Bayramov Oqtay
Konyada keçirilmiş III Beynəlxalq mistik musiqi
festivalında muğam ürəkləri fəth etmişdir
Türkiyənin Konya şəhərində dahi
türk filosof-şairi
Mövlanə Cəlaləddin
Ruminin vəfatının
733-cü ildönümü ilə əlaqədar keçirilmiş tədbirlər
Azərbaycan nümayəndə
heyətinin fəal iştirakı ilə yadda qalmışdır.
Tədbirlər çərçivəsində
ölkəmizin İstanbuldakı
baş konsulluğunun
konsulu Günay Əfəndiyeva Konya bələdiyyə sədrinin
müavini Osman Gürbüz, şəhərin
Məram və Səlcuklu rayonlarının
bələdiyyə sədrləri
ilə görüşündə
bütün türk dünyasının ortaq mənəvi sərvəti olan Mövlanə irsinin Azərbaycanda da qiymətli bir xəzinə kimi öyrənildiyini bildirmişdir.
Vilayətin mədəniyyət
və turizm idarəsinin müdiri Əbdülsəttar Yararla
görüşdə isə
Azərbaycan nümayəndə
heyətinə xatirə
hədiyyəsi təqdim
olunmuşdur.
Sonra Mövlanə günləri çərçivəsində
Konya mədəniyyətin
təbliği dərnəyi
tərəfindən təşkil
olunmuş III Beynəlxalq
mistik musiqi festivalında tanınmış
muğam ustası Alim Qasımov, qızı Fərqanənin
konserti olmuşdur. Konsertdən əvvəl çıxış edən
konsul Günay Əfəndiyeva bildirmişdir
ki, Azərbaycan musiqisinin incisi olan muğam bu gün Heydər
Əliyev Fondunun səyləri nəticəsində
bütün dünyada
təbliğ olunur. Alim Qasımovun ifasında səslənən
muğam festivalda iştirak edən Bosniya, İran, Özbəkistan və digər ölkələrin
nümayəndələrinin, habelə konyalıların
sürəkli alqışları
ilə müşayiət
olunmuşdur. Festivalı
işıqlandıran Türkiyə
mətbuatı muğamın
ürəkləri fəth
etdiyini yazmışlar.
Muğam ustası Alim Qasımov ölkəmizin İstanbuldakı
baş konsulu Səyyad Salahlı ilə görüşmüşdür.
Baş konsul festivalda fəal iştirakına və Azərbaycan musiqisini dünyada uğurla təbliğ etdiyinə görə xanəndəyə
təşəkkürünü bildirmiş, ona müvəffəqiyyətlər arzulamışdır.
Azərbaycan.-2006.-21 dekabr.-S. 8.