Mükərrəmoğlu Mehdi

 

Uzaqlardan gələn səs

 

Azərbaycan kinosunun korifeyləri. Onların sayı o qədər də çox deyil. Ağasadıq Gəraybəyli, Adil İsgəndərov, İsmayıl Osmanlı, Lütfəli Abdullayev, Möhsün Sənani, Məmmədrza Şeyxzamanov, Əliağa Ağayev və s. Bu sıranı artırmaq da olar. Amma məqsəd bu deyil. Bu seçmə sənətkarların sırasında bir nəfər də var ki, biz bu yazıda onu xatırlamaq istəyirik.
İsmayıl Əfəndiyev. Bu ad çoxlarına tanış deyil. Çünki onun haqqında az yazılıb, nədənsə tənqidçilər, sənətşünaslar bu böyük sənət adamının həyat və yaradıcılıq yoluna nadir hallarda müraciət edirlər.
Kim idi İsmayıl Əfəndiyev? Onun həyat yolu 1910-cu ildə Şamaxı şəhərindən başlayıb. Burada dünyaya göz açıb, atası Mahmud kişi mütərəqqi insan olduğundan oğlunun sənət ardınca getməsini əngəlləməyib. 20-ci illərin ortalarından sonra o, tez-tez Göyçaydakı həvəskar teatr dərnəyinə gələr və burada kiçik rollar ifa edərdi. Amma ən uğurlu olan bu idi ki, İsmayıl Əfəndiyev Göyçayda gələcəyin böyük şairi Rəsul Rza ilə dostlaşdı. Hətta bir yerdə “Pioner” adlı jurnal da çap etməyə səy göstərdilər. Bu, böyük sənətkarın yaradıcılıq zirvəsinə doğru gedən yolunun başlanğıcı idi.
Amma o, təhsil almaq istəyirdi. Nəhayət, 1927-ci ildə Bakıya gələrək Pedaqoji Məktəbə qəbul olunur.
Hər şey yaxşı başlamışdı. Paytaxtın qaynar mühiti, teatr sənətinə marağın artdığı bu vaxtlar onu da öz ağuşuna aldı və gənc İsmayıl artıq öz arzularını reallaşdırmağa başladı. 1931-ci ildə onu Bakı İşçi Teatrının aktyor truppasına qəbul etdilər. Burada yaratdığı rollar barədə əlimizdə müfəssəl məlumat olmasa da, onu deyə bilərik ki, İsmayıl Əfəndiyev böyük yaradıcı həvəslə işləyirdi. Çünki o artıq müəllim yox, aktyor olacağını qət etmişdi. Bu teatrda tanınmış aktyorlar çalışırdılar, onlardan öyrənmək, əslində elə məktəb keçmək kimi bir iş idi. Bu teatra elə bağlanmışdı ki, kollektiv 1933-cü ildə Gəncəyə köçəndə İsmayıl Əfəndiyev də Bakını tərk etməli olmuşdu. Gəncə həyatı aktyorun yaradıcılıq bioqrafiyasında xüsusi iz qoydu. Burada ona əsasən baş rolları həvalə edirdilər. “Od gəlini”, “Hacı Qara”, “Şeyx Sənan”, “Vaqif” kimi tamaşalardakı rolları onu tez bir zamanda məşhurlaşdırdı.
İsmayıl Əfəndiyev kinoya 1935-ci ildə gəldi və gəlişi ilə milli kinomuza yeni bir aktyor nəfəsi gətirdi. Onu kinoya məşhur aktyor və rejissor Abbas Mirzə Şərifzadə dəvət etmişdi. “Məhəbbət oyunu” gənc aktyorun çəkildiyi ilk film kimi xarakterikdir. Aktyorun ifa etdiyi Səttar obrazı filmin əsas personajlarındandır. Bu komediyanın, demək olar ki, əsas süjeti onun rolu üzərində qurulmuşdu. Mütəxəssislər bu filmin uğurlu, alınmadığını iddia etsələr də, hər halda o dövrün mətbuatında film haqqında bəzi yazılarda müsbət məqamların olduğu da nəzərə çatdırılırdı. Beləliklə, İsmayıl Əfəndiyev bundan sonrakı taleyini məhz kinematoqrafiya ilə bağlayır. 