Babayeva T.
Rejissorları şəhərlər
yetişdirirmiş…
"Azərbaycanca danışa bilməyən
azərbaycanlı rejissor öz ölkəsi haqqında
necə film çəkə bilər?"
Ötən həftə
kino aləminin ən önəmli hadisəsi "START" III
Beynəlxalq Tələbə Filmləri Festivalı oldu. "Cinema"
Gənc Kinematoqrafçılar Mərkəzi
tərəfindən 2004-cü ildə təsis olunan festival
Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və
İdman Nazirliyinin təşkilatçılığı,
"Azersell"in baş sponsorluğu ilə keçdi. Doqquz ölkə - Bolqarıstan, Özbəkistan,
Türkiyə, İran, Gürcüstan, Macarıstan,
Qırğızıstan, Qazaxıstan və Azərbaycandan
olan filmlər arasında baş mükafat - "Qran-Pri"ni
yerli tələbə-rejissor Kəmalə Rzayevanın "Etinasızlıq
epoxasının bir günü" filmi qazandı.
"Ən yaxşı bədii film" nominasiyasında
I yer Çavdar Çernevin "Sınıq
xətt" (Bolqarıstan), II yer Mədinə
İkramovanın "Azmış" (Özbəkistan),
"Ən yaxşı sənədli film"də I yer
"Öylə duruyorum" Ateş Savaşeri, İrem
Pasingil, Onur Etizə (Türkiyə), II yer Babək
Xürrəmiyə "Bıçaq"(İran) filminə
görə çatdı. Ən yaxşı ideyanın sahibi
isə Hakan Gök seçildi.
Ölkəmizdə baş tutan digər kinofestivallardan
fərqli olaraq, "Start" qaliblərini pul mükafatı
ilə qiymətləndirir. Odur ki, həm mənəvi, həm
də maddi stimul verən festival tələbələr
üçün ildən-ilə daha çox maraq doğurur.
Xüsusən də festival çərçivəsində
keçirilən mühazirə-seminarlar, informasion
baxışlar, beynəlxalq tərkibli münsiflərin fikri
gələcək sənətçilərə yardımçı
olur. Bu dəfə də müxtəlif
ölkələrdən paytaxtımıza təşrif buyuran
münsiflər gənclərə öz tövsiyə və
iradlarını bildirdilər. Onlardan biri - cənubi
azərbaycanlı Babək Şirinsifət
təəssüratlarını bizimlə də
bölüşdü. Ölkəmizə tez-tez səfər
edən İran və Avropa kinofestivallarının
iştirakçısı və qalibi Azərbaycandan bəhs
edən filmlərin də müəllifidir. Yerli
tamaşaçılara o, Qarabağ
qaçqınlarının acınacaqlı
həyatını əks etdirən "Sıfır saatın
qatarı" sənədli filmi ilə tanışdır.
"Rejissorlar arasında Azərbaycanın hansısa
kəndindən olana rast gəlmədim"
-Tələbələrin işlərinə baxanda hansısa
ümumi tendensiya tapa bildinizmi? İndiki gənclər,
sizcə, daha çox nəyə meyl edirlər?
- Hər kəs necə yaşayır, onu da göstərir.
Filmlərə baxanda rejissorun, tələbənin hansı
şəraitdə işlədiyini, oxuduğunu bilmək olar.
Əslində, bu, tələbə festivalından daha
çox, universitet festivalıdır. Yəni, universitetlərin
istehsalını görürük. Filmlər hansı
universitetin güclü, hansının zəif olduğunu
göstərir.
-Güclü universitetlər tapa bildiniz?
- Təbii. Bolqarıstan, İran, Türkiyə.
-Bəs, Azərbaycan tələbələrinin işləri
barədə nə deyə bilərsiniz?
-Azərbaycan tələbələrinin işlərinə
baxanda maraqlı bir şey müşahidə edirsən.
Elə bil ki, onlar ətrafını görmür, bu zamanda
yaşamırlar. Sanki sən iki yüz il bundan qabaqda
yaşayrsan, amma indi əlinə yeni texnologiya düşüb
onunla ətrafı göstərirsən. Biz niyə film
çəkirik? Maraqlı şeyləri çəkib
göstərməyə çalışırıq. Allah
rəhmət eləsin Cəlil Məmmədquluzadəyə. O
rəhmətə gedəndən neçə il keçib.
