasında
işlənmiş bu novellanın balaca qəhrəmanını atasından
ayırmışlar. Amma
o yenə də atası ilə görüşmək
istəyir. Bilir ki, bu görüş
onun üçün baha başa gələcək. Çünki,
anası bu görüşü qadağan
etmişdir. Filmdə biz bu görüşün
iştirakçısı oluruq.
Doğrudan da, rejissor elə maraqlı situasiya yaradır ki, tamaşaçı uşağın
və atanın taleyinə həqiqətən
acıyır. Valideynlərin
övlad qarşısındakı
məsuliyyəti kimi mühüm mənəvi problemə toxunan rejissor tamaşaçını
onların taleyinə biganə qalmamağa çağırır.
Gülbəniz xanım
1978-ci ildə Anarla birgə “Dantenin yubileyi” filminə quruluş verdi. Bu film Gülbəniz xanımın yaradıcılığında
çox qiymətli əsərlərdən biridir.
Əvvəla ona görə ki, film psixoloji dram kimi çox
uğurlu alınmışdı
və tamaşaçı
qəhrəmanın – Kəbirlinskinin
bütün daxili aləmi ilə tanış ola bilir. İkincisi, burada kinematoqrafik eksperimentlər də
çox idi. Həm də rejissorlar bu eksperimentləri insanın
daxili dünyasının
üzə çıxması
xatirinə etmişlər
və buna nail olmuşlar.
Filmdə olduqca maraqlı məqamlar var. Sənət taleyi uğurlu olmayan, ömrünün böyük bir hissəsini teatrda keçirən Kəbirlinski
kimilərin taleyi, doğrudan da, bəzən nəzərdən
yayınır, onlar qayğıdan kənarda qalırlar.
Gülbəniz xanımın
çox qiymətli əsərlərindən biri
“Təkcə adanı
özünlə apara
bilməzsən” adlı
filmidir. Nadejda İsmayılovanın ssenarisi
üzrə işlədiyi
bu film insan
və təbiət, təbiətə məhəbbətin
vacibliyi, nadir heyvanlara qayğı kimi mühüm problemlərə toxunur. Filmin qəhrəmanı balaca Nailə, adaya, bir neçə
günlük nənəsinin
yanına gəlir. Qarşılaşdığı gözəl təbiət onu məftun edir. Burada hər
şey onun üçün yenidir. Təbiətin əsrarəngiz
gözəlliyi bu qızın qəlbində
çox gözəl hisslər doğurur. O, hər şeyə həssas münasibət bəsləyir. Təbiətin
gözəlliyini qorumağın
vacibliyini də o elə burada
dərk edir. Film çox uğurlu alınmışdı.
Kiyevdə XI Respublika
“Gənclik-80” festivalında,
IX Ümumittifaq kinofestivalında
mükafatlar qazanmışdır.
Gülbəniz xanım
çox məhsuldar işləyən rejissorlardan
idi. “Qaladan
tapılan mücrü”,
“Ötən ilin son gecəsi”, “Avqust gələndə” filmlərində rejissor milli-mənəvi dəyərlərimiz barədə
çox sənətkarcasına
söhbət açmışdır.
“İmtahan” filmi isə onun 80-ci illərin sonlarında yaratdığı maraqlı
sənət nümunələrindən
idi. Bu filmdə də o müasirlərimizdən
danışır, bizi
narahat edən, düşündürən məsələləri
ön plana çəkirdi.
Gülbəniz xanımın filmlərində
dərin konfliktlər
olmasa da, qəhrəmanlar həyat uğrunda mübarizə aparırlar. İctimai problemlər bəzən onun qəhrəmanlarının
problemlərinə çevrilir
və onlar bu mübarizədə möhkəmlənir, öz
həyat yollarını
müəyyən edirlər.
Müxtəlif tarixi kataklizmlərin çuğlaşdığı
“Qətl günü” rejissor Gülbəniz Əzimzadənin sayca yeddinci bədii filmi idi. Yusif
Səmədoğlunun eyniadlı
romanı təzəcə
nəşr olunanda kitab əldən-ələ gəzirdi. Bu əsər Azərbaycanımızın keçdiyi
tarixi yola bir nəzərdir. Faciənin bir neçə maraqlı məqamı kino dili ilə çox
səriştəli formada
tamaşaçıya çatdırılır.
Əslində “Qətl
günü” çətin,
ağır filmdir. Rejissor traktovkası üçün
burada geniş imkanlar var idi
və Gülbəniz xanım imkan daxilində əsərin ümumi ruhunu saxlamışdı.
1995-ci ildə ekranlarımıza
rejissorun “Ümid” filmi çıxarıldı.
Bu kino əsəri
Qarabağ mövzusunda
idi. Əslində, burada müharibə yoxdur, sadəcə müharibədə yaralanmış
əsgərlərin yerləşdiyi
hospital var və bir də şəhid əsgərlərin cənazəsi.
Hamı narahatdır, kim bilir gətirilən
cənazələr kimin
qapısına göndəriləcək.
Amma ümidlər yaşayır, insanlar qələbə gününü
gözləyirlər.
Kinorejissor Gülbəniz
Əzimzadə, çox
mənalı bir ömür yolu keçdi. Filmlər çəkdi, mədəniyyətimizi
dünyada tanıtmaq yolunda çox işlər gördü. Yaratdığı “Sinema,
Lümer Klub” təşkilatının xətti
ilə Fransa ilə əlaqələr qurmuşdu. Burada bir sıra sənədli
və bədii filmlər çəkmişdi.
Onun xidmətləri yüksək
qiymətləndirilmiş, “Əməkdar incəsənət
xadimi” kimi fəxri ada layiq görülmüşdü.
Gülbəniz xanım
aramızda olmasa da, onun filmləri
bu xalqın mənəvi yaddaşında
əbədi yaşayacaqdır.
Xalq qəzeti.- 2006.- 16 dekabr.- S. 6.