Bakıda “Start” III beynəlxalq
tələbə film festivalı
keçirilir
Festivalın
açılışı Rəşid Behbudov adına
Mahnı Teatrında oldu. Festivalın təsisçisi - “Sinema” Gənc
Kinematoqrafçılar Mərkəzinin prezidenti Feyruz
Şamıyev festivalı açaraq bildirdi ki, bizim
məqsədimiz odur ki, kino təhsili alan gəncləri bir
araya toplayıb, onların yaradıcılıqları ilə
tamaşaçıları tanış edək.
Sonra qeyd etdi ki, bu festival sayca üçüncü olsa da,
əvvəlkilərdən xeyli fərqlənir. Festivalın
repertuarına Türkiyə, Bolqarıstan, Gürcüstan,
Qırğızıstan, Macarıstan, İran
tələbələrinin filmləri salınmışdır.
Azərbaycanlı gənc kinematoqrafçılar 15-ə
yaxın filmlə iştirak edirlər. Onlar arasında
Şəhran Həsənovanın “Onlar...
gələcəyimizdir” (sənədli), Kəmalə
Rzayevanın “Fındıq yarpaqları” (sənədli),
Elçin Musaoğlunun “Günəş və bulud”
(sənədli), Könül Hüseynovanın “Sevgi
əhvalatı” (bədii) və digər müəlliflərin
filmləri vardır.
Kinorejissor Cəmil Quliyev tələbə filmləri
festivalının əhəmiyyətindən
danışdı. O qeyd etdi ki, belə beynəlxalq
festivalların keçirilməsi müxtəlif ölkə
gənclərinin yaradıcılıq əlaqələri qurmasında
mühüm əhəmiyyətə malikdir.
Sonra ötən il festivalda qalib gəlmiş film
nümayiş etdirildi. Müsabiqə proqramına daxil
edilmiş filmlər dekabrın 16-dək hər gün
Tədris Teatrında nümayiş etdiriləcək. Sonda qaliblər mükafatlandırılacaqdır.
Xalq qəzeti.-2006.-15 dekabr.-S.6.