Amma görürsən ki, hələ də o
əndazədə adam yoxdur və utanırsan. Mən bunda
tələbəni günahkar bilmirəm. Universitet
müəllimi təqsirkardır. Ümumiyyətlə,
bütün dünyada "universitet xəstəliyi" var.
Ona görə də universitet bitirən, rejissorluq oxuyan
heç bir böyük rejissora rast gəlinmir. Şəxsən
mən tanımıram. Deyəsən, Koppola Rusiyada təhsil
alıb. Qalan mən tanıdığım böyük
rejissorlar - Pozalini, Besson, Büniyel, Rene, Kiarostami kino
məktəbini bitirməyiblər. Bu, ümumi
"xəstəlik"dir. Sizdə isə daha
mürəkkəb formadadır. Buna görə narahatam.
Hər yerdə cavan uşaqların film çəkməsi
çətindir. Amma ətrafı, dünyanı necə
görmək vacib məsələdir. Məsələn,
İran, Türkiyə kino məktəblərindəki metodla
uşaqlar dünyanı maraqlı görürlər.
Demirəm, gözəl, ya çirkin görürlər.
Sadəcə, maraqlı, fərqli baxışlar var. Biz bu
festivalda iki tələbənin sənədli filmini seçdik
- türkiyəli və iranlı. Bu filmlərin süjetləri
əks mənalıdır. Biri silaha qarşı, digəri
isə silahın tərəfdarıdır. Niyə bu ikisini
seçdik? Çünki biz filmlərdə gənc
müəllifin ətrafı necə gördüyünə
diqqət edirik. İkisi də gəncdir, amma fərqli
baxışları var.
-Bizim tələbələr arasında belələri yoxdur?
-Yalnız bir belə film gördüm. Hansı ki,
festivalın qalibi oldu - "Qran-Pri"ni aldı. Burada bir
şeyi də müşahidə etdim. Rejissorlar arasında
Azərbaycanın hansısa kəndindən olana rast
gəlmədim. Mən özüm İranın ucqar
kəndindən çıxmış adamam, gəlib rejissor
olmuşam. Amma buradakı rejissorlar əsasən
mərkəzdən çıxıblar, rusdillidirlər,
bəziləri heç azərbaycanca yaxşı bilmir.
Çox maraqlıdır ki, öz fikrini azərbaycanca
düzgün ifadə edə bilməyən azərbaycanlı
rejissor Azərbaycan haqqında necə film çəkə
bilər? Amma qalib gələn azərbaycanlı
tələbə - Kəmalə Rzayevanın filmi
həqiqətən maraqlı idi. Bilirsiniz, dediyim problemlər
təkcə sizdə deyil. Özbək, türkmən, qazax
filmlərində də özünü göstərir.
İndi XXI əsrdir. Tələbələrin fərqli
düşüncə tərzi olmalıdır. Bəlkə
də bu iradlara görə tələbələr
məndən narazı qaldılar. Amma bir insan kimi mən
özüm də narahatam və heç kimin məndən
inciməyini istəmirəm. Sadəcə, onların rejissor
kimi ciddi iş görməsini, millətinə,
mədəniyyətinə xidmət etməyini
istəyirəm. İndi dünyada kapitalist düşüncə
tərzi hökm sürür. Pul qazanmaq naminə insanların
zövqünü səviyyəsiz ekran məhsulları ilə
korlayırlar. Ona görə də uşaqların
günahı yoxdur. Amma bunun qarşısı
alınmalıdır. Belə festivallar imkan verir ki,
gənclər bir-birinin işinə baxsınlar,
öyrənsinlər, fikir mübadiləsi etsinlər. Öz
filmləri barədə düzgün rəy öyrənə
bilsinlər. Odur ki, heç nəyə baxmayaraq, festival
mənim üçün maraqlı keçdi.
Türkiyədən gəlmiş
qısametrajlı filmlər rejissoru Əhməd Erdal isə
öz təcrübəsi barədə danışdı.
"Film çəkmədən film çəkməyi
öyrənə bilməzsiniz"
- Son dövrlər Türkiyədə qısametrajlı kinonun
bu qədər inkişaf etməsinin səbəbi nədir?