40-cı illərdə az filmlər çəkilsə də, gənc aktyor studiyada gərgin işləyirdi. Onun çəkildiyi “Yeni horizont” filmi o dövrdə böyük maraq doğurmuşdu. Bakı neftçilərinin həyatından bəhs edən bu filmdə rejissor Ağarza Quliyev ona geoloq rolunu vermişdi. Rza Əfqanlı, Ələsgər Ələkbərov , Möhsün Sənani, Mustafa Mərdanov və başqa aktyorlarla bir yerdə işləmək gənc İsmayılın yaradıcılığına olduqca müsbət təsir göstərmişdi.
1941-ci ildə onu “Səbuhi” filminə dəvət etdilər.
Bu, filmin II rejissoru Rza Təhmasibin şəxsi təşəbbüsü ilə baş tutmuşdu.
Azərbaycanın məşhur aktyorlarının iştirak etdiyi bu tarixi mövzulu film maarifpərvər insan, böyük dramaturq M. F. Axundova həsr olunmuşdu. Ona isə Rza rolunu həvalə etmişdilər. O, filmdən-filmə təkmilləşir, yaradıcılığı cilalanırdı. İsmayıl Əfəndiyevin yuxarıda adlarını çəkdiyimiz filmləri, bir növ, böyük sənət zivrəsinə doğru irəliləyən aktyorun hazırlıq dövrü idi. O, işləyirdi, axtarışlar aparırdı, özünün imkanlarından xaricdə olanları isə böyük sənətçilərdən öyrənirdi. Elə, 1941-ci ildə “Vətən oğlu” adlı iki hissəli filmdə Kamal Qasımov rolunda çəkilmişdi. Bu film müharibə haqqındadır və İsmayıl Əfəndiyevin qəhrəmanı Kamal Qasımov böyük hünər göstərərək üç körpünü partlatdıqdan sonra özü də həlak olur.
Müharibə illərində o, gecəli-gündüzlü işləyirdi. “Arşın mal alan” filmində ona Süleyman rolunu tapşırmışdılar. Filmin istehsalına 1941-ci ildən başlansa da, yalnız 1945-ci ildə onu tamamlamaq mümkün oldu.
Süleyman İsmayıl Əfəndiyevin yaratdığı mükəmməl kino qəhrəmanlarındandır. Bu obraz onun xarakterinə çox yaxın idi. Təmkinli, dövrün ziyalılarından olan Süleyman baş qəhrəman Əsgərin yaxın dostudur. İsmayıl Əfəndiyevin qəhrəmanı Əsgər obrazının tamamlanmasına böyük təsir göstərir. Süleyman film boyu az görsənsə də, tamaşaçı onun taleyinə biganə qalmır. “Nədir sənin dərdin, bu nə ahu-zaridir”, deyərək dostunun dərdinə şərik olan Süleyman son nəticədə özü də öz xoşbəxtliyini tapır. Filmin o vaxt SSRİ Dövlət mükafatına layiq görülməsi məhz yaradıcı kollektivin gərgin əməyinin və bir də Üzeyir bəy dühasının nəticəsi idi.
İki il kinostudiyamızda “Fətəli xan” tarixi filmi çəkildi. Fətəli xanın əvvəl yaxın dostu, sonra isə qəddar düşməni olan Əmir Həmzə rolunu İsmayıl Əfəndiyev ifa edirdi. Bu rol çox çətin, mürəkkəb bir xarakter olduğundan aktyor onun üzərində çox ciddi işləməli oldu. İşinə peşəkarlıqla yanaşan aktyor Əmir Həmzəni yüksək səviyyədə yarada bildi. Tariximizin çox keşməkeşli bir dövrünü əks etdirən bu kinoəsərdə onun qəhrəmanı da az rol oynamırdı.