- Bu, Türkiyədə kinonu tədris edən
məktəblərin sayının çoxalması və
həmin məktəblərdə tapşırıq kimi
qısametrajlı filmlərin çəkilməsindən
irəli gəlir. Bundan başqa, bir çoxları
qısametrajlı filmlərdən sənətdə ilk
pillə kimi istifadə edir. Yəni, fikrini qısa filmlə
ifadə edə bilən və bunda uğur qazanan rejissorlara
prodüsserlər tammetrajlı filmi rahatlıqla etibar
edirlər. Filmlərin sayının çox olması isə
xüsusilə faydalı bir şeydir. Çünki insanlar
bir-birlərinin gördüyü işlərə baxır,
stimul alır, digərlərinin xətalarını
təkrarlamamağa çalışır və bu,
özünüinkişafa səbəb olur. Beləliklə
də, vaxt keçdikcə filmlərin keyfiyyəti də yüksəlir.
Yaxşı filmlərin ortaya çıxması
üçün istehsalın artırılması çox
vacibdir. Məsələn, mənim məzunu olduğum
universitetdə hər il 100 qısametrajlı film
çəkilir. Onlardan 50-60-ı çox zəif olur. Amma 10-u
çox maraqlı alınır, diqqət çəkir. Bu
mənada istehsal çox önəmlidir.
- Qısametrajlı filmlərin çəkilişi
üçün maddi vəsaiti haradan əldə edirsiniz?
- Əgər film çəkmək istəyirsinizsə,
gərək, hər necə olsa pul tapasınız. Buna
məcbursunuz. Bizə peşəkar insanlar yardım
edirlər. Əsas xərcimiz yola, yeməyə
çıxır. Biz aktyorlara pul vermirik. Aramızda belə
söhbət də getmir. Nə mən onlara
təklif edirəm, nə də onlar məndən
istəyillər. Əgər mən onlara təklif etmiş
olsaydım da, bu, xoş bir şey olmazdı, ayıb
sayılardı. Çünki bu adam məşhur aktyordur,
reklamlarda, filmlərdə, seriallarda çəkildiyi vaxt əvvəlcədən
müəyyənləşdirilmiş miqdarda haqq alır.
Mən həmin pulu ödəyə bilmərəm. Yəni,
aktyor məndən haqq alacaqsa, həmin məbləği
almağa məcburdur. Ondan aşağı məbləği
vermək həmin adamın dəyərini aşağı
salmaq demək olar. Ona görə də aktyor bizdən haqq
gözləmir. Bundan əlavə, belə bir
düşüncə də var: uğurlu rejissor bir
qədər sonra kommersiya təklifləri ala bilər. O zaman
vaxtilə ona kömək etmiş insanlarla işləmək
istəyə bilər və onda aktyora layiq olduğu
haqqını verəcək. Təbii ki, yemək və yol
pulundan əlavə də xərclərimiz olur. Bir yol tapıb
problemi həll etməyə çalışırıq.
- Azərbaycanlı tələbələrin işləri
haqqında fikirlərinizi bilmək pis olmazdı...
- Mən münsiflər heyətinin üzvü olduğum
üçün ətraflı, konkret
nümunələrlə danışmaq istəmirəm. Bu
düzgün olmaz. Amma ümumiyyətlə, bəzi
müşahidələrimi və tənqidlərimi
çatdıra bilərəm. Qısametrajlı film Azərbaycanda
yeni inkişaf edən bir sahədir, çox gəncdir. Odur ki,
mövcud situasiya çox təbiidir. Bu, keçilməsi vacib
olan bir mərhələdir. Keyfiyyəti artırmaq
üçün istehsalatı artırmaq lazımdır. Film
çəkmədən film çəkməyi
öyrənə bilməzsiniz. Bundan əlavə, çoxlu
oxumağınız, başqa rejissorların filmlərini
izləməyiniz lazımdır. Yaxşı rejissor
tarixdən tutmuş fəlsəfə, dinə qədər
bütün sahələrdən xəbərdar
olmalıdır. "Start" tipli festivalların
keçirilməsi isə gənc tələbələr
üçün çox önəmlidir.
Xəzər.-2006.-23 dekabr.-S.18.