İsmayıl Əfəndiyev müxtəlif rejissorlarla işləmişdi. Amma Lətif Səfərovla onun yaradıcı əməkdaşlığı daha səmərəli olmuşdu. “Bəxtiyar” (“Sevimli mahnılar”) ekranlara çıxanda filmin rejissoru Lətif Səfərov İsmayılov rolunun ifaçısına demişdi: “Sənin rolunu, yaxşı ki, filmdə saxladıq. O, filmin bütövlüyünə çox köməklik göstərir”. İsmayılın rolunu, yəqin ki, xatırlayırsınız. O, hospitalda uşaqlarla görüşüb, onların fotosunu çəkib, yadigar kimi onlara bağışlayır. O, cəbhədə həlak olmuş dostunun oğlu Bəxtiyara müğənni olmağı tövsiyə etmişdi. Sonradan da o, Bəxtiyarın taleyinə biganə qalmır.
İsmayıl Əfəndiyev gərgin yaradıcı axtarışlardan zövq alardı. Obrazda hər hansı detalın öz yerində olmadığını görəndə özü rejissordan xahiş edib, onu təkrar lentə köçürtdürərdi. Bəlkə buna görədir ki, onun qəhrəmanları həmişə bütöv xarakterli obrazlar olub.
Bu böyük sənətkarın yaradıcılıq bioqorafiyasında bir məqam da diqqəti çəkir. Belə ki, 1946-cı ildə Cənubi Azərbaycanda demokratik dəyişikliklər baş verdiyi vaxt İsmayıl Əfəndiyev Təbrizə gedir və burada bir neçə əsər tamaşaya qoyur. Onlar “Arşın mal alan”, “Anamın kitabı”, “Eşq və intiqam”, “O olmasın, bu olsun”, “İki qardaş”, “Tələbələrin kələyi” və s. tamaşalar idi ki, o vaxt bu əsərlər təbrizlilər tərəfindən maraqla qarşılanmışdı.
Qayıdandan sonra “Qara daşlar”, “O olmasın, bu
olsun” filmlərində çəkilən aktyor kinoda öz yaradıcılığını davam etdirir. Həsənqulu bəy “O olmasın, bu olsun” filminin əsas qəhrəmanlarındandır. Aktyor bu rolla özünəməxsus kolorit verməklə onu tamaşaçıya sevdirir. Azərbaycan teatrı və kinosunun bu filmdə çəkilmiş ən böyük aktyorlarının yaratdığı unudulmaz personajlar sırasında İ. Əfəndiyevin qəhrəmanı arxa planda qalmır.
İsmayıl Əfəndiyevin yaradıcılığının son dövrləri kinorejissorluqla bağlı olub. Belə ki, o, 1958-ci ildə rejissor Ş. Şeyxovla birgə “Kölgələr sürünür” filmini çəkdi. Sənədli kinoda isə “Simfoniya”, “Bakı buruqları”, “Ömürlük halqa”, “Arazın o tayından”, “İngilis geoloqları” və s. filmlər yaratmışdır. O, həmçinin dublyajda da məhsuldar işləyirdi. 200-dən artıq bədii filmin səsləndirilməsində yaxından iştirak etmiş, öz gözəl diksiyası ilə tamaşaçı qəlbinə yol tapa bilmişdir.
İsmayıl Əfəndiyev ara-sıra bədii yaradıcılıqla da məşğul olurdu.
“Arzu”, “Su haqqında nağıl”, “Axtaran tapar” pyeslərinin müəllifidir. Eyni zamanda bir neçə kinossenari də yazmışdır.
Bu böyük sənətkar bütün ömrünü milli teatrımızın və kinomuzun inkişafına həsr etmiş, əməkdar artist fəxri adına layiq görülmüşdür.
Aktyor 1967-ci il may ayının 30-da vəfat etmişdir.


 Xalq qəzeti.-2006.-7 dekabr.-S.7.